
MƏQSƏD VASİTƏYƏ HAQQ QAZANDIRIR?
Erməni terrorunun əsas qurbanları - ermənilər
Müəllif: Fuad HİLALOV Bakı
Ermənilik az qala bir əsrdir ki, insan haqları ideyası altında "Osmanlı imperiyasında erməni soyqırımı"nın tanınması məsələsini dünya ictimaiyyətinin beyninə yeritməyə çalışır. Amma bu zaman onlar öz tarixlərinin qaranlıq səhifələri haqda susurlar.
Halbuki bu gün tarix elmi erməni terrorçularının mistik "Böyük Ermənistan"ın yaradılması məqsədilə hətta öz xalqının qanını tökməkdən belə, çəkinmədiyini sübut edir. Onlar illər boyu öz nüfuzlu ictimai və dini xadimlərini, saysız-hesabsız erməni kəndlərinin sakinlərini qətlə yetirib, talanlar törədiblər. Səbəb isə həmin insanların cəfəng avantüraya qoşulmaq istəməmələri olub.
Məsələn, məşhur erməni tarixçi və ictimai xadim Jirayr Liparityan yazır ki, "yalnız 3 il ərzində (1904-1906) "Qnçak" və "Daşnaksutyun" erməni təşkilatlarının fəaliyyəti nəticəsində 105 nəfər qətlə yetirilib ki, onların 70-dən çoxu erməni olub".
Bu, erməni təşkilatlarına xas xüsusiyyətdir. Məsələn, 1878-ci ildə Vanda "Qara xaç" adlı erməni terror qruplaşması var idi. O, əsasən, quldurluqla, erməni millətindən olan insanların qətlə yetirilməsilə məşğul olurdu. Terrorçular qurbanlarının adını qara xaça döyürdülər. Belə bir fikir var ki, hazırkı "Daşnaksutyun" partiyası başlanğıcını məhz bu təşkilatdan götürüb. Ümumilikdə, 1878-1914-cü illər ərzində erməni terrorçularının yüzlərlə ermənini qətlə yetirdiklərini söyləmək mümkündür.
"Qnçak" və "Daşnaksutyun" dinc erməniləri qorxutmaqla, hədə ilə sıralarını yeni döyüşçülər, maliyyə resursları ilə zənginləşdirirdilər. Bunun üçün müvafiq məktub yazılır, erməni sənayeçilər və tacirlərə göndərilirdi. Onlar təşkilata yardım göstərməkdən imtina etdikdə isə təqiblərə məruz qalır, qətlə yetirilirdilər. Qatillər isə bir çox hallarda cinayəti törədərkən özlərini müsəlmanlar kimi qələmə verirdilər.
Kilsəyə qarşı "Xaç yürüşü"
Nəzərə alsaq ki, erməni cəmiyyətində əsrlər boyu ən böyük nüfuz kilsələrdə olub, millətçilərin əsas təzyiqləri də məhz din xadimlərinə yönəlirdi.
Terrorun ən birinci qurbanları erməni ictimaiyyətində millətçi-separatçı tendensiyaları qəbul etməyən, dövlətə sadiqliyi təbliğ edən keşişlər olub. Bəzi patriarxlar millətçi təşkilatların hökumət əleyhinə təxribatçı əməllərə çağırışına mane olurdu. Belə hallarda komitə üzvləri hədə-qorxu, şantaj yolu ilə onların yüksək rütbədən kənarlaşmasına nail olur, yeni gələnləri isə millətçi ideyaların yayılmasına köməklik göstərməyə məcbur edirdilər. Buna ən bariz nümunə XIX əsrin sonu, XX əsrin əvvəllərində Osmanlı imperiyasındakı erməni patriarxlarının başına gələnlərdir.
Osmanlı arxivindəki materiallar göstərir ki, İstanbul ermənilərinin patriarxı Aşikyan (1888-1894) türk sultanına erməni icmasının daxilində təhlükəli ünsürlərin peyda olduğu haqda dəfələrlə məlumat verib, təhrikçilərin cəzalandırılmasını istəyib. İstanbul erməni məhəlləsi Kumkapıdakı nümayiş zamanı ("Qnçak" təşkilatı mövcudluğunu ilk dəfə onda elan edib) millətçilərlə patriarxlar arasında açıq qarşıdurma belə, baş vermişdi. Səbəb patriarxların kilsə bayramı zamanı siyasi aksiyanın keçirilməsinə mane olmaq cəhdi idi. Aksiya həm hökumətə, həm də patriarxa qarşı idi. Partiya hesab edirdi ki, patriarx Aşikyan erməni millətinin maraqlarını müdafiə etmir və bu səbəbdən yerini başqasına verməlidir. Sonradan 1894-cü ilin 27 aprelində Aşikyana qarşı sui-qəsd həyata keçirildi. Tezliklə bunu etmiş erməni terrorçu həbs olundu, Aşikyan isə postunu tərk etdi.
"Qnçakçılar" barışmazlıq nüma-yişi ilə həm ruhanilər arasında, həm də ictimaiyyətdə qorxu toxumu səpməyə nail oldular. Aşikyanı əvəzləmiş Matteos İzmirliyan isə millətçilərə açıq dəstək verməklə millətlərarası ədavət yaradır, hökumətə tabe olmurdu.
Erməni apostol kilsəsinin sui- qəsdə məruz qalmış digər patriarxı Maqakiya Ormanyan idi. O, kilsədə iş başında olarkən erməni terrorçu - daşnak Akop tərəfindən əlindən yaralanmışdı. Bunu erməni əsilli məşhur türkiyəli tarixçi Levon Dabaqyan özünün "Türkiyə ermənilərinin tarixi" kitabında yazır.
Axtamar monastrının baş keşişi Arsen Vartapedi və onun katibi Miqranı da erməni terrorunun qurbanları saymaq olar. Onlar daşnak İşxanın monastrı qarət etmiş dəstəsi tərəfindən qətlə yetiriliblər. Amma erməni terrorçuları tərəfindən din xadiminin qətli ilə bağlı ən səs-küylü hadisə ABŞ-dakı erməni apostol kilsəsinin Şərq yeparxiyasının baş keşişi Levon Turyana edilmiş hücumdur. Turyan 1917-ci ildə İstanbulda terrorçulara yardım edən ruhanilər haqda ifşaedici yazısının dərcindən sonra "qara siyahı"ya düşmüşdü. Həmin yazıda Turyan terrorçulara yardım göstərən ruhaniləri 600 il ermənilərlə "çiyin-çiynə yaşamış" türklərə qarşı nifrət və dözümsüzlük aşılamaqda günahlandırırdı.
Turyana ilk hücum uğursuz alınmışdı. Lakin 1933-cü il dekabrın 24-də, Milad ərəfəsində o, Nyu-Yorkdakı Müqəddəs xaç kilsəsində iş başında olarkən "Daşnaksutyun" partiyasının bir neçə üzvü tərəfindən qətlə yetirildi. Bundan sonra, erməni diasporunun özündə parçalanma və qarşıdurma yarandı və bu vəziyyət təxminən 30 il davam etdi.
Varlı və ziyalı ermənilərə qarşı qəsd
Artıq qeyd olunduğu kimi, erməni terror təşkilatları öz cinayətkar əməllərini gerçəkləşdirmək üçün tez-tez elə öz həmtayfalarına qarşı zorakılıqdan, talançılıqdan istifadə edirdilər. Bunun əvəzini çıxmaq istəyənlər isə başqalarının gözünü qorxutmaq məqsədilə öldü-rülürdülər. Odur ki, terrorçuların diqqət mərkəzinə, ilk olaraq, yüksək statusu və maddi durumu hesabına kütləni idarə edə biləcək, manipulyasiya imkanları olan şəxslər düşürdü. Millətçilər erməni cəmiyyətində əhvalı bu insanlar vasitəsilə idarə etməyə çalışırdılar.
Zəngin ermənilərin yaşadığı bir çox evə üzərində "Müqəddəs erməni inqilabına yardım etməyə hazır olun" sözləri yazılmış kağız parçaları göndərilirdi.
İstanbulda erməni terrorçularının təhlükəsini hiss edən bir çox erməni tacir və sənətkarlar öz müəssisəsini bağlamaq məcburiyyətində qalırdılar. Onlar müəssisələrini yalnız Türkiyə hökuməti tərəfindən təhlükəsizlik zəmanəti aldıqdan sonra yenidən açırdılar.
Arxiv materiallarına əsasən, "inqilab xəracı" ödəməkdən imtina etdiyi üçün öldürülmüş İstanbul erməniləri arasında Tiqran Qaraqozyan, Andon Xaçyan, Apik Uncuyan və bir çox digərləri var. Erməni terrorçu komitə üzvü Qaraqozyanı dar ağacından Rusiya İmperiyası səfirliyinin əməkdaşı Maksimov xilas etmişdi.
Ermənilərin yaşadığı Osmanlı əyalətlərindəki siyasi qeyri-sabitlik səbəbindən terrorçuların özbaşınalığının həddi-hüdudu yox idi. 1890-cı ildən 1917-ci ilədək Anadolunun müxtəlif hissələrində onlarla zəngin erməni öldürülüb. Erməni terrorçuların öz həmvətənlərinə qarşı təşkil etdikləri terror aktları yalnız Osmanlı İmperiyası dövründə yox, sonralar da dünyanın müxtəlif ölkələrində davam edib.
1907-ci il iyulun 22-də Nyu-Yorkda xalça alverçisi Tavşancyan qətlə yetirilib. Onun qatili - "Qnçak" üzvü Bedros Ambarsumyan bildirib ki, taciri öz vətəninin xilasına pul vermək istəmədiyi üçün öldürüb. "The New York Times" qəzetinin yazdığına görə, 1907-ci il iyulun 23-dən etibarən "bir çox varlı erməniyə xəbərdarlıq göndərilmişdi". Onlar ermənilərin yaşadığı regionlarda türk hökumətinin devrilməsi üçün hərəyə 10 000 dollar ödəməyəcəkləri təqdirdə, Tavşancyanın aqibətini yaşayacaqları ilə hədələnirdilər. Bundan 4 il əvvəl isə Moskvada bankir Camqarov yenə də erməni terrorçularına 30 000 rubl ödəməkdən imtina etdiyi üçün qətlə yetirilmişdi. Qurbanların siyahısına "Daşnaksutyun" partiyasının ideologiyasını tənqid etdiyi üçün 1918-ci ildə Tiflisdə qətlə yetirilmiş yazıçı, ictimai xadim Ambarsum Arakelyanı da əlavə etmək olar. Fransalı tarixçi Maksim Qauinin sözlərinə görə, bu, komitəçilərin tipik "qəhrəmanlıq" aktı idi. Onlar müdafiəsiz xəstə adamı öz yataq otağında amansızlıqla qətlə yetirmişdilər.
Artıq 1982-ci il martın 26-da "Qnçak" və "Daşnaksutyun"un davamçısı olan ASALA Beyrutda güclü partlayış törətdilər. Onlarla günahsız insanın ölümü və 300-dən artıq insanın yaralanmasının günahkarı olan ASALA bu partlayışı erməniyə məxsus kinoteatrda təşkil etmişdi. Səbəb isə orada türk filmlərinin nümayişi idi. Partlayış nəticəsində 2 nəfər həlak olmuş, 16-dan artıq insan yaralanmışdı.
Erməni komitəçilər Osmanlı İmperiyasında çalışan erməni əsilli bir çox məmura qarşı da çoxsaylı terror aktları törədiblər. O insanların "günahı" öz dövlətlərinə sədaqətlə xidmət göstərmələri idi. Belələrinə misal kimi, Xarici İşlər Nazirliyinin məsləhətçisi Mkrtıç Tyutyunçiyanı, Ambarsum Uqrekyanı, İstanbul polisinin komissarları Markar və Tiqranı göstərmək olar.
Ən səs-küylü cinayət isə Van şəhərinin bələdiyyə başçısı Bedros Qapıçıyana qarşı törədilmişdi. Türk tarixçi Həsən Oqtay yazır ki, Qapıçıyana şəhərin həm erməni, həm də türk əhalisi hörmət bəsləyirdi. O, müdrik administrator kimi fərqlənir, amma mərkəzi hakimiyyətə sadiqlik nümayiş etdirirdi. Bütün bunlar isə Birinci dünya müharibəsi ərəfəsində Vanda separatizm ocağı yaratmağı, Osmanlı İmperiyasına qarşı qiyam təşkil etməyi planlaşdıran "Daşnaksutyun"un xoşuna gələ bilməzdi. Nəticədə 72 yaşlı administrasiya rəhbəri Bedros Qapıçıyan 1912-ci il dekabrın 10-da odlu silahla başından açılan atəşlə qətlə yetirildi. Ən maraqlısı isə Qapıçıyanı qətlə yetirmiş daşnak qrupuna 1918-ci ildə Ermənistan Respublikasının rəhbəri olacaq Aram Manukyanın başçılıq etməsi idi. Sonradan o, Ermənistan Respublikasının ilk daxili işlər naziri, daha sonra isə əmək naziri və müdafiə naziri postlarını tutdu.
Bütün sadalanan faktlar erməni millətçilərin öz xalqına qarşı törətdikləri saysız-hesabsız cinayətlərin yalnız kiçik bir hissəsidir. Belə cinayətlər indi də davam edir.
Ermənilər üçün ən pisi odur ki, əlləri öz xalqının və digər xalqların qanına batmış cəllad və qatillər çox tez-tez onların dövlətinə rəhbərlik edirlər.
MƏSLƏHƏT GÖR: