Müəllif: Zərifə BABAYEVA Bakı
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ölkədə satılan parfümeriyaların keyfiyyətinin müəyyənləşdirilməsi üçün reydlər keçirir. Qurumun Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovun sözlərinə görə, 2013-cü ilin ilk üç ayı ərzində xidmət parfümeriya-kosmetika məhsullarının idxalı və satışı ilə məşğul olan 7 təsərrüfat obyektində yoxlama aparıb. Nəticədə onlardan 6-da çatışmazlıqlar üzə çıxarılıb və onlara parfümeriya, kosmetika məhsullarının idxalı qadağan olunub.
İmanovun sözlərinə görə, parfümeriya satışı sahəsi dövlətin sərt nəzarətində olan sahələrdən biridir. Bu yaxınlarda belə obyektlərdə aparılmış reydlərin nəticəsi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Keyfiyyət standartlarına uyğun gəlməyən məhsulların aşkarlanacağı təqdirdə, ilk növbədə, onun satışı qadağan olunur, daha sonra isə həmin məhsullar məhv edilir.
Bu cür faktları nəzərə alan dövlət komitəsi istehlakçıları parfümeriya və kosmetika məhsulları alarkən diqqətli olmağa, satıcılardan aldıqları məhsulların uyğunluq sertifikatını tələb etməyə çağırır. Bundan başqa, istehlakçılar keyfiyyətsiz məhsul satışı ilə rastlaşırlarsa, bu haqda dövlət komitəsinə 963 "qaynar xətti" vasitəsilə məlumat verə bilərlər.
Seçim imkanlarımız
Jurnalımızın ötən nömrələrində dəfələrlə saxta və keyfiyyətsiz parfümeriya məhsulları mövzusunu qaldırmışıq və hər dəfə belə qənaətə gəlmişik ki, müvafiq strukturlar bizi belə məhsullardan nə qədər qorumağa çalışsa da, heç kəs belə halla üzləşməkdən sığortalanmayıb. Onu da qeyd etmişik ki, reallıq bizi bu və ya digər məhsulu alarkən onu "öz laboratoriyamızdan" keçirməyə, yəni həmin məhsul haqqında bütün biliklərimizi işə salmağa və saxta mal almaqdan bu yolla qurtulmağa vadar edir. Xoşbəxtlikdən bu gün, demək olar ki, bütün istehlakçılar "yaxşı"nın və "pis"in harada satıldığını bilirlər. Amma heç də hamı bahalı parfümeriya və ya kosmetika almaq iqtidarında deyil. Etiraf edək ki, çoxumuz aldadılmırıq, sadəcə, daha ucuz mal axtararkən bilərəkdən kontrafakt məhsullara üz tuturuq - məsələn, 8 Mart bayramında bir neçə hədiyyə almaq lazım gəlir. Hədiyyə sanballı parfümeriya mağazalarından alınırsa, onun neçəyə başa gəldiyini bir hesablayın: belə vəziyyətdə istənilən bayram bizi pulsuz qoya bilər. Odur ki, pislərin içində ən yaxşısını seçməli olursan. Amma seçim də ağılla edilməlidir.
Ağıllı seçim
Əvvəlcədən qeyd edək ki, cibə uyğun kosmetika seçərkən heç də saxta məhsul almaq vacib deyil. Bazarda qiymət kateqoriyalarına əsasən bölünən orijinal kosmetika seçimi var. Onların içərisindən sənə lazım olanını seçə bilmək üçün kosmetik vasitələrin beynəlxalq təsnifatını bilmək, onların istehsal texnologiyasından baş çıxarmaq, məhsulun tərkibi haqda məlumatlı olmaq lazımdır.
Mərkəzi ofisi İsveçrədə yerləşən Müstəqil Ekspertlər Assosiasiyası kosmetikanın təsnifatını müəyyənləşdirir.
Bu assosiasiyanın eksperti sertifikat almaq üçün ərizə vermiş istənilən şirkətə xəbərdarlıq etmədən oraya baş çəkərək, əlinə keçən istənilən məhsulu götürür. Həmin məhsul assosiasiyanın laboratoriyasında test edilir və sonda onunla bağlı qərar çıxarılır. Assosiasiya ciddi şəkildə reputasiyasının qayğısına qaldığından onun sertifikatlarını satın almaq mümkün deyil.
Assosiasiyanın təsnifatına görə, ilk kateqoriya Mas-market (kütləvi səviyyə) adlanır. Buraya kütləvi şəkildə istehsal olunan ucuz məhsullar daxildir. Onun reallaşdırılması üçün çox ciddi reklam kampaniyası aparılır. Belə məhsulların tərkibində zəhərli maddələr, ən aşağı keyfiyyətli bitki inqrediyentləri, neft-kimya məhsulları var. Süni konservantlar, bir qayda olaraq, törəmə formalin və fenol da belə kosmetikanın tərkibində olur.
İkinci kateqoriya Middl-market (orta səviyyə) adlanır. Belə kosmetikalar daha yüksək keyfiyyətə malikdir. Onun tərkibindəki bioloji aktiv maddələr 30-60% arasında, konservantlar təbii, zəhərsiz, bitki xammalından hazırlanmış olur. Amma məhsulların istehsalı zamanı kimyəvi texnologiyalardan istifadə edilir. Belə kosmetikaları hər 6 aydan bir dəyişmək lazımdır. Çünki onlar asılılıq yaradır.
Üçüncü kateqoriya Lux sinfinə aid kosmetikalardır. Onun hazırlanmasında yüksək texnologiyalardan istifadə edilir, tərkibindəki bioloji aktiv maddələr 70-80% olur. İstehsal zamanı ən yüksək səviyyəli bitki xammallarından istifadə olunur. Bu kateqoriyaya aid kosmetikaların tərkibində yalnız təbii konservantlara rast gəlinir - kolliodium gümüşü, arı yapışqanı, çayağacı yağı və s. Belə kosmetikalar insanda asılılıq yaratmır, ondan imtina edildiyi halda qocalmanı sürətləndirmir. Bu tip kosmetikalar yüksək moda evlərində istifadə olunur. Bu kosmetikaların tərkibi kimi, dizaynı da bahalı olur.
Bu gün istehlakçıları aldatmaq çox çətindir. KİV və İnternetdə, demək olar ki, istənilən informasiyanı tapmaq mümkündür. Amma bir şeyi də unutmayın ki, bir çox elan və antireklam yaxşı düşünülmüş PR-dir. Məqsəd rəqiblərdən xilas olmaqdır. Odur ki, əksər hallarda seçim yenə də istehlakçının üzərində qalır və o, əsasən bu işdə məhz özünün şəxsi təcrübəsinə əsaslanır. Amma bu və ya digər kosmetikanı, parfümeriyanı seçərkən müəyyən incəlikləri də bilmək vacibdir.
Qablaşdırma
Saxta məhsullarda tez-tez nəzəri cəlb edən qabın üzərindəki poliqrafiya tərtibatının aydın olmamasıdır: həddindən artıq kiçik və ya aydın olmayan yazılar. Orijinal məhsulların üzərində isə yazılar hər zaman aydın və səliqəli olur. Məhsulun qutusu möhkəm, kağız və ya kartonu keyfiyyətli olmalıdır - qalın yox, nazik. Sellofan qutunun üzərinə kip "oturmalı", büzülməməli, qutunun ölçüsündən böyük olmamalı, yapışqan hiss edilməməlidir. Doğrudur, bəzi parfümeriya istehsalçıları sellofandan imtina edərək üstünlüyü qutunun və ya flakonun orijinallığına verir. Onlar bu yolla saxtakarlıqla mübarizə aparmağa çalışırlar. Yeri gəlmişkən, mürəkkəb və bahalı flakonlar heç də yalnız müştərilərin diqqətini cəlb etmək, özünü ifadə vasitəsi deyil. Bu, həm də orijinallığa zəmanətdir. Çünki belə şedevrlərin saxtasını hazırlamaq çətin olur.
Yazılar
Əksər saxta məhsul istehsalçıları məşhur adlara əlavə hərflər yerləşdirməyə, yaxud hansısa həfrlərin yerini dəyişməyə üstünlük verir. Məsələn, qutunun üzərində Climat əvəzinə Clema, Cool Water əvəzinə Cool Winter, Kenzo əvəzinə Genzo yazıla bilər. Ad ingilis və ya fransız dilində olmalıdır. Orijinal Fransa ətirlərinin üzərində heç zaman "parfume" sözü sonda "e" ilə yazılmır - yalnız parfum. İstehsalçı ölkə kimi isə sadəcə ölkənin adı (France və s.) göstərilmir, "Made in France" yazılır. Bundan başqa, orijinal məhsulların üzərində həmişə məhsulun adı, istehsalçı ölkə, istehsal tarixi, son istifadə tarixi, məhsulun tərkibi haqda məlumatlar olur.
Məhsulun ştrix-kodu və seriya nömrəsi də ciddi əhəmiyyətə malikdir. Bu rəqəmlər qutunun və flakonun üzərində bir-birinə tam uyğun gəlməlidir.
Parfümeriya istehsalında aparıcı ölkələrin ştrix-kodlarını təqdim edirik: Böyük Britaniya - 50, Almaniya - 400-440, İspaniya - 84, İtaliya - 80-83, Fransa - 30-37, ABŞ, Kanada - 00-09.
Flakon
Orijinal məhsullarda flakonun şüşəsi təmiz və şəffaf olur. Onun üzərində içərisinə hava dolmuş şarı xatırladan kələ-kötürlüyə rast gəlinmir. Əsl ətirin ağzı heç zaman metal qapaqla bağlanmır. Çünki ətirin metala toxunması onu korlaya bilər.
Flakonun futlyarın içərisində "narahat" olması da məhsulun saxta olduğunu göstərə bilər: flakonun germetikliyinə diqqət yetirilibsə, o, qutunun içərisində hərəkət etməməlidir. Pulverizator isə metal halqa ilə qorunur. Mayenin özü də şəffaf olmalı, bulanıq olmamalı, çöküntü verməməlidir. Ətirlərin rəngi əsasən açıq - sarı, tünd-sarı arasında dəyişir. Bəzən boyaq maddələri vasitəsilə onlara yaşımtıl, açıq-çəhrayı və ya yasəmən rəngi verirlər. Parlaq "kimyəvi" rəng gördükdə isə, diqqətli olmaq lazımdır. Məşhur ətir parlaq göy və ya qırmızı rəngdədirsə, demək o, saxtadır.
Qiymət
Təəssüf ki, son zamanlar çox keyfiyyətlə hazırlanmış saxta məhsullara da rast gəlinir. Hətta parfümeriyanın xüsusi mağazalardan alınması belə, onun orijinal olduğuna zəmanət vermir. Heç zaman bazardan və ya kosmetika, bijuteriya şöbələrindən ətir almayın. Sizin oradan orijinal ətir tapmaq ehtimalınız son dərəcə azdır. Məhsulun qiymətinə diqqət yetirin. O, həddindən artıq "cəlbedici"dirsə, saxta olma ehtimalı yüksəkdir.
Məhsulun davamlılığı da çox şeydən xəbər verir. Orijinal parfümün qoxusu kifayət qədər uzun müddət qalır. Ətirin qoxusunun qalma müddəti tərkibindəki komponentlərdən yox, onun növü və qatılığından asılıdır.
MƏSLƏHƏT GÖR: