Müəllif: Məhərrəm ZEYNALOV Bakı
Struqatski qardaşlarının satirik "Axsaq tale" romanında "İzpital" adlı xüsusi cihaz var idi. O, yazıçının istedadını ölçürdü. Onunla istedadını ölçərək özünün dahi olduğunu, digərinin isə olmadığını sübuta yetirmək istəyən çoxlu sayda şair və yazıçılar növbəyə düzülürdülər.Təəssüf ki, belə cihaz elə müəllifin fantaziyası olaraq qalır. Axı, real istedadı fərqləndirməyə imkan verən ümumi obyektiv meyar yoxdur. Nə dövlətin verdiyi adlar, nə də diplom belə meyar sayılır. Bəs, hakimlər kimdir? Mədəniyyətdə baş verənlərə öz subyektiv fikrinə əsaslanmadan kim qiymət verə bilər?
Bu gənclərin yarısı peşəkar aktyorlar, yarısı isə onların incəsənətə aidiyyətlərini təsdiqləyən heç bir adı, diplomu olmayan həvəskarlardır. Söhbət əllərində musiqi alətləri tutmuş qəribə qrimli gənc oğlanlar və qızlardan gedir.Onlar özlərilə sevinc gətirirlər. "Bakı teatr sexi" layihəsi çərçivəsində gənclər köhnə məhəllələrin və rayonların sakinləri üçün küçə tamaşaları nümayiş etdirirlər.
"Bakı şapitosu"
Əvvəllər onlar tanış deyildilər. Bu gün isə ümumi maraq, orijinal ideyalar və insanlara sevinc gətirmək istəyi onları bir araya gətirib. Burada səyyar teatrdan da nələrsə var - onlar qədim vaxtlardan mövcud olub və şəhər-şəhər dolaşıblar. Fərq, sadəcə, bunun daha çox Bakıda fəaliyyət göstərməsində, regionlara çox nadir hallarda çıxmasındadır. Daha bir fərq isə onların zəhmətinin mükafatının yalnız tamaşaçıların minnətdarlığı və alqışları olmasıdır.
"Bakı teatr sexi" paytaxtın sakinləri nisbətən teatra daha az getdiyi ehtimal olunan rayonlarını seçir. Onların tamaşalarını daha çox azyaşlı uşaqlar və evdar qadınlar, o cümlədən yaşlılar və yerli mağazaların satıcıları izləyirlər. Amma bəzən bu "sex" "rəsmi" dəvətlər də alır - məsələn, ötən yay Fransa Mədəniyyət Mərkəzi turistlərin və yerli romantiklərin sevimli gəzinti məkanı olan İçərişəhərdə onların çıxışını təşkil etmişdi. Bu dəfə tamaşaçıların sayı, əlbəttə ki, daha çox idi. Hətta telekameralar da var idi. Bir sözlə, "əməlli-başlı tamaşa" idi. Amma bu köçəri artistlər nə vaxt böyüməyə, ciddiləşməyə çalışdılar ki?..
Onların qısa tamaşaları, demək olar ki, hər zaman fəlsəfi məna daşıyır. Bu mənanı təsadüfi adamların tutması çətindir. Onu sadəcə sezmək, intuisiya ilə hiss etmək mümkündür. Amma hətta nümayiş olunan tamaşaların gizli mənasını duymasan belə, onlar çox gözəl, təsirli oynayırlar - gözəl hərəkətlər, gözəl musiqi... Bütün bunlarda məişətin gülləkeçirməz zirehini dəlib keçməyə qadir güclü zəriflik və səmimilik var. Odur ki, "sex" artistlərinin indiyədək bir dəfə də olsun tamaşa göstərdikləri yerdən qovulmamaları bununla bağlıdır. Halbuki belə hallar ola bilərdi - məhəllələrdə kənardan gəlmələri, xüsusilə məişət nöqteyi-nəzərindən bu cür qeyri-ənənəvi "qonaqlar"ı o qədər də sevmirlər.
"Biz "Əgər insanlar teatra getmirlərsə, teatr onlara gəlir" prinsipi ilə və sadəcə, şəhərimizdə həyatı bir qədər maraqlı etmək üçün çalışırıq", - deyə layihənin təşəbbüskarlarından olan Aygül Salehova "R+" jurnalına bildirib: "Açığı əvvəlcə bu iş bizə qorxulu gəlirdi. Razılaşın ki, insanların, xüsusilə də kənar rayonların sakinlərinin reaksiyasını əvvəlcədən proqnozlaşdırmaq asan deyil". Aygül danışır ki, onlar ilk tamaşalarındaca bəyəniliblər və insanların üzündəki mehriban təbəssümü gördükdə bu işi davam etdirməyin lazım olduğunu anlayıblar: "Bizi xüsusilə uşaqlar sevir. Qeyri-standart kostyumlar, qrimlər onları cəlb edir. Bir çox hallarda uşaqlar bizə qoşulurlar və biz onları da oyuna cəlb edirik".
Səmimi, cəsarətli və təmənnasız
21 yaşlı Aygül bu niyyətə 2 il əvvəl sosial layihələr menecmenti üzrə silsilə treninqlərdə iştirak etdikdən sonra düşüb. İdeya mübadiləsi prosesində o, gözlənilmədən oxşar fikirdə olan qızla rastlaşıb. Nəticədə, onlar küçə teatrı yaratmaq qərarına gəliblər. Əvvəlcə "iştirakçı" ovu başlayıb. Onlara yalnız istedadlı yox, həm də cəsarətli, üstəlik, təmənnasız komanda lazım idi ki, heç bir qazanc güdmədən, yalnız incəsənətə olan sevgisindən həyətləri dolaşmağa razı olsun. Xoşbəxtlikdən İncəsənət Universiteti və Bakı Slavyan Universitetinin teatr qrupunun tələbələri arasında belə könüllülər tapılıb.
Məhz, bundan sonra həvəskar qrupa peşəkarlar da qoşulub. Musiqiçilər Musiqi Akademiyasından "ələ keçirilib". Rejissorluqla bağlı isə uşaqların bəxti əməlli-başlı gətirib - "Yuğ" Pantomima və Eksperimental Teatrının rejissorları və xoreoqrafları uşaqlara köməklik göstərməyə razılıq veriblər. Beləliklə, yarısı peşəkar, yarısı həvəskar qrup formalaşıb. Aygülün sözlərinə görə, prosesin gedişində artıq həvəskarlar da peşəkara çevrilirlər.
"Gələcəkdə biz peşəkar aktyorlar və küçə incəsənətinin digər həvəskarlarını buraxacaq əsl sex yaratmaq istəyirik. Hələliksə mümkün qədər çox çıxış etməyə çalışırıq. Bu, o qədər də asan deyil... Bir mövsümdə 2-3 tamaşa oynaya bilirik. Onların hər birini müxtəlif yerlərdə 3-4 dəfə oynayırıq", - deyə Aygül bildirir.
Bu gün "Bakı teatr sexi"nin kifayət qədər müxtəlif repertuarı var. "Ötən il yalnız pantomima göstərirdiksə, indi rəqs elementlərinin yer aldığı tamaşalar da nümayiş etdiririk. Amma istənilən halda, onlar 15 dəqiqədən artıq davam etmir", - deyə Aygül qeyd edir.
"Sex"in çıxışı hər zaman valehedici və gözəldir. Onların çıxışlarında mətn olmadıqda belə, heç zaman teatra getməmiş adi insanları hansısa vacib məsələlər haqda düşünməyə vadar edir və gözəllik hissini aşılayır.
MƏSLƏHƏT GÖR: