
"ERMƏNİ MÖCÜZƏSİ" OLMAYACAQ
Tiqran Sarqsyanın Ermənistan hökumətinin başçısı postuna yenidən təyin olunmasının arxasında nələr gizlənir?
Müəllif: NURANİ Bakı
Ermənistanda Serj Sarqsyanın prezident postunda inauqurasiyasından sonra yeni kadr təyinatları açıqlanıb. İrəvan mətbuatının məlumatına görə, Ermənistanın hakim Respublika Partiyası Şurasının toplantısında dövlət başçısı hazırkı baş nazir Tiqran Sarqsyanı yenidən hökumət başçısı postuna namizəd göstərib.
Prezident müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın da öz postlarında qalmalarını təklif edib.
Əksər ekspertlər Tiqran Sarqsyanın yenidən baş nazir postuna təyinatını Ermənistanın indiyədək yürütdüyü iqtisadi siyasətə yenidən baxılmayacağının göstəricisi kimi qiymətləndirib. Halbuki, bu siyasəti uğurlu adlandırmaq çox çətindir: ekspertlər artıq Ermənistanın iqtisadi faciə ilə üşləşdiyini açıq şəkildə söyləyirlər.
Ermənistan KİV-də, xüsusilə müstəqil mətbuatda iqtisadi, maliyyə və bank islahatlarına saysız-hesabsız çağırışlara rast gəlinir. Sarqsyanın son təyinatları ərəfəsində News.am saytı hakimiyyəti israrla bank sektorunda islahatlara çağırırdı. Analitiklərin fikrincə, "bank sisteminin səhradakı vahə ilə müqayisə olunmasının heç bir əsası yoxdur. Onu şüşəbənddə yetişdirilmiş xiyarla müqayisə etmək daha düzgün olar - sulu, amma şit". Onların sözlərinə görə, "ölkədə "bank rüsvayçılığı"na ən bariz nümunə 2009-cu ilin əvvəlində Ermənistan bank sisteminin, təxminən, 3 ay ərzində biznesin kreditləşdirilməsi siyasətini dayandırmasıdır. Heç bir ölkədə böhran yaşayan bank sistemi bu yola əl atmayıb. Həmin il Ermənistandakı 14%-lik tənəzzülün əsas səbəblərindən biri məhz bank sistemi idi". Ermənistanda əmindirlər ki, bank sistemində biznes sektorunun maraqları bu gün də nəzərə alınmır. Buna əsaslanan News.am hesab edir ki, demək, "erməni möcüzəsi" gözləməyə dəyməz.
Xatırladaq ki, son dövrlərədək Ermənistan hökumətinin fəxr etdiyi sahə məhz bank sistemi idi. Maliyyə sektorunda onu "oazis" adlandırırdılar və əmin idilər ki, məhz bank sistemi ölkə iqtisadiyyatının "lokomotiv"inə, Ermənistanı az qala dünya əhəmiyyətli maliyyə mərkəzinə, "ikinci Sinqapur"a çevirəcək. "Sirnqapur möcüzəsi"nin atası Li Kuan Yu da Ermənistana səfər etdi. Amma burada "ikinci Sinqapur" yaratmaq mümkün olmadı. Hər halda, hələ 2011-ci ilin fevralında erməni maliyyəçilərindən biri "möcüzə"yə olan ümidlərin üzərindən xətt çəkdi: "Ermənistanın kapital bazarı ayaqları kəsilmiş, amma hamının tullanmasını gözləyən qurbağanı xatırladır".
Maliyyəçinin nə demək istədiyi aydındır: Ermənistanda bəlkə də bank sistemində aparılan islahatlar yaxşıdır, amma iqtisadi "tullanış" üçün real sektor lazımdır. Onun "gücü" isə təəssüf ki, nəinki "möcüzə"yə, heç normal iqtisadi yaşayışa da kifayət etmir.
Bütün bunların fonunda Ermənistan KİV-nin, xüsusilə də "Qolos Armenii" qəzetinin Azərbaycanın son dərəcə populyar və yüksək təlabatın olduğu azot gübrəsi - karbamid istehsalının inkişafı planına reaksiyası düşündürücüdür. "14 mart tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ-SOCAR) ilə Cənubi Koreyanın Samsung Engineering Co. Ltd. şirkəti arasında Azərbaycanda (Sumqayıt) dəyəri 500 milyon avro olan karbamid zavodunun inşasına dair müqavilə imzalanıb. Bundan başqa, ARDNŞ-SOCAR daha bir anoloji zavodu Gürcüstanda tikməyi planlaşdırır. Zavodun Kulevi limanındakı azad sənaye zonasında da inşa edilməsi nəzərdə tutulub. Onun Sumqayıtdakı zavoddan fərqi yekun məhsul kimi üstünlüyün karbamidə yox, ammoniuma verilməsində olacaq", - deyə "Qolos Armenii" yazır. Bununla yanaşı, qəzet bildirir ki, zavodun inşası nəticəsində "Azərbaycan nəinki daxili tələbatını tam ödəyəcək, üstəlik yalnız Qara dəniz deyil, Aralıq dənizi regionunda da ən böyük karbamid və ammonium ixracatçısına çevriləcək. İki zavod birlikdə ildə 1,2-1,3 milyon ton karbamid istehsal edəcək".
Bu, Ermənistanın siyasi elitasının Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsindəki qələbəsinə reaksiyanın rimeyki deyil. O zaman İrəvanın müxalifət qəzetlərindən biri bu məsələyə istehza ilə münasibət bildirmişdi: "Öz problemlərim az idi, üstəlik də qonşu "Mersedes" alıb". "Qolos Armenii" qəzetini narahat edən başqa məqamdır: bu yaxınlaradək Cənubi Qafqazda karbamid tədarükündə Ermənistanın "Vanadzor-Xiprom" zavodu demək olar ki, monopolist idi. Ötən ilin noyabrından isə orada ammonyak istehsal dövrünə başlamağa çalışsalar da, hələ ki, nəticə yoxdur. Ancaq yalnız Sumqayıt zavodunda "sutkalıq istehsal gücünün 2 min ton olması planlaşdırılır. Başqa sözlə, Azərbaycanda sutka ərzində istehsal olunacak karbamid Vanadzorda bir aylıq istehsala bərabər olacaq". Aydındır ki, istehsal prosesini müasirləşdirmək üçün maliyyə lazımdır. Bu isə Ermənistanda yoxdur. İnvestisiyaya ehtiyac var, Ermənistan iqtisadiyyatına xarici kapital qoyuluşu isə müntəzəm sürətdə azalır. Ermənistanın milli aviadaşıma şirkəti "Armavir"in müflis olması isə ölkənin iqtisadi problemlərinin ən bariz göstəricisidir. Formal olaraq şirkət erməni əsilli argentinalı iş adamı Eduardo Ernekyana verilmiş yerli "Zvartnots"dakı aerodrom rüsumlarını ödəyə bilmədi. Problem bütün səviyyələrdə müzakirə olunsa da, "Nə etməli?" sualına hələ də cavab tapılmır.
İrəvanda hakimiyyət dəhlizlərində "açıq səma" konsepsiyası haqda danışılır. İlk baxışdan bəlkə də, aktual təsir bağışlayır. Amma bu, Ermənistanın öz milli aviadaşıma şirkətinin olmaması deməkdir. Çünki bu, sadəcə onun cibinə uyğun deyil.
Hökumətin hesabatlarında iqtisadi artımla bağlı kifayət qədər ciddi rəqəmlər yer alır. Lakin "Grant" jurnalını nəşr edən Siqrid Rauzinq insan hüquqlarınının müdafiəsilə məşğul olan təşkilat nümayəndələrilə görüşmək üçün Ermənistan və Gürcüstana etdiyi səfərlə bağlı Britaniyanın "The Guardian" qəzetində tam fərqli şeylər yazır: "Ermənistanla sərhəddə çay görünürdü. Orada çoxdan yığılıb qalmış zibil qəhvəyi sudan və boz qayalardan seçilmirdi. Bizim ötüb keçdiyimiz hər kənd yarıyadək boş idi. İmkanı olan ailələr ölkəni tərk edir, buna imkanı çatmadıqda qadınlar və uşaqlar qalır, kişilər isə Rusiyadakı əmək miqrantlarına qoşulur, evlərinə çox cüzi miqdarda pul göndərə bilirlər. Bilirəm ki, bu kəndlərdə uşaqlar var. Çünki ara-bir kəndirlərdə tuman-köynək asıldığını görürük - bu, ətraf qaranlıqda bəlkə də, yeganə ağ rəngdir. Amma nə insanlar, nə mağazalar gördük. Başqa maşın da görmədik".
Hüquq müdafiəçisi başqa bir məqamı da qələmə alıb: "Bir hadisəni qeyd edim: Ermənistandakı mağazalardan birinin sahibinin yanına vergi orqanlarından gəlmiş məmurlar ondan rüşvət tələb edir. Mağaza sahibi rüşvət verməkdən imtina edir və məhkəməyə üz tutur. Bir neçə il sonra çoxsaylı məhkəmə işlərindən sonra o, qalib gəlir. Amma indi elə həmin vergi məmurları onu malla təmin edənləri elə qorxudublar ki, mağaza sahibi biznesini davam etdirə bilmir".
Rəsmi məlumatlarla tam ziddiyyət təşkil edən daha bir göstərici də miqrasiya ilə bağlıdır. Onu artıq "çamadan referendumu" adlandırırlar. Martın 15-də Ermənistanın Dövlət Miqrasiya Xidmətinin açıqladığı növbəti məlumatda bildirilir ki, 2013-cü ilin yanvar-fevral aylarında ölkəni 22 min vətəndaş tərk edib. 2008-2012-ci illər ərzində Ermənistandan baş götürüb getmiş vətəndaşların sayı isə 181 mindən artıqdır. Əhalisi 3 milyona çatmayan ölkə üçün bu, həddindən artıq böyük rəqəmdir.
Ermənistanın Respublika İşverəgənlər İttifaqının rəhbəri Qagik Makaryan bildirir ki, "fərdi söhbətlər zamanı ticarət, xidmət və istehsal sahəsində çalışan biznesmenlər ölkədəki demoqrafik durumdan narahatlıqlarını gizlətmirlər. Şəhərdə əhalinin sayı ildən-ilə azalırsa, bu, istənilən biznesə öz mənfi təsirini göstərməyə bilməz".
"Orakarq" nəşrinin iqtisadi icmalçısı Armenak Çatinyan isə rəsmi məlumatların bir-birini inkar etdiyini və bunun anlaşılmaz olduğunu düşünür: rəsmi məlumata görə, 2011-ci ildə Ermənistanda 4,6, 2012-ci ildə isə 7,2% iqtisadi artım qeydiyyata alınıb, amma yenə də rəsmi məlumata görə, 2011-ci ildə ölkəni 43,8, 2012-ci ildə isə 42,8 min insan tərk edib .
"Mən bir şeyi bilirəm - iqtisadiyyatda artım qeydə alınırsa və insanların həyat şəraiti yaxşılaşırsa, onlar vətəni kütləvi şəkildə tərk etməməlidirlər", - deyə Çatinyan bildirir.
"Köhnə-yeni baş nazir" Ermənistanın qarşısında duran məsələləri həll edə biləcəkmi? Təəssüf ki, bu, ritorik sualdır. Çünki indi Ermənistanda real iqtisadi sektorun yaradılması və iqtisadiyyatın "dirçəlməsi" üçün daha çox iqtisadi yox, siyasi qərarlar lazımdır. Ermənistanın təcavüzkar siyasəti onu regionun iqtisadi və infrastruktur layihələrindən kənarda qoyub. Amma görünən odur ki, rəsmi İrəvanda hələ də çətin qərarların qəbulu üçün siyasi iradə və cəsarət yoxdur. Bu qərarlarlar olmadan isə nə iqtisadi cəhətdən uğur əldə etmiş qonşularla münasibətlər normallaşacaq, nə də güclü iqtisadiyyat yaranacaq.
Demək, yenə də Ermənistan vətəndaşlarını "çamadanlarla səs verməyə" məcbur edən siyasət davam edəcək.
MƏSLƏHƏT GÖR: