14 Mart 2025

Cümə, 22:43

QANLI FİNİŞ

Boston marafonu bir çox əlamətlərlə, qəribə təsadüflərlə dolu terrorla başa çatdı

Müəllif:

23.04.2013

Bostonda baş vermiş faciə 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilmiş terror aktından sonra ABŞ-da həyata keçirilmiş ən qanlı partlayışdır. Aprelin 15-də məşhur, adətən, bütün dünya təmsilçilərinin iştirak etdiyi Boston marafonunun sonunda ard-arda iki bomba partladı. Bir-birindən 50-100 metr aralı quraşdırılmış və 12 saniyə fasilə ilə işə salınan partlayıcı qurğular parlaq idman mərasimini qanlı ətçəkən maşına çevirdi. Terror aktları nəticəsində 3 nəfər həlak oldu. Onlardan biri atasının qaçışını izləməyə gələn 8 yaşlı oğlan uşağı idi. 187 nəfər partlayış zamanı müxtəlif dərəcəli bədən xəsarəti aldı. 

Şahidlərin sözlərinə görə, baş verənlər dəhşət filmlərini xatırladırdı. Yerli xəstəxanaların ən təcrübəli həkimləri belə, gördüklərindən şoka düşürdülər. Onlar həmin gün ən çox həyata keçirilmiş əməliyyatın ətrafların mexaniki amputasiyası olduğunu bildirirlər.

Terror aktının təşkili formasının sadəliyi, həmçinin partlayıcıların kustar üsulla hazırlanması da partlayışların nəticəsi qədər dəhşətli faktdır. İçərisinə metal cismlərin doldurulduğu bombalar, güman ki, hadisə yerinə adi əl çantası və ya idman çantasında gətirilərək zibil qutularına yerləşdirilib. Güman ki, bundan sonra onlar mobil telefon vasitəsilə işə salınıb. Amma bütün primitivliyinə rəğmən, partlayışlar kifayət qədər müəmmalı, bir çox əlamətlərlə və qəribə təsadüflərlə dolu idi.

Hələlik baş verənlərə görə məsuliyyəti heç kim üzərinə götürməyib. Lakin terrordan dərhal sonra baş verənlərin arxasında dayana biləcək qüvvələrlə bağlı 3 versiya ortaya atılıb. Birinci versiyanı klassik adlandırmaq olar. Partlayışların təşkilatçıları "Əl-Qaidə"nin başçılıq etdiyi beynəlxalq terrorçu şəbəkə ilə əlaqəsi olan radikal islamçılardır. Belədirsə, bütün baş verənlər nə qədər sərt səslənsə də, adi və ən başlıcası, adət halını almış təsir bağışlayır. Bostonda baş vermiş partlayışlar Amerika tarixinin ən səs-küylü terror aktları ilə bir sırada durur - 1990-cı illərin sonlarında ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərinin partladılmasından tutmuş, 2001-ci il sentyabrın 11-də Pentaqon və "əkiz qüllələr"ə edilən hücumlaradək. 2010-cu ildə Nyu-Yorkda Tayms-skverin partladılmasına baş tutmayan cəhddə də analoji partlayıcı qurğulardan istifadə olunması bu versiyanın xeyrinə işləyir. Maraqlı məqamlardan biri də partlayışın İsrail dövlətinin yaradılmasının 65-ci ildönümü günü baş verməsidir. Qeyd edək ki, Yeni Dünyadakı ən böyük yəhudi diasporundan biri məhz Bostondadır. Bundan başqa, Misirin Ədalət və İnkişaf Partiyasının yaratdığı "Müsəlman qardaşlar" hərəkatı sədrinin müavini Essam Elerian Bostonda törədilmiş partlayışların Vaşinqtonun Fransa hərbçilərinin Malidəki hərbi əməliyyatlarına dəstəyilə əlaqəli ola biləcəyini söyləyib. Son zamanlar "ərəb baharı"nın saysız-hesabsız fəsadları, ərəb-İsrail münaqişəsinin nizamlanması prosesinin donması və Suriyadakı qarışıqlıq fonunda radikal islamçıların hədəfləri, ideyaları o qədər qarışıb ki, onlardan hansının kimin tərəfində olduğunu, ən başlıcası isə onların Qərb ölkələrində terror aktları törətməklə nəyə nail olmağa çalışdıqlarını anlamaq çətindir.

Xüsusi xidmət orqanlarında terror təhlükəsinin mövcudluğu ilə bağlı heç bir məlumatın olmadığı həqiqətdirsə, ikinci versiya kimi cinayətkarların "yerli kadrlar" olması məsələsi də ortaya çıxır. Söhbət vətənpərvər ruhlu sağçı ekstremistlərdən gedir. Məsələ ondadır ki, aprelin 15-də Massaçusets ştatında Vətənpərvərlər günü qeyd olunur. Həmin gün        ABŞ-ın müstəqilliyi uğrunda getmiş mübarizənin əsas döyüşləri xatırlanır. Bundan başqa, həmin gün ABŞ-da vergilərin ödənilməsi üçün son gündür.

Əvvəllər ciddi mətbuatın səhifələrində ABŞ-da qatı sağçı ekstremist və rasist qruplar haqqında o qədər də çox yazıya rast gəlinmirdi. Bu haqda yazılar olurdusa belə, onlara o qədər də böyük nüfuza sahib olmayan, UNO-nun "dünyaya hakimliyi" haqda yazmağı  sevən onlayn nəşrlərdə rast gəlinirdi. Məsələn, "La Repubblica" yazır ki, 2008-ci ildə ölkədə bu cür ultrasağçı qruplaşmaların sayı 149 idisə, indi 1360 belə qrup var. Üstəlik, bu, Amerika üçün heç də yenilik deyil. 1995-ci il aprelin 19-da hökumət əleyhinə çalışan qruplaşmanın üzvü Tomoti Makvey Oklahoma-Sitidə federal binalardan birində partlayış törətmişdi. 20 il əvvəl olduğu kimi, indi də ultrasağçı radikallar məsələn, ABŞ-da vergiqoymanın son dərəcə yüksək olmasından, onların azad ölkənin azad vətəndaşı olmaq hüququnun pozulmasından şikayətçidirlər.

Son zamanlar bu insanların federal hökumətdən narazılığı xeyli artıb. Onlar baxışlarına görə özlərini mühafizəkar, ənənələrə sadiq və Yeni Dünyaya ilk köçmüş insanların köhnə dəyərlərinin daşıyıcıları sayırlar. Üstəlik, Boston (daha bir əlamət) müasir Amerikanın başlandığı nöqtədir. Qatı sağçılar qaradərili prezidenti bəyənmir və bu, sirr deyil. Onlar çox tez-tez Obamanı az qala kommunist adlandırırlar. Obamanın odlu silah satışına və saxlanılmasına nəzarət tətbiq etmək istəyi isə onların ən çox narazı olduqları məqamdır. Əksər amerikalı üçün silah gəzdirmək hüququ müqəddəsdir və azad Amerikanın təcəssümüdür. Bostondakı partlayışlarla, demək olar ki, eyni vaxtda ABŞ Senatında da  demokratların mülki şəxslərə "hücum" və çox güllə tutan odlu silah satışına qadağa qoyulması təklifi rədd edildi. Bunun təsadüf olub-olmadığını söyləmək çətindir.

Bir neçə gün əvvəl isə Senatda istənilən növ odlu silah almaq istəyən mülki vətəndaşla bağlı araşdırmanı zəruri edən qanun layihəsi də rədd olunmuşdu. Qanun layihəsinin keçməməsini Milli Atıcılıq Assosiasiyasının qələbəsi adlandırırdılarsa, Obama bunu açıq mətnlə "Vaşinqton üçün biabırçılıq" adlandırdı. Bu isə öz-özlüyündə demokratlarla respublikaçılar arasında parçalanmanın dərinliyini göstərir. Yeri gəlmişkən, Boston marafonu 2012-ci ilin dekabrında Nyutaundakı (Konnektikut) ibtidai məktəbdə törədilmiş qətliam qurbanlarına həsr olunmuşdu. Xatırladaq ki, həmin qətliamda əksəriyyəti uşaq olmaqla, 26 nəfər öldürülmüşdü...

Üçüncü versiya terror aktının gənclər düşərgəsində onlarla insanı güllələmiş Anders Breyvik kimi tənha psixopat tərəfindən törədildiyini nəzərdə tutur. Məsələn 2009-cu ildə ABŞ-ın Fort Hood bazasında 13 nəfəri qətlə yetirmiş, 30 nəfəri isə yaralamış mayor Xasan Nadal da unudulmamalıdır. Tənha terrorçunun müəyyənləşdirilməsi və tutulması çox çətin olur. Çünki onların iş ortağı yoxdur və o, ən son anadək planlarını heç kiminlə bölüşmür, bu isə vəziyyəti daha da mürəkkəbləşdirən amildir.

Boston terrorunun ən qorxulu tərəfi onun beynəlxalq xarakterli idman mərasimi zamanı törədilməsidir. Bu anda yada, əlbəttə ki, Münhen Olimpiadası zamanı törədilmiş terror aktı düşür. O zaman fələstinlilərin terrorçu "Qara sentyabr" təşkilatı 11 israilli idmançını qətlə yetirmişdi. Dünya KİV-i bir ağızdan bəyan edir ki, indi bu məsələ daha çox 2013-cü ilin  iyununda Kazanda Dünya Tələbə Universiadasını, avqustda Moskvada yüngül atletika üzrə Dünya Çempionatını, 2014-cü ilin əvvəlində isə Soçidə Qış Olimpiya Oyunlarını təşkil etməli olan Rusiyanı düşündürməlidir.

Yeri gəlmişkən, aprelin 19-da səhər tezdən AP agentliyi öz mənbələrinə istinadən Boston terrorunun təşkilində şübhəli bilinən şəxslərin Çeçenistanla yanaşı olan Şimali Qafqaz regionundan gəlmiş Rusiya vətəndaşları olduğuna dair məlumat yayıb. Onlardan Tamerlan Sarnayev adlı biri polislə atışmada qətlə yetirilib və üzərində kamikadze kəməri tapılıb. Olimpiadanın təşkil ediləcəyi Soçinin sabitliyin nə olduğunu bilməyən Şimali Qafqaz regionuna yaxın ərazidə yerləşməsi və terrorçuların hansısa səbəbdən Boston marafonunu partlatmağa gəlmələri də daha bir qəribə təsadüfdür...

Terror aktının törədilməsinin səbəbləri onun fəsadları kimi çox ola bilər. Məsələn, dünya bazarlarındakı zəifləməni bu terror aktının fəsadlarından biri saymaq olar. Bunu qızılın və neftin qiymətinin ucuzlaşması, bir sıra iri şirkətlərin səhmlərinin qiymətini itirməsi ilə də bir sıraya qoymaq olar/...

Bütün bunlar, əlbəttə ki, "sui-qəsd" həvəskarlarının əlinə saysız-hesabsız versiya verib. Boston faciəsindən sonrakı gün Texasın çox rəmzi adı olan Vest (West) şəhəri yaxınlığındakı gübrə zavodundakı partlayış və yanğın da onların "xeyrinə  işləyib"... Yeri gəlmişkən, bu yanğının səbəbləri də dərhal açıqlanmadı. Dünya KİV-i isə Boston terrorunun Tom Lonerqanın Heartbreak Hill kitabında dəqiqliyilə təsvir olunduğunu yazır (ikinci versiya - ultrasağçı ekstremistlər). Orada uydurma cinayətkarlar 1996-cı ildə 100 yaşını qeyd edən marafonun qaçış zolağında bir neçə bomba partlatmağı planlaşdırırlar.

Bundan başqa, Boston terrorunun martın 17-də ekranlara çıxmış Amerikanın "Femili qay" cizgi filmində də əks olunduğu deyilir. Hətta, guya, Facebook sosial şəbəkəsində Boston partlayışı ilə bağlı başsağlığı səhifəsi də partlayışlardan bir neçə saat əvvəl yaradılıb.

Yeri gəlmişkən, sosial şəbəkələrdə Boston terrorunun müzakirəsi tonunu da özünəməxsus əlamət saymaq olar. Şəbəkələrin əksər istifadəçiləri birmənalı olaraq terror qurbanlarının dərdinə şərik çıxıb. Amma müəyyən qəribə emosional yanaşma da hiss olunub. Sosial şəbəkələrdə bu hadisə ilə bağlı "Hadisə ABŞ və ya Avropada baş verirsə, o, dünya mətbuatının ilk səhifəsinə çıxır, əksər ölkələrdə isə adi və gündəlik hadisə kimi qəbul edilir" kimi şərhlərə də rast gəlmək olar. 



MƏSLƏHƏT GÖR:

606