15 Mart 2025

Şənbə, 00:36

“ATLETIKO” ULDUZLARI BAKIYA GƏLIR

Hakan Şükür və Bülənt Qorxmaz da paytaxtımızın qonağı olacaq

Müəllif:

16.04.2013

Yazıya verdiyimiz başlıq zarafat deyil, tam həqiqətdir. Avropa Liqasının qalibi olan Madridin "Atletiko" futbol komandası paytaxtımızın qonağı olacaq. "Bakı" futbol klubuyla "Atletiko" arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, İspaniya təmsilçisi Azərbaycana gələcək. Artıq səfərin müddəti də dəqiqləşib. Madrid komandası aprelin 29-u səhər Bakıda olacaq. Bəziləri komandanın paytaxtımıza ikinci heyətlə gələcəyini söyləsə də, yoldaşlıq matçında "Atletiko"nun bütün ulduzları iştirak edəcək. "Bakı" klubunun icraçı-direktoru Yaşar Seyidovun sözlərinə görə, ölkəmizə çarter reysiylə gələcək qonaqların heyətində bütün ulduz futbolçular yer alacaq. Azarkeşlərin sevimlisi olan Arda Turan və Falkao da həmin tarixi oyunda iştirak edəcək. 

Səfərlə əlaqədar "Atletiko"nun marketinq şöbəsinin direktoru Emiliyo Qutyeres və köməkçisi Mariya Giz Bakıda olub. Klub rəsmiləri əvvəlcə futbolçuların məskunlaşacağı oteli nəzərdən keçirib, sonra oyunun keçiriləcəyi arenada olub. İkigünlük səfərin yekununda "Atletiko"nun səfər proqramı təsdiqlənib. Bakının icraçı direktoru Yaşar Seyidov baş tutacaq görüşlə bağlı bunları dedi: "Atletiko" ilə əməkdaşlıq tək təcrübə mübadiləsi deyil, eyni zamanda, Azərbaycan futbolunun inkişafına kömək olmalıdır. Aprelin 30-da keçiriləcək futbol görüşü ölkəmizdə idmanın bu növünün daha da populyarlaşması, yeniyetmələrin futbola olan həvəsinin artmasına səbəb olacaq. Azarkeşlərin canlı olaraq Arda Turan və Falkaonun oyununu seyr etmək imkanı əsl bayram ab-havası yaradacaq. "Atletiko" rəsmilərinin paytaxtımıza gəlməsi klubun səfərinə hazırlıq məqsədi daşıyırdı. Onlar yaradılacaq şəraitdən razı qaldılar".

Qeyd edək ki, səfərlə əlaqədar Bakı futbol klubunun prezidenti Hafiz Məmmədov da İspaniyada olub. "Atletiko" rəhbərliyi ilə görüşən "Bakı"nın prezidenti ulduz oyunçuların səfəriylə bağlı bütün məsələlərə aydınlıq gətirib.

Xatırladaq ki, "Atletiko" və "Bakı" klubları arasında imzalanan müqaviləyə əsasən, Madrid təmsilçisi La Liqa və Kubok matçlarında üzərinə "Land of fire Azerbaijan"  (Odlar Yurdu Azərbaycan) yazılan formayla çıxır. Razılaşma 2014-cü ilin mayına qədər nəzərdə tutulub. Əgər "Atletiko" yeni mövsüm Çempionlar Liqasına vəsiqə qazansa, onda nüfuzlu yarışda da üzərində "Land of fire Azerbaijan" yazılmış formalarda meydana çıxacaq. Çempionlar Liqası ən güclü klub turniri, bütün dünyanın seyr etdiyi yarış olduğundan, bu anlaşmanın nə qədər vacib olduğunu qeyd etməyə ehtiyac yoxdur. 

"Atletiko" ilə yoldaşlıq matçından bir neçə gün sonra isə Bakı ulduz veteran futbolçuları qəbul edəcək. Artıq fevraldan Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Bakıda keçiriləcək yoldaşlıq görüşündə iştirak etmək üçün dünyanın bir sıra məşhur veteran futbolçuları ilə danışıqlara başlanılıb. Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayevin sözlərinə görə, veteran futbolçular Almaniya, Hollandiya, Türkiyə və keçmiş SSRİ respublikalarından olacaq. Abdullayev bildirib ki, mümkün namizədlər Hollandiyadan Ronald de Bur, Türkiyədən Bülent Korkmaz və Hakan Şükür, Rusiyadan Rinat Dasayev, Vagiz Xidyatullin, Ukraynadan İqor Belanov, Leonid Buryak, Vitali Şevçenkodur. Onlarla danışıqlarda vasitəçiliyi AFFA edir. Almaniyalı veteranlarla isə danışıqları milli komandamızın baş məşqçisi Berti Foqts aparır. Yoldaşlıq görüşündə ölkəmizdə çalışan veteranlar da iştirak edəcək. "Xəzər-Lənkəran"ın baş məşqçisi Con Toşak, "İnter"in çalışdırıcısı Kaxaber Çxadadze legionerlərin komandasının şərəfini qoruyacaq. 

Dünya yığmasına qarşı Azərbaycanın ən tanınmış veteranları mübarizə aparacaq. Yığmamızın heyətində İskəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Qurban Qurbanov, Şahin Diniyev, Ramiz Məmmədov, Əsgər Abdullayev, Nazim Süleymanov, Nazim Əliyev, Musa Qurbanov, Samir Əliyev, Samir Ələkbərov, Vidadi Rzayev, Vaqif Sadıqov, Arif Əsədov,Vəli Qasımov və digərlərinin meydana çıxacağı gözlənilir. Dünya yığmasının baş məşqçisi millimizin çalışdırıcısı Berti Foqts olacaq. 

Azərbaycan və dünyanın veteran futbolçulardan ibarət yığma komandaları arasında yoldaşlıq görüşü mayın ilk günlərində baş tutacaq. Ardından veteranlarımız Özbəkistana səfər edəcəklər. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan daha bir oyun orada baş tutacaq. Veteranlarımız Daşkənddə Özbəkistandan olan həmkarlarıyla qarşılaşacaq. Həmin oyun ölkəmizin Özbəkistandakı səfirliyinin dəstəyi ilə baş tutacaq. 



MƏSLƏHƏT GÖR:

546