14 Mart 2025

Cümə, 23:38

VALENTİN XRİSTOVUN TƏKRAR UĞURU

Azərbaycan atleti səkkiz rekordu birdən-birə yenilədiOnun uğurunu İntiqam Zahirov da təkrarladı

Müəllif:

16.04.2013

Albaniyada keçirilən Avropa çempionatı Azərbaycan komandası üçün uğurlu oldu. Ötən yay olimpiadada ağır atletika üzrə ilk medalımızı qazanan Valentin Xristov Albaniyada növbəti dəfə ən yüksək səviyyə nümayiş etdirdi. Daha bir qızıl xəbəri isə İntiqam Zahirovdan gəldi. Digər atletimiz Sərdar Həsənov karyerasının ən böyük uğuruna sahib oldu, Zülfüqar Süleymanov isə böyük idmana qayıdışını bürünclə qeyd etdi. Qələbələrimizi nəzərə alaraq atletlər haqda ətraflı danışmağa dəyər.  

Hələ Albaniyaya səfərdən əvvəl məşqçilərimiz 62 kq çəki dərəcəsində iki atleti sinamağa qərar vermişdi. Yarış göstərdi ki, hər iki idmançımız Avropada medal qazanmağa qadirdir. 

Unutmaq olmaz ki, London Yay Olimpiya Oyunlarında bürünc əldə edən V. Xristov müstəqillik dövrümüzdə ağır atletikada ilk və yeganə Olimpiya medalımızı qazanan gənc atletdir. Ötən il Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında 56 kq çəki dərəcəsində çempion olan Valentin Xristov Tiranaya titulunu qorumaq üçün getməsi hamıya məlum idi. Beləliklə, rəqiblərini bütün komponentlərdə üstələyən atletimiz artıq ikiqat Avropa çempionu oldu.

Tiranada Valentin Xristov birdən qaldırma hərəkətində 133 kq.-dan başladı və uğurla işinin öhdəsindən gəldi. Daha sonra 137 kq sifariş verən idmançımız, bu çəkini də ram etdi. Xristov 140 kq.-ı qaldıra bilməsə də, bu hərəkətdə Avropa qızılını təmin etdi. Təkanla qaldırmada isə əvvəlcə 170 kq, sonra isə 175 kq.-ın öhdəsindən gələn Azərbaycan idmançısı üçüncü yanaşmadan imtina etdi. Çünki, o, artıq qızıl medalı təmin etmişdi. 

Valentin Xristov çempion olmaqla yanaşı, birdən-birə 8 rekord yenilədi. Birinci yanaşmada 170 kq.-ı ram edən idmançımız bununla Avropanın həm gənclər, həm də yaşı 23-ə qədər olan idmançılar arasında rekordunu təzələdi. Bir cəhdlə dörd rekord yeniləyən atletimiz 175 kq çəkini də rahatlıqla başı üzərinə qaldırdı. Bu isə artıq öz rekordlarının bir daha yenilənməsi demək idi. 

Tiranadan ikinci qızıl medal gətirən İntiqam Zahirov isə 94 kq çəki dərəcəsində yarışırdı. 2009-cu il Avropa Çempionatının gümüş medal sahibi bu dəfə ən yüksək pilləyə qalxa bildi. Birdənqaldırmada əvvəlcə 173 kq.-ın öhdəsindən gələn İntiqam, daha sonra 177 və 180 kq sifariş verdi və onları qaldıraraq "kiçik qızıl"ı təmin etmiş oldu. Təkanla qaldırmada da hər üç yanaşmanı (210, 215 və 216 kq) uğurla başa vuran İntiqam Zahirov  daha bir "kiçik qızıl" qazandı və bununla toplamda 396 kq.-la (180+216) Avropa Çempionu oldu. 

Zülfüqar Süleymanova gəlincə, təcrübəli həmyerlimiz ayrıca xoş sözlərə layiqdir. Üçillik diskvalifikasiya üzündən yarış meydanlarından kənarda qalan sumqayıtlı atlet qayıdışını bürünc medalla qeyd etdi. Əslində, bu nəticə onun üçün yeni deyildi. 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən Avropa çempionatında üçüncü yeri tutan Süleymanov, bir il sonra Minskdəki qitə birinciliyində ikinci yeri təmin etmişdi. Tiranada isə Zülfüqar birdən qaldırmada əvvəlcə 127 kq, daha sonra isə 130 kq çəkili ştanqı rahatlıqla başı üzərinə qaldırdı. Ancaq təəssüf ki, idmançımız 132 kq.-ı ram edə bilmədi. Bununla da, atletimiz bu hərəkətdə 4-cü yerlə kifayətləndi. Təkanla qaldırmada Zülfüqar Süleymanov daha yaxşı çıxış edə bildi. Baxmayaraq ki, start uğurlu olmadı. 160 kq çəkini yalnız ikinci yanaşmada ram edən təcrübəli ağırlıqqaldıranımız toplamda 290 kq (130 kq + 160 kq) qaldırmaqla bürünc medala sahib çıxdı.

Avropa çempionatındakı uğurumuzu Sərdar Həsənov davam etdirdi. Yetərincə təcrübəli olan Sərdar dəfələrlə dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarında iştirak etsə də, hər dəfə bəxt ondan üz döndərib. Ancaq bu dəfə bütün gücünü bir yerə toplayan atlet 69 kq.-da çıxış edərək toplamda 326 kq (150 kq + 176 kq) nəticə göstərib, qitə birinciliyində gümüş medala sahib çıxdı. 

Tiranada ümidləri doğruldan daha bir idmançımız Silviya Angelova oldu. Bir il əvvəl - Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanan qadın idmançımız, nəticəsini daha da yaxşılaşdırdı. Silviya toplamda 179 kq (80 kq + 99 kq) nəticə ilə Avropa ikincisi oldu. Birdən qaldırma hərəkətində əvvəlcə 75 kq, sonra isə 80 kq.-lıq ştanqları başı üzərinə qaldırmağı bacaran Angelova 82 kq.-ı ram edə bilmədi. Təkanla qaldırmada 95 kq çəkini sifariş verən idmançımız onun öhdəsindən gəlməklə həm bu hərəkətdə, həm də ümumi sıralamada bürünc medalı təmin etdi. Daha sonra sifariş verdiyi 99 kq.-ı da uğurla qaldıran Silviya, təkanla qaldırmada qızıl, toplamda isə minimum gümüş medalı təmin edirdi. Təəssüf ki, son cəhd zamanı 101 kq.-a yaxınlaşan idmançımız Avropa çempionu adını qazana bilmədi. Buna baxmayaraq, Silviya toplamda 179 kq (80 kq + 99 kq) nəticə göstərərək gümüş medal qazandı. 

Xanım idmançımız Alyona Kiriyenko isə medalın bir addımlığında büdrədi. Toplamda 216 kq (93 kq + 123 kq) nəticə göstərən Alyona yekun sıralamada 4-cü yeri tutdu. Nəzərə alsaq ki, ötən Avropa çempionatında o, yalnız 9-cu olmuşdu, builki yarışı onun üçün uğurlu saymaq olar.

Ümumilikdə, aktivində Avropa Çempionatının 2 qızıl, 2 gümüş və 1 bürünc medalı olan yığmamız ümumi sıralamada Rusiyadan sonra ikinci yeri tutub. Cəmi 6 idmançı ilə təmsil olunan Azərbaycan komandasının qitə birinciliyindən 5 medalla qayıtması yetərincə yüksək nəticədir. 



MƏSLƏHƏT GÖR:

623