
QARŞIDURMA OLMAYACAQ
Krım Muxtar Respublikası Ali Soveti Rəyasət Heyətinin üzvü Vladimir KlıÇnikov hazırkı vəziyyətlə bağlı fikirlərini "R+" jurnalı ilə bölüşüb
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
- Martın 16-da keçiriləcək referendumu gözləmədən Krımın Rusiyanın tərkibinə daxil olmasına dair qərar hansı zərurətdən qəbul edildi?
- Krımın Rusiyanın tərkibinə daxil olması Ukrayna hökumətinin son addımları ilə bağlıdır. Kiyev Krımda martın 16-na təyin olunmuş referendumu qeyri-qanuni elan etdi. Bununla da, Krım əhalisi öz iradəsini ortaya qoymaq hüququndan məhrum edildi. Kiyev Krım Nazirlər Kabinetini də qeyri-legitim elan etdi, Ukrayna prokurorluğu Krım parlamentinin sədri Vladimir Konstantinovun və Nazirlər Kabinetinin başçısı Aksenovun həbsinə sanksiya verdi. Üstəlik, Kiyev ümumukrayna səfərbərliyi də elan edib. Bütün bunlar göstərir ki, heç kim Krım əhalisinin fikrilə hesablaşmaq fikrində deyil. Bütün bunlardan sonra Krım parlamenti muxtariyyətin statusu ilə bağlı referendumun keçirilmə vaxtını tezləşdirməli oldu.
- Məlum qərarın qəbulundan sonra Krımda vəziyyət necədir? Kiyev hökumətindən hansı cavab addımları gözləyirsiniz?
- Simferopolda və digər şəhərlərdə tam sakitlikdir. Müəssisələr, təhsil idarələri adi rejimdə işləyir. Biz referendumun vaxtının tezliklə dəqiqləşdirilməsi və səsverməyə çıxarılacaq məsələlərin dəqiq müəyyənləşdirilməsini tələb edən krımlıların fikrinə əsaslanırıq. Son 4 ayda Krımla bağlı bir çox qanunsuz qərarlar qəbul edilib.
- Krım parlamenti əhalinin təhlükəsizliyindən narahatdırsa, Krım hökuməti yarımadada beynəlxalq müşahidəçilərin yerləşdirilməsinə razı olacaqmı?
- Hələlik beynəlxalq müşahidəçilərə ehtiyac yoxdur. Müşahidə missiyası referendum vaxtı olacaq. Biz martın 16-da bütün beynəlxalq standartlara uyğun səsvermə keçirmək niyyətindəyik.
Krımda heç bir gərginlik yoxdur və ola da bilməz. Kənardan vəziyyətin gərginləşdirilməsinə cəhdlər ola bilər. Krım əhalisi arasında referendum vaxtı və ya ondan sonra qarşıdurma istisnadır. Muxtariyyətdə vəziyyət sabitdir və bu mənada heç bir təhlükə yoxdur.
- Rusiya prezidenti Vladimir Putin yerli mətbuatına müsahibəsində Krımı Rusiyaya birləşdirmək niyyətində olmadığını bildirmişdi. Elə isə Rusiyaya birləşmə haqda qərar Putinin mövqeyinə zidd deyilmi?
- Qərar verməzdən əvvəl biz yalnız öz seçicilərimizlə məsləhətləşdik. Rusiya rəhbərliyinə isə artıq müvafiq qərarın qəbulundan sonra müraciət etdik.
MƏSLƏHƏT GÖR: