
ARDA TURAN BAKIDA NƏYƏ HEYRAN OLDU?
Dünya futbolunun ulduzu təəssüratlarını "R+"un oxucuları ilə bölüşüb
Müəllif: Sənan Şəfizadə Bakı
Bakıda iki gün qonaq olan "Atletiko" futbol klubunun səfər proqramı çox sıx idi. Artıq oyunlara "Azerbaijan - Land of Fire" yazılı geyimdə çıxan İspaniya komandasının ulduzları Prezident İlham Əliyevin qəbulunda olub, şəhər gəzintisinə çıxıb, azyaşlı futbolçularla görüşlər keçirib. Təbii ki, səfər oyunsuz da ötüşməyib.
Son gün "Bakı" futbol klubu ilə yoldaşlıq görüşündə meydana çıxan "Atletiko" 3-0 hesablı qələbə qazanıb. Lakin azərbaycanlı azarkeşlərin gözləntilərinə rəğmən ulduzlar Arda Turan və Radomir Falkao həmin görüşdə iştirak etməyib. Madridə qayıtmazdan əvvəl "Atletiko"nun və Türkiyə yığmasının futbolçusu Arda Turan Bakıda oynamamasının səbəbləri və ümumiyyətlə, səfər təəssüratlarını bizimlə bölüşüb.
- İlk növbədə, Bakıda olduğunuz iki gün barədə soruşmaq istəyirəm. Təəssüratlarınız necədir?
- Bakı çox xoşuma gəldi. Desəm ki, şəhərin bütün yerlərində oldum yalan olar. Sadəcə mərkəzi yerləri gördüm. Azərbaycanın böyük oğlu Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və türk şəhidlərinin abidəsini ziyarət etdim. Hava limanından otelə gedərkən çox gözəl mənzərənin şahidi oldum. Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etmək istəyirəm, gözəl və maraqlı şəhər yaradıb. Sizin paytaxtda müxtəlif memarlıq nümunələrini görmək olar. Milli Məclisin qarşısındakı binanı çox bəyəndim. Və əlbəttə ki, Bayraq meydanına valeh oldum. Orada çoxlu şəkil çəkdirdim. Bakıda yaşayanlar sevinə bilər ki, belə gözəl şəhərləri var.
- Yeri gəlmişkən, siz eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdünüz. Maraqlıdır, hansı mövzuda söhbətiniz oldu?
- Cənab Əliyev çox alicənab və idmanı sevən bir insandır. "Atletiko" haqda xoş sözlər dedi. Ölkədə idmanın inkişafından danışdıq. Sözün düzü, söhbət zamanı çox təəccübləndim. İlham Əliyev "Atletiko" haqda kifayət qədər məlumatlı idi. Futbolçuları tanıyırdı. Adətən, siyasətçilər bəzən idmana vaxt ayıra bilmir. Sizin idmanı sevən prezidentiniz var. Biz klubumuz adından ona üzərində cənab prezidentin adı və soyadı yazılan forma bağışladıq. İlham Əliyev arzuladı ki, yaxın illərdə Azərbaycan klublarıyla "Atletiko" yoldaşlıq matçında deyil, rəsmi oyunda görüşsün.
- Azarkeşlər sizin "Bakı" ilə yoldaşlıq matçında meydana çıxa-cağınızı gözləyirdilər. Amma siz və Falkao oynamadınız...
- Heyətlə bağlı qərarı baş məşqçimiz Dieqo Simione verir. Mənim aya-ğımda zədə olduğu üçün məşqçi risk etmək istəmədi. Falkao isə "Real"la çətin oyundan sonra yorğun olduğu üçün istirahət etdi. İstənilən halda bayram baş tutdu. Sizin vasitənizlə bütün azarkeşlərə çox sağ ol deyirəm. Bakıda bu qədər sevildiyimi bilmirdim.
- "Atletiko"nun şərəfinə verilən ziyafətdə "Sarı gəlin" mahnısını çox diqqətlə dinləyirdiniz. Səbəbini bilmək olar?
- Türkiyədə də bu mahnını eşitmişdim. Musiqiçilər çox maraqlı tərzdə ifa etdi. Nədənsə sona qədər fikrim musiqidə qaldı. Çox xoşuma gəldi.
- Bəs, bütövlükdə Azərbaycan haqda hansı təəssüratlarınız yarandı?
- Məncə, Azərbaycan iqtisadi cəhətdən inkişaf etməklə yanaşı, turizm ölkəsinə çevrilib. Gəzməli yerləriniz çoxdur. Dadlı yeməkləriniz var. Biz burda olduğumuz müddətdə az da olsa, milli mətbəxinizin dadına baxdım. 1-2 gün artıq qalsaydım, kökələrdim (gülür).
- Arda Turan üçün "Azerbaijan-Land of Fire" nə deməkdir?
- Çox sevinirəm ki, "Atletiko"nun Azərbaycan kimi tərəfdaşı var. Azərbaycan mənim üçün önəmli ölkədir. Bir millət, iki dövlət demişlər bizə. İnanın ki, mən özümü həm türk, həm də azərbaycanlı kimi hiss edirəm. Türkiyə ilə Azərbaycan çox yaxın ölkələrdir. Bakıda özümü Vətəndəki kimi hiss edirəm. Bizim kədərimiz də, sevincimiz də birdir.
- Azərbaycan futbolu haqda hansı məlumatınız var?
- Ölkənizdə futbolu çox sevirlər. Milli komandanız da güclənir. Oyun baxımından irəliləyiş hiss olunur. "Bakı" klubunun yüksək səviyyədə bazası var. Avropada olan hazırlıq mərkəzlərindən geri qalmır. Fikrimcə, uğurlarınız qarşıdadır. Bakının Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürməsi barədə xəbərim var. Bu çox böyük hadisədir.
- Futbol üzrə yığmamız bir neçə il əvvəl Bakıda Türkiyə millisinə 1-0 hesabıyla qalib gəlib...
- (gülür) Həmin oyunda mən yox idim, ona görə də bizimkilər uduzdu. (Arda həmin oyunu cəzalı olduğu üçün buraxıb). Komandanız Bakıda həmişə yaxşı oynayıb. Türkiyə üzərində qələbəniz bizdə böyük rezonans doğurdu. Çünki hamı Türkiyənin asanlıqla qalib gələcəyini düşünürdü.
- Azərbaycanda futbola böyük sərmayələr qoyulur. Amma Avropa səviyyəli futbolçumuz yoxdur...
- Futbol zaman tələb edən idman növüdür. Digər idman növlərində 5-6 il lazım olduğu halda burda daha çox vaxt lazım gələ bilər. Bu mənada uşaq futbolu çox vacibdir. Sizdə uşaq futboluna böyük diqqət yetirilir. Həmin uşaqlar gələcəkdə Azərbaycan yığmasını daha güclü edəcəklər.
- Bir müddət "Qalatasaray"ın şərəfini qorumusunuz. Vaxtilə Əmrə Bələzoğlu da həmin komandada oynayıb. Amma sonradan əzəli rəqib "Fənərbağça"ya keçdi. Siz də onun qərarını təkrarlaya bilərsinizmi?
- Bu barədə danışmaq düzgün olmazdı. Mən "Atletiko"nun futbolçusuyam. Hazırda bütün fikrim bu komandayla bağlıdır. Komandamı dəyişmək barədə düşünmürəm.
- Azərbaycanda Türkiyə yığmasının çoxlu sayda azarkeşi var. Sizin komandanız seçmə mərhələdə uğursuz çıxış edir. Millinin dünya çempionatına düşmək şanslarını necə qiymətləndirirsiniz?
- Düz dediniz, Türkiyə bir sıra oyunlarda uğursuz çıxış etdi. Amma hələ də şansımız var. Komanda toparlanıb son görüşlərini qələbəylə başa vurmalıdır. Hər şey öz əlimizdədir. İnanıram ki, Türkiyə millisi Dünya Çempionatında iştirak edəcək. Hazırda yaxşı heyətimiz var, sadəcə uğursuzluq zolağından çıxmağı bacarmalıyıq.
- Sonda Azərbaycan azarkeşlərinə sözünuz...
- Hamıya çox təşəkkür edirəm. Qonaqpərvərliyiniz haqda çox eşitmişdim, amma indi buna əmin oldum. Bundan sonra meydana çıxanda Azərbaycanda da çoxlu sayda azarkeşimin olacağı yadıma düşəcək. Tam səmimi deyirəm ki, geyimimizdə Azərbaycan adının olması mənə qürur verir. Fəxrlə həmin formanı geyirəm.
MƏSLƏHƏT GÖR: