14 Mart 2025

Cümə, 22:46

MULTİKULTURALİZM STRATEGİYASI

Birinci Cənubi Qafqaz Forumu Azərbaycanın tolerantlıq ideyalarının ixracatçısı rolunu təsdiqlədi

Müəllif:

14.05.2013

Regional inkişaf və əməkdaşlıq, gender, dini ayrı-seçkilik və sair problemlər bugünkü dünya üçün son dərəcə aktual olan məsələlərdir. Bütün bunlar ötən həftə Bakıda keçirilmiş I Cənubi Qafqaz Forumunun əsas mövzuları idi. Son illərdə Azərbaycan və onun paytaxtının müxtəlif miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi adət halını alsa da, tədbir iştirakçıları bu forumu da "onlardan biri" adlandırmağa imkan verir. Forumda dövlət başçılarından tutmuş, (ev sahibi ölkə başçısı İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili), dünyaca məşhur incəsənət xadimlərinədək - "Oskar" mükafatçıları olan Mira Sorvino və belçikalı müğənni Lara Fabian - bir çox ali nümayəndələr iştirak edirdilər.

Dünyanın 50-dən artıq ölkəsindən 70-dən çox eks-dövlət xadimini özündə birləşdirən məşhur Madrid Klubunun təşkilatçılar arasında olması foruma ən müxtəlif ölkələrdən onlarca sabiq dövlət və hökumət başçılarının gəlməsinə zəmin yaratmışdı. Amma burada "sabiq" sözü tam formal xarakter daşıyır. Çünki Azərbaycanın dövlət başçısı İlham Əliyevin də dediyi kimi, forumda iştirak edən tanınmış siyasətçilər, dövlət xadimləri beynəlxalq münasibətlərdə nəinki vacib rol oynayıblar, bundan sonra da oynayacaqlar.

Foruma qatılanlar arasında Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, İsrailin eks-müdafiə naziri Ehud Barak, İordaniya Senatının başçısı Tahir əl-Masri, iranlı hüquq müdafiəçisi, Sülh Nobel mükafatı laureatı Şirin İbadi, BMT Baş katibinin xüsusi məsləhətçisi Nafis Sadik var idi.  İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seregeldin, Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa, Finlandiyanın eks-prezidenti Tarya Xalonen, YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor Zaraqoza, sabiq dövlət başçıları, Madrid Klubunun hazırki üzvləri Uim Kok, Corc Kuiroqa, Rikkardo Laqos, Kassam Utim, Cennifer Şipli və digərləri də olub.

Forumun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin sonradan çıxış edən digərlərinin sadaladıqları faktlar Cənubi Qafqaz Forumunun keçirildiyi ölkənin təsadüfən seçilmədiyini göstərib. Azərbaycan son illərdə özünü xaricdə kifayət qədər tanıda bilib. Bu gün onu yalnız neft və qaz ölkəsi, iqtisadi inkişaf templərinə görə dünya liderlərindən biri kimi yox, həm də tolerantlıq və multikulturalizm ideyalarının ixracatçısı kimi tanıyırlar. Bu konteksdə sözügedən forum heç də ilk təcrübə deyil - Azərbaycan paytaxtı artıq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumunun ənənəvi ev sahibinə çevrilib.

"Azərbaycanın təcrübəsi göstərir ki, multikulturalizmin böyük gələcəyi var və onun alternativi yoxdur. Multikulturalizmin alternativi özünü təcridetmə, ayrı-seçkilik və irqçilikdir. XXI əsrdə biz belə mənfi meyllərin baş qaldırmasına imkan verə bilmərik. Bizi narahat və məyus edən bəzi məsələlər var. Lakin biz bu məsələdə çox aydın davranmalıyıq, çox açıq və aydın olmalıyıq. Sivilizasiyaların dialoqu sadəcə yaxşı şüar olmamalı, bu, bəşəriyyətin inkişaf etmək, daha geniş beynəlxalq əməkdaşlığı qurmaq, qarşılıqlı anlaşmanın və tolerantlığın səviyyəsini artırmaq zərurətidir. Fikrimcə, bu, bəşəriyyətin sülh şəraitində inkişaf etməsi üçün ilkin şərtlərdən biridir", - deyə İ.Əliyev forumun qonaqlarını salamlayarkən bildirib.

İordaniya kraliçası Nur Bakıya heyran olduğunu bildirib, onu "Şərqin Parisi" adlandırıb. Kraliça müzakirə mövzuları arasında humanitar məqama xüsusi diqqət çəkib. O, bütün dünyadakı müharibələr zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində qadınların fəallığının artırılmalı olduğunu söyləyib. Kraliça bu sözlərin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın düşmüş şəxslərə də aid olduğunu bildirib.

Həqiqətən də, qadınların siyasi problemlərin həllindəki rolunu Azərbaycandan başqa harada müzakirə etmək olar ki? Axı Şərqdə ilk dəfə 1918-ci ildə qadınlara kişilərlə bərabər hüquqlar, həmçinin seçki hüququ məhz Azərbayanda verilib (Qərb demokratiyasından xeyli əvvəl). Dünyanın bir çox ölkələrinin əziyyət çəkdiyi münaqişələrin humanitar tərəfinə Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa da öz çıxışında geniş yer ayırıb. O, məcburi köçkünlərin problemlərilə yaxından tanış olduğunu deyib: "İnsanlar dünyanın hər tərəfindən münaqişələrdən əziyyət çəkir. Biz hesab edirik ki, zorakılığa yol vermək olmaz. Zorakılığın önlənməsi üçün müvafiq tədbirlər görülməlidir".

Eks-prezident bildirib ki "individin və xalqın zorakılıqla təhqir edilmiş hissləri bərpa olunmalıdır".

"Ümid edirik ki, dəyişikliklər üçün imkanlar var. Biz bu imkanlardan istifadə etməliyik. Azərbaycana gələrkən dəyişikliklərin mümkün olduğunu görürəm", - deyə Vayra Vike-Freyberqa bildirib.

Madrid Klubunun prezidenti, Niderlandın sabiq baş naziri Vim Kok isə forumun müxtəlif din və millətin nümayəndələrinin birgə yaşamasının uydurma yox, həyat norması olduğu Azərbaycanda keçirilməsinin vacibliyini qeyd edib. "Belə forumun keçirilməsi aktual təşəbbüsdür. Hesab edirik ki, gələcək birgə fəaliyyətimiz üçün ümumi məqamları müəyyənləşdirə bilərik", - deyə o, qeyd edib.

Forumda ayrı-ayrı sessiya və panellər formasında davam etdirilən sonrakı diskussiyalarda cəmiyyətin münaqişələrin həllindəki rolu, trafikinq və sair məsələlərə daha detallı nəzər salınıb.

"Azərbaycanda regionun güclü, strateji baxımdan vacib hissəsini görürük", - deyə forumun sessiyalarından birinə moderatorluq edən Yunanıstanın sabiq xarici işlər naziri Teodora Bakayanis bildirib.

Gürcüstanın hazırki prezidenti Mixail Saakaşvili isə həmişəki kimi açıq danışıb, Azərbaycana heyranlığını gizlətməyib. O, bildirib ki, indi Avropanın təhlükəsizliyi və dünyanın azadlığı məsələsi məhz bu regionda həll olunur. Bu üzdən Azərbaycanın sabitliyi və inkişafı, bütün siyasi proseslərin dinc şəkildə yaşanması son illərin nailiyyətləri yalnız tarixə keçmir, həm də bundan sonra da davam etməsinin açarıdır.

Yeri gəlmişkən, M. Saakaşvilinin burada reallığa söykənən bəyanatı Yerevan tərəfindən çox mənfi qarşılanıb. "Ermənistanın qonşuları ilə münasibətlərini qaydaya salması vacibdir. O, təcrid vəziyyətdə uzun müddət qala bilməz. Əminəm ki, Ermənistan sabitlik zonasına daxil ola bilər. Amma bu, siyasi liberallaşma çərçivəsində baş verməlidir", - deyə Saakaşvili qeyd edib. O bildirib ki, bu "daxil olma" sadəcə Gürcüstana gedən dəmir yolunun açılması və Qars-Axalkalaki dəmir yoluna qoşulmaqla olmamalıdır. Bu, həm də münaqişə tərəfləri arasında ortaq məxrəcə gəlinməsi ilə baş verməlidir.

Tədbirdə çıxış edən İsrailin sabiq müdafiə naziri Ehud Barak, Nobel sülh mükafatı laureatı Şirin Ebadi və digərləri münaqişələrin həllində cəmiyyətlərin roluna diqqət çəkib, müasir dövrdəki çoxsaylı çağırışlar fonunda insan hüquqlarının müdafiəsinin vacibliyini vurğulayıblar. Forum iştirakçıları bütün sivill dünyanın iqtisadi və siyasi problemlər içərisində olduğu bir dövrdə Azərbaycanın sabitlik adası olaraq qaldığını, onun bu təcrübəsinin diqqətlə öyrənilməsinə ehtiyac olduğunu açıq şəkildə etiraf ediblər.

Əslində Azərbaycan dövlətinin hazırda tətbiq etdiyi bu mütərəqqi ideyaların bir çoxu Azərbaycanın böyük şairi, dahi filosof Nizami Gəncəvinin yaradıcılığında əks olunmuşdu. O, hələ XII əsrdə ideal hökmdar, dövlət və cəmiyyət modelini ortaya qoymuşdu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin forumun təşkilində iştirakı, qonaqların şairin vətənininə - böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə səfəri də məhz bununla izah olunur.

Forum çərçivəsində aparılan diskussiyaların qanunauyğun yekunu Azərbaycanın müsbət təcrübəsinin öyrənilməsilə bağlı əldə edilmiş razılaşma oldu. Cənubi Qafqaz Forumunun sonuncu günü Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında gələcək əməkdaşlıq haqqında protokol imzalandı. 



MƏSLƏHƏT GÖR:

558