14 Mart 2025

Cümə, 21:45

YÜZİLLİK TƏNHALIQ

XXI əsrdə "erməni məsələsi" necə olacaq?

Müəllif:

01.04.2014

Bu il dünya birliyi Birinci Dünya müharibəsinin (1914-1918) yüzüncü ildönümünü qeyd etməyə hazırlaşır. Söhbət aparıcı imperiyalar arasındakı ən qanlı qarşıdurmaların birindən, Avrasiyanın geosiyasi xəritəsini və sosial-siyasi strukturunu köklü şəkildə dəyişmiş müharibədən gedir. Həmin müharibənin ən qanlı döyüşləri Kiçik Asiya, Qara dəniz sahilləri və Cənubi Qafqazda yaşanıb. Bu böl- gələrdə Avropa ölkələri və Rusiya Osmanlı İmperiyası isə qarşı-qarşıya gəliblər. Rusiya və Qərbin regiona müdaxilələrinə haqq qazandırmaq üçün istifadə etdikləri şüarlardan biri "xristian xalqlarının xilası" idi.

Qərb və Rusiyanın Osmanlı İmperiyasına, Kiçik Asiya və Cənubi Qafqazın müsəlman əhalisinə qarşı apardıqları hərbi-siyasi oyunlarda "erməni məsələsi"nin az rol oynamadığını söyləsək, heç də yanılmarıq. Ümumiyyətlə, XIX əsrdə və XX əsrin əvvəllərində Avropa imperiyaları ilə Rusiya sözügedən regionlarda öz maraqlarını təmin etmək üçün erməni amilindən ideoloji alət kimi, fəal şəkildə istifadə ediblər. Onlar iddialarını əsaslandırmaq üçün əlüstü qədim erməni tarixini uyduraraq, dövriyyəyə buraxmış, erməni kilsəsinin başçılıq etdiyi hazırkı erməniləri onun varisi elan etmişdilər. Kifayət qədər sürüşkən və qeyri-elmi tezislər üzərində yalan konsepsiya hazırlanmışdı. Həmin konsepsiyaya əsasən, guya 1000-2000 il əvvəl Kiçik Asiyada müxtəlif dövlətlər olub, sonradan onlar məhv edilib və indi "ədalət"in bərpa olunmasına, tarixin bir neçə min il geri qaytarılmasına ehtiyac var. Məntiqi baxımdan absurd olan bu layihə Kiçik Asiya və Cənubi Qafqazda baş vermiş sərt toqquşmaların əsas səbəblərindən biri idi. Bu toqquşmalar yüz minlərlə günahsız insanın həyatına son qoyub...

Erməni məsələsi ilk dəfə Rusiya-Türkiyə müharibəsinin (1877-1878-ci illər) nəticəsi olaraq meydana gəlib. 1878-ci ildə bağlanmış San-Stefano müqaviləsinin 16-cı maddəsinə görə, "Ali Porta əhalisi erməni olan vilayətlərdə islahatlar aparmaq öhdəliyi götürüb".

"Erməni məsələsi"ndən maksimum faydalanmaq cəhdi bir də "Şərq xristian çarlığı" yaratmaq arzusunda olan Avropa və Rusiya monarxiyalarının basdırılması ilə nəticələnən Birinci Dünya müharibəsində (1914-1918-ci illər) üzə çıxdı. Sonda süquta uğramış Osmanlı İmperiyasının yerində Kiçik Asiyada Türkiyə Respublikası, onun Cənubi Qafqazdakı qonşuluğunda isə 3 ölkə - Gürcüstan, Azərbaycan və Ermənistan respublikaları yarandı. Həmin vaxtdan beynəlxalq siyasətdə "erməni məsələsi" tədricən aktuallığını itirməyə başladı. Çünki təcrübə bu mövzunun Avropa və Rusiyaya ciddi uğur gətirmədiyini göstərmişdi.

Mövzunun yenidən aktuallaşdırılmasına dəfələrlə göstərilən cəhdlər nəticə vermədikdə, Qərb XX əsrin ortalarında ortaya yeni ideoloji konsept - "1915-ci ildə Osmanlı İmperiyasında erməni soyqırımı" anlayışını atdı. Məqsəd Türkiyə Respublikasına "yumşaq" siyasi təzyiqlərin göstərilməsi idi. Ermənilik yeni konsepti ruh yüksəkliyi ilə qarşıladı, Avropa və Amerikanın bu mövzunu təbliğ etməyə hazır olan siyasətçilərinə, müxtəlif xadimlərə böyük ürək açıqlığı ilə vəsaitlər xərclənməyə başladı. Yəni, "qədim erməni çarlığının bərpası" layihəsini "soyqırıma görə qisas" layihəsi əvəzlədi. Elə bu layihə çərçivəsində erməni terror təşkilatları 1970-80-ci illərdə Avropada, Amerikada, Yaxın Şərqdə, o cümlədən Türkiyənin özündə Türkiyə vətəndaşlarına, siyasətçilərinə, xadimlərinə qarşı yüzlərlə terror aktı törədiblər. Bununla yanaşı, Türkiyə hökumətindən "erməni soyqırımı"nın tanınması, külli miqdarda kompensasiyanın ödənilməsi, o cümlədən ermənilərin ərazi iddialarını qəbul etməsi tələb olunub.

1952-ci ildə Türkiyənin NATO-ya üzv olmasından sonra, Qərb artıq ermənilərin alyans üzvünə qarşı ərazi iddialarını dəstəkləyə bilmə-yəcəyini anladığından, "erməni soyqırımı" şəklində yeni təzyiq aləti uydurub. Qeyd edək ki, əvvəllər SSRİ-də Qərbin bu yeni "ideya"sına o qədər də inamla yanaşılmayıb və o, "imperialistlərin növbəti axtarışı" kimi qiymətləndirilib. Lakin Ankaranın öz siyasətində Mustafa Kamala məxsus sosial istiqamətdən uzaqlaşmağa başlamasından sonra Kreml də NATO üzvü olan Türkiyəyə qarşı "erməni soyqırımı" amilindən istifadə etmək qərarına gəlib. Sovet hakimiyyətinin icazəsi ilə İrəvanda (1965-1967-ci illərdə) "soyqırımı" qurbanlarının xatirəsinə abidə ucaldılıb, aprelin 24-nün mitinq-yürüşlə qeyd olunmasına razılıq verilib. Təbii ki, bu cür aksiyalarda millətçi antitürk şüarları səsləndirilməyə başlanıb. Bununla yanaşı, partiya, dövlət strukturlarında və tarix elmində erməni doktrinasının yenidən yazılmasına, erməni xalqının əsas düşməni kimi Türkiyənin göstərilməsinə qərar verilib.

Amma "erməni soyqırımı" layihəsi də yaradıcılarına və istifadəçilərinə xüsusi dvidend gətirmədi. Çünki Türkiyə artıq yüksələn hərbi-siyasi və sosial-iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdu. Bu inkişaf XXI əsrdə Türkiyəni beynəlxalq arenanın ciddi geosiyasi oyunçusuna çevirdi. Qərb köhnəlmiş erməni kartının nəinki fayda gətirmədiyini, hətta Avropa və Amerikanın Kiçik Asiya və Cənubi Qafqazdakı maraqlarına ciddi zərbə vurduğunu məhz bundan sonra anladı. Söhbət Cənubi Qafqazdan və ilk növbədə, Azərbaycandan gedirsə, "erməni məsələsi"nin burada da Qərb və Rusiya üçün aktuallığını itirdiyini söyləmək mümkündür. XIX-XX əsrlərdə erməni amilindən regionumuzdan azərbaycanlı, türk əhalisinin çıxarılması, məhv edilməsi üçün istifadə olunub. XX əsrin sonlarında - SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi dövründə erməni kartından yenidən ölkəmizə qarşı istifadə edilib. Bu dəfə onun vasitəsilə Dağlıq Qarabağ münaqişəsi qızışdırılıb. Münaqişənin gizli məqsədlərindən biri Azərbaycanın müstəqilliyinin mümkün qədər zəiflədilməsi, onun bütün resurslarının, xarici siyasətinin və inkişaf vektorlarının total nəzarətə götürülməsi idi.

Amma Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın getdikcə güclənən inkişafına mane ola bilmədi. İndi Azərbaycan yalnız Cənubi Qafqazın deyil, həm də qonşu regionların, o cümlədən Şərqi Avropanın geosiyasətində, enerji tranzitində və investisiyalaşdırılmasında böyük rol oynayır. Faktiki olaraq, Azərbaycanın xarici siyasətdə hücum xətti seçməsinə məhz Dağlıq Qarabağ probleminin çözülməmiş qalması ciddi motivasiya olub. Yəni, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi dünya fövqəldövlətlərinə gözlədikləri dividendləri qazandırmamaqla yanaşı, ən ciddi zərəri Ermənistanın özünə vurub. Bu siyasət Ermənistanı iflasa sürükləyib, sosial-iqtisadi böhranla üz-üzə qoyub. İndi İrəvanı bu vəziyyətdən heç kəs çıxara bilməz.

Faktiki olaraq, tarixin bu mərhələsində erməni kartından tam istifadə olunub. Çünki o, Türkiyə və Azərbaycanda Qərb fövqəldövlətlərinə və Rusiyaya heç bir praktiki fayda gətirmir. Əksinə, Azərbaycanla Türkiyənin maraqlarını nəzərə alan dövlətlər gəlir, fayda qazanırlar. Bu gün Ankara ilə Bakı yalnız iqtisadi, enerji tranziti sahəsində deyil, hərbi-siyasi sahədə də kooperasiyanın astanasındadırlar. Bu, Cənubi Qafqazda sabitliyin yeni səviyyəyə yüksəlməsinə təkan verir və yaxın perspektivdə ölkələrimizin Yaponiyadan, Çindən Qərbi Avropa ölkələrinədək yeni logistika mərkəzinə, enerji tranziti meydanına çevrilməsinə imkan yaradacaq.

 

 

1878-ci İLİN SAN-STEFANO MÜQAVİLƏSİNDƏ ERMƏNİ MƏSƏLƏSİ

San-Stefano sülh danışıqları zamanı Rusiya nümayəndə heyəti əvvəlcə israrla "sultanın Rusiya çarı qarşısında əhalisi erməni olan vilayətlərdə muxtar inzibati idarəçilik yaratmaq haqda öhdəlik götürməsini" tələb edirdi. Söhbət "Ərzurumdan, Muşdan, Van, Sebast, Diyarbəkir və digər" vilayətlərdən gedir. Rusiyanın daha bir tələbi o idi ki, "sultan bu islahatların həyata keçiriləcəyinə real zəmanət verir" (E.Ohanesyan "Mübarizə əsri". Münhen-Moskva, 1991, cild 1, səh. 52; Keqamyan "Erməni azadlıq hərəkatı". Bakı, 1915, səh. 353-354). 

Lakin Osmanlı Türkiyəsi çar Rusiyası qarşısında bu öhdəliyi götürməkdən imtina etdi. Bununla yanaşı, daşnak hərəkatının ideoloqlarından biri, Fransadan olan beynəlxalq hüquq professoru Rollen-Jekmenin qeyd etdiyi kimi, "bu müqavilənin qiyməti və xidməti Ermənistanın ilk dəfə beynəlxalq müqavilədə yer almasındadır" (Rollen-Jekmen "Ermənistan, ermənilər və müqavilələr". - "Türkiyədə ermənilərin vəziyyəti". Moskva, 1896).

Rusiyanın İstanbuldakı səfiri qraf İqnatyeviç bu maddə ilə bağlı knyaz Qorçakova yazırdı: "16-cı maddə. Bu maddə bütün erməni əhalini razı salıb. Ermənistanın adı ilk dəfə bir beynəlxalq müqavilədə çəkilir… Türkiyə səlahiyyətliləri Eçmiədzin katolikosunun xatırlanmasına, onun bütün ermənilərin ali rəhbəri kimi göstərilməsinə qəti şəkildə etiraz edir, müqavimət göstərirdilər. Bu üzdən rus səlahiyyətliləri ehtiyat edərək, bu məsələyə toxunmamağa qərar verdilər. Həqiqətən də, katolikosa həddindən artıq beynəlxalq önəmin verilməsi bizim özümüz üçün Qafqazda bir sıra inzibati çətinliklər yarada bilər, hətta ermənilər arasında bizim maraqlarımıza cavab verməyən meyil və təşəbbüslərə yol aça bilərdi". ("İstoriçeskiy vestnik", 1915, cild CXLII, səh. 85).

Erməni Beynəlxalq Hüquq və Politologiya İnstitutunun (Moskva) professoru Aleksandr Svarants "Etnik ərazi - etnosla ərazinin qarşılıqlı təsirinin nəticəsi" məqaləsində ikili siyasətin aparıldığını, rusların Türkiyə erməniləri üçün tələb etdikləri imtiyazları öz ermənilərinə vermək istəmədiyini yazır: "Aydındır ki, Şərqdə öz siyasətini daha uğurla həyata keçirmək üçün beynəlxalq diplomatik əlaqələrdə çar Rusiyasına erməni xalqının nümayəndəsi kimi, katolikos lazım idi. Amma bu halda onun əhəmiyyəti daxili  siyasətə də təsir göstərəcəkdi. Rusiyanın xarici siyasəti katolikosun önəminin artırılmasını tələb edirdisə, daxili siyasət baxımından bunun əksə tələb olunurdu. Rusiya ermənilərinin vahid, müstəqil Ermənistanın yaradılması istiqamətində siyasi fəaliyyətə başlayacağından ehtiyatlanan Rusiya bütün vasitələrlə və yollarla ermənilərdə bu cür fikirlərin yaranmasına belə, mane olmağa çalışırdı".



MƏSLƏHƏT GÖR:

705