
PARLAQ DÖRDLÜK
Ermənistan müxalifəti birləşə bildimi?
Müəllif: NURANİ Bakı
Ermənistan müxalifəti 2008-ci il martın 1-də baş vermiş faciəvi hadisənin 8-ci ildönümünü qeyd etdi. Xatırladaq ki, həmin gün İrəvan küçələrində Ermənistanın xüsusi təyinatlıları həmin il fevralın 19-da keçirilmiş prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz edən nümayişçiləri güllələmişdi. Seçkidə hazırkı prezident Serj Sarqsyan ilk turda qalib elan olunmuşdu və onun əsas rəqibi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi.
2014-cü il martın 1-də İrəvanda keçirilən mitinqdə müxtəlif qiymətləndirmələrə görə 7-10 min arasında insan iştirak edib. Nümayişçilər Teatr meydanından mart faciəsinin kulminasiyasının yaşandığı Myasnikyanın abidəsinədək yürüş də ediblər.
Etiraz aksiyasında gözlənildiyi kimi, radikal bəyanatlar da səsləndirilib. Əvvəlcə mitinqçilər 2008-ci il martın 1-də həlak olmuş 10 nəfərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Azadlıq meydanında toplaşanlar qarşısında çıxış edən Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan ölkəsi üçün əhalinin Ermənistandan kütləvi axınının ən ciddi təhlükə olduğunu söyləyib. "Bizim erməni xalqının öz vətənində maksimum çiçəklənməsini, Ermənistan əhalisinin artımını təmin edəcək ittifaq qəbulolunandır", - deyə o, qeyd edib.
Bununla yanaşı, Ter-Petrosyan çoxlarının təəccübünə səbəb olacaq fikir də səsləndirib. O, İrəvanın Gömrük İttifaqında iştirakının labüd, yaxın gələcəkdə Avropa İttifaqına inteqrasiyanın qeyri-real olduğunu bildirib. Sabiq prezident deyib ki, siyasi qüvvələr öz fəaliyyətlərini planlaşdıran zaman, məhz, bu "təkzibedilməz reallıqdan" çıxış etməlidirlər və bu reallığın nəzərə alınmaması ciddi yanlışlıqlara, təhlükəli fəsadlara yol aça bilər.
EMK lideri hesab edir ki, bu mənada 1 nömrəli vəzifə bu ittifaqın imkanlarını milli maraqların təmininə yönəldə biləcək, mənfi məqamları maksimum aradan qaldıracaq hakimiyyətin qurulmasıdır. Levon Ter-Petrosyan hesab edir ki, Ermənistanın hazırkı rəhbərliyi vacib islahatları həyata keçirməyə qadir deyil və bu səbəbdən də, istefaya getməlidir.
"Sarqsyan rejiminin bu missiyanı həyata keçirməyə, ilk növbədə, milli maraqları anlamaması imkan vermir. Milli maraqlar və Sarqsyan rejimi bir araya sığmayan anlayışlardır. Belə təəssürat yaranır ki, bizim qarşımızdakı əcnəbi istilaçılar və ya hakimiyyəti güc yolu ilə ələ keçirmiş quldurlardır", - deyə L.Ter-Petrosyan qeyd edib.
EMK-nın parlament fraksiyasının rəhbəri Levon Zurabyan isə çıxışında "dördlər formatı"nın fəaliyyətindən danışıb. Söhbət EMK, "Çiçəklənən Ermənistan", "İrs" və "Daşnaksütyun"dan gedir. Qeyd edək ki, bu 4 partiya hökumətə etimadsızlıq elan edilməsi məqsədilə bir araya gəlib. "Biz hökumətin qaz avantürası məsələsini qaldırmağa, 1 mart hadisələrinin araşdırılmasına nail olmuşuq. Ölkənin 4 əsas siyasi qüvvəsi hakimiyyətə qarşı vahid cəbhə formalaşdırıb. Hazırda debatlar gedir və ola bilsin ki, tezliklə Ermənistan hökumətinə etimadsızlıq məsələsi qəti şəkildə qoyulsun. Həmin an yaxınlaşır. Bu qüvvələrin Serj Sarqsyana impiçmentin elan edilməsi məsələsini qoyacağını da istisna etmirəm", - deyə Zurabyan qeyd edib.
EMK-nın parlament fraksiyasının katibi Aram Manukyan da bu fikirlərlə razıdır. O, 1 martda törədilmiş cinayətin üzərinin açılmasını ümummilli ləyaqət məsələsi adlandırıb: "Ermənilər 2008-ci ilin 1 mart hadisələrində günahkar olan şəxslərin cəzalandırılmasına nail olmasalar, demək, onlar xalq deyillər! Eyni sözlər 1999-cu il oktyabrın 27-də parlamentdə baş vermiş güllələnməyə də aiddir". Manukyan əyalətlərdən müxalifətin mitinqinə qatılmaq üçün paytaxta üz tutan şəxslərin yolunun kəsildiyini deyib, eyni zamanda "xalq hərəkatı"nın qarşısıalınmaz olduğunu bildirib.
Əlbəttə, Ermənistan hakimiyyəti müxalifətçilərin radikal bəyanatlarına, ümumiyyətlə, məhəl qoymaya bilərdi. Üstəlik, Ermənistan müxalifətinin liderləri belə bəyanatları, demək olar ki, daim səsləndirirlər və bu, bir qayda olaraq, bəyanatdan o tərəfə keçmir. Eyni zamanda müxalifət mitinqin fasiləsiz keçiriləcəyini deməyib, bunun üçün çadırlar qurmayıb və "qələbəyədək" fasiləsiz etiraz aksiyalarına başladığını açıqlamayıb. Amma rəsmi İrəvan üçün "yaxşı xəbərlər" bununla da bitir. Əvvəla, ən ötəri hesablamalara görə, müxalifətin mitinqində 10 mindən artıq insan iştirak edib. Üstəlik, müxalifət çətinliklə olsa da, birləşməyə nail olub. Artıq İrəvanda "parlaq dördlük" adlandırılan koalisiya qurulub: EMK, "Daşnaksütyun", "İrs" və Qaqik Sarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan". Sonuncu partiyanın sıralarında bu gün Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da yer alır: bu gün Robert Koçaryanın yaxın ətrafı onun da dəstəyinə ümid edir. Başqa sözlə, Ermənistanın "Qarabağ klanı"nda parçalanma getdikcə dərinləşir. Bundan başqa, "su oliqarxı" Qaqik Sarukyan həm də Ermənistanın iri biznesinin əhəmiyyətli bir hissəsinin maraqlarını ifadə edir.
Hakimiyyət üçün daha həyəcanverici məqam mitinqə müxalifətçilərlə yanaşı, İrəvanın nəhəng müəssisələrinin əməkdaşlarının da qatılmasıdır. Buraya "Qrand Kendi" və başıbəlalı "Nairit" də aiddir. Müxalifət partiyaları "sosial etirazçı elektoratı" fəal şəkildə özlərinə cəlb edirlər və Ermənistan şəraitində bu taktika hakimiyyət üçün daha təhlükəlidir. Bir sözlə, 1 mart aksiyası Ermənistanda hadisələrin hakim komanda üçün arzuolunmaz istiqamətdə cərəyan etdiyini bir daha təsdiqləyib.
Erməni politoloqların, xüsusilə qərbpərəst düşərgəyə aid olanların Qərbin "fəaliyyətsizliyindən" şikayətlənməsi də diqqətəlayiq məqamdır. Onlar hesab edirlər ki, Qərb Ukrayna müxalifətinə ciddi dəstək göstərsə də, onların erməni həmkarları bu diqqətdən kənarda qalıblar. Ter-Petrosyan isə artıq açıq şəkildə Moskva ilə münasibət qurmağa çalışır - onun 1 mart mitinqindəki çıxışını Rusiyaya ünvanlanmış mesaj saymaq olar. Müxalifət lideri, bununla, Moskvaya göstərir ki, onun regiondakı maraqlarını Sarqsyandan başqa da təmin etməyə hazır olanlar var.
Çoxlarının fikrincə, Ermənistan üçün daha da təhlükəli olan simptom, məhz, budur.
Doğrudur, Kiyevdəki Maydan hadisələrinin Qərbin fəallığı və ya Ukraynadaxili amillərlə nə qədər bağlı olduğuna dair uzun-uzadı təhlillər aparmaq, mübahisə etmək mümkündür. Amma vacib olan başqa məqamdır: Ermənistanın siyasi qüvvələri xalqın fikrinə istinad edərək, xarici "oyunçular"a üstünlük verirlər. Bu, Ermənistanın son 10 ildəki tarixi üçün son dərəcə xarakterikdir. Ermənistan hökuməti açıq şəkildə Rusiyanın dəstəyinə bel bağlayır, ölkə qarşısındakı problemlərin, məhz, Moskva tərəfindən çözüləcəyinə, Kremlin "öz komandası"nı hakimiyyətdə saxlamaq üçün əlindən gələni edəcəyinə ümid bəsləyir. Moskva isə prosesə qoşulmağa tələsmir. Çünki yoxsul, balaca, təcavüzkar siyasəti səbəbindən əsas regional layihələrdən kənarda qalmış Ermənistan xarici oyunçular üçün Ukrayna qədər maraqlı deyil. Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə aparan "düşərgələr" də bu vəziyyəti dəyişməyə, çətin ki, qadir və hazır olsunlar. Ermənistanın siyasi dalandan çıxarılması üçün Azərbaycan və Türkiyə ilə münasibətlərdə vaxtı çatmış, qeyri-populyar olan "kompromis addımları" atılmalıdır. Amma təəssüf ki, Ermənistanda bu addımları atmağa nə hakimiyyət, nə də müxalifət hazırdır. Demək, Ermənistanda nəzəri baxımdan da daxili siyasi dəyişikliklər olsa belə, bu, onun vətəndaşlarının durumunu yaxşıya doğru dəyişməyəcək. Bu halda yalnız qalib tərəfdən "yaxın ətrafın"ın həyat səviyyəsində dəyişiklik olacaq.
MƏSLƏHƏT GÖR: