14 Mart 2025

Cümə, 23:32

LİSABON AZƏRBAYCAN GÖZƏLLƏRİNİ AYAQÜSTƏ ALQIŞLADI

Azərbaycanın yeniyetmələrdən ibarət bədii gimnastika komandası Dünya Kubokunda üçüncü oldu

Müəllif:

16.04.2013

Azərbaycanın yeniyetmə gimnastlardan ibarət qrup komandası Lissabonda keçirilən Dünya Kubokunun növbəti mərhələsi çərçivəsində beynəlxalq turnirdə bürünc medallar qazanıb. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Gülsüm Şəfizadə, Nülufər Niftalıyeva, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayeva 29.15 bal nəticə ilə finalda beş halqa ilə hərəkətlərdə Rusiya və Belarusdan sonra üçüncü yeri tutub. Mayın sonunda Vyanada keçiriləcək Avropa birinciliyinə hazırlaşan gimnastlarımız təsnifatda demək olar ki, həmin nəticəni göstəriblər. 

Milli komandanın baş məşqçisi Mariana Vasilyeva gimnastların çıxışını yüksək qiymətləndirib: "Qızlar hərəkətləri yaxşı yerinə yetirdi. Fərdi gimnastlardan təşkil olunan yeniyetmələrdən ibarət digər komandanın çıxışını da bəyəndim. Jalə Piriyeva və Züleyxa İsmayılova (hər ikisi 2000-ci il təvəllüdlü), həmçinin Veronika Ömərova (1999-cu il təvəllüdlü) üçüncü pilləni tutan amerikalı idmançılardan geri qalaraq 19 komanda arasında dördüncü olublar. Hesab edirəm ki, onlar əla çıxış etdilər və rəqibləri arasında ən gənc olmalarına baxmayaraq, mükafatlar uğrunda bərabər səviyyədə mübarizə aparıblar".

Dünya Kuboku yarışlarında iştirak edən yaşca böyük idmançılar da dörd finalla yadda qalıb. Belə ki, Lalə Yusifova topla tapşırıqda beşinci olub. Nümayəndə heyətinin sözlərinə görə, Lalə bu tapşırığı elə yerinə yetirib ki, zaldakı tamaşaçılar  onu ayaqüstə alqışlayıb. Lalə finalda gürzlərlə hərəkətlərdə altıncı, çoxnövçülükdə isə səkkizinci olub. Digər iştirakçımız Marina Durunda da finalda gürzlərlə tapşırıqda yarışıb və beşinci yerlə kifayətlənib. Hər iki halda da qələbəni rusiyalı Marqarita Mamun qazanıb.

Azərbaycanın qrup komandasına gəlincə, Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, İradə Əhədzadə, Səbinə Qaratova və Mənsurə Bağıyeva 3 top və 2 lentlə hərəkətlərdə finala çıxıblar və orada 8-ci yer tutub. Onlar ikinövçülüyün cəmində doqquzuncu olublar.

Azərbaycanın qadın akrobat dueti Aynur Hüseynova və Nərmin Ramazanova isə Belçikada keçirilən "Flanders Acro Cup" beynəlxalq turnirinin gümüş mükafatçıları olub. Daha bir gümüş medalı Bakıya kişi akrobat dueti Elçin Əlibəyov və Emin Gülməmmədli gətirib. Nəhayət, ikinci qadın cütlüyü Lalə Hüseynova və Xoşqədəm Quliyeva öz yaş qruplarında finala çıxaraq dördüncü yerlə kifayətləniblər.

Qeyd edək ki, gimnastlarımızın əsas hədəfi mayda Avstriyada baş tutacaq Avropa çempionatında uğurla çıxış etməkdir. 



MƏSLƏHƏT GÖR:

543