14 Mart 2025

Cümə, 22:43

DÜKANÇI QIZINDAN XALQIN LİDERLİYİNƏDƏK

Dünya «dəmir ledi» ilə vidalaşdı

Müəllif:

16.04.2013

Hamının yaxşı tanıdığı "dəmir ledi", dünya siyasətinin əfsanəsi, Böyük Britaniyanın sabiq baş naziri, baronessa Marqaret Tetçer 87 yaşında keçirdiyi insult nəticəsində  dünyasını dəyişdi. O, karyerası boyunca bir neçə nazir postu tutub, hüquq sahəsində çalışıb, ictimai fəaliyyətlə məşğul olub. Lakin ən başlıcası, 1979-cu ildən 1990-cı ilədək Dauninq-Stritin sahibi olub. Bununla da Tetçer Birləşmiş Krallıq tarixində Nazirlər Kabinetinə başçılıq etmiş ilk və yeganə qadın idi. 

Bu qadın tarixdə XX əsrin ən parlaq və ən mübahisəli siyasətçilərindən biri  kimi  qalacaq.

Yəqin ki, maliyyə problemləri içərisində çapalayan hazırkı Avropanın Marqaret Tetçer kimi sərt və özünə güvənən liderə ehtiyacı var. Möhkəm mühafizəkar və klassik liberal dəyərlərin tərəfdarı olan Tetçer sonradan "tetçerizm" adlandırılan siyasi kursun əsasını da qoyub. Özəlləşdirməni, məhdudiyyətsiz rəqabəti birmənalı şəkildə müdafiə edən baş nazir var qüvvəsi  ilə inflyasiyanı azaltmağa və həmkarlar ittifaqı təşkilatlarını zəiflətməyə çalışırdı. Çünki onlar tətillər təşkil etməklə bazara öz şərtlərini diktə edə bilirdilər. Tetçer hesab edirdi ki, dövlət bütün məsələlərdə öz vətəndaşlarına kömək etməyə borclu deyil. O, vətəndaşa həm biznes, həm də özəl həyatda fərd kimi baxırdı. Yəni, "tetçerizm"in özülünü qanuna hörmət əsasında hər kəsə imkanlarını reallaşdırmaq üçün azadlığın verilməsi və dövlət tərəfindən minimum müdaxilə təşkil edir. 1980-ci illərin sonlarında Tetçerin reytinqi sürətlə aşağı düşməyə başladı və onun keçmiş silahdaşları baş naziri istefaya məcbur etdilər. Lakin fakt fakt olaraq qalır - "dəmir ledi"nin rəhbərliyi dövründə Böyük Britaniya sabit iqtisadi inkişafa nail oldu.

Sadə britaniyalılar isə Tetçerin xüsusilə vergi sistemində apardığı islahatların onlara nəyin bahasına başa gəldiyini unuda bilmirlər. Tetçerin iqtisadiyyat sahəsindəki qərarları dəfələrlə ölkədə kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Bu aksiyalar nümayişçilərin hətta yaralanması, həbsi  ilə də müşayiət edilirdi. Məhz bu üzdən Böyük Britaniya rəsmilərinin, məsələn, baş nazir Devid Kemeron və xarici işlər naziri Uilyam Heyqin, həmçinin dünya liderlərinin "görkəmli siyasi xadim"in vəfatından danışdıqları bir vaxtda, sadə britaniyalılar, az qala, Tetçerin ölümünü bayram edir. Bristolda - Londonun cənubunda yerləşən Brikston rayonunda (1981-ci ildə burada Tetçer kabinetinin qərarlarından narazı olanlarla polis arasında toqquşma baş vermişdi), Qlazqo və Birləşmiş Krallığın digər şəhərlərində üzərində "Sevinin, Tetçer öldü!" şüarı yazılmış plakatlar tutan insanların yürüşləri də olub. Onlar yürüş boyunca piştaxtaları dağıdıb, avtomobilləri əzib, şampan içib və mahnılar oxuyublar. Yürüşçülər arasında əfsanəvi "Oz ölkəsinin sehrbazı" film-müziklindəki Ding-Dong! The Witch Is Dead ("Din-Don! Kaftar öldü") mahnısı xüsusilə populyar olub. Tetçerin ölüm xəbərinin yayılmasından sonrakı ilk günlərdə bu musiqi Britaniya çartlarında 54-cü, iTunes satışlarında isə 16-cı pilləyədək yüksəlib.

Bu mövzuda fikir mübadiləsinin ən fəal aparıldığı məkan isə Facebook olub. Bu sosial şəbəkənin səhifələrində Tetçerlə bağlı, hələ o qədər də sərt olmayan bəzi fikirləri təqdim edirik: "Bu, nifrət kampaniyası deyil. Bu, Britaniyanın neoliberal ideyalardan kifayət qədər əziyyət çəkdiyini düşünən insanların fikrini söyləməsi üçün imkandır"; "Tetçer bu ölkədə bir çox insanı talan edib və biz bunu unuda, bağışlaya bilmərik"; "O, şəri təcəssüm etdirirdi. Çünki onun siyasəti insanların həyatını məhv etdi"; "Mənim ondan zəhləm gedir... O, mənim nəslimin bir çox təmsilçilərini zibil kimi kənara atıb, ölkədə ən böyük sosial parçalanmaya səbəb olub".

Gənc nəslə gəlincə, məsələn, Bristoldan olan Dayana Roberts deyir: "Mənim Marqaret Tetçer haqda fikrim tam mənfidir. Buna əsas səbəb onun vaxtilə kütləvi işsizliyə gətirib çıxaran özəlləşdirmə ideyasıdır. Məsələn, mən İngiltərənin şimalından olan tarix müəllimimdən öyrənmişəm ki, Tetçer çoxlu sayda kömür mədənini bağlatdırıb və nəticədə eyni vaxtda çoxlu sayda gənc kişi işsiz qalıb. Tetçerin Nelson Mandelanı "terrorçu" adlandırması da mənim onun haqqında mənfi fikrə düşməyimə əsas verir... Amma əlbəttə ki, onun nəinki Böyük Britaniyada ilk qadın baş nazir, həm də bütünlükdə Qərbdə bu miqyaslı qadın siyasi lider olmasından qürur duyuram"/...

Tetçer  Böyük Britaniyanın beynəlxalq arenada da imicini gücləndirmək üçün əlindən gələni edib. 1982-ci ilin aprelində o, Folklend adaları ilə bağlı mübahisədə Argentinaya güzəştə getməyərək, bu ölkəni geri çəkilməyə məcbur etdi. Tetçerin Realpolitik seriyasından olan fikri də kifayət qədər məşhurdur: "Nüvə silahı olmayan dünyada sabitlik daha zəif, dünya isə daha təhlükəli olardı".

Tetçer hər zaman vəziyyəti ayıq başla qiymətləndirməyi bacarırdı. O, hətta böyük siyasətdən getdikdən sonra uzun müddət gündəmdə qaldı. Belə ki, sabiq baş nazir Azərbaycanın enerji resurslarının dünyaya çıxarılmasında da öz rolunu oynadı. 1992-ci ildə baronessa Bakıya səfər etdi, burada Azərbaycan hökuməti, Britaniyanın bp və Norveçin "Statoil" şirkəti arasında "Azəri-Çıraq" yatağında qiymətləndirici işlərin aparılmasına dair müqavilənin imzalanması mərasimində iştirak etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın baş naziri Devid Kemerona ünvanladığı başsağlığı məktubunda xüsusi olaraq vurğulayıb ki, "Marqaret Tetçer Azərbaycanla Birləşmiş Krallıq arasında əlaqələrin qurulmasına və genişləndirilməsinə, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib". 

Yeri gəlmişkən, Tetçer ölümündən cəmi bir neçə gün əvvəl "Nizami Gəncəvi" mükafatına layiq görülmüş, Tetçerin Katibliyi isə buna görə rəsmi Bakıya dərin minnətdarlığını bildirmişdi. Xatırladaq ki, "Nizami Gəncəvi" mükafatı insanlara onların dünya ictimaiyyəti qarşısındakı müstəsna xidmətlərinə görə verilir. Bu mükafat indiyədək ABŞ-ın 42-ci prezidenti Bill Klintona, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirələ, həmçinin bir sıra digər görkəmli siyasi xadimə təqdim olunub.

Daha əvvəlki dövrə - SSRİ dönəminə qayıtsaq, "dəmir ledi"nin "dəmir pərdə"nin digər tərəfində yaşayanlara münasibətini də maraqlı idi. Tetçer əmin idi ki, SSRİ ilə yalnız güc dilində danışmaq olar. O, Sovet İttifaqının Qərb ölkələrinin həyat tərzinə "əsas təhlükə" olduğunu düşünürdü. SSRİ-Böyük Britaniya münasibətləri xüsusilə sovet qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra pisləşmişdi. Məsələn, bu yaxınlarda üzə çıxmış məxfi sənədlərdən məlum olur ki, Tetçer 1980-ci ildə Moskvada keçirilmiş Olimpiadanın boykot edilməsi üçün əlindən gələni əsirgəməyib. Yeri gəlmişkən, baş nazir məşhur "dəmir ledi" adını da məhz SSRİ-ni son dərəcə sərt tənqid etdiyi üçün qazanmışdı.

"Soyuq müharibə" dövründə və liberal ideyaların yayılması zamanı Tetçerin silahdaşı Amerika prezidenti Ronald Reyqan idi. Onlar birlikdə SSRİ-nin iflasına kömək edən güclü lideral xətt yaratmışdılar. 1984-cü ildə Tetçer qəflətən Yuri Andropovun dəfnində iştirak etmək üçün Moskvaya getməyə qərar verdi və bu, hamının təəccübünə səbəb oldu.  Bir il sonra isə Tetçer yenidən SSRİ paytaxtına üz tutdu. Bu dəfə məqsəd Konstantin Çernenkonun dəfn mərasiminə qatılmaq idi. Bunadək isə SSRİ Ali Sovetinin nümayəndə heyəti Sov.İKP MK Siyasi Bürosunun üzvü Mixail Qorbaçovun rəhbərliyi ilə Böyük Britaniyaya səfərə dəvət olunmuşdu. Qorbaçov haqqında bu sözlər də Tetçerə məxsusdur: "Bu insanla işləmək olar". 

Həqiqətən də, "dəmir ledi" özünün də etiraf etdiyi kimi, düşmənlərini öyrənməyi, hətta onları dosta çevirməyi əla bacarırdı...

Baronessa əla strateq idi. O, öləcəyi vaxtı özü seçə bilsəydi, yəqin ki, hazırkı dövrü ən uğursuz dövr sayardı. Avropanın böhran içərisində çapaladığı, avropalıların iqtisadi sahədə atılan və onların maddi vəziyyətlərinə, sosial müdafiəsinə mənfi təsir göstərən addımlardan son dərəcə narazı olduğu bir vaxtda, Tetçerin tərəfdar olduğu neoliberal prinsiplər həddindən artıq çox insanı qıcıqlandırır. Onların fikrincə, bu iqtisadi və siyasi ideologiya böhranlı dövrlərə o qədər də uyğun gəlmir...

İstənilən halda, "Dumanlı Albion"da "dəmir ledi" və xalqın lideri olmağı bacarmış dükançı qızının tarixi əbədi olaraq qalacaq. Tetçerə, ən azı, ona görə hörmət etmək olar ki, o, yalnız sərt, çətin qərarlar qəbul etməklə kifayətlənməyib, bu qərarların məsuliyyətini də daşıyıb. Bu qadın, şübhəsiz ki, ŞƏXSİYYƏT idi. O, hətta ölümü ilə belə, bütün dünyada insanları düşünməyə, geriyə boylanmağa, bəlkə də fikirlərini dəyişməyə vadar etdi...



MƏSLƏHƏT GÖR:

599