
ƏFSANƏ QAYITDI
Hakan Şükür: "Azərbaycanda bizi hər zaman çox yaxşı qarşılayıblar"
Müəllif: Sənan Şəfizadə Bakı
Dünya şöhrətli türk futbolçusu Hakan Şükürün paytaxtımıza gəlişi çoxları üçün sürpriz oldu. Vaxtilə Türkiyə yığmasının heyətində Bakıda qol vuran veteran indi Türkiyə Böyük Millət Məclisinin üzvü olsa da, bu dəfə də Azərbaycanda onu futbolçu kimi gözləyirdik.
Onunla Bakıda müsahibə almağa ümid edirdik. Köməkçiləri gərgin iş qrafiki zamanı müsahibənin mümkün olmayacağını, hətta Azərbaycana səfər zamanı bizə yalnız 10 dəqiqə vaxt ayıra biləcəyini dedilər. Amma "Bakı" futbol klubunun prezidentinin müşaviri Tunc Afşarın köməyi sayəsində Hakan Şükürlə səfərdən əvvəl danışa bildik.
- Azərbaycanda hər zaman sizi görməyə çox şadıq. Budəfəki səfəriniz bir qədər gözlənilməz oldu...
- Ölkənizə səfərim "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun dəvətiylə gerçəkləşir. Paytaxtınıza möhtəşəm futbol matçının olacağını dedilər. Madridin "Atletiko" komandasının "Bakı" ilə keçirəcəyi yoldaşlıq matçına baxacam. Ardınca Azərbaycanın böyük oğlu Heydər Əliyevin xatirəsinə həsr olunan veteranların yoldaşlıq matçında iştirak edəcəm. İki gün ərzində Bakıda vacib görüşlərimin olacağını düşünürəm. Uzun müddətdir Azərbaycanda olmamışam. Yəqin, dəyişikliklər yaxşı mənada məni təəccübləndirəcək.
- Azərbaycanda Hakan Şükür dedikdə həmişə "Qalatasaray", sonra isə Türkiyə yığması yada düşür...
- (Gülür) Bunu anlamaq çətin deyil. Vaxtı ilə "Qalatasaray" və Türkiyə yığmasında uğurlu oyunlarımız, qələbələrimiz olub. Hələ o zamanlar da "Qalatasaray"ın hər qələbəsinə qardaş Azərbaycanda da sevinənlərin çox olduğunu bilirəm.
- Veteranların görüşündə oynayacaqsınız, yoxsa sadəcə tamaşa edəcəksiniz?
- Əlbəttə, meydanda olacam. Məndə olan məlumata görə, bir sıra məşhur veteran futbolçular həmin görüşdə iştirak edəcək. Türkiyədən gələn qonaqlar da olacaq. Fikrimcə, azarkeşlər maraqlı görüş izləyəcək. Özü də 9 nömrəni geyəcəm.
- Yəqin, Azərbaycandan dəvət sizin üçün də gözlənilməz oldu?
- İşlərin çoxluğu bəzi səfərlərin təxirə salınmasına səbəb olur. Amma Azərbaycandan dəvəti hər zaman sevə-sevə qəbul edirəm. Gözlənilməz deyəndə, veteranların yoldaşlıq matçının olacağını 15 gün əvvəl öyrəndim. Dəvət gələn zaman isə müsbət cavab verdim. Azərbaycanda bizi hər zaman çox yaxşı qarşılayıblar. Ona görə yenidən Bakıdakı stadionda futbol oynamaq maraqlı olacaq.
- Hakan Şükür "Qalatasaray"ın cari mövsüm Çempionlar Liqasında çıxışı barədə nə söyləyə bilər?
- "Qalatasaray" cari mövsüm uğurlu çıxış etdi. Çempionlar Liqası kimi mötəbər yarışda 14 finala qədər irəliləmək böyük nəticədir. Fikrimcə, azarkeşlər builki komandadan razı qalmalıdılar. Demək olar ki, bu günə maksimum nəticə oldu. 14 finalda "Real"a uduzdular. Güclü rəqibə qarşı sona qədər mübarizə apardıqlarını yaddan çıxartmaq olmaz.
- Azərbaycan futbolunu izləyirsinizmi?
- Ölkənizdə idmana dövlət səviyyəsində diqqət olduğunu bilirəm. Bütün idman növlərinin inkişaf etdiyini deyiblər. Azərbaycan yığmasının seçmə mərhələlərdə bəzi oyunlarının nəticələri barədə məlumatlıyam. Sizdə olimpiadaya böyük önəm verilir. Ölkənizin istənilən uğuru bizi sevindirir.
- Bir neçə il əvvəl futbol üzrə Azərbaycan millisi Bakıda Türkiyəni məğlub etdi...
- Yadıma gəlir, deyəsən, 1:0 hesablı qələbə qazandınız. Həmin oyun Türkiyədə böyük rezonans doğurdu. Futbolçularımız Azərbaycanla oyunda qələbə qazanacağını düşündüyü halda, Bakıdan xalsız qayıtdı. O vaxtlar Azərbaycan millisinin oyunları zamanı stadionda həmişə anşlaq olurdu. Yəqin, indi də elədir. Hamı bilir ki, komandanız doğma stadionda daha yaxşı oynayır. Ona görə, hətta güclü komandalar da Bakıda meydana çıxdıqları zamanı ehtiyatlı olur.
- Azərbaycanda bütün idman növlərində inkişaf var. Amma futbolda istədiyimiz hələ alınmır...
- Futbol adi oyun deyil. Hazırda bütün dünyada futbol inkişaf edir. Yəni rəqabət artır. Hətta kiçik ölkələr də güclənir. Mənə Azərbaycanda uşaq futboluna böyük şəraitin yaradıldığını deyiblər. Müəyyən vaxt lazımdır. Futbolda tez bir zamanda uğur qazanmaq çətindir. İndi gördüyünüz işlər gələcəkdə bəhrəsini verəcək. Indi öyrədilən uşaqlar bir neçə il sonra sözünü deyəcək.
- Hakan Şükür, Bülənt Qorxmaz və digər ulduz heyətin oynadığı "Qalatasaray"ın uğurunun sirri nədədir?
- Həmin dövrlərə qayıtmaq çətindir. Amma bizdə birlik və qələbə ruhu var idi. Meydanda gözəl anlaşma oyunumuza kömək edirdi. Futbolçular bir-birlərini yaxşı anlayırdı. Həmin dövrdə əldə olunan nəticələr Türkiyə futbolunun inkişafına yardımçı oldu.
- Amma sonradan milli komanda seçmə oyunlarda uğurlu çıxış etmədi. Hazırkı mövsümdə də ay-ulduzlular o qədər inamlı təsir bağışlamır...
- Milli komanda haqda fikir bildirmək çətindir. Yəqin, müəyyən problemlər var. O barədə yığmanın məşqçiləri danışsa, daha yaxşı olar. Kənardan fikir yürütmək düzgün olmaz.
- Bakıda yenidən həmin Hakan Şükürün oyununu görə biləcəyikmi?
- (Gülür) Mən artıq futbolçu karyeramı bitirmişəm. Bildiyiniz kimi, indi başqa sahədə çalışıram. Təbii ki, futbolu unutmaq mümkün deyil. Veteranların görüşündə meydana çıxan hər kəs yaxşı oynamağa çalışacaq. Həmin görüş gərək uzun müddət yaddaşlarda iz buraxsın.
- Sonda müsahibəyə görə təşəkkür edirəm.
- Azərbaycana salamlarımı çatdırıram və hər kəsə uğurlar arzulayıram. İnşallah Bakıda görüşərik.
MƏSLƏHƏT GÖR: