
TARİXİ SƏFƏR
Azərbaycan İsraildə səfirliyin açılması imkanlarını müzakirə edir
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
Azərbaycan tarixində ölkənin xarici işlər nazirinin Yaxın Şərqə ilk səfəri Fələstindən başladı. Burada Elmar Məmmədyarov baş nazir Salam Fayyadla, fələstinli həmkarı Riad əl-Maliki ilə danışıqlar aparıb. Görüşlərdə Məmmədyarov Azərbaycanın Yaxın Şərq problemi ilə bağlı mövqeyini bir daha ortaya qoyub: rəsmi Bakı Yaxın Şərq probleminin Fələstinin paytaxtı Şərqi Qüdsdə olmaqla, iki dövlətin yaradılması prinsipi ilə həllinə tərəfdardır. Azərbaycan bu mövqeyinə əsaslanaraq, regionda tez bir zamanda sülhün bərqərar olmasını istəyir, Fələstinə beynəlxalq qurumlar çərçivəsində də yardımlarını davam etdirir. Fələstin tərəfi öz növbəsində Azərbaycana böyük nüfuz sahibi olduğu müxtəlif beynəlxalq qurumlarda, xüsusilə BMT TŞ-də, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama Hərəkatında Fələstinə dəstək göstərdiyi üçün minnətdarlıq edib. Son zamanlar Azərbaycan-Fələstin münasibətlərində nəzərəçarpacaq fəallıq müşahidə olunmaqdadır. Geridə qalmış iki ildə Fələstinin yüksək rütbəli nümayəndələrdən ibarət bir neçə heyəti Bakıya səfər edib. Doğrudur, bu səfərlər ikitərəfli münasibətlərlə yox, daha çox ötən il BMT-də muxtariyyətin beynəlxalq hüququn müstəqil subyekti kimi tanınması məqsədilə keçirilmiş səsvermədə Azərbaycanın dəstəyinin qazanılması ilə bağlı olub. Lakin bu gün Azərbaycan-Fələstin münasibətlərində beynəlxalq qurumlarda əməkdaşlıqla yanaşı, ikitərəfli əməkdaşlığın da konturları cızılmaqdadır. İstənilən halda, bu gün Azərbaycan və Fələstin arasında münasibətlərin siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı səmərəli əməkdaşlıq perspektivi ilə xarakterizə olunması sevindirici haldır. Halbuki, 1990-cı illərdə söhbət erməni diversiya qruplarının Azərbaycan ərazisində döyüşməsi, terror aktları törətməsi üçün Fələstin düşərgələrində təlim keçmələrindən gedirdi.
Yaxış Şərq turnesi çərçivəsində E.Məmmədyarovun İsrailə səfəri də müşahidəçilər tərəfindən böyük maraqla izlənilib. Orada azərbaycanlı nazir ən yüksək səviyyədə qarşılanıb. Onu İsrail prezidenti və baş naziri qəbul edib. Prezident Şimon Peres iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən müddət ərzində Azərbaycanın xarici işlər nazirinin İsrailə ilk dəfə səfər etdiyini xatırladaraq, bunu "tarixi səfər" adlandırıb. O bildirib ki, E.Məmmədyarovun səfəri ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə kömək edəcək. Unikal coğrafi mövqeyinin Azərbaycanı regionun aparıcı dövlətinə çevirdiyini söyləyən Şimon Peres Bakının yürütdüyü sülh siyasətini yüksək qiymətləndirib. "Azərbaycan terror və müharibələrə qarşı aydın mövqe nümayiş etdirir, terrordan və zorakılıqdan xali olmayan qeyri-sabit regionda sülhə nail olmağa çalışır", - deyə Ş.Peres qeyd edib. O, bu konteksdə Azərbaycana qonşu olan ölkələrdən birinin - İranın "böyük təhlükə" olduğunu söyləyib. İsrail prezidenti İranı terroru maliyyələşdirməkdə, nüvə silahı istehsal etməyə çalışmaqda və Yaxın Şərqdə təhlükəsizliyə problem yaratmaqda günahlandırıb. Azərbaycanın XİN başçısının İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə isə tərəflər Yaxın Şərqdə baş verən proseslər haqda fikir mübadiləsi aparıb, iki ölkə arasında münasibətlərin hazırki səviyyəsindən məmnunluq ifadə olunub. E.Məmmədyarovun bu səfərinin Bakı ilə Təl-Əviv arasında münasibətlərə öz töhfəsini verəcəyi vurğulanıb.
Bakıya qayıtdıqdan sonra Yaxın Şərqə səfərini şərh edən Elmar Məmmədyarov Fələstin lideri Mahmud Abbasla görüşə bilməməsindən təəssüfləndiyini söyləyib. Görüşün baş tutmamasına Abbasın ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşmək üçün təcili İstanbula uçması səbəb olub. Azərbaycan nümayəndə heyətinin Yaxın Şərqə səfəri nə ilə yadda qaldı? İlk növbədə, E.Məmmədyarovun apardığı danışıqların nəticələri bu səfərdə əsas məqsədin Fələstinə yox, İsrailə baş çəkmək olduğunu deyənlərin yanlış fikirdə olduqlarını ortaya çıxardı. Bakının əvvəlcədən bəyan etdiyi kimi, danışıqların əsas predmeti məhz Yaxın Şərqdə böhranın aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı idi. Səfərin yekunları da bunu bir daha təsdiqləyir. Əlbəttə ki, kiçik bir dövlət olan Azərbaycanın Yaxın Şərq düyününü aça biləcəyini heç kim xəyal etmir. Bu problemin həlli üzərində fövqəldövlətlərin ötən əsrin ortalarından baş sındırdıqları hər kəsə bəllidir. Amma Azərbaycan həm BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, həm də münaqişə tərəflərinin hər ikisi ilə yaxşı münasibətləri olan ölkə kimi, regionda gərginliyin aradan qaldırılmasına öz töhfəsini verə bilər. Yaxın Şərqdəki danışıqlar zamanı, daha sonra isə İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun Bakıya səfəri çərçivəsində Bakıda Fələstinlə bağlı böyük bir beynəlxalq konfransın keçirilməsinə dair razılaşmanın əldə olunması təsadüf deyil. Tədbirin iyunda keçirilməsi nəzərdə tutulub. İsrailə və yəhudi lobbisinə gəlincə, Azərbaycan bu ölkənin simasında həqiqətən də etibarlı müttəfiqə malikdir. İsrail Bakı üçün vacib məqamlarda dəfələrlə Azərbaycana praktiki yardım göstərib. Amerika parlamentarilərinin 1990-cı illərin əvvəllərində Azadlığa Dəstək Aktına etdikləri 907-ci düzəlişin ildən-ilə "dondurulması" əsasən məhz yəhudi lobbisinin xidmətidir.
Bundan başqa, bu gün İsrail Azərbaycanın əsas silah tədarükçüsüdür. Yəhudi dövləti bunu bəzi əvvəlki tərəfdaşların Azərbaycana silah satmaqdan imtina etdiyi bir vaxtda gerçəkləşdirib.
İsrail eyni zamanda Azərbaycanın ən böyük neft istehlakçılarından və hərbi tərəfdaşlarındandır. Amma indiyədək iki ölkə rəhbərlərinin təmasları ya Azərbaycan, ya da üçüncü bir dövlətin ərazisində olub. İsraildə belə görüşlər keçirilməyib. Bunun səbəbləri açıqlanmasa da, ekspertlər bunu Bakının cənub qonşusunu qıcıqlandırmaq istəməməsilə əlaqədəndirir. Onların fikrincə, Azərbaycanın indiyədək Təl-Əvivdə səfirlik açmaması da bununla bağlıdır. Həqiqətən də, Tehran Azərbaycanın İsraillə istənilən əlaqəsinə son dərəcə mənfi reaksiya göstərir. İran ruhaniləri və parlamentariləri isə vaxtaşırı Azərbaycanı müsəlmana yaraşmayan əməllərdə ittiham edir, Bakıdan "sionist rejimi" ilə əlaqələrin kəsilməsini tələb edir.
Lakin Məmmədyarovun səfəri İranın narahatlığına əsasın olmadığını göstərib. Bakı hər şeydən əvvəl, Tehranın Azərbaycan ərazisinin İrana qarşı istifadə oluna biləcəyindən ehtiyatlanması üçün heç bir əsas verməyib və hələ ötən il ABŞ-ın "Foreign Policy" nəşrinin hansısa "məlumatlı mənbələr"ə istinadən bu haqda yaydığı xəbərlərin yalan olduğunu bir daha təsdiqləyib. Azərbaycan qonşuları ilə münasibətlərin möhkəmləndirilməsi siyasətini ona görə aparmır, Qoşulmama Hərəkatına ona görə üzv olmur ki, İrandakı həmvətənlərinin bombalanmasına imkan versin. Onların sayı isə İran əhalisinin üçdə birini, bəzi məlumatlara görə isə tam yarısını təşkil edir.
Elmar Məmmədyarovun Yaxın Şərqə səfəri, ilk növbədə, onu göstərib ki, Bakı bundan sonra da yalnız milli maraqlarından çıxış etmək niyyətindədir. XİN başçısının Fələstin və İsrailə baş çəkməsi Azərbaycanın, hətta ən kəskin böhranların aradan qaldırılması məsələsində də balanslaşdırılmış siyasətə əsaslandığını bir daha təsdiqləyib. Problemli regiona səfər Azərbaycanın bundan sonra da vaxtilə bəyan etdiyi kimi, islam həmrəyliyi idealına sadiq olduğunu göstərib. Bakı BMT TŞ-nin qeyri-daimi üzvü statusundan öz dindaşları ilə strateji tərəfdaşı arasındakı gərginliyi aradan qaldırmaq üçün istifadə etmək niyyətindədir.
Azərbaycanın İsraildə səfirlik açmaq qərarını isə Azərbaycan-İsrail münasibətlərinin tarixində əlamətdar hadisə saymaq olar. E.Məmmədovun jurnalistlərə bildirdiyinə görə, tərəflər arasında artıq bu istiqamətdə danışıqlara başlanılıb. Başqa sözlə, Azərbaycan nümayəndə heyətinin Yaxın Şərq turnesinin həqiqətən də tarixi xarakter daşıdığını guman etmək üçün kifayət qədər ciddi əsaslar var.
MƏSLƏHƏT GÖR: