25 Noyabr 2024

Bazar ertəsi, 12:43

PULSUZ İNTERNET

Bakı parklarında və bağlarında qeyri-kommersiya Wi-Fi şəbəkələrinə giriş imkanı yaradılacaq

Müəllif:

16.04.2013

Azərbaycan telekommunikasiya bazarının əsas inkişaf trendi kimi çox səviyyəli və müxtəlif istiqamətli internet-infrastrukturunun formalaşmasını qəbul etmək olar. Genişzolaqlı girişin vacib komponenti isə naqilsiz Wi-Fi sistemidir: hələ  yaxın vaxtlara kimi bu resursun istifadəsi lokal ərazilərlə məhdudlaşırdı və əsasən daxili-korporativ xüsusiyyət daşıyırdı. Ancaq tezliklə ictimai hot-spotlara giriş imkanı yetərincə genişlənəcək. 2013-cü ilin informasiya-kommunikasiya texnologiyaları (İKT) ili elan edilməsi ilə bağlı olaraq İqtisadi İnkişaf Nazirliyinə, (İİN) eləcə də  Mədəniyyət və Turizm Nazirliyinə ictimai yerlərdə pulsuz   Wi-Fi zonalarının yaradılması tapşırılıb.  

 

Şəbəkə sərhədləri 

Ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN), provayderlərin və yerli mobil rabitə operatorlarının səyləri ilə son beş ildə internet-trafikin sürətinin və həcminin artırılması məsələsində diqqətə layiq uğurlar qazanmaq və əlbəttə ki, dünya şəbəkəsinə yüksəksürətli, genişzolaqlı girişin qiymətini ucuzlaşdırmaq mümkün olub. 

Bu gün isə qarşıda növbəti, eyni dərəcədə vacib məsələ - tədris, elm, mədəniyyət müəssisələrində, ictimai nəqliyyatda, parklarda və başqa ictimai yerlərdə vətəndaşların pulsuz genişzolaqlı internetə giriş imkanlarını genişləndirmək məsələsi durur. Dövlət başçısı tərəfindən təsdiq olunmuş sərəncama görə, İKT ili çərçivəsində  RİTN, İİN və Mədəniyyət və Turizm Nazirliyinə İT şirkətlərinin dəstəyi ilə yaxın zamanlarda paytaxtın ictimai əhəmiyyətli yerlərində Wi-Fi şəbəkələrin genişləndirilməsi ilə bu məsələnin həllinə başlamaq tapşırılıb. 

Yeri gəlmişkən, Wi-Fi sistemi 1991-ci ildə Niderlandın "NCR Corporation/AT&T" şirkəti tərəfindən kəşf edilib və ilkin zamanlarda kassa xidməti sisteminin simsiz birləşdirilməsi üçün nəzərdə tutulub. Daha sonra Wi-Fi (Wireless Fidelity - simsiz məlumat ötürülməsində yüksək dəqiqlik) işarəsi altında radiokanallar üzrə rəqəmsal məlumat ötürülməsinin bütöv bir təsnifatı yarandı və ildən-ilə getdikcə daha da təkmilləşdi. 

Yeniləşdirilmiş sistemlərin ixtirası ilə  Wi-Fi korporativ və fərdi seqmentdən kənara çıxır və ildən- ilə bu məhsulun istifadə imkanları genişlənir. Nümunə kimi Fransa paytaxtının bütün ərazisinin əhatə edilməsini nəzərdə tutan "OzoneParis" şəbəkəsinin inkişafı layihəsini göstərmək olar. Londonda da miqyasına görə analoji olan proqramlar "T-Mobile" və "BT "Openzone" operatorları tərəfindən gerçəkləşdirilir. Almaniyanın və ABŞ-ın şəhərlərində də, həmçinin Honkonqda, Yeni Zelandiyada, Braziliyada, Hindistanda da Wi-Fi şəbəkələri inkişaf etdirilib. Postsovet məkanında nisbətən inkişaflı Wi-Fi giriş sistemi Moskva, Kiyev və Minskdə yaradılıb. Bu cür giriş nöqtələri yalnız şəhərlərin tarixi mərkəzlərini deyil, həm də iri otel, restoran, kafe, vağzal və aeroportları, ali məktəbləri və kitabxanaları da əhatə edir. 

Bir qayda olaraq, sadalanan layihələrin çoxu kommersiya səciyyəlidir. WiMax və Wi-Fi şəbəkələrinə pullu giriş  təcrübəsi Azərbaycanda da yayılıb. Buna misal kimi paytaxtda və onun qəsəbələrində artıq on ilə yaxındır ki, fəaliyyət göstərən "Elcell" şikrətini ("DataCeM LLC" BM-in ticarət markasını) göstərmək olar. "Sazz 4G Internet" şəbəkəsi də simsiz internet bazarını fəal şəkildə mənimsəməyə başlayır. Artıq şirkətin xidmətlərindən Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Mingəçevir şəhərlərində istifadə etmək mümkündür, tezliklə o, Şəki, Zaqatala, Quba, Qusar, Lənkəran və başqa şəhərlərdə də mümkün olacaq. Keçən il yerli mobil rabitə operatoru "Azerfon" postsovet məkanında ilk dəfə olaraq AzAL aviaşirkətinin təyyarələrinin göyərtəsində uçuş zamanı, demək olar ki, bütün "Wi-Fi" şəbəkəsinə giriş təmin edib. 

İnkişaf etməkdə olan "Wi-Fi" bazarının daha bir iştirakçısı "Azercell Telecom" şirkətidir, o, ticarət mərkəzlərində və bir sıra universitetlərdə simsiz şəbəkələri inkişaf etdirib. Wi-Fi xidmətinin tarifləri genişzolaqlı naqilli internetin orta bazar qiymətlərinə uyğundur və həm də yerli GSM-operatorlar tərəfindən gerçəkləşdirilən sürətli 3G-4G girişi xidmətindən  xeyli ucuzdur.

 

Sadəcə pulsuz 

Wi-Fi şəbəkələrə pulsuz qoşulmağa gəldikdə isə, uzun müddət bütün dünya üzrə bu cür təşəbbüs bir neçə özəl ticarət-xidmət şirkətlərinin təşəbbüsü olaraq qalıb. Bu resurs əsas biznesin - internet-kafenin, əyləncə, ticarət və sərgi mərkəzlərinin, otellərin və istirahət mərkəzlərinin cəlbediciliyinin artırılması üçün reklam məqsədi ilə istifadə  edilib. Bir qayda olaraq, pulsuz Wi-Fi-ın əhatə dairəsi bu cür biznes qurumlarının lokal ərazisi ilə məhdudlaşıb. 

Son beş-altı ildə ABŞ-ın və Avropanın bir sıra şəhərlərinin bələdiyyələri də pulsuz Wi-Fi-hot-spotlar yaradıblar. Bu cür şəbəkələr parklarda, şəhərlərin tarixi mərkəzlərində, vağzallarda, nəqliyyat qovşaqlarında və insanların daimi çox olduğu başqa yerlərdə yayılır. Qeyri-kommersiya simsiz şəbəkələr iri ali məktəblərin kampuslarında, kütləvi kitabxanalarda da var və təbii ki, həmçinin önəmli ictimai və dövlət qurumlarını əhatə edir. 

Azərbaycan da paytaxtın ictimai baxımdan önəmli zonalarında pulsuz Wi-Fi girişinin təşkili üzrə beynəlxalq təcrübəni fəal istifadə etmək niyyətindədir. RİTN-in informasiya təhlükəsizliyinin inkişafı bölməsinin rəisi İsfəndiyar Əliyevin sözlərinə görə, "Avroviziya" mahnı müsabiqəsinin keçirilməsi üzrə işlər çərçivəsində belə zona keçən il Dənizkənarı Milli Parkda yaradılıb. Həmçinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinin Wi-Fi ilə tam əhatəsi üzrə də işlər görülür. Gözlənilir ki, İçərişəhərdə şəbəkəyə simsiz girişin təmin edilməsi turistlərə və istirahət edənlərə elektron yol göstəricisinə və məhdud sayda  internet-resurslara pulsuz giriş imkanı yaradacaq. 

RİTN paytaxtın istirahət zonalarında pulsuz Wi-Fi şəbəkəsinin yayılması üçün heç bir texniki maneçilik görmür. Bu məsələnin həlli istər dövlətə məxsus olsun, istərsə də ictimai olsun, xidmət strukturunun maliyyələşdirilməsi və formalaşdırılması məsələsinə əsaslanır. Bütün bunlardan da görünür ki, dövlət başçısının bu yaxınlarda verdiyi sərəncam təşkilati və maliyyə məsələlərinin sürətli həllinə imkan verir və artıq bu il Bakının müxtəlif yerlərində pulsuz hot-spotlar peyda olacaq. 

Ümumiyyətlə, bir sıra beynəlxalq qurumlar və  Azərbaycanın dövlət strukturları, özəl  İT şirkətləri ictimai Wi-Fi şəbəkələrinin inkişafına səy göstərirlər. Belə ki, hələ 2006-cı ildə "Ultra" şirkəti Bakıda birincilər sırasında  paytaxtın mərkəzində internetə simsiz daxil olmaq üçün pulsuz ictimai nöqtə hot-spot yaradıb. Artıq yetərincə çoxdan "Baku Expo Centre" beynəlxalq sərgi kompleksində, həmçinin Heydər Əliyev Aeroportunda pulsuz Wi-Fi giriş təmin edilir. Beynəlxalq təşkilat "IREX"in dəstəyi ilə 2011-ci ildən Bakı universitetlərində pulsuz hot-spotlar yayılır. Perspektivdə pulsuz Wi-Fi girişin Gəncə və Lənkəranın da ali məktəblərində yayılması planlaşdırılır. Təhsil Nazirliyinin təşəbbüsü ilə paytaxtın "Elektron məktəb" layihəsində iştirak edən 32 məktəbində də pulsuz Wi-Fi şəbəkələr yaradılıb. 

Bu sahədə ən irimiqyaslı layihə 2014-cü ildə gerçəkləşdiriləcək: "AiliNet"  şirkətinin təşəbbüsü ilə parkların, ali məktəblərin və paytaxtın başqa ictimai önəmli yerlərinin böyük bölümü pulsuz hot-spotlarla əhatə ediləcək. O cümlədən, hazırda Bakı metropoliteninin stansiyalarında Wi-Fi şəbəkəsinin yayılmasına hazırlıq başlayıb. "Ail?Net" şəbəkəsinin istifadəsi vətəndaşlar üçün pulsuz olacaq, amma  "ağır" kontentlərin köçürülməsinə müəyyən qədər məhdudiyyətlər qoyulacaq. 

Beləliklə, Azərbaycan İT-texnologiyalarının maksimum inkişafını nəzərdə tutan başlıca məqsədə yaxınlaşmağı bacaracaq. Prezident İlham Əliyev tərəfindən İKT ili elan edilmiş cari ildə isə bu məqsədin aktuallığı yetərincə artıb. 


MƏSLƏHƏT GÖR:

605