
BİR NEÇƏ DÖVRÜN AKTYORU
Həsən Turabov Azərbaycanın teatr və kino tarixində fundamental obrazlar yaradan bir insan kimi daim qəlbimizdə yaşayacaq
Müəllif: Məhərrəm ZEYNALOV Bakı
Dövr dəyişdikcə kino da dəyişir. Bunu Azərbaycanın unudulmaz aktyoru Həsən Turabovun oynadığı rollardan da görmək mümkün idi. Tamaşaçı Turabovu məhz həmin rollarına görə xatırlayır.
Azərbaycandan kənarda isə ona məşhurluq qazandıran "Qorxma, mən səninləyəm" filmi olub. Həmin filmdə Həsən Turabov quldur Cəfər rolunu canlandırıb. Özü də elə canlandırıb ki, bu quldura, hətta tamaşaçıların da ürəyi acımaya bilmirdi. Turabov sovet tamaşaçısının yaddaşında elə bu cür də qalıb - gözəl, buxara papaqlı, qəzəbli və qəddar, lakin daxilən xeyirxah və hətta sentimental. Nəhayət, musiqi həvəskarı! Turabov, ümumiyyətlə, birmənalı olmayan rolları oynamağı bacarırdı.
Həsən Turabovun oynadığı personajlar Azərbaycan tamaşaçısının yaddaşında ən parlaq personajlar kimi qalıb. Onun yaratdığı obrazlarda daim mükəmməllik olub. Turabovun oynadığı qəhrəman rolları belə, sovet kinosuna xas "nomenklatura" arxitepləri fonunda hər zaman fərqlənib. Misal kimi Turabovun "Atları yəhərləyin" filmində yaratdığı Qaçaq Nəbi obrazını (1985) göstərmək olar. Onun qəhrəmanları həmişə gözlənildiyindən daha dərin olub.
Ümumilikdə, 80-ci və 90-cı illərdə Turabovun oynadığı rollarda bəxti gətirib və o özünü əsl çoxtərəfli aktyor kimi göstərə bilib.
Satirik yazıçı Arkadi Arkanov hələ 90-cı illərdə bildirirdi ki, aşkarlıq dövründə qəflətən məlum oldu ki, yaradıcı insanların, əslində, deməyə sözü qalmayıb. Bununla da ümumxalq sevgisini qazanacaq ciddi filmlərin yaranması prosesi dayandı. Total yaradıcılıq böhranının yaşandığı həmin dövrdə, Vaqif Mustafayevin bu gün kulta çevrilmiş satirik "Yaramaz" filmi ekranlara çıxdı. O filmdə Turabov 5 il əvvəl olduğu kimi, gülünc yaramazı yox, mükəmməl, real, bəlkə də işçilərini aşağılamağı sevməyən, amma bunun "vacib"liyini anlayan sovet çar-partokratını ustalıqla canlandırır. Bu, Qəzənfər Mamedoviçin qəhrəman Mamukaya rəqs etmək göstərişini necə də yorğun, həvəssiz verməsindən, eləcə də digərlərinə də göstərişləri kədərli şəkildə səsləndirməsindən də görünür. Burada Turabovun qəhrəmanı müəyyən dərəcədə "Xaç atası"ndakı qəhrəman Brandoya bənzəyir. Onun fərqi sadəcə bandit rəşadətinin olmamasındadır. İdeallaşdırmadan. Olduğu kimi.
Həsən Turabov 1938-ci il aprelin 24-də Bakıda doğulub. Orta məktəbi bitirdikdən sonra, Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə institutu aktyorluq ixtisası ilə başa vurub. Elə həmin il Azərbaycan Milli Dram Teatrında işə başlayıb. Karyerasının ilk illərindən Turabov özünü lirik-psixoloji janr ustası kimi göstərib və dünya dramaturqlarının əsərlərində baş rolların əvəzedilməz ifaçısına çevrilib. O, Azərbaycanın teatr səhnəsini koloritliliyi, yaratdığı rolların müxtəlifliyi ilə zənginləşdirib.
1987-2001-ci illərdə Həsən Turabov Azərbaycan Akademik Milli Dram Teatrının direktoru və baş direktoru vəzifələrində çalışıb. O, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri idi. Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dərs də deyirdi.
Turabov rejissor kimi "Atları yəhərləyin" və "Nar ağacı haqqında xatirələr" filmlərini çəkib. Aktyor kimi isə 50-dən artıq filmə çəkilib. Onların arasında "Yeddi oğul istərəm", "Gəncəbasarlı qisasçı", "Gün keçdi", "Dərviş Parisi partladır", "Sevinc buxtası", "Babək", "Mən hələ qayıdacağam" və digər filmlər var.
Həsən Turabov 2003-cü il fevralın 23-də vəfat edib. Sağ olsaydı, bu il aktyorun 75 yaşı tamam olacaqdı.
Həsən Turabov haqqında xatirələrini "R+" jurnalı ilə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bölüşüb: "Biz çox tez-tez bir araya toplanar, müxtəlif tamaşaları müzakirə edərdik. O, işsiz yaşaya bilmirdi. Həsəni oğlunun ölümü sındırdı və o, sanki başqa bir adama çevrildi. Onu bu dərd öldürdü".
"Turabov istənilən rolun öhdəsindən gələ bilən böyük aktyor idi. O bizim ürəyimizdə Azərbaycan teatrı və kinosu tarixində fundamental obrazlar yaratmış şəxs kimi qalacaq", - deyə Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri Azərpaşa Nemətov "R+" jurnalına bildirib: "Biz onunla möhkəm dost olmuşuq. Həmişə fikirləri, düşüncələrini mənimlə bölüşərdi. Yadımdadır, Həsən "Yeddi oğul istərəm" filminə çəkildikdən sonra, mənimlə söhbətində Gəray bəy rolunun onun ən sevimli rolu olduğunu etiraf etmişdi. Çünki orada Həsən özünü oynamışdı. Həqiqətən belə idi. Həsən həyatda sadə, rəhmli və həssas insan olsa da, doğmaları və həmkarları ondan bir qədər çəkinirdilər".
Teatrda Turabovun rəhbərliyi altında çalışmış aktyor Elçin Məhərrəmov isə bizimlə söhbətində Həsən Turabovu çoxlu sayda rolun ifaçısı kimi xatırlayıb: "Turabovun bir çox xarakteirk rolları olub - istər komik, istər faciəvi, istərsə də ciddi xarizmatik. Onun məşhur filmlərdəki rolları hamının yaddaşındadır. Amma yaxşı tamaşaları da olub. Misal kimi onun Amaliya Pənahova ilə birgə oynadığı "Unuda bilmirəm" pyesindəki rolunu göstərmək olar. Bu, Turabovun ən gözəl lirik obrazı idi".
MƏSLƏHƏT GÖR: