Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI Bakı
Ötən cümə günü Azərbaycan Parlamenti ölkə hökumətinin 2013-cü il üzrə hesabatını təsdiqləyib. "İqtisadi inkişafın əsas hədəfi əhalinin sosial rifah halının yüksəldilməsidir. Bu məqsədə nail olmaq üçün ötən il makroiqtisadi sabitlik qorunub saxlanıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı davam etdirilib", - deyə baş nazir Artur Rəsizadə deputatlar qarşısındakı çıxışı zamanı bildirib.
Milli Məclisin spikeri Oqtay Əsədov çıxışında qeyd edib ki, 2013-cü ildə Azərbaycanda ÜDM-in artımı dünyada ÜDM-in orta statistik inkişaf səviyyəsini 3 dəfə üstələyib. "2013-cü ildə də dünya iqtisadiyyatında böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda iqtisadi inkişaf davam edib. 2013-cü ilin yekunlarına görə, ölkədə ÜDM-in artımı 5,8% təşkil edib. Dünyada ÜDM-in artımı isə 2,1% olub", - deyə spiker qeyd edib.
O.Əsədov ötən ilin vacib nailiyyətləri arasında ölkənin strateji valyuta ehtiyatlarının 50 milyard dollaradək artmasını göstərib. O, ötən il çoxlarını narahat edən məsələnin - neftin qiyməti ilə bağlı proqnozların da özünü doğrultduğunu söyləyib (orta qiymət 109,1 dollar təşkil edib).
"Bundan başqa, 2013-cü ildə Azərbaycanın dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi, təxminən, 34,7 milyard dollar təşkil edib. Bunun 44%-i Aİ ölkələrinin payına düşüb", - deyə O.Əsədov bildirib. O, ötən il ölkədə orta aylıq əməkhaqqının 6,2% artaraq 470 manat təşkil etdiyini, yoxsulluğun səviyyəsinin 5,3%-ə düşdüyünü də vurğulayıb.
Ötən il dövlət xərclərində əsas yeri məhz sosial istiqamət tutub. Baş nazir A.Rəsizadə öz növbəsində bildirib ki, 2013-cü ildə dövlət büdcəsinin 32,6%-i və ya 6,239 milyard manat sosial təyinatlı xərclərin ödənilməsinə xərclənib (elm, təhsil, səhiyyə, mədəniyyət, idman).
Onun sözlərinə görə, ötən il regionların inkişafı da hökumətin diqqət mərkəzində olub. Məsələn, ötən il İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış güzəştli kreditlərin 70%-dən çoxu regionların inkişafına yönəldilib. Ümumilikdə isə regionların sosial-iqtisadi inkişafına dair 2 dövlət proqramının reallaşdırılmasına 50,7 milyard manat, o cümlədən ikinci dövlət proqramının icrasına (2013-cü ildə başa çatıb) 34,7 milyard manat ayrılıb.
"Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə sosial-iqtisadi və institusional islahatların dərinləşdirilməsinə xüsusi diqqət ayrılıb. Bu istiqamətdə atılmış vacib addımlardan biri də şəxsən Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradırmış "ASAN" Xidmətin fəaliyyətinin genişləndirilməsi olub. Nəticədə dövlətin əhaliyə göstərdiyi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, şəffaflıq prinsiplərinə əməl olunub", - deyə baş nazir qeyd edib.
Artur Rəsizadənin də qeyd etdiyi kimi, ölkə üçün daha bir vacib istiqamət - müdafiə xərclərinin 2013-cü ildə 3 milyard manat təşkil etməsi olub. "Nazirlər Kabineti ötən illərdə olduğu kimi, 2013-cü ildə də prioritet istiqamət kimi, ölkənin hərbi potensialının güclənməsinə, müdafiə qabiliyyətinin artırılmasına, Silahlı Qüvvələrin müasir texnika və silah-sursatla təmininə xüsusi diqqət ayırıb. Ordu quruculuğu işləri çərçivəsində hərbçilərin hərbi hazırlıq və peşəkarlıq səviyyəsinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilib", - deyə hökumət başçısı bildirib.
2013-cü ildə bütün mənbələr hesabına Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 28 milyard dollar təşkil edib. Bu, 2012-ci ilin göstəricisi ilə müqayisədə 8,7% çoxdur.
Ötən il iqtisadiyyata yatırılmış investisiyaların 20,8 milyard dolları qeyri-neft sektoruna, 7,2 milyard dolları isə neft sektoruna qoyulub. Bununla yanaşı, qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi ötən il 2012-ci illə müqayisədə 7% çox olub.
Məlum olduğu kimi, ölkədə əsas investisiyalar infrastruktur layihələrinin reallaşdırılması və inkişafına yönəldilir. Bu, artıq öz müsbət nəticələrini verməkdədir. A. Rəsizadənin sözlərinə görə, artıq Azərbaycanda əhalinin 55%-i fasiləsiz içməli su ilə təmin olunub. Baş nazir son 10 ildə ölkədə 3,4 min kilometr su, 1,2 min kilometr kanalizasiya xəttinin çəkildiyini söyləyib.
Ötən il məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilib. Nəticədə 29 min nəfər yeni mənzillərə köçürülüb. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 2013-cü ildə 637 milyon manat ayrılıb. Bu, 2003-cü il ilə müqayisədə 5,8 dəfə çoxdur. Ümumilikdə, son 10 ildə Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına 3,6 milyard manat vəsait xərcləyib.
Bir sözlə, ötən ilin sosial-iqtisadi yekunlarına dair son müzakirələr uğurla başa çatıb. Deputatlar hökumətin işindən razı qalıblar. Bununla yanaşı, onlar tibbi sığortanın yaradılması, təhsilin səviyyəsinin yüksəldilməsi və s. kimi arzularını da dilə gətiriblər. Yəni Nazirlər Kabineti müsbət tendensiyaların bu il də davam edəcəyinə ümid bəsləyən millət vəkillərindən bu dəfə də "beş" alıb.
MƏSLƏHƏT GÖR: