10 Mart 2025

Bazar ertəsi, 13:25

MİF “YARADICILIĞI” GÜNDƏMDƏ

Ermənistan Türkiyə ilə dialoqa "hazırlaşır"

Müəllif:

18.03.2014

Ermənistanın hökumətyönümlü mətbuatı ölkə başçısının Avropa Xalq Partiyasının forumunda iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə etdiyi səfərini təfərrüatı ilə işıqlandırıb. Ekspertlərin bildirdiyi kimi, Serj Sarqsyan Dublindəki çıxışında foruma toplaşanları ölkəsinin "Avropa İttifaqı ilə iş mexanizmlərinin formalaşdırılması" istiqamətində səyləri davam etdirməkdə israrlı olduğuna inandırmağa çalışıb. Sarqsyan bildirib ki, bu, "bir yandan Ermənistanla Aİ arasında bundan əvvəl aparılmış müzakirələrin məzmununu əks etdirir, digər tərəfdən isə digər əməkdaşlıq formatları ilə də ziddiyyət təşkil etmir". Başqa sözlə, Ermənistan  Gömrük İttifaqına qoşulsa da, əvvəlkitək Avropa İttifaqından bəzi imtiyazlar almaq niyyətindədir.

Bununla  yanaşı, səthi təhlil belə, göstərir ki, Yerevan imtiyazlar dedikdə iqtisadi və ya gömrük rüsumları sahəsində güzəştləri nəzərdə tutmur. S. Sarqsyan Dublindəki çıxışında açıq şəkildə deyib: "Biz Avropa İttifaqına 2013-cü ilin dekabrında Ümumiləşdirilmiş Əlavə Güzəştlər Sistemindən istifadəmizə imkan yaradıldığı üçün minnətdarıq. Amma bu sistemin verdiyi üstünlüklərdən tam istifadə üçün bir vacib problem də həll olunmalıdır - Avropa İttifaqının Gömrük İttifaqının üzvü olan Türkiyənin Ermənistana tətbiq etdiyi blokada aradan qaldırılmalıdır. Bu gün bəşəriyyətin 100 il əvvəl Birinci Dünya müharibəsilə bağlı dəhşətləri xatırladığı bir vaxtda Türkiyə nəinki özünün inkar siyasətindən əl çəkmir, "erməni soyqırımı"nın (dırnaq işarəsi müəllifə məxsusdur - red.) milyonlarla qurbanını unutmağa çalışır, vətənindən məhrum olmuş xalqın tələblərinə məhəl qoymur və etdiklərindən peşmanlıq çəkmir, üstəlik Ermənistana və ermənilərə zərər vurulmasına yönəlmiş nifrət, ksenofobiya siyasətini davam etdirir".

Əlbəttə ki, Ermənistan prezidentinin dilindən səslənən "vətənindən məhrum edilmiş" xalq ifadəsinə uzun-uzadı rişxənd etmək olar. Vacib olanı başqa məqamdır: əslində, Serj Sarqsyan tam rəsmi, həm də "Avropa" auditoriyası qarşısında Ermənistanın Türkiyəyə qarşı ərazi və tarixi iddialarını dilə gətirir. Bununla da o, həmin iddiaların hələ də gündəmdə olduğunu təsdiqləyir.

Bundan başqa, Ermənistan bir çox dolayı əlamətlərə görə, "erməni soyqırımı"nın 100-cü ildönümünün qeyd olunacağı 2015-ci ilin aprelinə böyük ümidlər bəsləyir. Sarqsyanın dediklərindən məlum olur ki, Ermənistan məhz həmin vaxt siyasi planlarında "irəliləyiş"ə nail ola biləcəyini düşünür. Burada söhbət, ilk növbədə, Ermənistan-Türkiyə dialoqundan gedir. Xatırladaq ki, bu məsələ "nikbinlik saçan" futbol diplomatiyası və Sürix danışıqlarından sonra yenidən ümidsizcəsinə "donub".

Bu yerdə qeyd etmək lazımdır ki, dünyanın aparıcı fövqəldövlətləri həqiqətən də Ankara və İrəvanı "dialoqu inkişaf etdirməyə", mübahisəli məsələləri çözməyə çağırır. Ekspertlər isə bu problemlərin çox dərin olduğundan özündə münaqişə təhlükəsini ehtiva etdiyini bildirirlər. Türkiyə NATO, Ermənistan isə KTMT üzvüdür. Nəticədə, kökləri Birinci Dünya müharibəsinə gedib-çıxan münaqişənin "dirilməsi" çox sayda "üçüncü ölkə"nin də cəlb olunacağı genişmiqyaslı qarşıdurmaya aparıb çıxara bilər.

İrəvan isə Serj Sarqsyanın Dublindəki çıxışının da göstərdiyi kimi, Qərb siyasətçilərinə, həqiqətən, Antanta ölkələri paytaxtlarının Birinci Dünya müharibəsi ərəfəsində ermənilərə verdikləri səxavətli vədləri xatırlatmağı düşünür: yəni, Türkiyə ilə dil tapmaq yox, Ankaranı üstüörtülü "kapitaulyasiya"ya məcbur etmək istəyi. Bu məqsədlə ermənilər yenidən 1915-ci il hadisələri haqda miflərə üstünlük verməyə başlayıblar.

Bu gün KİV-də və beynəlxalq informasiya məkanında ermənilər tərəfindən təqdim olunmuş və guya 1915-ci ildə "erməni soyqırımı"nın törədildiyini göstərən çox sayda "sənəd" və "sübutlar"a rast gəlmək mümkündür. Əlbəttə ki, həmin "sənəd"lərdə türk ordusunun arxa cəbhəsindəki qiyamlardan, müsəlman əhaliyə qarşı həyata keçirilmiş dəhşətli qətliamlardan danışılmır. Halbuki, həmin "sübutlar" dəfələrlə tarixçi mütəxəssislər tərəfindən rədd edilib. Ən vacibi, erməni fəallar hələ də ortaya "soyqırımı" qurbanlarının kütləvi dəfninə dair sübut çıxara bilmirlər. İstənilən halda, erməni siyasi dairələri ABŞ-da yaşayan məşhur Qurgen Yanikyanın (onun Kaliforniyada 2 türk diplomatı qətlə yetirməsindən sonra erməni terrorunun 3-cü dalğası başlayıb) "Yaniskof" adlanan və 400 yard dərinliyi "görmək" qabiliyyətinə malik qurğu ixtira etməsindən danışmaqdan yorulmur. Ermənistan KİV-in versiyasına görə, o, ixtirasını təmənnasız olaraq ABŞ hökumətinə bağışlayıb, amma sonradan Suriyanın Der-Zor səhrasında... "ermənilərin qardaşlıq məzarını" axtarmaq üçün amerikalılardan qurğunu geri istəyib. Guya sözügedən ərazidə ermənilər məqsədli şəkildə kütləvi olaraq məhv ediliblər. Yanikyan həmin ərazidə "soyqırım qurbanları" abidəsi ucaltmağı da arzulayırmış. Amma Suriyada o zamankı sülh dövründə belə, sözügedən məzarlıq aşkarlanmayıb. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Suriyaya o zaman da ermənilərlə kifayət qədər dost münasibətində olan Bəşər Əsəd rəhbərlik edirdi.

İndi Ermənistan yenidən "virtual ölülər"in axtarışına başlayıb. Daha doğrusu söhbət "soyqırımı qurbanları" kimi təqdim olunacaq genişmiqyaslı saxtakarlıqlardan gedir. Şərqi Anadoluda ermənipərəst mütəxəssislər hətta qədim Roma nekropolunu Türkiyədə "qətlə yektirilərək basdırılmış ermənilər" kimi təqdim etməyə çalışıblar. İndi isə Türkiyə KİV Diyarbəkirlə Mardin arasındakı tarixi qalanın quyularından çoxlu sayda insan sümüyünün aşkarlandığını yazır. Ekspertiza göstərib ki, bu sümüklər XX əsrin 90-cı illərində baş vermiş silsilə qətllərin qurbanlarına məxsusdur. Erməni ekspertlər və onlarla birlikdə növbəti hüquq müdafiəçiləri qrupları isə dərhal əks mövqe ortaya qoyublar: biz məhkəmə tibbi ekspertiza prosesini izləmişik və qalıqların öldürülmüş ermənilərə məxsus olduğu qənaətinə gəlmişik. Amma sonradan onlar fikirlərinə müəyyən düzəliş ediblər: sən demə, onlar bu qənaətə məhkəmə tibb ekspertizasının nəticələrinə əsasən deyil, "soyqırımı zamanı sağ qalmış insanların danışıdıqları"na əsasən gəliblər. Bu cür "ekspert qiymətləndirmələri"nə inanmağın nə dərəcədə doğru olduğu tam ritorik sual olsa da, İrəvanda mif yaradıcılığı davam edir. Onlar bəzən, hətta sifarişli siyasi təbliğatdan daha çox dəşət filmlərinin süjetlərini xatırladan "əfsanələr" uydururlar. Məsələn, bəzi erməni saytları, hətta guya 1924-cü ilin dekabrında Türkiyənin Mudanya limanından Fransanın Marsel limanına... "erməni cəsədləri ilə dolu" yük paroxodunun yola salındığını yazır.

Təbii ki, bu "sensasiya" müəllifləri də sübut kimi ortaya dedi-qodulara istinadən başqa heç nə qoymurlar.  İzah olunmur ki, Birinci Dünya müharibəsinin dəhşətli döyüşlərindən sonra Avropanın meydan və küçələrinin, sözün əsl mənasında, insan cəsədlərilə dolu olduğu bir vaxtda cəsədlərin, yaxud erməni skeletlərinin alınması Fransanın nəyinə gərək imiş. Üstəlik, təbii ki, bunun üçün o vaxt kifayət qədər ehtiyacın olduğu vəsait də ödənilməli idi. Ermənilər üçün vacibi kütləyə "soyqırımı qurbanları"nın dəfn olunduğu yerin (erməni mənbələrinin iddiasına görə onların sayı 1,5 milyondur!) hələ də tapılmamasının növbəti "izah"ının verilməsidir. Unutmaq lazım deyil ki, ümumilikdə, bu mif yaradıcılığı və qismən virtual "qurban" axtarışı əslində ermənilərin Türkiyə torpaqlarına tamamilə real iddiaları üçün "piar"dan başqa bir şey deyil. Söhbət artıq Birinci Dünya müharibəsi dövründə hər iki tərəfin çox sayda qurban verməsinə səbəb olmuş, Ermənistanın və erməni diasporu nümayəndələrinin yenidən gündəmə gətirməyə çalışdıqları iddialardan gedir.



MƏSLƏHƏT GÖR:

786