
YANLIŞ YANAŞMA
Litvalı deputatlar Qarabağ separatçıları ilə nədən dostluq etmək qərarına gəldilər?
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Litva Seymində Dağlıq Qarabağla dostluq qrupunun yaradılmasının səbəbi nə olursa-olsun, rəsmi Vilnüs bu addımın Azərbaycanla münasibətlərdə mənfi nəticələr verəcəyini çox tez anladı. Ötən həftə Bakıya səfən edən Litvanın baş naziri Algirdas Butkyaviçus Litva parlamentinin yeni tərkibinin Seymdə Dağlıq Qarabağla dostluq qrupu yaratmaqla səhvə yol verdiyini bildirib. O, deputatların bu əməlini yeni parlamentarilərin hələ öz sözlərinin, addımlarının mahiyyətini anlamaması ilə əlaqələndirib. Bununla yanaşı, baş nazir Vilnüsün Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini söyləyib.
Dağlıq Qarabağ separatçılarına yaltaqlanma artıq Litva Seyminin özündə də mənfi reaksiya yaradıb. Əvvəlcə dostluq qrupunda 12 nəfər var idisə, sonradan 2 deputat oranı tərk edib. İndi bu qrupda qalan 10 nəfərin 8-i isə eyni zamanda Ermənistan-Litva parlamentlərarası dostluq qrupunun da üzvləridir.
Təəssüf doğuransa bu qeyri - uzaqgörən qərarın 2013-cü ilin iyulunda Avropa İttifaqına sədrlik edəcək ölkənin parlamentində qəbul edilməsidir. Halbuki, həm Litva, həm də Avropa İttifaqı Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi sayır. Bunu beynəlxalq hüquq da tələb edir. Müvafiq olaraq litvalı deputatların separatçı erməni rejimi ilə dostluğu beynəlxalq hüquqa uyğun gələ bilməz.
Litva Seyminin deputatı Eqidis Vareykis "R+" jurnalına müsahibəsində bildirib ki, bəzi deputatların Dağlıq Qarabağla dostluq qrupu yaratmaq qərarı "Vətən-Xristian" Demokratlar İttifaqı fraksiyası tərəfindən pislənilir. "Biz hesab edirik ki, Dağlıq Qarabağ Azərbaycan, Abxaziya və Osetiya Gürcüstan, Dnestryanı bölgə isə Moldova torpaqlarıdır. Bunu ermənilərə də demişəm. Biz Azərbaycanın və digər ölkələrin hamı tərəfindən tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyirik. Bu üzdən də tanınmamış respublikalarla əlaqələrin qəti şəkildə yolverilməz olduğunu bəyan etmişik", - deyə E.Vareykis qeyd edib.
Deputat bildirib ki, Avropa ölkələrində Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün nə dərəcədə həyati əhəmiyyət daşıdığını anlamırlar: "Bu haqda Litva parlamentinin spikeri ilə, Seymin komitə və komissiya sədrləri ilə də danışmışıq. Aydındır ki, Qarabağla parlamentlərarası əlaqələr istisna olunur. Amma dostluq qrupu yenə də yaradılıb. Deputatlarımıza izah etməyə çalışırıq ki, bu addım beynəlxalq arenada Litva üçün mənfi nəticələr verə bilər".
Bununla yanaşı, sözügedən qrupun üzvləri qrupun adını "Dağlıq Qarabağla dostluq" qoymaqla kifayətləniblər və bu, onlara manevr etmək imkanı verir.
Litva Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Mahir Həmzəyev "R+" jurnalına açıqlamasında bildirib ki, bu ölkədə parlament qrupu yaratmaq üçün 6-7 deputatın bir araya gəlməsi və qərarlarını plenar iclasda açıqlaması kifayətdir. Seymin bəzi nümayəndələri bu dostluq qrupunun artıq ləğv edildiyini söyləsələr də, Litva parlamentinin rəsmi saytında həmin qrupun deputatlarının fəaliyyətindən bəhs edən səhifə var.
Həmzəyevin fikrincə, bəzi litvalı deputatlarda qəflətən Dağlıq Qarabağ separatçılarına məhəbbətin ortaya çıxmasının bir neçə səbəbi var. Hələ SSRİ-nin dağıldığı dövrdə Litvanın "Sayudis" Milli Hərəkatının liderləri Dağlıq Qarabağda separatçılığı, xüsusilə "Krunk", "Qarabağ komitəsi" kimi mənfur təşkilatları dəstəkləyirdilər. Litvalılara SSRİ-nin tərkibindən çıxmaq üçün presedent lazım idi. Onlar bu presedenti DQMV-nin Azərbaycanın tərkibindən mümkün ayrılmasında görürdülər.
Digər tərəfdən, litvalılar Sovet hakimiyyətinə qarşı "meşə qardaşları" partizan müharibəsi zamanı soyqırıma məruz qaldıqlarını düşünürlər. O dövrdə yüz minlərlə litvalı həbs edilib, Sibir və Qazaxıstana sürgün olunub. Seymdə Sovet illərində litvalıların kütləvi şəkildə məhvi üzrə komissiya da var. Bu baxımdan onlar guya Osmanlı İmperiyası tərəfindən eyni aqibətlə üzləşmiş erməni xalqına simpatiya duyurlar.
Həmzəyev bildirib ki, hazırda Azərbaycan diasporu və səfirlik Seymdəki Dağlıq Qarabağla dostluq qrupu ilə bağlı qalmaqallı məsələnin həlli üçün iş aparır.
Bununla yanaşı, biz Dağlıq Qarabağla dostluq qrupunun üzvlərindən olan Kestas Komskislə də söhbətləşə bilmişik. Deputat "R+" jurnalına açıqlamasında tanınmamış qurumla belə bir dostluq qrupunun yaradılmasında siyasi məqamların olmadığını söyləyib. "Bu qərarın hər hansı siyasi konteksti yoxdur. Biz Qarabağa getmək, bu regionun liderləri ilə görüşmək niyyətində deyilik. Biz sadəcə Dağlıq Qarabağa dost münasibətimizi ifadə etmişik. Vəssalam!" - deyə K.Komskis bildirib. O, iddia edib ki, bu iş bəyanatdan o tərəfə keçməyəcək.
Maraqlıdır, Avropa İttifaqının üzvü olan bir dövlətin tanınmamış separatçı rejimə belə dostluq elan etməsi nəyə əsaslanır və bunun mənası nədir?
K.Komskisin Qarabağı Azərbaycan ərazisi sayıb-saymadığına dair suala cavabı vəziyyəti daha da dolaşdırır: "Bəli, müəyyən qədər belə sayırıq".
Ümumilikdə, hadisələrin gedişi və Litvanın siyasi isteblişmentinin fikri Qarabağdakı işğalçı rejimlə dostluq qrupunun yaradılmasının yanlış olduğunu göstərir. Litva Avropadakı və dünyadakı proseslərin fəal iştirakçısıdır və o, 2013-cü ilin ikinci yarısında Avropa İttifaqı Şurasına rəhbərlik edəcək. Bu, xarici siyasətdə bütün addımları diqqətlə hesablamağı zəruri edir. Lakin istənilən halda bu addım Azərbaycanla Litvanın ümumi maraqları fonunda erməni lobbisinə layiqli müqavimət göstərə biləcək Azərbaycan diasporu üçün xəbərdarlıq olmalıdır.
MƏSLƏHƏT GÖR: