14 Mart 2025

Cümə, 23:43

START VERİLDİ...

Mehriban ƏLİYEVA: "Mötəbər yarışı qəbul edəcəyimizə görə qürur duyuruq"

Müəllif:

07.05.2013

Bakı şəhərinin 2015-ci ildə I Avropa Olimpiya Oyunlarını keçirməsi üçün təşkilati işlərə start verilib. Avropa Oyunları Koordinasiya Komitəsinin birinci toplantısı bu baxımdan çox vacib sayıla bilər. Toplantıda 2015-ci il Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilk dəfə olaraq keçirilən bu mötəbər yarışın məhz Bakıda təşkili barədə Avropa Olimpiya Komitəsinin qərarını ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən idmanda qazandığı uğurların tanınması kimi qiymətləndirib. 

"Biz ölkəmizin Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıyıq. Biz üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu da öz növbəsində, bizdən ilk təcrübənin uğurlu olmasının təminatını tələb edir. Öz tərəfimizdən sizi əmin edə bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Bu səbəbdən, biz ötən illərdə keçirilən Olimpiya və regional oyunların təşkilatçılarının təcrübəsindən bəhrələnməyə hazırıq"- deyə Mehriban Əliyeva bildirib. 

Təşkilat Komitəsinin sədri ilkin mərhələdə Koordinasiya Komitəsinin qarşısında duran müxtəlif məsələlərə toxunub. Mehriban Əliyeva Olimpiya kəndi də daxil olmaqla lazımi infrastrukturun hazırlıq səviyyəsinin, məlumatın ötürülmə, oyunlara hazırlıq və keçirilməsini işıqlandıracaq kütləvi informasiya vasitələri ilə iş strategiyası, idman proqramının təsdiqlənməsi və tamamlanmasının xüsusi diqqət tələb etdiyini deyib. 

Mehriban xanım Əliyeva Avropa Oyunlarının ölkəmiz üçün ilk belə təcrübə olduğunu söyləyib və bu oyunlarının böyük uğur kimi Olimpiya ailəsi tarixinə düşəcəyinə ümidvar olduğunu bildirib. 

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında deyib ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaradır. 

Toplantıda xarici ekspertlərin Avropa Oyunlarının keçirilməsi ilə bağlı təqdimatları da olub. Təqdimatlarda təşkil olunacaq mərasim və mədəni proqramlar, yayım, media strategiyaları, əlaqələr, işçi və tikinti planları haqda fikir mübadiləsi aparılıb.

Artıq 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında idman növlərinin ilkin siyahısı və tarixi dəqiqləşib. Avropa Oyunları iyunun 12-28-i aralığında 19 növ üzrə baş tutacaq. 

Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələ yekun siyahı deyil. Hazırda siyahının tamamlanması üçün danışıqların son mərhələsi gedir.

İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki "Kür" Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq. Beynəlxalq ekspertlər həmin arenayla tanış olub və orada yarışın keçiriləcəyinə razılıq verib. Maraqlıdır ki, bəzi idman növlərində yarışlar lisenziya xarakteri daşıyacaq. Avropa Oyunlarına təsnifat yarışları sonradan müəyyənləşdiriləcək. Hər hansı ölkənin təsnifatdan keçmiş idmançıları olmasa, həmin ölkəyə 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcək. Reqlamentə əsasən, ev sahibliyi edən dövlət bütün növlərdə təmsil olunmaq hüququna malikdir.

Avropa Oyunları Koordinasiya Komitəsinin 1-ci toplantısı barədə danışan gənclər və idman naziri Azad Rəhimov hazırda yığma komandalarımızın formalaşdırıldığını bildirib: "Bütün növlər üzrə komandalarımız formalaşdırılmaqdadır. Yalnız triatlonla bağlı bəzi məqamlar qalır. Digər idman növləri üzrə yığmalarımız var. Kamandan oxatma üzrə komandamız da formalaşır, onlar iştirak etdikləri son yarışlarda nəticələrini də yaxşılaşdırıblar. Basketbol Azərbaycanda yaxşı inkişaf yolu keçib, Avropanın yüksək divizionunda iştirak edirlər. Bu növə də ümidlərimiz çoxdur. Çünki 3X3 növü olacağından, nəticə qazanmaq olar. Velosiped növündə böyük inkişaf müşahidə olunur. "Tur dAzerbaidjan" yarışı keçirilir. Stolüstü tennisdə yığmamız zəifdir, bu növə daha çox fikir verməliyik. Atletikanın bəzi növlərində də nəticələr göstərsəydik, yaxşı olardı". 

Nazir bildirib ki, artıq olimpiya kəndinin yerləşəcəyi məkan da dəqiqləşib. İdmançılar "Koroğlu" metrosunun yaxınlığında inşa edilən yeni binalarda qalacaqlar. 

"R+"a açıqlamasında Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycanın I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə inandığını söyləyib: "Mən çox sevinirəm ki, Azərbaycan Prezidenti eyni zamanda Milli Olimpiya Komitəsinin prezidentidir. Ölkədə idmanın inkişafında onun rolu böyükdür. Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva həm də Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir, yəni idman xadimidir. Bu insanların rəhbərliyi altında əlimizdən gələni edəcəyik ki, oyunlar yüksək səviyyədə keçirilsin". 

Patrik Hikki Avropa Oyunlarından sonra Bakının Yay Olimpiya Oyunlarını keçirməyə daha çox şansı olacağını söyləyib. Əslində, belə mötəbər yarışın təşkili üçün 6-7 il vaxt lazım olur. Amma Patrik Hikki Bakının 2 ilə bu yarışa hazır olacağına əmindir.



MƏSLƏHƏT GÖR:

529