Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan atın əhilləşdirildiyi və atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Xalqımızın ata olan sevgisinin qədimdən atın şərəf rəmzi kimi qəbul edilməsi, ölkəmizin əlverişli təbii-coğrafi şəraiti, idmana qayğısı bu sahənin əsaslı surətdə inkişaf etdirilməsinə zəmin yaradıb. Mənbələrdə qeyd olunur ki, dünyada ən geniş yayılmış rəb atlarının, təmizqanlı ingilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olub. Ən qədim dövrlərdən Azərbaycandan İrana, ərəb ölkələrinə, Rusiyaya, Avropaya atlar aparılıb. Bütün bunlar Azərbaycanda mədəni atçılığın dərin köklərinin olmasını sübut edir. Təsadüfi deyil ki, hazırda dünyada mövcud olan 260 at cinslərinin ikisi - Qarabağ və Dilbaz at cinsləri Azərbaycan xalqına məxsusdur. Müasir dünyada elmin, texnikanın sürətli inkişafına baxmayaraq, atçılığa maraq nəinki azalmamış, hətta ən gəlirli biznes sahələrindən birinə çevrilmişdir. Bu, ilk növbədə, damazlıq atçılığın inkişafı sayəsində mümkün olub. Hazırda respublikamızda bütün təsərrüfat kateqoriyaları üzrə 75 mindən artıq at yetişdirilir. Hər il Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə ippodromlarda 60 başa qədər müxtəlif mülkiyyət formasından olan atçılıq subyektlərinə mənsub cins atlar sınaqdan keçirilir.
Müsbət hal olaraq son illərdə ölkəmizi təmsil edən atların beynəlxalq yarışlarda iştirak etməsini, o cümlədən 2006-cı ildə Moskvada keçirilən Rusiya Federasiyası Prezidentinin şərəfinə keçirilən cıdır yarışlarında ölkəmizi təmsil edən atın Rusiya Federasiyasını təmsil edən atla 1-ci yeri bölüşməsini qeyd etmək olar. Ümumiyyətlə, Azərbaycanda atçılıqdan danışarkən ilk olaraq Camal Rəhimov yada düşür. Pekin və Londonda keçirilən olimpiadalarda idmançımız Camal Rəhimov ölkəmizi bu idman növündə təmsil edib. Ölkəmizdə 2013-cü ilin ən yaxşı çaparı seçilən idmançı daim müxtəlif beynəlxalq yarışlarda mükafatçılar sırasında olub. "R+"a müsahibəsində çapar qalib gəldiyi son yarışdan, sevimli atından və gələcək planlarından danışıb.
- Ötən il sizin üçün uğurlu oldu. 2013-cü ili atçılıq üçün necə qiymətləndirirsiniz?
- Ötən il bizim federasiya üçün uğurlu oldu. Bakıda beynəlxalq turnir keçirildi. İdmançılarımız bir sıra yarışlarda iştirak edərək, Vətəni layiqincə təmsil etdi. Artıq komanda növlərində də yarışlarda iştirak edəcəyik. Bu sahədə işlər aparılır. Bir qrup idmançıdan yaxşı komanda formalaşdırılıb. Ona görə 2013-cü il bu mənada müsbət qiymətləndirilməlidir. 2013-cü ildə dünya çempionatına vəsiqə qazandım. Bu il keçiriləcək Dünya Kubokuna da lisenziya qazanmışam. Cari il bizim üçün çox məsiliyyətlidir.
- İspaniyada keçirilən "5 ulduz" kateqoriyalı beynəlxalq turnirdə rəqabət çox güclü idi. Amma mükafatçılar sırasına düşməyi bacardınız...
- Bilbaoda təşkil edilən mötəbər yarışda bürünc medal qazandım. Rəqabət həddən artıq çox idi. Bir sıra titullu idmançılar mükafatçılar sırasına düşə bilmədi. Ona görə mükafatçılar sırasında yer almağım hamı tərəfindən böyük uğur kimi dəyərləndirildi. Bu idman növü Azərbaycanda indi inkişaf edir. Özü də atçılıqda tez bir zamanda uğur qazanmaq çətindir. Sevinirəm ki, Azərbaycan dövləti və federasiyamız atçılıq üçün bu qədər işlər görür. Biz idmançılar ümidləri doğrultmağa çalışmalıyıq.
- Real danışsaq, Dünya Çempionatında hansı nəticəni qazanmaq mümkündür?
- Atçılıq digər idman növlərindən fərqlənir. Ən əsası, burada iki canlı iştirakçı var. İdmançı ilə yanaşı, atdan da çox şey asılıdır. Dünya Çempionatında Azərbaycanın təmsil olunması artıq uğur sayılır. Bununla belə, biz bu yarışda da sona qədər mübarizə aparacağıq. İlk 25 iştirakçı sırasına düşsək, finalda yarışmaq imkanı qazanırıq. Ona görə finala qalsam, çox sevinərəm.
- Finalda da mübarizəni davam etdirməyə şanslarımız var?
- Finalda hər şey ola bilər. Orada atların vəziyyəti, idmançıların durumu çox şeyi həll edir.
- Yəqin ki, əsas hədəflərdən biri 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak olacaq...
- İdmançı kimi bilirəm ki, Olimpiadada uğur qazanmaq heç nə ilə müqayisə oluna bilməz. Bu gün mənim üçün hər cür şərait var. Lakin bunun qarşılığını nəticə ilə verməliyəm. Yay Olimpiya Oyunlarına da hazırlıq gedəcək. Orada əvvəlcədən nə olacağını heç kim söyləyə bilməz. Amma hər yarışa uğur üçün yollanıram.
- Sizcə, Olimpiadada medal qazanmaq şansımız nə vaxt reallaşa bilər: 2016, 2020, yoxsa növbəti bir qədər sonra?
- Səhv etmirəmsə, Olimpiya Oyunlarının ən yaşlı iştirakçısının 72 yaşı var. Bu çapar 12 olimpiadada iştirak edib. Hələ də mükafatçılar sırasına düşməyib. Bununla belə, öz məqsədi uğrunda mübarizəni davam etdirir. Mən də həmçinin mübarizəni davam etdirməliyəm. Nə qədər imkanım olsa, Olimpiadada mübarizə aparacağam. Başlıca məqsəd medaldır, nə vaxt qismət olsa, çox sevinərik.
- Hazırda yarışlarda neçə atla iştirak edirsiniz?
- 2 atım var. "Warrior" mənim əsas atımdır. Biz bir-birimizi gözəl başa düşürük. Əsas mötəbər yarışlarda da məhz onunla yarışıram. İspaniyada “5 ulduz” kateqoriyalı turnirdə də onunla uğur qazandım. Digər at - "Eksenel" yaşca bir qədər kiçikdir. Ona görə onunla gələcək turnirlərə hazırlaşırıq. London Olimpiadasında "Warrior"la iştirak etmişəm. Biri Hollandiya, digəri Belçika atıdır.
- 2014-cü il At ilidir. Ona görə sizin üçün uğurlu olacağını söyləmək olarmı?
- İnşallah, uğurlu olar. At murad deməkdir. Arzum bütün yarışlarda uğurlu çıxış etməkdir.
- Yaxın günlərdə hansı yarışlarda iştirakınız gözlənilir?
- Apreldə Lionda baş tutacaq Dünya Kubokunda iştirak edəcəyəm. Avqustda isə Dünya Çempionatı keçiriləcək. Hər iki yarışa vəsiqə qazanan ilk azərbaycanlıyam. Yanvardan etibarən İspaniyadaydım. Orada 6 həftə boyunca yarışdım. Çox yaxşı nəticələr qazandım. İki dəfə "Qran-pri"də ikinci yeri tutdum. Bu yarışlar həm də Dünya Kuboku və Dünya Çempionatına hazırlıq məqsədi daşıyırdı.
- Bu idman növündə nəticə üçün idmançının təcrübəsi daha çox vacibdir, yoxsa atın sürəti...
- Atçılıqda insan atla bir vəhdət təşkil etməlidir. Biz sanki bir komandayıq. Ola bilər, məndə nəsə alınmasın və ya maneəni keçəndə at səhvə yol versin. Düzdür, atın irəliləməsində çaparın rolu böyükdür. Amma ikimizdən birinin səhvi bütün hazırlığımızı heçə endirə bilər. Atçılıq çox çətin və maraqlı idmandır. Burada nəticə qazanmaq üçün illərlə hazırlaşmaq lazım gəlir.
- Ən çox hansı atınızı bəyənirsiniz?
- Yarışda iştirak etdiyim hər bir at mənim üçün əzizdir. Nə vaxtsa bir yerdə hazırlaşdığımız at olsa belə, onu unutmuram. İdmanda çətinliklərimiz çox olur. Atla çapar birgə bütün maneələri keçə bilir. Əgər sən atla dostlaşa bilmirsənsə, onda yarışda uğurlu çıxış etmək çətinləşir.
MƏSLƏHƏT GÖR: