14 Mart 2025

Cümə, 23:43

SINAQ KEÇİLDİ

Fəridə Əzizova: "Fikrimcə, 2016-cı ildə biz çoxdankı arzumuza çata bilərik"

Müəllif:

30.04.2013

Moldovanın paytaxtı Kişinyovda keçirilən taekvondo üzrə gənclər arasında Avropa çempionatı Azərbaycan üçün 2 qızıl medalla yadda qaldı. London Olimpiadasının iştirakçısı Fəridə Əzizova (67 kq), ardınca isə Hüseyn Mehrəliyev (68 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxdılar. Yığmamız 22 ölkə arasında komanda hesabında Rusiya və Türkiyədən sonra 3-cü yeri tutdu. Hazırda komandamızda əsas taekvondoçulardan sayılan Fəridə Əzizova Bakıya qayıdandan sonra "R+"un qonağı olub.

- İlk olaraq səni təbrik edirik. Ötən il Misirdə keçirilən gənclər arasında dünya çempionatında qızıl medal qazanmışdın. Demək olar ki, Avropa çempionatı sənin üçün nisbətən rahat keçdi?

- Təbriklərə görə çox sağ olun. Yarışa ciddi hazırlaşmışdıq. Məhz bu amilə görə yalnız qələbə barədə düşünürdük. Ən çətin görüşüm ilk mərhələdə holland rəqibimlə oldu. Psixoloji cəhətdən onun üzərində qələbə mənə çox vacib idi. Həm yarışın ab-havasına öyrəşməliydim, həm də uğurlu çıxışımı davam etdirməliydim. Qızıl medal uğrunda görüşdə fransız idmançısı Niare Habiyə qalib gələrək Avropa çempionu oldum. Hər bir yarışda çətinlik olur. Yalnız qələbədən sonra insanlar bunun asan başa gəldiyini düşünür.

- Yarışa 14 idmançıyla yollanmışdınız. Ümumilikdə, qazanılan 2 qızıl medalı necə qiymətləndirirsən...

- Avropa çempionatı bizim üçün sınaq xarakteri daşıyırdı. Təbii ki, test turnirində 2 qızıl medalın olması bizi tam qane edir. Çünki turnirdə bəzi idmançılarımız medal döyüşlərində məğlub oldular. Şansızlıq onların tərəfində oldu. Əgər idman şansı təmsilçilərimizin üzünə gülsəydi, medallarımızın sayı daha da çox ola bilərdi. 

- Yəni, ümidləri doğrultmayan olmadı...

- Əsas odur ki, biz qarşıya qoyulan məqsədə çatdıq və idmançılardan gözlənilən nəticəni aldıq. Əlbəttə, medal sayımız çox ola bilərdi. Xanım idmançılarımız onlara bəslənən ümidləri doğrultdular. İki idmançımız isə 3-cü yer uğrunda mübarizədə uduzdu. Yəni onlar medala çox yaxın idilər. Fikrimcə, üzərlərində çalışmaqla gələcək yarışlarda məşqçiləri sevindirə bilərlər.

- Yəqin, Moldovakı uğur Londondakı məğlubiyyəti unutdurar?

- London Yay Olimpiya Oyunlarında medal qazanmağı çox arzulayırdıq. Amma müəyyən səbəblərdən bəxtimiz gətirmədi. Təcrübəsizlik də özünü göstərdi. Hazırda bütün fikrimiz 2016-cı ildə keçiriləcək olimpiadayla bağlıdır. Yeni lisenziya mövsümü artıq başlayıb. Biz əvvəlcə ora vəsiqə qazanmalı, sonra isə medal arzumuzu reallaşdırmalıyıq.

- Bu il həm də böyüklər arasında dünya çempionatı keçiriləcək. Avropadakı qələbədən sonra bu yarışda şanslarını necə qiymətləndirirsən?

- Dünya çempionatı avqustda Meksikada olacaq. Həmin yarışa çox ciddi hazırlaşmalıyıq. Çünki dünya çempionatı Avropa çempionatından çox fərqlənir. Rəqabət daha da güclü olacaq. Bir məğlubiyyət idmançını ümumiyyətlə medaldan məhrum edə bilər. Avropadakı uğurdan sonra dünya çempionatında qələbə qazanmaq ən böyük arzumdur. Bilirəm ki, mənim çəkimdə güclü idmançılar çoxdur. Amma onlara qalib gəlmək gücündəyəm. 

- Uzun müddətdir dünya və Avropa çempionatlarında komandamızın üzvləri medal qazanır. Amma Olimpiadada uğur qazanmaq mümkün olmur. Səncə, bu uğursuzluğa son qoymaq mümkün olacaqmı?

- Əlbəttə, əgər idmançı üzərində işləməyi bacarırsa, mütləq istədiyi zirvəni fəth edəcək. Olimpiadada taekvondoda güclü rəqabətin olduğunu da unutmayaq. Ora planetin ən güclü taekvondoçuları toplanır. Fikrimcə, 2016-cı ildə biz çoxdankı arzumuza çata bilərik. Ağır atletikada da medal olmurdu. Amma 2012-ci ildə tilsimi qırdılar. Biz də Braziliyadakı Olimpiadadan Vətənə medalla qayıtmaq istəyirik.

- Azərbaycanda idmanın sürətlə inkişaf etməsinə baxmayaraq, döyüş növlərində xanım idmançılarımız azdır. Bu mənada idmanla məşğul olmaq şəxsi həyatında problem yaratmır?

- Əvvəllər siz dediyiniz kimi idi. Amma indi həm taekvondo, həm karate, həm də digər döyüş növlərində çoxlu sayda xanım idmançılarımız var. İdman bizim şəxsi həyatın bir hissəsinə çevrilib. Mən idmançı olduğumla fəxr edirəm. İdmançı Vətəni təmsil etmək hüququna malikdir. Bu mənada biz şərəfli işlə məşğul oluruq. Deməzdim ki, idmana şəxsi həyatıma mane olur. Bəlkə də kömək edir. Qələbədən sonra yaxınlarım anlayır ki, taekvondonu seçməkdə düzgün qərar qəbul etmişəm.


MƏSLƏHƏT GÖR:

554