
TERRORÇUDAN TERRORÇUYA FƏRQ VAR?
Boston faciəsi qlobal terrora yanaşmada ikili standartların nəticəsi kimi
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Bostonda törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmalar ortaya yeni detallar çıxarıb. Bu detallar nəinki müxtəlif spekulyasiyalara yol açıb, həm də düşünmək üçün kifayət qədər ciddi əsaslar da verib. Mətbuat ABŞ-ın istintaq orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, terror aktının törədilməsində ittiham olunan Sarnayev qardaşları Nyu-Yorkda insanların ənənəvi olaraq Yeni ili qarşıladıqları Tayms-skverdə də bomba partlatmaq niyyətində olublar. Məlumatı Nyu-Yorkun meri Maykl Blumberq də təsdiqləyib.
Rusiyanın "İzvestiya" qəzeti isə Gürcüstan Daxili İşlər Nazirliyinin Əks-Kəşfiyyat Departamentinin sənədlərini əldə etdiyini yazır. Qəzetin iddiasına görə, sənədlər gürcülərin "Qafqaz fondu" təşkilatının (Amerikanın "Ceymstaun" qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir) Şimali Qafqaz sakinlərinin ələ alınması ilə məşğul olduğunu təsdiqləyir. Məlumata görə, "Qafqaz fondu" "Ceymstaun"la birlikdə 2012-ci ilin yayında Qafqazın gəncləri üçün tədbirlər və seminarlar təşkil edib. Tədbirlər Qafqazın Rusiya hissəsində də keçirilib. Belə tədbirlərin bəzilərində Tamerlan Sarnayev də iştirak edib.
Amerikada ictimai rəyi daha çox narahat edən isə Rusiyadan gələn sorğulara lazımi cavabı verməyən ABŞ xüsusi xidmət orqanlarının fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyidir. Hələ 2011-ci ildə Rusiya tərəfi T.Sarnayevlə bağlı informasiyaların yoxlanılmasını israrla tövsiyə etmişdi. O zaman Sarnayevin son illərdə baxışlarında köklü dəyişikliklərin baş verdiyi, onun Rusiya regionlarından birinə yollanaraq orada naməlum gizli təşkilata üzv olmaq niyyətində olduğu bildirilirdi. ABŞ FTB-si 4 ay aparılan araşdırmalardan sonra Moskvaya sözügedən şəxsin əməllərində şübhəli heç nəyin olmadığını bildirib. Lakin bu cavabdan razı qalmayan Rusiya 1 ay sonra Mərkəzi Kəşfiyyat İdarəsinə yenidən sorğu ilə müraciət edib. Amma bu qurumun da əməkdaşları T. Sarnayevin əməllərində şübhəli heç nə görməyib.
Lakin bu dəfə onun adı Milli Əks-Terror Mərkəzinin hər il hazırladığı "qara siyahı"ya salınıb. Hətta Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosuna bu haqda xəbərdarlıq da edilib.
Boston faciəsilə bağlı bilvasitə sübutların dəqiq və konkret faktlardan çox olması, müxtəlif fərziyyələrə, rəsmi mövqeyə şübhə ilə yanaşılmasına yol açır. Bu baxımdan, ən maraqlı versiyanı "Debka" nəşri irəli sürüb. İsrail xüsusi xidmət orqanlarına yaxın olan nəşr yazır ki, T.Sarnayev ikiqat, hətta üçqat agent olub. FTB onu hələ 2011-ci ildə Rusiyadan rəsmi sorğu daxil olduqdan sonra əməkdaşlığa cəlb edib. Sorğuda isə Sarnayevin radikal islamçı olduğu və terror aktları hazırladığı bildirilirmiş. "Debka"nın yazdığına görə, qısa zaman sonra T.Sarnayev Amerika xüsusi xidmət orqanlarının tapşırığı ilə Səudiyyə emissarlarının nüfuzunu müəyyənləşdirmək üçün Qafqaza yollanıb. Lakin burada o, qlobal cihad ideyalarının içərisinə düşüb və yeni ruhlandırıcı sahiblərinə işləməyə başlayıb. Elə həmin vaxt Sarnayevin Rusiya xüsusi xidmət orqanları tərəfindən ələ alındığı da istisna edilmir.
Tarixdə dünyanın aparıcı fövqəldövlətlərinə məxsus xüsusi xidmət orqanlarının geosiyasi mübarizə çərçivəsində terror təşkilatları ilə oyuna getməsi faktları çoxdur. Terrorçuların və terror təşkilatlarının dünyanın aparıcı güc mərkəzləri tərəfindən "özü-nünkülər" və "yadlara" bölünməsi kimi yanlış təcrübə də başlanğıcını buradan götürür. Onlar "özününkülər"in bütün əməllərini "xalq azadlığı hərəkatı", "yadların" fəaliyyətini isə qlobal terror təhlükəsi kimi təqdim edirlər. Məsələyə bu cür fərqli yanaşma isə beynəlxalq terrorla ümumi mübarizənin effektivliyinə ciddi zərbə vurur.
Erməni terror təşkilatlarından gələn təhlükənin düzgün qiymətləndirilməməsi də narahatlıq yaradan məqamlardandır. Mətbuatda Boston faciəsində erməni izinin olduğuna dair xəbərlərin çıxması heç də təsadüf deyil. Sarnayev qardaşlarının terror aktının hazırlanmasında əli olan hansısa erməni ilə əlaqələrini qardaşların əmisi Ruslan Sarni açıqlayıb. Bundan bir qədər sonra qardaşların atası Anzor Sarnayev də keçirdiyi mətbuat konfransında bildirib ki, Mişa adlı Bakı ermənisi ABŞ-a köçdükdən sonra inancını dəyişib və o, Sarnayev qardaşlarının radikal islama cəlb olunmasında rol oynayıb. Təəssüf ki, ABŞ xüsusi xidmət orqanları bu məsələni ciddi araşdırmağa ehtiyac duymayıb.
Bu reallıqlara etinasızlıq göstərilməsi beynəlxalq terrora qarşı mübarizədə determinizmin pozulmasına aparıb çıxarır. Terrorçuların "özü-nünkülər" və "yadlar"a bölündüyü, müxtəlif dinə mənsub insanlar tərəfindən törədilmiş çoxsaylı terror aktlarının tədqiqi zamanı da özünü göstərir. İttiham olunan şəxs müsəlmandırsa, baş verənlər dərhal "cihadçılar"ın "başqa dindən olanlara" qarşı mübarizəsi kimi qiymətləndirilir və ona "islam terrorizmi", "islam etnofundamentalizmi" və "islam ekstremizmi" adı verilir. "Özününkülər"in əməlləri isə, bir qayda olaraq, sosial-psixoloji motivlərlə əsaslandırılır və "bədbəxt tənha"nın "yadlar"ın təzyiqinə qarşı mübarizə aktı kimi təqdim olunur. Halbuki bu məntiqlə "xristian terrorizmi", "xristian ekstremizmi" və "xristian etnofundamentalizmi" kimi anlayışların mövcudluğu da etiraf olunmalıdır.
Terror aktı törətmiş şəxsin əsaslarından, milli və ya dini mənsubiyyətindən asılı olmayaraq, terror terrordur. Buna Azərbaycan prezidenti İlham Əliyev "MDB müsəlmanları sülh və sabit inkişaf naminə" mövzusunda Bakıda keçirilən konfransın iştirakçıları ilə görüşündə diqqət çəkib. "Təəssüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyəcanlı proseslər gedir. Antiislam, islamofobiya təbliğatı aparılır. Biz nə qədər çalışsaq da, hər halda kütləvi informasiya vasitələrində bu terminlər işlədilir. Terrorçuları "islamçı" adlandırırlar. Terrorçunun nə milləti, nə də dini var", - deyə İ.Əliyev qeyd edib.
Təəssüf ki, ekspertlər və xüsusi xidmət orqanları "islam terrorçuları"nın üzə çıxarılması işinə o qədər aludə olublar ki, Azərbaycan prezidentinin fikrini birmənalı şəkildə təsdiqləyən adi statistikanı belə, diqqətdən qaçırıblar.
Bu yaxınlarda "Yeni Amerika" Fondu ABŞ-da terror aktları ilə bağlı son dərəcə maraqlı statistika açıqlayıb. Məlum olub ki, 2001-ci ilin sentyabr hadisəsindən sonra Birləşmiş Ştatlarda terrorçuluqda ittiham olunan 380 nəfərin 77-si partlayıcı qurğu, yaxud onun komponentlərini əldə etməyə və ya hazırlamağa nail olub. Bu 77 nəfərdən 48-i ultrasağçı, yalnız 23-ü "cihadçı"dır. Ümumilikdə son 12 ildə terrorçuluqda ittiham olunan 380 nəfərdən 207 "cihadçı" 17 nəfər öldürübsə, "qeyri-cihadçılar" 29 nəfərin həyatına son qoyub.
Daha bir kifayət qədər ciddi məqama diqqət yetirməyə dəyər. "The Washington Post" qəzeti yazır ki, Bostonda terror aktının törədilməsində ittiham olunan və rəsmi versiyaya görə radikal islamçılarla əlaqəli şəxs sayılan C.Sarnayev bu addımı İraq və Əfqanıstan müharibələrinə görə Amerikadan qisas almaq üçün atdığını etiraf edib. Əlbəttə ki, heç bir "xoş" niyyət terrora haqq qazandıra bilməz. Bununla yanaşı, elə həmin İraq və ya Əfqanıstanda dinc insanlar arasında həddindən artıq çox tələfatın olduğunu, bu müharibələrdə ağır cinayətlər törətmiş amerikalı hərbçilərin cəzasız qalmasını, Quantanamo həbsxanasında məhbusların təhqir olunması faktlarını da nəzərə almamaq olmaz. Bütün bunlar islam ortodokslarını gənclərdən ibarət yeni qüvvələri toplayaraq öz sıralarına qoşmağa vadar edir. Bu məsələdə vaxtaşırı Məhəmməd Peyğəmbərə ünvanlanan təhqirlər, onun karikaturalarının çəkilməsi, "Quran" kitabının yandırılması və müsəlman dəyərlərinin təhqir olunduğu digər faktlar da öz destruktiv rolunu oynayır. Qərb ölkələrinin hökumətləri bu faktları lazımi dərəcədə pisləməməsi, bunu söz və vicdan azadlığı ilə əsaslandırması isə medalın digər üzüdür.
Bütün bunlar bir daha onu göstərir ki, Boston faciəsinə ayrıca bir hadisə kimi baxmaq, onu sadəcə islam radikalizminin təzahürü kimi qiymətləndirmək doğru deyil. Əslində, bu, qlobal terrorizmə yanaşmadakı ikili standartın nəticəsidir. Dünya "terrorçudan terrorçuya fərq var" prinsipindən nə qədər tez imtina edərsə, bu bəla ilə mübarizə bir o qədər effektiv olar.
MƏSLƏHƏT GÖR: