Müəllif: Məhərrəm ZEYNALOV Bakı
Uzun illər onun barəsində nə danışmaq, nə də yazmaq olardı. Yalnız tanıyanlar onu yarı pıçıltı ilə xatırlayırdılar. Amma o isə XX əsrdə Azərbaycan mədəniyyəti üçün böyük işlər görmüş bir insan idi. Görkəmli teatr və kino aktyoru Abbas Mirzə Əbdül Rəsul oğlu Şərifzadə milli Azərbaycan kinematoq-rafiyasının öncüllərindəndir.
Abbas Mirzə 12 dekabr 1893-cü ildə müəllim ailəsində anadan olub. Onun atası Mirzə Əbdül Rəsul həmin tarixdən iki il qabaq Seyid Əzim Şirvani ilə birlikdə Şamaxıda məktəb açıb və özü də orada müəllimlik edib. Şamaxıdakı dəhşətli zəlzələdən sonra ailə Bakıya köçüb. Məhz burada 9 yaşlı gənc Abbas Mirzə ilk dəfə səhnəyə çıxıb. Tamaşa onun əmisi Mirzə Məmməd Tağı tərəfindən qoyulub.
Türk səhnəsinin Hamleti
Şərifzadənin yaradıcılığına Hüseyn Ərəblinski tərəfindən böyük təsir göstərilib. Ona şöhrəti isə İblis ("İblis" - Hüseyn Cavid), Aydın, Oqtay, Elxan, Eyvaz ("Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "1905-ci ildə" - C.Cabbarlı) və s. rollar gətirib. Peşəkar aktyor təhsilinin olmaması Şərifzadəyə çox sürətlə kütlənin, rejissorların və həmkarlarının sevgisini qazanmasında heç də maneə ola bilməyib. O, həmçinin dünyaca məşhur obrazları da yaradıb: Şekspirdən Otello, Hamlet, Maqbeti, Şillerin "Quldurlar" əsərindən Karl Mur rolunu və başqa obrazları oynayıb.
Onun Hamleti barədə 1930-cu ildə "Sovetski teatr" jurnalı yazırdı: "Türk səhnəsində Hamlet orijinal oriyentallaşdırılmış görkəm alıb. Hadisələr Şərq əyalətinə keçirilib - burada Şərq şeyx və əyanlarının gözlərinin alışmadığı görkəmdə ser Vilyam Şeksprin ədəbi fəlsəfi faciəsi oynanılır. İzləyici çox coşqun şəkildə səhnədə güclü, mədəni və düşüncəli türk aktyorları Şərifzadə - Hamlet və onun dublyoru Ülvi tərəfindən gözəl şəkildə idarə edilən sürətli hadisələrə reaksiya verir".
İnqilabdan əvvəl xeyriyyəçi, Bakı milyonçusu Hacı Zeynalabdin tərəfindən tikilmiş dram teatrının gözəl akustikasında gücləndirilən nəfis diksiya, gur səs imkan verib ki, hətta pıçıltı ilə deyilən hər bir ifadə, aktyorun hənirtisi zalın istənilən küncündə, o cümlədən, adətən, tələbələrin oturduğu artırmada da eşidilsin. Şərifzadəni yaxından tanıyan insanlar onun səhnə cazibəsinə, ən müxtəlif tamaşaçı kütləsini özünə bağlamaq qabiliyyətinə heyran qalmaqdan doymurdular. Axı, teatrdan kənarda heç nə Abbas Mirzənin böyük aktyor olmasını bəlli etmirdi. Bu, ortaboylu adi insan idi, ciddi, sadə davranırdı, hamı ilə xoş, yoldaşlıq münasibəti saxlayırdı. Amma o, səhnədə necə dəyişirdi, sanki boyu da ucalırdı! Özünəməxsus gözəl plastikası vardı, güclü daxili qüvvəsi onu təkrarolunmaz edirdi.
Azərbaycan teatrının yaşlı nəsildən olan pərəstişkarları 1930-cu ildə teatrın Moskva qastrolları zamanı Moskvanın teatr bomondunun Abbas Mirzənin oyununa, onun Şekspir pyeslərində oynadığı rollara necə heyran qaldıqlarını yaxşı xatırlayırlar. Şərifzadə, həmçinin həm tamaşaların, həm də filmlərin rejissoru kimi çıxış edib. Əslində o, Azərbaycanın ilk rejissorlarından olub. O, həmçinin operalara və vodevillərə də quruluş verirdi. Onun kino karyerası 1916-cı ildə Rusiyanın "Knyaz Temir-Bulat" filmindən başlayıb. 1924-cü ildə Şərifzadə Azərbaycan filmi "Bayquş"da xan rolunu oynayıb. 1929-cu ildə isə "Gözə göz" filmi ekranlara çıxır. Şərifzadə həm bədii, həm də sənədli filmlərə quruluş verib. Bədii filmlər sırasında din əleyhinə çəkilmiş "Bismillah!" (1925) filmini, "Hacı Qara" (1929) və "Sevgi oyunu " (1935) filmlərini çəkib. Sənədli filmlər sırasında "Azərbaycana səyahət" (1924) və "Şaxsey-vaxsey" (1929) filmlərinə quruluş verib.
1921-ci ildə, demək olar ki, şöhrətin və gərgin yaradıcılığının zirvə çağında Abbas Mirzə Hənifə xanım Akçurina ilə ailə qurur. Onun 28 yaşı, qızın isə 19 yaşı olub. Bu, romantik münasibət olub. O, tez-tez qızı oxuduğu gimnaziyanın alaqapısında qarşılayır, dostu Bülbül ilə onun balkonunun altında serenada oxuyarmış. Onlar evləndikdən sonra evləri həmişə qonaqla dolu olub. Bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri - Müslüm Maqomayev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, İsmayıl Hidayətzadə, Cəfər Cabbarlı və başqaları orada dəfələrlə qonaq olublar.
Faciəvi ölüm
1936-cı ildə Abbas Mirzə Şərifzadə Azərbaycan SSR-in xalq artisti adını alır. Adama elə gəlirmiş ki, aktyor, hətta ən sərt dövlətdə belə yaxşı vəziyyətdə ola bilər. Amma birdən bədnam 1937-ci ilin 4 dekabrında, yəni Stalin repressiyalarının ən qızğın zamanında Şərifzadəni öz mənzilində İranın xeyrinə casusluq ittihamı ilə tuturlar. Sübut kimi onun 1932-ci ildə Gəncədəki İran konsulluğuna tez-tez getməsi göstərilib. Repressiyalar praktikası nə açıq məhkəmə prosesi, nə də vəkillər tanıyırdı. Əslində, bunun Azərbaycan teatrının böyük pərəstişkarı olan, aktyorlarla birgə vaxt keçirməyi sevən konsulun özü tərəfindən təşkil edilmiş dost görüşləri olduğuna kimsə diqqət yetirmədi. Həbs üçün digər ciddi səbəb Şərifzadənin doğma qardaşının siyasi fəaliyyəti olmuşdu, o, 1918-1920-ci illərdə müstəqil Azərbaycan Demokratik Respublikasının məmuru olmuşdu və həmin vaxtdan da mühacirətdə yaşayırdı. Şərifzadəni, həmçinin repressiya olunmuş şairlər - Mikayıl Müşfiq və Hüseyn Cavidin yaradıcılığını təbliğ etməkdə də günahlandırırdılar. Yeri gəlmişkən, Cavid onun yaxın dostu olub. 19 oktyabr 1938-ci ildə Şərifzadə bütün maddələr üzrə günahkar sayılıb və bir ay sonra güllələnib. Azərbaycanın tanınmış jurnalisti, indi dünyasını dəyişmiş Əziz Şərif bu barədə Şərifzadə haqqında yazdığı məqalədə aşağıdakı kimi bəhs edirdi: "O fəlakətli gecə idi... Yenə də Şekspir vardı, özü də doğma teatrda. Tamaşa başa çatdıqdan sonra zal uzunmüddətli və gur alqışlar bəxş etdi. Abbas Mirzə dəfələrlə səhnəyə qayıtmalı oldu. Şahidlərin dediyinə görə, o, qeyri-adi şəkildə kədərli idi, səhnənin kənarına çox yaxın gəlib qollarını açaraq dərindən baş əydi, sanki vida anında hər kəsi qucaqlamaq istəyirdi. Bu, doğrudan da aktyorun bakılılarla sonuncu görüşü oldu. 1937-ci ilin dekabr ayı idi...
...Abbas Mirzə üçün sonuncu olan tamaşadan sonra aktyorlar uzun müddət dağılışmayıblar. Teatrın kiçik və rahat həyətinə yığışıblar. Abbas Mirzə nərd oynayırmış. Öz qəribə görkəmləri ilə bir-birinə çox bənzə-yən iki nəfərin teatrın həyətinə necə girməsini heç kim hiss etməmişdi. Onlardan biri Abbas Mirzənin arxasında durubmuş və sanki oyunu izlə-yirmiş. İkincisi isə üzbəüz dayanıbmış. Aktyor öz üzərində ağır baxışlar hiss eləyib. Başını qaldıraraq tanımadığı adamları diqqətlə süzüb və dərhal əhvalı pozulub, sanki sönüb. Sonra qəflətən ayağa qalxıb və heç kimə baxmadan uca səslə deyib: "Mən getdim!". "Qonaqlar" da sakitcə onu izləyiblər. Təsadüfən onlarla rastlaşmış teatr kostyumçusunun sözlərinə görə, küçədəki qara avtomobilin yanında daha iki nəfər də dayanıbmış. Onlar Abbas Mirzəni maşına basıblar və avtomobil sürətlə Bakıda dəniz kənarında yerləşən və hamının qorxduğu məşhur binaya tərəf yol alıb. Bunları gözləri ilə görən qadın özünü teatrın həyətinə salıb və "Abbası apardılar!" - deyə dəhşətlə bağırıb. "Mən getdim!"... Uzun illər aktyorlar böyük faciə ustasının vida sözləri olmuş bu ifadəni pıçıltı ilə təkrarlayıblar.
Həmin qorxulu axşam onunla birlikdə teatrın həyətində olmuş adamlar sonradan bütün həyatları boyunca ürəkdən təəssüf ediblər ki, onun sözlərinə lazımi önəm verməyiblər. Bu sözlərin səsləndiyi həmin dəqiqələrdən sonra heç kim bir daha Abbas Mirzəni görməyib: nə arvadı, nə indi Azərbaycanın xalq artisti olan - qızı Firəngiz xanım, nə də dostları. O, sanki qeyb olub. On illərdən sonra sanki əfsanələrdə dönmək üçün yoxluğa çəkilib".
Qayıdış
Milyonlarla başqa insan kimi o da yalnız Stalinin ölümündən sonra bəraət ala bilib. Yalnız 50-ci illərin sonlarında qəzetlərdə Şərifzadəni xatırlamağa başlayıblar. Onun haqqında yazılmış ilk məqalələrdən bir parça belədir: "Bu yaxınlarda "Azərbaycanfilm"in əməkdaşları SSRİ Dövlət Film Fondunun arxivində Azərbaycan sovet kinematoqrafiyasının yaranmasının ilk çağlarında çəkilmiş bədii filmlərin neqativlərini aşkarlayıblar. Məsələn, 1923-cü ildə çəkilmiş ilk Azərbaycan sovet filmi "Qız qalası"nın neqativləri tapılıb. Görkəmli rejissor, aktyor Abbas Mirzə Şərifzadə tərəfindən quruluş verilmiş din əleyhinə "Bismillah!" filmi də böyük maraq kəsb edir" ("Bakinski raboçi", 1959).
"İlıq" dövr başladı və sağ qalmış mədəniyyət xadimləri Şərifzadəni xatırlamağa başlayıblar. "Zəmanəmizin bu görkəmli aktyoru ilə birlikdə işləmək şərəfinə mən də nail olmuşam, ölkənin müxtəlif teatrlarının səhnəsində onun parlaq çıxışlarının şahidiyəm, yaradıcılıq axtarışlarının və tapıntılarının tamaşaçısıyam. Abbas Mirzə Şərifzadə ilə keçirilmiş həmin günlər heç vaxt mənim xatirimdən silinmə-yəcək", - deyə 1963-cü ildə onun həmkarı Mustafa Mərdanov xatırlayıb.
Bu gün də Şərifzadənin nəsli Azərbaycanı tanıtmaqla məşğuldur - dahi aktyorun nəticəsi Eldar Qasımov "Eurovision- 2011" mahnı müsabiqəsinin qalibi olub.
MƏSLƏHƏT GÖR: