15 Mart 2025

Şənbə, 00:31

MİXAYLO BİZİ TƏRK ETDİ

Nodar Şaşıqoğlu "qapını çırparaq", həyatdan getdi

Müəllif:

23.04.2013

"Nodar Şaşıqoğlu mənim kabinetimə gələrək dedi: "İcazə ver qapını çırparaq, həyatı tərk edim! Mən kral Liri oynamaq istəyirəm!" Mən əvvəlcə etiraz etdim, çünki bu,  quruluş üçün ən çətin əsər idi.   Həm də Vilyam Şekspirin pyesinin oynanılması və Lirin rolu maksimum gərginlik və bütöv yaradıcılıq fədakarlığı tələb edirdi. Ona görə də tanınmış aktyorlardan heç də hamısı, hətta ən şöhrətli və təcrübəli səhnə ustalarının hamısı bu rolu oynamağa qadir deyildi. Nodar Şaşıqoğlu mənim etirazımı eşidəndən sonra qapını bərk çırparaq getdi. Yaşının çox olmasına baxmayaraq, o, əvvəlki kimi cilovlanmayan temperament sahibi idi... Mən qərara aldım ki, bu tamaşanı qoyum". Azərbaycanın xalq artisti Aleksandr Şarovski bu yaxınlarda dünyasını dəyişmiş əvəzsiz Azərbaycan aktyoru, əfsanəvi Nodar Şaşıqoğlunu bu cür xatırlayır. Bu tamaşa Rus Dram Teatrının 2005-ci il teatr mövsümünün ən yaxşı layihəsi olub və keçən ilə qədər davam edib. Nodar Şaşıqoğlu axırıncı dəfə səhnəyə 2012-ci ilin əvvəlində çıxıb, onda onun 85 yaşı vardı və o, dünya teatr incəsənəti tarixinə kral Lirin ən yaşlı ifaçısı kimi düşdü.  Bu yaşında belə rolu oynamaq, uzun sürən tamaşada emosiyaları ifadə etməklə yanaşı, qeyri-adi qəhrəmanın mürəkkəb duyğular qammasını yaşamaq hər aktyorun işi deyildi. 

Nodar Şaşıqoğlu deyib: "Bu, aktyorun Yaradana müraciət etmək qabiliyyətinə və hüququna aid olan məsələdir. Gərək bəxş olunan istedadı həyatda böyük uğurlara və səhnə  qələbələrinə aparmaq imkanı verdiyinə görə Tanrıya şükür edəsən. Şükür edəsən  ki, O da səni eşitsin..."  Aprelin 12-də səhər çağı Azərbaycanın və Rusiyanın xalq artisti, "Şöhrət" ordenli Nodar İzzətoviç Şaşıqoğlu 86 yaşında dünyasını dəyişdi. 

 

Kinoda 

1950-ci ildə Moskvada Şukin adına Ali Teatr Məktəbini bitirən Şaşıqoğlu Vaxtanqov adına Teatrda bir il işləyib. Sonra məşhur Taqanka Teatrına gəlib. 1953-cü ildə Şaşıqoğlu ilk dəfə kinoda da görünüb. Bu, Sergey Yutkeviçin "Albaniyanın böyük döyüşçüsü Skanderbeq" filmi idi və orada Şaşıqoğlu Osmanlı İmperiyasının banisi Fateh Mehmet rolunu oynayıb. Sonra Şaşıqoğlu "Andrieş" filmində baş qəhrəmanı canlandırıb və Odessa kinostudiyasında işə cəlb edilib. 

Onun çox rolları olub, amma Şaşıqoğluya əsl şöhrəti Həsən Seyidbəyli və İmran Qasımovun populyar povesti əsasında çəkilmiş "Uzaq sahillərdə" filmindəki partizan Mixaylo rolu gətirdi. Film 1958-ci ildə çəkilib. Əfsanəvi personajın prototipi İkinci dünya müharibəsində İtaliyada partizan dəstəsində vuruşmuş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə olub. Şaşıqoğlu bu filmə aktyor kimi cəlb edilməsini belə xatırlayır: "Moskvada məşqlərin birində "Uzaq sahillərdə" filminin ikinci rejissoru Rəşid Ataməlibəyov məni görmüşdü və müharibə qəhrəmanı Mehdi Hüseynzadə haqqında ssenarini oxumağı təklif etdi. Amma bir şərt vardı - bu filmə görə bir müddət teatr səhnəsini tərk etmək lazım idi. Mən razılaşdım, özü də Bakıda qohumlarım vardı və anam da tez-tez ora gedirdi. Hə, Bakı da məni cəzb edirdi! Risk vardı. Axı, filmə onlarla aktyoru yoxlamışdılar, onların arasında məşhur Möhsün Sənani də vardı".

"Film Yaltada və Bakıda çəkilib, Bakıda, əsasən, gecə atışmaları çəkilib və sakinlər, hətta qorxudan milisə də zəng etmişdilər. "Uzaq sahillərdə" bütün SSRİ üzrə kəşfiyyatçı barədə çəkilmiş ikinci film idi. Birinci film Pavel Kadoçnikov barədə çəkilmiş "Kəşfiyyatçının qəhrəmanlığı" filmi idi. Amma bizim film populyarlıqda onu keçdi. 

Filmin premyerası Bakıda  "Nizami" kinoteatrında keçirildi. "Vətən" kinoteatrında  göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft"dən başlayırdı. Biz o filmlə Daşkəndə festivala getdik və birinci yeri tutduq. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü, az qala bizi ayaqlayacaqdılar, hətta məni əlləri üstündə avtomobilə apardılar, mühafizə məni maşına soxdu. Məni əlləri üstündə aparırdılar, kostyumum az qala cırıq-cırıq olmuşdu. Bir ildən sonra filmin Qara Qarayev tərəfindən yazılmış  musiqisi də Ümumittifaq kinofestivalında xüsusi diploma layiq görüldü. Onda insanlar mənim yanıma gəlirdi və deyirdilər: "Biz Mehdi Hüseynzadəni yetirmiş torpağın önündə baş əyib öpürük". Mixaylo ləqəbli qəhrəman kəşfiyyatçı Mehdi Hüseynzadə mənim vizit kartım oldu, halbuki mən kinoda və teatrda çox sayda başqa önəmli  rollar oynamışam",- deyə aktyor bildirir. 

Beləliklə, əslən Gürcüstandan olan və Moskvada oxumuş Şaşıqoğlu Bakıda peyda oldu və sevimli aktyorlardan birinə çevrildi. İlk başdan o, "Azərbaycanfilm"in  yeganə ştatlı aktyoru olub. "Onun böyük ürəyi", "Mateo Falkone", "Telefonçu qız", "Əsl dost", "Bizim küçə", "Səhər", "Leyli və Məcnun" və s. filmlərdə baş rolları oynayıb.

 

Teatrda 

Bir neçə teatr dəyişdikdən sonra 2003-cü ildə Şaşıqoğlu Səməd Vurğun adına Rus Dram Teatrında işləməyə başlayıb. Puşkinin "Kiçik faciələr" əsərində Don Quan, Kşiştof Maksimoviçin "Pik saatı"nda  Stavinskini, Jaka Anuyun "Antiqon" əsərində Sofoklu, Hüqonun "Mariya Tüdor"unda Gilberti oynayıb. O, tez-tez deyirmiş ki, onun son, ən böyük teatr rolu yoxdur və o da tapılıb. Bu, Şeksprin eyniadlı pyesindəki kral Lir rolu olub. Onu ilk dəfə oynayanda Şaşıqoğlunun 78 yaşı vardı. Bu rolu haqqında aktyor deyir: "Bu, zirvədir. İndi mən deyə bilərəm ki, arzuladığım bütün rolları oynamışam. Daha heç nə istəmirəm".

"Nodar Şaşıqoğlunun  rolları doğrudan da dahiyanədir. Mənə elə gəlir ki, onun xarakteri oynadığı qəhrəmanın daxili aləmi ilə üst-üstə düşüb. Mən çox razıyam", - deyə rejissor Aleksandr Şarovski həmin premyeradan sonra bildirmişdi. 

Kral Lirin böyük qızı Qonerilyanın rolunu oynamış Natalya Şarovskaya xatırlayır: "Mən onunla bir səhnəni paylaşdığıma görə fəxr edirəm. O, dindar, xeyirxah və səxavətli  adam idi, həmişə öz istedadını paylaşırdı və gənc aktyorlara yardım edirdi. Onunla birlikdə oynamaq böyük şərəf və zövq verirdi, çox şey öyrənmək olurdu. Nodar Şaşıqoğlu yaxşı və şərəfli həyat sürdü və milli incəsənətin inkişafına böyük töhfələr verdi".

Həmin tamaşada Təlxəyi oynamış xalq artisti Məbud Məhərrəmov aktyor haqqında danışır: "Hələ uşaq yaşlarından biz "Uzaq sahillərdə"ki Mixaylo obrazına heyran qalmışdıq. Bu, bənzəmək istədiyimiz, onun kimi igid və qorxmaz kəşfiyyatçı olmaq istədiyimiz qəhrəman idi. Onunla eyni səhnədə çıxış etmək mənim üçün böyük tale hədiyyəsi oldu. Bizi yalnız yaradıcılıq əlaqələri deyil, həm də dostluq münasibətləri birləşdirirdi. Biz hər ikimiz martda doğulmuşuq, mən 50 yaşımı qeyd edəndə, o da 80 illik yubileyini qeyd edirdi. Nodar Şaşıqoğlu dedi: "Sənin 80 illiyində olmaq istəyirəm". İndi kral Lirin son ifadəsini xatırlayıram: "Mənə ağırdır". Bu gün mənim üçün, doğrudan da, ağırdır..." - deyə aktyor vida mərasimində söyləyib. 



MƏSLƏHƏT GÖR:

639