15 Mart 2025

Şənbə, 00:37

HƏR ŞEY DƏMƏŞQƏ QARŞI

Suriya müharibəsində "oyun qaydaları" dəyişəcəkmi?

Müəllif:

07.05.2013

Suriyada davam edən vətəndaş müharibəsinin sonu görünmür. Axır zamanlar o, yeni xarakter alır - münaqişə beynəlmiləlləşir. Suriya prezidenti Bəşər Əsədin devrilməsi məqsədilə ölkəyə kənar hərbi müdaxilənin baş verəcəyi də istisna olunmur. İraq və Liviyadakı çoxillik rejimlərin devrilməsi ssenarisinin hər an burada da işə düşə biləcəyi  deyilir.

ABŞ, bir sıra ərəb və Qərbi Avropa ölkələrindən ibarət 11 dövləti özündə birləşdirən "Suriyanın dostları" qrupunun İstanbulda keçirdiyi növbəti görüşü özünəməxsus əlamət saymaq olar. Bu görüş göstərdi ki, Suriya rejiminin daxili və xarici rəqibləri rəsmi Dəməşqə təzyiqlərin genişləndirilməsinin yollarını axtarır və onlar artıq Əsədin sonunu gətirəcək tədbirlərin razılaşdırılmasına yaxındırlar.

Birincisi, "Suriyanın dostları" Suriya müxalifətinə yardımların artırılması qərarına gəliblər. ABŞ-ın dövlət katibi Con Kerri Amerika ad-ministrasiyasının bu işə 123 milyon dollar ayırmağa hazır olduğunu təsdiqləyib. Bu məbləğ Suriya müxalifətçiləri üçün  dava-dərman və zirehli geyimlər, gecəgörmə cihazları və müasir rabitə vasitələri alınmasına xərclənəcək. Bundan başqa, Kerri İstanbul görüşünün iştirakçılarını Suriya müxalifətçilərinə yardımın həcmini milyard dollara çatdırmağa çağırıb.

Suriya müxalifətinə artıq çoxdan ciddi həcmdə yardımların göstərildiyi heç kəsə sirr deyil. Xüsusilə Suriya ilə həmsərhəd olan ölkələr vasitəsilə müxalifətçilərə qeyri-leqal yollarla silah-sursat daşınır. İndi isə "Suriyanın dostları" bu prosesə legitim obraz geydirmək niyyətində olduqlarını gizlətmirlər. Hər halda, Avropa İttifaqı ən yaxın zamanda Suriya müxalifətinin silahla təchizatına embarqonun aradan qaldırılmasına dair müzakirələr başlamağa hazır olduğunu bəyan edib. Halbuki bu yaxınlaradək Aİ həmin embarqonun qüvvədə qalmasını istəyirdi. Bəşər Əsədin daxili düşmənlərinin silah tədarükü məsələsinin həllinə dair çağırışlarına baxmayaraq, Vaşinqton və Brüssel bundan imtina edirdilər. Onlar müxalifətçilərə göndərəcəkləri silah-sursatın "Əl-Qaidə"nin bayrağı altında vuruşan terrorçuların əlinə düşə biləcəyindən ehtiyatlanırdılar. Son zamanlarda isə Suriya müxalifətinin beynəlxalq sponsorları fikrini dəyişib. Buna səbəb heç də yalnız Suriya müxalifətçilərinin indi daha israrla yardım istəməsi deyil. Yeri gəlmişkən, qeyd edək ki, İstanbul görüşündə Bəşər Əsədlə dialoqun mümkün olmadığını qəti şəkildə bəyan edən Suriya Milli Koalisiyasının liderləri artıq "Suriyanın dostları"nı hökumətə məxsus silahlı qüvvələrin bəzi mövqelərinə zərbələr endirməyə çağırır. Eyni zamanda Suriya müxalifətinin liderləri öz "dostlarını" onlara veriləcək silahların "heç kimin əlinə düşməyəcəyinə" inandırmağa çalışır. Müxalifətçilər, bu səbəbdən, silah embarqosunun aradan qaldırılmalı olduğunu bildirir.

Bütün bunlarla yanaşı, ABŞ və antisuriya koalisiyasında onunla birlikdə olan dövlətlərin Suriya müxalifətinə tam legitim və genişmiqyaslı yardım göstərməyə başlamazdan əvvəl yaxşı-yaxşı düşünmələri üçün kifayət qədər əsasları var.

Amerikanın "National Interes"t jurnalı, bununla bağlı, mövqeyini kifayət qədər aydın ifadə edib: "Suriya müqavimətçiləri daha effektiv mübarizə apara bilməsi üçün zenit raketləri, tankəleyhinə reaktiv mərmilər və sair kimi bütün lazımi vasitələri əldə etməzsə, o, bu sonu görünməyən müharibədə üstünlük qazana bilmə-yəcək. Əsəd rejiminin özülündə çat yaranıb. Lakin onun tezliklə çökəcəyinə dair çoxsaylı proqnozlara rəğmən, rejim dağılmır".

Birləşmiş Ştatların vaxtilə Livi-yada Müəmmar Qəddafi rejiminin devrilməsində istifadə olunan vasitəyə tezliklə Suriyada da əl atılmasına dair qərarı da məhz Əsəd rejiminin mümkün qədər tez bir zamanda devrilməsinə nail olmaqla bağlıdır. Söhbət Suriya üzərində uçuşsuz zonanın elan edilməsindən gedir. "Əl ata biləcəyimiz variantlar arasında hər şey var: diplomatik müqavimətdən, qaçqınların dəstəklənməsindən tutmuş, ayrı-ayrı qruplara maddi yardımların edilməsi, onlara silah-sursat göndərilməsi və uçuşsuz zonanın elan olunmasınadək", - deyə ABŞ-ın dövlət katibi Con Kerri qeyd edib.

Yeri gəlmişkən, silahlı Suriya müxalifəti özünü "Suriyanın dostları" adlandıran dövlətləri ölkənin cənub və şimal sərhədləri üzərində Suriya aviasiyası üçün uçuşsuz zonanın elan edilməsinə çoxdan səsləyir. Müxalifətçilər hesab edir ki, bu, yüz minlərlə qaçqının öz evinə qayıtmasına imkan yaradardı. Çünki bu halda hökumət aviasiyası həmin rayonlara zərbələr endirmək imkanından məhrum olacaq.

ABŞ-ın uçuşsuz zonanın elan olunması ilə yanaşı, ehtiyatda daha bir variantı da var. "Tiranlara qarşı" mübarizədə o da heç də uçuşsuz zonanın elan edilməsindən az effektiv deyil. Söhbət ABŞ-ın Yaxın Şərqin konkret ölkəsində hərbi əməliyyatlar keçirməsinə hüquqi və mənəvi haqq qazandırılması məqsədilə güclü təbliğat işindən gedir. Düz 10 il əvvəl İraq rejiminə qarşı hərbi əməliyyatlara haqq qazandırılmasında da məhz bu yola əl atılmışdı (halbuki həmin kampaniyanın sonunda Səddam Hüseyn rejiminin kütləvi qırğın silahına malik olmadığı üzə çıxdı).

Bu arada ABŞ prezidenti Barak Obama Suriyada kimyəvi silahdan istifadə edildiyinə  dair məlumatlara malik olduğunu açıqlayıb. O, hələ ki, faktların yoxlanılmalı olduğunu desə də, kimyəvi silahdan, məhz Bəşər Əsəd hökumətinin istifadə etdiyinə dair "bəzi sübutların" olduğunu da söyləyib. Xatırladaq ki, Obama bundan əvvəl Suriya rejiminin kimyəvi silaha əl atmasının "oyun qaydalarını dəyişə biləcəyini" söyləmişdi.

Suriya ərazisində bu növ silahdan istifadə olunduğuna dair məlumatlar təxminən ayyarım əvvəl yayılıb. Hakimiyyət və müxalifət bir-birini Aleppo əyalətində kimyəvi barıta malik raketlərdən istifadə etməkdə təqsirləndirir. Vaşinqton isə hesab edir ki, kimyəvi silahdan ehtimal olunan istifadəyə görə məsuliyyət Əsəd rejiminin üzərinə düşür. Ağ Evin rəs-misi Cey Karni bildirib ki, Suriya hökuməti "qırmızı xətti" keçərsə, ABŞ-ın hərbi güc tətbiqi də daxil olmaqla, istənilən vasitəyə əl atacağı istisna deyil. "Qırmızı xətt" dedikdə isə rejimin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadəsi və ya onun hansısa terrorçu qruplara verilməsi nəzərdə tutulur.

Rəsmi Dəməşqə gəlincə, o, bütün ittihamları rədd edir. Suriyanın informasiya naziri Omran əl-Zoubi Birləşmiş Ştatların "kimyəvi silah ətrafında isteriya"sını Suriya ordusunun yaraqlılarla mübarizədə son uğurlarına reaksiya kimi qiymətləndirib.

Beləliklə, Suriyada kimyəvi silahdan istifadə olunduğuna dair söhbətlərin arxasında ölkəyə hərbi müdaxilə üçün şəraitin yaradılması dayana bilər. Suriyada vətəndaş müharibəsinin uzandıqca uzanması bu ehtimalı daha da artırır. Yaranmış vəziyyət ABŞ və müttəfiqlərini Suriya müxalifətinin təkbaşına, kənar yardım olmadan Bəşər Əsəd rejiminə son qoya bilməyəcəyinə əmin edir.

Amma Əsəd rejimi də beynəlxalq arenada tək deyil. Məsələn, Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrulla hərəkat üzvlərinin Suriya münaqişəsində hökumət qoşunlarının tərəfində vuruşduqlarını etiraf edib. "Regionda Suriyanın əsl dostları var. Onlar Suriyanın ABŞ, İsrail və ekstremistlərin əlinə keçməsinə imkan verməyəcək", - deyə Nəsrulla bildirib.

Nəsrullanın qeyd etdiyi ekstremistlər isə ard-arda terror aktları təşkil edir. Onların ən səs-küylüsü Suriyanın baş naziri Vail əl-Halkiyə qarşı törədilmiş sui-qəsd cəhdidir. Bu hücum nəticəsində ən azı 10 nəfər həlak olub. Suriya Xarici İşlər Nazirliyi terror aktında yenə də "Əl-Qaidə" terror şəbəkəsilə əlaqəli qrupları ittiham edib. Onlardan biri "Əl-Qaidə"yə sadiqliyə and içmiş "Cabhat ən-Nusra"dır. Bu qruplaşma Suriyada 2 ildən artıqdır davam edən qanlı hadisələrin əsas iştirakçılarından biridir.

Bütün bunlarla yanaşı, Suriyada qan tökülməsini dayandırmaq müm-kündür. Bir çox Qərb ekspertləri böhranın siyasi həlli üçün dialoqa başlanılmasına dair, heç olmasa, ilkin razılaşma üçün ortaya atılmış şərtdən imtina edilməli olduğunu anlayır. Söhbət dialoqun yalnız prezident Əsədin istefasından sonra mümkün olduğuna dair şərtdən gedir. Məhz bütün ilkin şərtlərin aradan qaldırılması Suriya münaqişəsinin həllinin qarantı ola bilər. Əks təqdirdə, bu ölkəni daha ciddi təlatümlər, yeni kütləvi qırğınlar gözləyir. Müxtəlif hesablamalara görə, iki ildir davam edən vətəndaş müharibəsi artıq 100 000-dən artıq insanın həyatına son qoyub.



MƏSLƏHƏT GÖR:

674