25 Noyabr 2024

Bazar ertəsi, 11:36

EVƏ QƏDƏR OPTİKA

İnternetə giriş göstəricisinə görə Azərbaycan inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq

Müəllif:

16.04.2013

Azərbaycanın telekommunikasiya bazarında inkişafın əsas meyilləri çox səviyyəli və müxtəlif istiqamətli internet infrastrukturunun yaradılması ilə xarakterizə oluna bilər. Ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) növbəti addımı "fiber to home" layihəsinin gerçəkləşdirilməsi oldu. Bu yenilik istisnasız olaraq ölkənin bütün regionlarında geniş zolaqlı internet xidmətlərinin göstərilməsi üçün yüksək sürətli optik lif rabitə xəttinin çəkilməsini nəzərdə tutur. 

 

Sürətin  qiyməti 

Son illərdə Azərbaycan MDB-də internet bazarının həcmlərinin artım templəri üzrə lider mövqedədir: 2012-ci ildə bu göstərici üzrə ölkə bazarı 65 - 70% artıb, şəbəkə trafikinin ucuzlaşmasından danışmağa belə dəyməz.  "Keçən il trafik həcmləri 2,2 dəfə artıb, qiymətlər isə  demək olar ki, 35% azalıb. Hazırda 1 meqabitı/saniyənin qiyməti istifadəçilər üçün ölkə üzrə orta əmək haqqından 3% azdır. Müqayisə üçün, inkişaf etməkdə olan ölkələrin çoxunda bu rəqəm 20% səviyyəsinə yaxındır", - deyə RİTN başçısı Əli Abbasov bildirib. 

İndi də rabitə qurumu ilə internet bazarı iştirakçıları növbəti məsələni həll etməlidirlər  - geniş zolaqlı  xidmətlərin qiymət-sürət nisbətində daha da yaxşı göstəricilərə nail olunmalıdır, ən başlıcası isə ölkənin ən ucqar rayonlarında belə internetə geniş giriş imkanları təmin olunmalıdır. Bu məsələ çox komponentlidir və onun həlli ölkənin dünya optik hablarının informasiya axınlarına çıxmasını təmin edən yeni optik xətlərin çəkilməsini, həmçinin Azərbaycanın özündə çağdaş şəbəkə infrastrukturunun inkişafını nəzərdə tutur. 

Avropa və Asiyanın kəsişməsində əlverişli coğrafi yerləşməsinə baxmayaraq, bizim ölkə dünya internet mərkəzlərindən kənarda yerləşir - ölkə ərazisindən xüsusi olaraq internetin ötürülməsi üçün nəzərdə tutulmuş bekbonlar (fiberoptik magistral IP-kanallar) keçmir. Buna görə də Azərbaycan bir neçə tranzit dövlətin daxili kabel şəbəkəsindən çıxan internet-trafikdən istifadə etməyə məcbur idi. Bu da rabitə prosesinin texniki baxımdan mürəkkəbləşməsinin və trafikin qiymətinin yetərincə bahalaşmasına səbəb olurdu. 

Bu obyektiv maneələrin qarşısının alınması üçün Azərbaycan ən fəal şəkildə optik-lif IP-magistralların çəkilməsi üzrə bir sıra beynəlxalq layihələrə qatılır. O cümlədən, ölkə  Europe Persia Express Gateway (EPEG) optik-lif kabel magistralının çəkilməsi layihəsində tranzit dövləti kimi çıxış edir. Bir neçə ildən sonra Azərbaycan tərəfindən təşəbbüs qaldırılmış Transavrasiya superinformasiya magistralı (TASIM) layihəsi gerçəkləşdiriləcək. Daha öncə isə, böyük ehtimalla, Transxəzər rabitə sisteminin (TAE) seqment genişləndirilməsi başa çatacaq. 

Kabel layihələrinin gerçəkləşdirilməsi ilə yanaşı, Bakı beynəlxalq internet trafikinin idarəetmə prosesini optimallaşdırır. Belə ki, keçən ilin avqust ayında Azərbaycanın "Delta Telecom" rabitə operatoru Frankfurtda öz magistral internet-qovşağını yaradıb ki, bu da Avropadan Azərbaycana 1,4 terabayt həcmində trafik göndərməyə imkan yaradır. 

Bütün bunlar birlikdə bizim ölkəni yetərincə ucuz IP-rabitə ilə təmin edəcək, dünya şəbəkəsinə giriş üzrə sürət göstəricisini dəfələrlə artırıb. Lif-optik rabitəsinin azərbaycanlı  operatorlarının trafikin üçüncü ölkələrə tranzitindən əldə edəcəyi bonuslar haqqında da unutmaq olmaz. 

 

Geniş zolaqla 

Ancaq ölkəyə magistral rabitə kanalları ilə daxil olan və dəfələrlə artan trafiki hələ paylayıcı sistemə  yönəltmək və son istehlakçıya çatdırmaq lazımdır. Bu tapşırıq da mərhələli şəkildə gerçəkləşdirilib: 2004-cü ildə RİTN regional və paytaxt telefon şəbəkələrinin yenidən qurulmasına başlayıb, bunun hesabına Azərbaycan MDB-də ilk dəfə olaraq regional və paytaxt ATS-lərini rəqəmsallaşdırıb.

Artıq neçənci ildir ki, ölkədə bütün qovşaqlararası ATS şəbəkələrinin "Next Generation Network" (NGN) texnologiyasına qoşulması üzrə iş aparılır. NGN optik-lif kanallarının vasitəsilə yüksək sürətli və keyfiyyətli səs və videorabitəni təmin edir, həmçinin geniş zolaqlı internet, IPTV, IP-telefoniya və s. daxil olmaqla multimedia xidmətlərinin bütün növlərini dəstəkləyir. Gözlənilir ki, 2015-ci ildə Böyük Bakının bütün telefon stansiyaları və ölkə regionlarının böyük bölümü bu innovasiya  resursuna keçəcək.  

Nəhayət, cari ildə RİTN irimiqyaslı və kapital tutarlı layihə "fiber to home" layihəsinin gerçəkləşdirilməsinə başlayacaq. Layihə ölkənin bütün regionlarında IP-kanalların paylayıcı sistemlərinin köklü modernləşdirilməsini nəzərədə tutur. Birinci layihənin gerçəkləşdirilməsi üçün artıq yaxın həftələrdə Dövlət Neft Fondunun (ARDNF) xətti ilə 103,6 mln manata yaxın pul ayrılacaq. Bütünlükdə, 2015-ci ilə qədər layihə 400-450 mln manat sərmayə yatırılmasını nəzərdə tutur. "Fiber to home" layihəsində ARDNF və RİTN-in məsləhətçisi kimi, "Booz & Co"nun mütəxəssisləri çıxış edirlər - onların vəzifələri sırasına texniki, kommersiya, əməliyyat və tənzimləmə məsələləri daxildir. 

Üç ildən sonra rabitə qurumu Naxçıvan MR-in də ərazisi, həmçinin  çətin gedilən bölgələrdə yerləşən kəndlər də daxil olmaqla, ölkənin bütün yaşayış məntəqələrini "evə qədər optika" prinsipi üzrə genişzolaqlı internetlə  əhatə etməyi  planlaşdırır.  Layihə çərçivəsində köhnəlmiş və buraxılış gücü aşağı olan mis naqilli kabel rabitəsini optik lif xətləri ilə əvəz etmək nəzərdə tutulur, onlar bütün çoxmərtəbəli evlərə, inzibati və ictimai binalara qədər çəkiləcək, mövcud və tikilməkdə olan ATS-lər bu məqsədlə modernləşdiriləcək. Həmçinin stasionar rabitənin təmsilolunma səviyyəsinin aşağı olduğu yaşayış məntəqələrinin telefonlaşdırma dərəcəsinin artırılması, qlobal şəbəkəyə girişin tənzimlənməsi məsələlərini təkmilləşdirməklə bir sıra struktur və tarif islahatlarının aparılması nəzərdə tutulur. 

RİTN-də qəbul edilmiş öhdəliyə görə, 2015-ci ilin sonuna Bakıda məlumatların ötürülmə sürəti 100 mbit/s-ə, respublikanın iri şəhərlərində və rayon mərkəzlərində 30 mbit/s-ə çatacaq, qəsəbə və kəndlərdə isə 10 mbit/s-dən aşağı olmamalıdır. 

"Fiber to home" layihəsi  üç mərhələdə gerçəkləşdiriləcək, özü də 2014-cü ildən başlayaraq sərmayələrin ümumi həcminin üçdəbiri geri qaytarılan vəsaitlər vasitəsilə təkrar sərmayələşdirmə hesabına təmin ediləcək. Bu işlərin son məqsədi geniş zolaqlı xidmətlərin ümumi miqdarının 85%-ə qədər qaldırılmasıdır. Bununla da 2017-ci ilə kimi Azərbaycan geniş zolaqlı internet xidmətləri üzrə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatacaq", - deyə nazir Əli Abbasov bildirib. 

RİTN-in yeni işlərin gerçəkləşdirilməsinin yekun nəticəsi bölgə sakinlərinin "elektron hökumət", elektron bankinq, ticarət, təhsil xidmətlərinə və başqa şəbəkə xidmətlərinə geniş çıxış imkanlarının təmin edilməsi olacaq. "Fiber to home" layihəsi şəhərlə kənd arasında rəqəmsal bərabərsizliyi aradan qaldıracaq,  IT-sektoru sağlamlaşdıracaq, əyalətlərdə fəaliyyət göstərən internet-provayderlərin biznesinin inkişafı üçün əlverişli şərait yaradacaq. 


MƏSLƏHƏT GÖR:

578