13 Mart 2025

Cümə axşamı, 16:56

YENİ QİTƏLƏRİN FƏTHİ

Azərbaycan iqtisadi və siyasi maraqlarını Afrika qitəsinə yönəldir

Müəllif:

11.03.2014

Zəngin enerji resursları Azərbaycanın görünməmiş templərlə inkişafını təmin etməklə yanaşı, ona digər ölkələrin də iqtisadi artımına kömək etmək imkanı verir. Bununla yanaşı, əvvəllər Azərbaycan xaricə investisiya yatırılmasında region ölkələrilə kifayətlənirdisə, bu gün respublikanın investisiya iddiaları kifayət qədər uzağa gedir. 2012-ci ilin yayında Azərbaycanın xarici işlər naziri Cənubi Amerikaya turnesi çərçivəsində bu uzaq qitədə Azərbaycanın iqtisadi mövcudluğunu nəzərdə tutan bir sıra vacib razılaşmalara imza atıb. Məlum olduğu kimi, uğurlu iqtisadiyyat və dövlətlərarası münasibətlər siyasi münasibətlərin də eyni uğurla inkişafının təminatıdır. Bu, xüsusilə coğrafi baxımdan bir-birindən uzaq yerləşən ölkələr arasındakı münasibətlərə aiddir. Amma investisiyalaşdırmada mənfəət məsələsi də vacibdir. Azərbaycanın xarici işlər nazirinin uzaq qitəyə - Afrikaya səfərini də bununla izah etmək olar. Nazir Azərbaycanın tarixində Qara qitənin cənub hissəsinə ilk rəsmi səfərini fevralın sonunda edib. Səfərin leytmotivi, məhz, iqtisadi əməkdaşlıq idi.

Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Afrikaya səfərinin CAR-dan başlaması heç də təsadüf deyildi. Çünki CAR Afrika qitəsinin ən inkişaf etmiş ölkəsi, eyni zamanda regionun "üçüncü dünya ölkələri"nə aid olmayan yeganə təmsilçisidir. Azərbaycanın XİN başçısı CAR-da bu ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin rəhbəri (XİN başçısı) Mayte Nkona-Maşabane ilə görüşüb. Görüşdə iki ölkə arasında siyasi, mədəni, enerji sahələrində əməkdaşlığın inkişafı imkanları, o cümlədən beynəlxalq məsələlər də müzakirə olunub. E.Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu dövrdə qurumda Bakı ilə CAR arasındakı uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Nazir bildirib ki, Azərbaycan müxtəlif sahələrdə CAR-la təcrübə mübadiləsinə hazırdır. O, həmkarı Nkona-Maşabaneni Azərbaycana səfərə dəvət edib. Dəvəti qəbul edən CAR-ın XİN başçısı E. Məmmədyarovun ölkəsinə səfərinin ölkələr arasında əməkdaşlığın inkişafına töhfə olacağını bildirib. Görüş əsnasında nazirlər "Azərbaycan Respublikasının Hökuməti və Cənubi Afrika Respublikasının Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.

E.Məmmədyarov həmkarı ilə  birgə keçirdiyi mətbuat konfransında iki ölkə arasındakı münasibətlərin "ən yüksək səviyyədə olduğunu", Azərbaycanla CAR arasında ticarət dövriyyəsinin bir neçə ildə dəfələrlə artaraq, 100 milyon dollara çatdığını söyləyib.

Azərbaycanın XİN başçısı ikitərəfli əməkdaşlıqdakı maraq dairələrini aydın şəkildə ifadə edib: "Azərbaycan perspektivdə CAR-da şist qazı və neft hasilatında iştirak etmək imkanlarını öyrənir. Bundan başqa, biz CAR-dan olan neft mütəxəssislərinin Azərbaycanda hazırlanması ilə də məşğul olacağıq. Müxtəlif variantları nəzərdən keçiririk və CAR-ın nəhəng enerji potensialının inkişafına yardım etməyin yollarını müzakirə edirik".

E. Məmmədyarov iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini CAR-ın enerji naziri Dikobe Ben Martinslə görüşdə daha detallı müzakirə edib. Azərbaycanın XİN başçısı ölkəsinin enerji sahəsindəki zəngin təcrübəsini CAR-la bölüşməyə hazır olduğunu qeyd edib. E.Məmmədyarov Azərbaycanın Beynəlxalq İnkişaf Agentliyinin ayırdığı qrantlar vasitəsilə CAR-ın üç enerji mütəxəssisin Azərbaycanda müxtəlif ixtisasartırma kurslarında iştirak etdiyini bildirib, bu cür əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin mümkünlüyünü söyləyib.

D.Martins isə öz növbəsində, CAR-ın Enerji Nazirliyinin nümayəndələrinin 2012-2013-cü illərdə Azərbaycanda olduqlarını və bir sıra məhsuldar görüşlər keçirdiklərini bildirərək, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu bildirib.

Qeyd edək ki, CAR-ın Karu səhrasında şist qazı ehtiyatı 485 trilyon kubfut (13,7 trilyon kubmetr) qiymətləndirilir.

CAR-ın Afrika İnstitutunun eksperti Sehlare Makqetlanenq hesab edir ki, Şimali Afrika dövlətlərilə yaxşı əlaqələri olan Azərbaycan Afrika qitəsinin mərkəzi və cənubi hissələrilə də əməkdaşlıq qurmaqda maraqlıdır. "Bu mənada CAR əlverişli nöqtə ola bilər. Çünki o, Cənubi Afrika ölkələrinin inkişafı və əlaqələri üçün xab rolunu oynayır", - deyə S. Makqetlanenq "R+" jurnalına açıqlamasında bildirib. O, CAR-ın Azərbaycana İT, xidmətlər, turizm, müdafiə sənayesi sahəsində əməkdaşlıq təklif edə biləcəyini söyləyib: "CAR həm də Azərbaycanın enerji resurslarında maraqlıdır. Azərbaycan öz neft və qazını müxtəlif istiqamətlərdə satır. Biz enerji resursları istehlakçısı olaraq, təchizat mənbələrinin şaxələndirilməsində maraqlıyıq". Nəhayət, Cənubi Afrika şirkətlərinin Azərbaycanda birgə fəaliyyəti və investisiyalar daha bir istiqamət ola bilər. "CAR-da Azərbaycanda özünə tərəfdaş tapmaq istəyəcək kifayət qədər biznesmen və şirkətlər var", - deyə ekspert bildirib.

Azərbaycanın nümayəndə heyəti CAR-dan sonra Mozambik Respublikasında olub. Elmar Məmmədyarovun bu ölkənin xarici işlər naziri Oldemiro Baloi ilə görüşündə siyasi, iqtisadi, mədəni-təhsil əlaqələrinin inkişafı imkanları müzakirə olunub. Nazirlər aktual olan regional və beynəlxalq məsələlər haqda da fikir mübadiləsi aparıblar. Məmmədyarov iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafı imkanlarına diqqət çəkib, misal kimi, Mozambikdən olan mütəxəssislərin "ADA" Universitetində hazırlıq keçməsinin mümkünlüyünü söyləyib. O, ikitərəfli əməkdaşlığın güclənməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.

O. Baloi öz növbəsində Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib və bu xüsusda, ikitərəfli hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edərək, Mozambikdə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb.

Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib və bu xüsusda, ikitərəfli hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edərək, Mozambikdə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb.

Mozambikə rəsmi səfəri çərçivəsində E.Məmmədyarov bu ölkənin təbii sərvətlər naziri xanım Salvadora Namburete ilə də görüşüb. Görüşdə Məmmədyarov Azərbaycanın iqtisadi inkişafı və uğurlu enerji strategiyası haqqında danışaraq, enerji resurslarının istismarı, emalı və hasilatı sahəsində Azərbaycanın zəngin təcrübəsi haqqında məlumat verib.

Nazir iki ölkə arasında enerji sahəsində əməkdaşlığın, təcrübə mübadiləsi və mütəxəssislərin hazırlanmasının mümkünlüyünə toxunaraq, bu xüsusda əlaqələrin inkişafı üçün lazımi hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edib.

Xanım S.Namburete Azərbaycan neft və qaz sahəsində təcrübəsinin xüsusi maraq doğurduğunu qeyd edərək, Mozambikin bu təcrübədən bəhrələnmək niyyətində olduğunu diqqətə çatdırıb, Azərbaycanın təhsil müəssisələrində neft-qaz sahəsi üzrə Mozambik mütəxəssislərinin hazırlanması və ixtisasartırma kurslarının təşkil edilməsində maraqlı olduqlarını vurğulayıb.

E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Afrika turnesi çərçivəsində baş çəkdiyi son ölkə Botsvana olub. Bu ölkə iqtisadi inkişaf tarixi baxımından Afrikanın ən uğurlu dövlətlərindən biri sayılır. Ölkə iqtisadiyyatı 1970-ci illərədək, demək olar ki, tamamilə heyvandarlıq üzərində qurulub. 1970-ci illərdə isə Botsvana almaz və digər faydalı qazıntıların ixracatçısına çevrilib. Almaz hasilatının sürətlə genişləndirilməsi Botsvanaya yüksək iqtisadi artıma nail olmaq imkanı verib.

Ölkədə infrastruktur, yollar, kommunikasiya sistemi yüksək səviyyədə olsa da, işçi qüvvəsi arasında texniki biliklərin çatışmazlığı problemi var.

Botsvananın ticarət və sənaye naziri Dorkas Makqato-Males Elmar Məmmədyarovla görüşdə azərbaycanlı investorların ölkəsinə investisiya yatırması üçün əlverişli şərait yaratmağa hazır olduqlarını söyləyib.

Görüşdə Azərbaycanla Botsvana arasında ticarət-iqtisadi münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bunun üçün iki ölkə arasında hüquqi bazanın yaradılması, iş adamlarından ibarət nüma- yəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

XİN başçısı Botsvananın ticarət və sənaye nazirini Azərbaycan iqtisadiyyatı, reallaşdırılan nəhəng regional layihələr və Dağlıq Qarabağ münaqişəsi haqda məlumatlandırıb.

Görüş çərçivəsində Elmar Məmmədyarov Botsvananın XİN başçısı Pandu Skelemani ilə də görüşüb. Nazirlər iqtisadi, enerji və humanitar sahələri  əməkdaşlığın prioritet istiqamətləri kimi müəyyənləşdiriblər. Məmmədyarov həmkarını Azərbaycana səfərə dəvət edib.

Skelemani Azərbaycanın XİN başçısının Botsvanaya səfərinin iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib, digər səviyyələrdə də bu cür qarşılıqlı səfərlərin təşkilini təklif edib.

Danışıqlarda siyasi əlaqələrə də xüsusi diqqət yetirilib. E. Məmmədyarov bu məqsədlə Botsvana Milli Assambleyasının (parlament) spikeri Marqaret Naşa ilə görüşüb. Nazir spikerə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqda məlumat verib, ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu vurğulayıb.

M.Naşa, öz növbəsində, ölkəsinin əməkdaşlığa hazır olduğunu deyib, ilkin mərhələdə parlamentlər arasında informasiya mübadiləsinin aparılmasını, qarşılıqlı səfərlərin təşkilini təklif edib. E.Məmmədyarov spikerin dəvəti ilə Milli Assambleyanın iclasında fəxri qonaq qismində iştirak da edib.

E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Afrika turnesinin nəticələrindən danışarkən Məmmədyarovun BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyasındakı çıxışında səsləndirdiyi fikri yada salmaq yerinə düşər: "Azərbaycan donor ölkəyə çevrilməklə, Asiya, Afrika və Latın Amerikası ölkələrinin dayanıqlı inkişafına töhfə verməklə, beynəlxalq proseslərdə iştirak tarixində yeni fəsil açıb".

Son illərdə hökumət nümayəndələrinin Cənubi Amerikaya və Afrikaya səfərləri Azərbaycanın yeni potensial investor imicini formalaşdırmağa töhfə verir. Bununla da, Bakı dünyanın hələ hərtərəfli tanınmayan regionlarında yerləşməyə hazır olduğunu göstərir. Üstəlik, sovet dövründən neft və sənaye sahəsində güclü kadr mənbəyi olmuş Azərbaycan Afrika qitəsini təmsil edən bir çox tələbələrin yaddaşında yalnız müsbət tərəflərilə qalıb.



MƏSLƏHƏT GÖR:

712