14 Mart 2025

Cümə, 22:41

ŞƏNLİK BİTDİ, SUALLARSA QALDI

Serj Sarqsyan ikinci prezidenlik müddətinə sərt daxili siyasi qarşıdurmalar şəraitində başlamalı olacaq

Müəllif:

16.04.2013

Ermənistanda Serj Sarqsyanın ikinci prezidentlik müddəti rəsmən başladı. Aprelin 9-da yeni-köhnə dövlət başçısının inauqurasiya mərasimi keçirilib. Konstitusiyaya və Bibliyaya and içən prezidentə müvafiq simvolika təqdim edilib. Amma çoxlarının fikrincə, bayram uğurlu alınmayıb. Rusiyanın "Qazeta.ru" portalının ironik formada yazdığı kimi, "effektiv mühit çoxsaylı əcnəbi qonaqlar arasında birinci şəxslərə rast gəlinməməsi faktının üstünü örtə bilməyib". Ermənistanın 6 parlament partiyasından 4-ü (müxalifət) də mərasimə qatılmaqdan imtina edib. Levon Ter-Petrosyanı isə inauqurasiyaya, ümumiyyətlə, dəvət etməyiblər. Daşnaklarla yanaşı, Qagik Sarukyanın "Çiçəklənən Ermənistan" partiyası da andiçmə mərasimində iştiraka ehtiyac duymayıb. Təbii ki, hələ də seçkidə məğlub olduğunu qəbul etməyən Raffi Ovannisyanın "İrs" partiyası da həmçinin. Ən başlıcası isə Serj Sarqsyanın vəzifə başına keçməsi  ilə bağlı rəsmi mərasimlə eyni vaxtda onun seçkidə əsas rəqibi olmuş Raffi Ovannisyanın İrəvanın Teatr meydanında alternativ "Yeni Ermənistanın inauqurasiyası"nı keçirməsidir. İrəvan KİV-in məlumatına görə, mitinqdə kifayət qədər insan iştirak edib. Ovannisyan dövlət bayrağını qaldıraraq "xalqın qələbəsi"ni elan edib. "İrs" lideri Sarqsyanın andını və bütün ermənilərin katalikosunun ona verdiyi xeyir-duanı "yalançı and və yalançı dua" adlandırıb. "Onlar yalandan and içirlərsə, mən nə Serj Sarqsyanı, nə də katalikosu tanıyıram", - deyə Ovannisyan bildirib. O, Sarqsyanı insanların qarşısında tövbə etməyə və kürsüsündən getməyə çağırıb. Əksər ekspertlər əmindirlər ki, Sarqsyanın inauqurasiyasının keçirildiyi yer də Ovannisyanın mitinqi ilə əlaqədar dəyişdirilib. Həqiqətən də, mərasim şəhərin mərkəzindən xeyli uzaqda yerləşən Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində düzənlənib. Bunadək isə Ermənistan prezidentlərinin andiçmə mərasimi bir qayda olaraq ya parlamentin binasında, ya da Akademik Opera və Balet Teatrında təşkil olunurdu. 2008-ci ildə "Rəngli səma" adında hava şarları festivalı kimi küçə bayramından isə bu dəfə tamamilə imtina edilib. Həmin gün küçələr Sarqsyanın tərəfində deyildi.

Hadisələrin gedişi hakimiyyətin əbəs yerə ehtiyatlanmadığını göstərib: artıq axşam saatlarında mitinqçilər prezident iqamətgahına tərəf hərəkətə keçməyə cəhd göstəriblər. Onların qarşısını polis alıb. Bir sözlə, Serj Sarqsyanın bayramı baş tutmayıb. Güman ki, həm prezidentin özü, həm də inauqurasiya mərasiminə toplaşmış xarici qonaqlar, Sarqsyanın fevral qələbəsinin nə dərəcədə "təmiz" və haqlı olması haqda fikirləşməməyə çalışırdılar. Amma Ermənistanın rəhbəri ikinci prezidentlik müddətini sərt daxili siyasi qarşıdurma şəraitində başlamalı olacağını anlamamış deyil. Sarqsyan inauqurasiya zamanı etdiyi çıxışında, təbii ki, seçicilərə bol vədlərini davam etdirib. O, hətta ölkəsində prezident seçkisindən sonra yaranmış siyasi gərginliyi də etiraf etmək məcburiyyətində qalıb. Sarqsyan bildirib ki, digər namizədlərə səs vermiş vətəndaşlar "ölkədə mövcud olan problemlərə öz narazılıqlarını ifadə ediblər".

"Onlar bununla da hökumətə daha fəal işləmək tələblərini çatdırıblar. Əmin olun ki, bütün mesajlar alınıb", - deyə S.Sarqsyan qeyd edib. O, cəmiyyətin bütün tələblərini və gözləntilərini həyata keçirmək üçün əlindən gələni edəcəyini söyləyib, bunun yoxsulluğun, işsizliyin və miqrasiyanın artması fonunda həyata keçirməli olacağını anladığını deyib. Sarqsyan bu zaman "ölkədə müsbət irəliləyişlərin göz önündə olduğunu" desə də, söhbətin konkret hansı uğurlardan getdiyini açıqlamayıb. Amma əksər ekspertlərə artıq bir məqam tam aydındır: Ermənistanda yaranmış vəziyyətdən çıxmaq üçün yalnız iqtisadi addımlar yox, daha çox siyasi addımlar atılmalıdır. Azərbaycanla münaqişənin həlli, Türkiyə ilə münasibətlərin normallaşdırılması, ərazi iddialarından imtina vacibdir...

Amma tamamilə aydındır ki, Ermənistan prezidenti vəzifəsini tutan Sarqsyan vaxtı çoxdan çatmış bu vacib addımları atmağa hazır deyil. Bu yerdə bir "protokol detalı" kifayət qədər düşündürücü görünür: Sarqsyan andiçmə mərasiminin bitməsindən sonra İrəvanın "Yerablur" qəbiristanlığına yollanıb. Onun rəsmi adı "Hərbi şərəf panteonu"dur. Lakin burada dəfn olunanlar,  əsasən, dinc əhalidən vəhşicəsinə qisas almış "döyüşçülərdir". Rəsmi xronikada belə bir fikirə rast gəlinir ki, Sarqsyan "Yerablur"da Azərbaycan və Türkiyənin dinc əhalisinin məhv edilməsi zamanı yol verdiyi vəhşiliklərlə tanınmış Andranik Ozanyanın məzarı üzərinə gül dəstəsi qoyub. Qarabağda öldürülmüş beynəlxalq terrorçu Monte Melkonyan, onun ASALA və bənzər terror təşkilatlarından olan digər həmkarları da həmin "Yerablur"da dəfn olunublar. İkinci prezidentlik müddətinə bu addımla başlayan Sarqsyanın hansı siyasəti yürüdəcəyini, bu siyasətin onun öz ölkəsinə hansı nəticələr verəcəyini elə indidən də güman etmək mümkündür.



MƏSLƏHƏT GÖR:

683