25 Noyabr 2024

Bazar ertəsi, 10:37

DURMADAN QAZLAŞDIRMA

Bu il Azərbaycanda qazlaşdırma prosesi tam başa çatdırılmalıdır

Müəllif:

23.04.2013

Azərbaycan qaz ixracatı üzrə potensialının tammiqyaslı gerçəkləşdirilməsi üzrə məqsədinə yaxınlaşdıqca, ölkənin bütün regionlarının maksimum səviyyədə  qaz təchizatının gerçəkləşdirilməsi hökumət üçün əsas məsələlərdən birinə çevrilir. Hökumət bu məsələni çox tezliklə həll etmək niyyətindədir: regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq 2013-cü ildə Azərbaycanda qazlaşdırma və qaz təchizatının səviyyəsinə görə ölkə tarixi üzrə maksimum göstəricilər əldə ediləcək. 

 

Regionlar və Bakı

Beləliklə, cari il Azərbaycanda qaz təchizatı problemlərinin həllində dönüş ili olmağı vəd edir, yəni ölkənin qazlaşdırılması prosesi, köhnə qaz xətlərinin yenidən qurulması və yeni xətlərin çəkilməsi başa çatmalıdır. 2013-cü ilin sonuna kimi qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması planlaşdırılır, hazırda isə bu, 80%-dən bir az artıqdır.  Əhatə edilməyən 5% isə ölkənin əhalisi az və ucqar bölgələrinin payına düşəcək ki, oralara qaz çəkilməsi texniki baxımdan çətindir, həmçinin iqtisadi cəhətdən  məqsədəuyğun da deyil. 

Bildirmək gərəkdir ki, son bir neçə ildə Azərbaycanda qazpaylayıcı sistemin inkişafı, qazlaşdırma, əhalinin  keyfiyyətli və fasiləsiz  "mavi yanacaq"la təmin edilməsi sahəsində önəmli işlər görülüb. Nəticədə, ölkə üzrə qaz abunəçilərinin sayı            1,5 mln.-u keçib, qaz sayğacları ilə təchizat səviyyəsi isə praktiki olaraq 100%-ə çatdırılıb. Bu zaman proqram çərçivəsində böyük diqqət cəbhə bölgəsində və sərhədyanı bölgələrdəki yaşayış məntəqələrinin qazlaşdırılmasına verilir - 2012-ci ildə Azərbaycanın Ağdam və Qazax rayonlarının tam qazlaşdırılması başa çatdırılıb. Bütünlükdə,  "Azəriqaz" İstehsalat Birliyinin və SOCARın tərkibində Qaz İxracatı İdarəsinin fəaliyyəti dövründə, yəni 2009-cu ildən bu yana 408 yaşayış məntəqəsi "mavi yanacaq"la təchiz edilib, yeni abunəçilərin sayı isə 315 524-ə çatıb. 

Həmçinin Naxçıvan Muxtar Respublikasının (MR) qaz təchizatı problemi tam həll edilib, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi üzündən MR-i Azərbaycanın ümumi qaz təchizatı sxeminə daxil etmək mümkün deyil. MR-in qazla təchizatı 2004-cü ildə bağlanmış saziş əsasında İrana svop qaz nəqli (mübadilə sxemi)  üzrə gerçəkləşdirilir. 25 ilə hesablanmış saziş əsasında İran Azərbaycandan bu ölkəyə daxil olan qazın 85%-ni (sutkada 1-1,2 mln kubmetr) Naxçıvan MR-ə ötürür. Qalan 15%-i isə əməliyyatın haqqı kimi İran tərəfi götürür. 

Ölkə regionlarının qaz təchizatı səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, SOCAR ölkə üzrə ən iri olan qaz nəqliyyat sisteminin - Bakı və Abşeron yarımadasındakı sistemin genişləndirilməsinə də böyük diqqət yetirir. 

Qeyd etmək yetərlidir ki, 1 mart 2013-cü il tarixinə Azərbaycanda qaz abunəçilərinin sayı 1,52 mln təşkil edir və onların üçdəbirindən çoxu (672 min) Bakının payına düşüb, özü də bütün abunəçilər sayğacla təchiz edilib. Bu cür geniş əhatəni nəzərə alan  "SOCAR" paytaxtın və Abşeronun qazpaylayıcı şəbəkəsinin yenidən qurulması və modernləşdirilməsi layihəsini gerçəkləşdirmək niyyətindədir. Almaniyanın "E.ON" şirkəti isə artıq onun texniki-iqtisadi əsaslandırmasını hazırlayaraq,  "SOCAR"a təqdim edib. Layihənin gerçəkləşdirilməsinin əsas səbəbi onunla bağlıdır ki, paytaxtın qazpaylayıcı sistemi artıq köhnəlib və indiki tələblərə, artan qaz tələbatına cavab vermir. Onun modernləşdirilməsi üçün mövcud infrastrukturun 90%-ni yeniləşdirmək gərəkdir. 

Layihə qaz itkisini minimuma endirməyi, mövcud qazpaylayıcı sistemin əhali artımı və sənayenin dayanıqlı inkişafı, həmçinin gələcəkdə artacaq tələbatın təmin edilməsi nəzərə alınmaqla genişləndirilməsini və yenidən qurulmasını nəzərdə tutur. Yeni sistem bu sahədə  bütün beynəlxalq standartlara uyğun gəlməlidir, tamamilə  avtomatlaşdırılacaq və çağdaş texnologiyaların tətbiqi ilə işləyəcək. 

Ümumilikdə, layihə  1,2 mlrd avro tələb edə bilər ki, onun tamamilə xarici sərmayə cəlb edərək gerçəkləşdirilməsi planlaşdırılır. Azərbaycanda, xüsusilə də Bakıda sənaye bumu nəzərə alınaraq, yeni binaların qazla təchizi məsələsi əhali üçün aktual olaraq qalır. Çoxmərtəbəli binaların qazla təchiz edilməsi məsələsi "SOCAR" üçün elə də çətin deyil. Şirkət yeni binanı qazpaylayıcı şəbəkəyə bir həftəyə qoşmaq iqtidarındadır, amma bunun üçün binanın Fövqəladə Hallar Nazirilyi (FHN) tərəfindən qəbul edilməsi barədə akt olmalıdır. Yeni binalar su ilə,  elektrik enerjisi ilə təchiz edilə bilərlər, amma qazın verilməsi məsuliyyətli məsələdir. Buna görə də dövlət qəbulundan keçməmiş binanın qazla təchiz edilməsi partlayış və faciələrə səbəb ola bilər. "SOCAR"ın özündən isə əmin edirlər ki, şirkət, əlbəttə ki, abunəçiləri qazla təmin etməkdə, qaz təchizatı səviyyəsinin, yığımların və iqtisadi səmərəliliyin artırılmasında maraqlıdır, amma bu məsələdə abunəçilərin təhlükəsizliyi hər şeydən üstündür. 

 

Effektiv istehlak 

İqtisadi effektivlikdən danışanda qeyd etmək lazımdır ki, qaz təchizatının keyfiyyətinin qaldırılması, qazın paylanmasının və satışının iqtisadi məqsədəuyğunluğunın artırılması istiqamətində "mavi yanacaq"ın nəqli zamanı itkilərin səviyyəsinin aşağı salınması çox vacibdir. Bu məsələ də "SOCAR"ın gələcəkdə inkişaf etdirməyi planlaşdırdığı istiqamətlərdən biridir - şirkət ölkənin qazpaylayıcı şəbəkəsinin itki səviyyəsinin sıfır göstəricisinə endirməyi planlaşdırır. 

Bildirmək gərəkdir ki, bütünlükdə son illərdə itki həcmi önəmli şəkildə aşağı düşüb. Əgər əvvəllər o, 23% olubsa, keçən il bu göstərici 9% səviyyəsinə qədər aşağı salınıb. Onun inkişaf etmiş ölkələr səviyyəsinə qədər təkmilləşdirilməsi paytaxtın paylayıcı şəbəkəsinin tam yeniləşdirilməsi, həmçinin başqa proqram və layihələrin gerçəkləşdirilməsi vasitəsilə baş verəcək. 

Ölkə istehlakçılarının qaz sayğacları ilə təchizatı ilə birlikdə smart-kart bazasında işləyən aparatların quraşdırılması üzrə iş də aparılır. Bu vaxta qədər 700 minə yaxın bu cür sayğac quraşdırılıb. Onun bir sıra üstünlükləri var, əsas üstünlük kimi isə onu göstərmək olar ki, bu sistem istehlakçının qaza görə borcunun yığılmasını tamamilə istisna edir. Bundan başqa,  əhali bir daha "Azəriqaz" İB-nin işçiləri ilə görüşmək, pulu birbaşa nəzarətçilərə vermək məcburiyyətində qalmır ki, çox vaxt bu, istehlakçıların nəzarətçilərə inamının itməsi ilə nəticələnirdi. 

Qaz smart-sayğacları 2013-cü ilin sonuna kimi Bakıda və ətraf qəsəbələrin abunəçilərinin hamısını əhatə edəcək, amma bəzi abunəçilər onun işindən razı deyil və gileylənirlər ki, aşağı təzyiqlərlə bu "ağıllı" sayğaclar əsasız olaraq istehlak göstəricisini artırırlar. Başqa iradlar da var ki, İB-də onların bir qismi ilə razılaşırlar və operativ şəkildə nasazlığı aradan qaldırırlar. İB-dən bildirirlər ki, quraşdırılan sayğaclar Fransanın "Itron" şirkəti tərəfindən istehsal edilir ki, onlar müəyyən texniki parametrlərə malikdir və şirkətin təmsilçiləri mütəmadi olaraq onların işinin normalara uyğun olub-olmamasının monitorinqini aparırlar. 

Qazlaşdırma və yerli əhəmiyyətli yeni qaz xətlərinin çəkilməsi ilə yanaşı, "SOCAR", həmçinin yeni magistral kəmərlərinin tikintisi və artıq mövcud olan magistral qaz borularının  yenidən qurulması ilə bağlı planlara da malikdir. Bu işlər hələ hazırlanmaqda olan xüsusi proqrama uyğun gerçəkləşdiriləcək. Məsələ bundadır ki, bütün magistral qaz kəmərləri keçən əsrin 70-80-ci illərində çəkilib və təbii ki, artıq yeniləşməyə, yenidənqurmaya və bəzi sahələrin dəyişdirilməsinə  ehtiyac duyulur. Bu boru kəmərlərinin təmiri və onlara xidmət edilməsi üzrə işlərin mütəmadi gerçəkləşdirilməsinə baxmayaraq, onlar barədə plan hazırlanması və bu plana uyğun şəkildə tədbirlərin gerçəkləşdirilməsi məqsədəuyğun və vacibdir. Qeyd edək ki, "SOCAR" magistral qaz kəmərləri vasitəsilə həm respublika ərazisinə, həm də Gürcüstana, Rusiyaya və Naxçıvan üçün svop əməliyyatlar çərçivəsində İrana qaz nəqli gerçəkləşdirir. 

Beləliklə, işlərin həcmi və planlar yetərincə əhatəlidir. Onların tam gerçəkləşdirilməsi Azərbaycanın iqtisadi potensialının inkişafının təsdiqi ilə yanaşı, ölkənin bütün regionlarının, iqtisadiyyatın bütün sahələrinin, o cümlədən kənd təsərrüfatının, sənaye istehsalının, turizmin v s.-in mütərəqqi inkişafını təmin etməyə imkan yaradacaq. Sonucda bütün bunlar əsas problemin həllinə - ölkə iqtisadiyyatının şaxələndirilməsinə və neftdənkənar bölmənin möhkəmləndirilməsinə imkan verəcək. 



MƏSLƏHƏT GÖR:

650