
SUVERENLİYƏ ZƏRƏR VURMAYAN İNTEQRASİYA
Azərbaycanın regional əməkdaşlıq modeli Bakıda keçirilən Davos forumunda da yüksək qiymətləndirilib
Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
Azərbaycanın dünyada ən yüksək inkişaf templərindən birinə sahib olması, ölkədə, hətta qlobal maliyyə böhranı dövründə də iqtisadi artımın davam etməsi, neft gəlirlərinin məharətlə idarə olunması artıq beynəlxalq iqtisadi təşkilatlar və reytinq agentlikləri tərəfindən də etiraf olunur. Ölkənin iqtisadi inkişaf modeli isə ən nüfuzlu qlobal meydanlarda müzakirə mövzusudur. Bütün bunlar öz növbəsində, Azərbaycanın dünya ictimaiyyətinin ən ciddi problemlərinin müzakirə olunduğu məkana çevrilməsinə imkan verib.
Apreldə Azərbaycan postsovet məkanında Davos forumuna ev sahibliyi etmiş ikinci ölkəyə çevrildi (bunadək tədbir Sankt-Peterburqda keçirilmişdi). Dünya İqtisadi Forumunun Bakıda keçirilməsinə dair razılaşma yanvarda Azərbaycan Prezidenti İlham Əliyevlə Davos forumunun yaradıcısı və icraçı sədri Klaus Şvabla Davosda keçirilmiş görüşdə əldə edilmişdi.
"Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi haqda strateji dialoq" kimi nüfuzlu sessiyanın Bakıda keçirilməsi heç də təsadüf deyil. Azərbaycan artıq mədəniyyətlər, sivilizasiyalar arasında dialoqun mərkəzinə, siyasətdə, iqtisadiyyatta, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə məkanına çevrilib. Yalnız son 2 ildə Bakıda beynəlxalq dialoq üzrə I Dünya Forumu, BMT-nin təşkilatçılığı ilə VII İnternet İdarəçiliyi Forumu, Krans Montana Forumu, həmçinin bir sıra digər beynəlxalq tədbirlər keçirilib. Bu il Azərbaycanda Mədəniyyətləarası Dialoq Forumu, I Cənubi Qafqaz Forumu və digər tədbirlər təşkil olunacaq.
Müqayisə üçün qeyd edək ki, region ölkələrindən bu qədər nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ilə nə Gürcüstan, nə də Ermənistan öyünə bilər. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək mümkündür. Onlardan yalnız Qazaxıstanı fərqləndirmək olar. Lakin Astana da yalnız Asiya regionunda inteqrasiya təşəbbüsləri ilə çıxış edir.
Söhbət Avropaya inteqrasiyadan getdikdə isə bütün yollar Bakıdan keçir.
Bakıda Dünya İqtisadi Forumunu açan forumun təsisçisi K.Şvab, ilk növbədə, diqqəti son illərdə Azərbaycan iqtisadiyyatındakı inkişaf tempinə çəkib. "Bu, ilk növbədə, ölkənin təbii resurs potensialının düzgün istifadəsi və iqtisadiyyatın şaxələndirilməsi hesabına mümkün olub. Azərbaycan informasiya texnologiyaları, maliyyə, inşaat sahələrində öndə gedən ölkələrdəndir. Qeyd etməliyəm ki, regionun heç bir ölkəsi öz potensialını təkbaşına reallaşdıra bilməz. Uzunmüddətli iqtisadi uğurlar qazanmaq üçün əməkdaşlıq vacibdir", - deyə K.Şvab qeyd edib.
Şvabın sözlərinə görə, məhz Prezident İlham Əliyevin Davosda keçirilən forumda daim iştirak etməsi onlarda regionun iqtitsadi imkanları, regionun dünyanın iqtisadi baxımdan çiçəklənməsinə hansı töhfələr verməsi haqda tam təsəvvür yaradıb.
Bundan başqa, İlham Əliyevin daim Davos forumlarına qatılması Azərbaycan iqtisadiyyatının inkişafına da öz təsirini göstərib.
"Dünya İqtisadi Forumu, eləcə də Davosda keçirilən görüşlər sayəsində açılan imkanlar Azərbaycanı keçmişdə, ümumiyyətlə, tanımayan dünya şirkətləri ilə münasibətlərin qurulmasını mümkün edir. Bu iştirak, müzakirələrə qatılmaq, dünyanın biznes elitası ilə ünsiyyət iqtisadiyyatımızı şaxələndirməkdə bizə çox yardım etdi", - deyə İlham Əliyev Dünya İqtisadi Forumunun Bakıda keçirilən iclasında bildirib: "Biz də nailiyyətlərimizi Dünya İqtisadi Forumunun verdiyi qiymətdə görməkdən çox şadıq. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 46-cı yerdə qərarlaşdırıb və bu sahədə ölkəmiz ardıcıl olaraq dördüncü ildir ki, MDB məkanında birinci yerdədir".
Qeyd edildiyi kimi, forumda əsas müzakirə mövzusu regional əməkdaşlıqla bağlı olub. Azərbaycan bu məsələdə həqiqətən də lider hesab olunur. Çünki açıq dənizə birbaşa çıxışı olmayan ölkə özünün neft-qaz resurslarının nəqli üçün boru xətləri şəbəkəsi yaratmaqda dünyanın enerji bazarının vacib oyunçusuna çevrilib. Bundan başqa, Azərbaycan Xəzər dənizinin digər sahillərindəki tərəfdaşları üçün karbohidrogenlərin nəqlində tranzit rolu oynamağa başlayıb.
"Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olduq. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Hazırda biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsini yekunlaşdırmaq üzrəyik. Bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayan layihə olacaq. Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP- Trans-Anadolu boru kəməri layihəsi oldu. İdeya Azərbaycan tərəfindən verilib, Türkiyə və Gürcüstandakı tərəfdaşlarımızın güclü dəstəyini alıb. Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn onilliklər ərzində mühüm rol oynaya bilər", - deyə dövlət başçısı qeyd edib.
Bununla yanaşı, Azərbaycan inteqrasiya naminə öz suverenliyini qurban verməyib və bundan sonra da vermək fikrində deyil: "Azərbaycanın mövqeyi baxımından bizim üçün suverenlik müzakirə olunmayan məfhumdur. Yüzfaizlik suverenlik, bu - mütləqdir. Ola bilsin bu, bizim keçmişimizlə bağlıdır. O vaxtlar Azərbaycan digər imperiyaların, ölkələrin hissəsi olub. Bu səbəbdən, bizim üçün siyasi və iqtisadi müstəqillik gələcək inkişaf baxımından ilkin şərtdir".
Azərbaycan regional əməkdaşlığı qonşularına qarşı təcavüzkar siyasət aparmaqla özünü təcrid duruma salmış Ermənistan kimi kənardan müşahidə etməklə məşğul deyil. Üstəlik, bu gün hər hansı regional layihənin Azərbaycanın iştirakı olmadan gerçəkləşdirilməsi mümkünsüzdür.
"Biz regional əməkdaşlıq layihələrinin əksəriyyətini başlatmışıq və bunun faydasını görürük. Zənnimcə, əməkdaşlığın hüdudları suverenliyin azaldılmasına və ya iqtisadi suverenliyimizin bir hissəsinin, dövlət səviyyəsindən yuxarıda duran müəyyən ittifaqlara və ya strukturlara verilməsinə gətirib çıxarmır. Hesab edirəm ki, biz bir tərəfdən regional əməkdaşlıq və inteqrasiya, digər tərəfdən isə suverenliyimiz və seçimimiz arasında lazımi tarazlığı tapmışıq", - deyə İlham Əliyev qeyd edib: "Bizim hamımıza regionda əməkdaşlıq və proqnozlaşdırılan vəziyyət lazımdır. Bizə sabitlik lazımdır. Biz iqtisadi və siyasi münasibətlərimizi genişləndirməliyik. Çünki biz bir-birimizlə bağlıyıq".
Ümumilikdə, DİF növbəti dəfə göstərdi ki, Azərbaycan strateji vəziyyəti, iqtisadi gücü, regional əməkdaşlıq layihələri və təşəbbüsləri ilə Cənubi Qafqazda lider rolundadır və bütünlükdə Avrasiya qitəsi üçün birləşdirici nöqtədir. Bunu demək olar ki, forumun bütün iştirakçıları öz çıxışlarında qeyd ediblər. Yeni qaz kəməri layihəsi olan TANAP, eyni zamanda, hər şeydən əlavə, NATO qoşunlarının Əfqanıstandan çıxarılmasında istifadə edilməsi nəzərdə tutulan Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycanın beynəlxalq arenadakı rolunu daha da gücləndirəcək.
MƏSLƏHƏT GÖR: