14 Mart 2025

Cümə, 23:41

"ŞƏHƏR ATASI" AXTARIŞINDA

Niyə ötən əsrin əvvəllərində heç kəs Bakı Dumasına rəhbərlik etmək istəmirdi?

Müəllif:

30.04.2013

1913-cü il. Voronsov-Daşkov müqaviləsi

O zamankı ənənəyə görə, hər il Yeni ilin ilk günündə Bakı şəhər xeyriyyə cəmiyyəti ziyafətlər təşkil edirdi. Tədbir Bakı İctimai Şurasının Krasnovodsk küçəsindəki (indiki Səməd Vurğun küçəsi) qış binasında keçirilirdi. Sovet illərində Zabitlər Evi kimi tanınan bu gözəl bina Musa Nağıyevin evi idi. Həmin illərin, demək olar ki, bütün əhəmiyyətli tədbirləri bu binada təşkil olunardu. Qonaqları cəmiyyətin rəhbəri, Bakı qradonaçalniki Pyotr İvanoviç Martınovun xanımı Yelena Georgievna Martınova qarşılayırdı. Qradonaçalnikin özü də mərasimdə olur, şəhərin tanınmış şəxslərindən, ictimai xadimlərdən, ruhanilərdən Yeni il təbriklərini qəbul edirdi. Təşkilatçılar kasıblar üçün verilən ianələri toplayırdılar. Bu zaman, təxminən, 3 min rubl yığılmışdı. Bayram öz yerində, qradonaçalnikin qarşısında da ciddi vəzifələr dururdu,  məsələn  Bakı Şəhər Dumasına sədr seçmək. Şəhər Dumasının seçilməsindən 9 ay keçməsinə baxmayaraq, quruma rəhbər seçmək mümkün olmurdu. Problem o dərəcədə ciddiləşmişdi ki, imperatorun Qafqazdakı canişini qraf Voronsov-Daşkov kifayət qədər sərt şərt qoymuşdu:  şəhər rəhbəri yanvarın 15-dək seçilməsə, "şəhərin atası"nı o, özü təyin edəcək. Şəhər Dumasının deputatları arasında belə bir söhbət gəzirdi ki, artıq canişin Nazirlər Kabinetinin rəhbəri Kokovsevdən Bakı şəhərinin rəhbəri postuna namizədlərin müəyyənləşdirilməsini də istəmişdi. Kokovsevin isə bu posta 3 nəfəri tövsiyə etdiyi, lakin onların adının gizli saxlanıldığı bildirilirdi. Canişinin oğlu, rotmistr qraf İvan İllarionoviç Voronsov-Daşkovun Bakıya gəlməsi isə odun üzərinə sanki yağ tökmüşdü. Onun qradonaçalnik Martınova namizədlərin adlarını gətirdiyi güman edilirdi. Lakin oğul Voronsov-Daşkovun Bakıya gəlişində məqsəd başqa idi - o, Balaxanıdakı mədənlərinə baxacaqdı.

Vəziyyəti bir az da ağırlaşdıran, bir qayda olaraq, Dumaya kənardan olan insanların rəhbər seçilməsi idi. Məsələn, 1907-ci ildə Dumaya rəhbərlik etmiş Rayevski Kurskdan, onun sələfi Novikov isə Həştərxandan idi.

Bakı şəhərinə rəhbər təyinatı hər zaman çətinliklərlə müşayiət olunub. Lakin bu dəfə gərginlik həmişəkindən daha çox idi. Şəhəri idarə edə biləcək bir çox məşhur şəxsiyyətləri, hətta 20 min rubl kimi yüksək əməkhaqqı da cəlb etmirdi. Bu postda Bakıdakından yüksək əməkhaqqı yalnız Sankt-Peterburq və Moskvada idi.

 

Qlasnılar Şurası

Yanvarın əvvəlində Hacı Zeynalabdin Tağıyevin dəvətilə Şəhər Dumasının üzvlərindən - qlasnılardan ibarət qrup onun evinə toplaşdı. Toplantıda bir sıra məsələlərlə yanaşı, Şəhər Dumasının sədri məsələsi də müzakirə edildi. M. H. Hacınski və M. A. Unanovun öz adlarından Rostov Dumasının sabiq sədri, mühəndis Qorbaçova müraciət edərək, ondan Bakı Dumasına rəhbərlik etmək istəyib-istəməməsini öyrənmələri qərara alındı. Sorğu göndərildi, lakin Qorbaçov Bakıya gəlməkdən imtina etdi. Doğrudur, Xabarovsk şəhərinin rəhbəri, istefada olan polkovnik Yeremeyev teleqram göndərərək Bakı Şəhər Dumasına rəhbərlik etməyə hazır olduğunu bildirmişdi. Amma onun namizədliyi yerli qlasnıları qane etməmişdi.

Şəhər Dumasının üzvləri başa düşürdülər ki, sədrin kənarda axtarılmasının mənası yoxdur və seçim yerli namizədlər arasında edilməlidir. Lakin şəhərin problemlərindən daha yaxşı xəbərdar olan qlasnılar da Dumanın başına keçmək arzusunda deyildilər. Belə olan təqdirdə, knyaz Dadianiyə, Hacınskiyə, İretskiyə, Saparova və digərlərinə müraciət olundu. Lakin onların da heç biri Dumaya rəhbərlik etmək istəmədilər. "Kaspi" bununla əlaqədar olaraq, istehza ilə yazırdı: "Doğrudur, qlasnılar arasında şəhərə rəhbərlik etməyə layiq adamlar var. Amma bəla burasındadır ki, seçim ən yaxşı və layiqlilər arasında yox, həmin vaxt "əl altında olanlar" arasında aparılacaq".

Hələ bir il əvvəl qlasnılar Bakı Şəhər Dumasının sədri vəzifəsinə Yekaterinoslavsk Dumasının (indiki Dnepropetrovsk şəhəri - red.) başçısı, əslən alman olan mühəndis İvan Yakovleviç Ezaunu dəvət etmişdilər. Ola bilsin ki, o, bakılı qlasnıların diqqətini işlədiyi şəhərdə su xətti layihəsini hazırlaması, növbəti vəzifə başına keçdikdə isə onu reallaşdırması ilə cəlb etmişdi. Məsələ ondadır ki, bakılı qlasnılar bir neçə il idi şəhərin içməli su ilə təmin olunması məsələsi üzərində baş sındırsalar da, ciddi uğura nail ola bilmirdilər.

Amma Ezau da Bakıya gəlməkdən imtina etdi. O, bildirdi ki, Bakıya gəlməsinə kommersiya ortağı müqavimət göstərir. Söhbət Yekaterinoslavldakı mexanika zavodundan gedirdi. Sovet illərində bu müəssisə Dnepropetrovsk Kombayn zavodu kimi fəaliyyət göstərdi. Nəhayət, bir müddət sonra Ezaudan "xilas" teleqramı gəldi. O, imtina qərarından vaz keçərək Bakı Şəhər Dumasının rəhbəri postunu tutmağa hazır idi. Lakin bunun üçün ildə 26 min rubl maaş tələb edirdi. Duma üzvləri isə istənilən şərtə razı idilər. Çünki şəhər rəhbərinin seçilməsilə bağlı canişinin qoyduğu vaxt sona çatmaq üzrə idi. Bu müddətdə seçim edilməsə, nələrin baş verəcəyini heç kim bilmirdi. Üstəlik, Duma üzvlərinin seçki üçün Voronsov-Daşkovdan daha iki həftə vaxt istəməyə hazırlaşmasının canişinin qəzəbinə səbəb olduğu da bəlli idi.

 

"Xilas etdi"...

Yanvarın 11-də Bakı Duması üzvlərinin tələsik çağırılan toplantısında Ezaunun namizədliyi dəstəkləndi. Amma Duma üzvlərinin sevinci çox çəkmədi - 3 gün sonra Ezaudan daha bir teleqram gəldi: mühəndis bu dəfə səhhətilə bağlı Bakı Dumasına rəhbərlikdən imtina edirdi.

Duma üzvləri arasında yenidən çaxnaşma düşdü. Şəhər rəhbərinin seçilməsi üçün onlara verilmiş vaxt sabah bitirdi, dünənki namizəd isə artıq bu gün yox idi. "Xilaskar" qlasnı Luka Lavrenteviç Bıç oldu. Müddətin bitdiyi gün - yanvarın 15-də 42 yaşlı Kuban sakini, 1894-cü ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, 1909-cu ildən Bakıda çalışan Bıç şəhər rəhbəri postunu tutmağa razılıq verdi. Dumanın iclasında iştirak edən 60 qlasnıdan 58-i onun namizədliyini dəstəklədi. Bıçın Bakı Dumasına başçılıq etməyə razılaşmaqla qlasnıları məzəmmətdən, fəaliyyətsizlik ittihamlarından, rişxənddən xilas etdiyini söyləmək mümkündür. Bu yerdə qlasnı İsa bəy Hacınskinin sözlərini xatırlatmaq yerinə düşər: "Bıça minnətdaram. O, özünü camaata qurban verdi".

Dumaya sədr seçən qlasnılar indi də Ezaunun teleqramını müzakirə etməyə başladılar - ona cavab yazmalımı, yazmamalımı, yazılacaqsa, hansı formada yazılmalı? Qlasnılar bu məsələdə də fərqli mövqelərdə idilər. Bəziləri teleqrama cavab verilməli olduğunu düşünür, digərləri isə Ezaunun hərəkətini bağışlaya bilmir, ona istehzalı, məzhəkəli cavabın yazılmasını təklif edirdilər. Çiyinlərindəki ağır yükü atmış Duma üzvləri artıq zarafatlaşmağa da macal tapırdılar. Cavab teleqramı üçün ən orijinal variantı Mirzə Əsədullayev təklif etmişdi: "Təşəkkür edirik. Əvvəlcə həkimə müraciət etmək lazım idi". 

Amma sonda qlasnılar Ezauya cavab yazmamaq qərarına gəldilər...



MƏSLƏHƏT GÖR:

666