
SLOVAKİYA UĞURU
Futzal üzrə Azərbaycan yığması Avropa Çempionatının final mərhələsinə çıxdı
Müəllif: Nadir Xosrovoğlu BAKI
Böyük futbolda uğurlarımız az olsa da, futzalçılarımız bizi qələbələrlə sevindirməkdə davam edir. Komandamızın son qələbə xəbəri Slovakiyadan gəldi. Azərbaycan milli komandası ardıcıl üçüncü dəfə futzal üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaqla bütün diqqəti özünə cəlb etdi. Millimiz qrupda keçirdiyi ilk oyunda Norveç yığmasını 6:0, ikinci qarşılaşmada isə Bosniya və Herseqovina millisini 3:2 hesabı ilə məğlub etdi. Seçmə mərhələnin son oyununda futzalçılarımız Slovakiya yığmasına 2:1 hesabı ilə qalib gələrək yarışın əsas mərhələsində iştirak etmək imkanı qazanıb. Beləliklə, millimiz 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsinə maksimum nəticə ilə, qrup birincisi olaraq vəsiqə əldə edib.
Ölkəmizin futzal yığmasının Slovakiyadkı uğurlu çıxışının dəyəri reytinqdə iki pillə irəliləmək oldu. Indi komandamız dünya sıralamasında 13-cü yerdədir. Təbii ki, Joze Alesio da Silvanın yetirmələrinin qrupu lider kimi başa vuraraq final mərhələsinə birbaşa vəsiqə qazanması bizim üçün sürpriz olmadı. Əksinə, yığmadan maksimim nəticə tələb olunduğu hamıya məlum idi. Son iki mərhələdə - dünya və qitə birinciliklərindəki uğursuz nəticəni yalnız bu şəkildə unutdurmaq olardı.
Millimizin hər üç matçı qalib başa vurması diqqəti çəkdi. Komandanın uğurlu çıxışında liderlərin, xüsusən Biro Jadenin formada olması sözünü deyir. 41 yaşlı braziliyalı kimi, Alveş də rəqiblər üçün “qorxulu yuxu”ya çevrildi. Əvvəlki illərdə Alesionun inanmadığı həmyerlisi Gürcüstan “İberiya”sında təcrübə yığıb. Təsadüfi deyil ki, yığmanın baş məşqçisi start heyəti braziliyalılardan qurmaq taktikasını seçib. Bu taktika Slovakiyada hər üç oyunda sınandı və göründüyü kimi özünü doğrultdu. Daha bir önəmli məqam turnir ərəfəsində Alesioya lazımi şəraitin yaradılmasıdı. Səfərdən 1 həftə əvvəl Gürcüstanla keçirilən yoldaşlıq görüşü milliyə çox kömək oldu.
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov da R+-a açıqlamasında millimizin Avropa çempionatına qədər yüksək səviyyədə hazırlıq kecəçəyini bildirib: “Yığma üçün iki təlim-məşq toplanışı təşkil etməyi düşünürük. Futzalçıların fiziki hazırlığını yüksəltməliyik. Bu məqsədlə fiziki hazırlıq üzrə mütəxəssis dəvət etməyi planlaşdırırıq. Bununla bağlı danışıqlar artıq başlayıb. Həmin məşqçi həm yayda, həm də AÇ-dən əvvəl 10-12 gün topsuz məşqlər keçəcək. İndi sürətli oyunlara üstünlük verilir. Futzalda oyunların 60-70 faizini sürət həll edir. Təlim-məşq toplanışına 15-20 futzalçı dəvət edəcəyik. Təbii ki, son qərar çempionatdan əvvəl veriləcək və hazır olan futzalçılar ölkəmizi qitə birinciliyində təmsil edəcək. Məqsədimiz vətənə uğurlu nəticəylə qayıtmaqdı.”
Zaur Axundovun sözlərinə görə Slovakiya uğurunun əsas sirri komandada yaxşı ab-havanın olması və futzalçıların yaxşı hazırlaşmasıdı: “Millimiz bütün matçlarını yüksək səviyyədə keçirdi. İlk oyunda Norveçlə qarşılaşdıq və asanlıqla qələbə qazandıq. Digər iki oyundakı rəqiblərimiz olan Bosniya və Herseqovina ilə Slovakiya bütün gücünü yığmamızla oyunlara saxlamışdı. Hər iki rəqibimiz bizə qarşı əzmkarlıqla mübarizə apardı. Ancaq futzalçılarımızın ustalıq səviyyəsi hər iki matçda hesabın lehimizə dəyişməsinə səbəb oldu.”
Federasiya prezidenti millimizin qrupun aşkar favoriti olduğunu da qeyd etdi. Bununla belə Zaur Axundov komandanın oyunundan tam razı qalmadığını da söylədi: “Final mərhələsinə maksimum nəticə ilə vəsiqə qazansaq belə, komandanın oyunundan tam razı qalmadım. Avropa çempionatının final mərhələsinə qədər 8 ay zamanımız var. Təbii ki, həmin vaxta qədər dəyişikliklər olacaq. Baş məşqçi ilə məsləhətləşdikdən sonra 4-5 gənc futzalçını təlim-məşq toplanışlarına dəvət edəcəyik. Avropa çempionatına qədər onları da hazırlayacağıq. Bilirsiniz ki, millinin heyəti əsasən yaşı 30-dan yuxarı olan futzalçılardan qurulub. Onlara qısa vaxt ərzində ardıcıl üç oyun keçirmək çətin olur. Bəzən hansısa futzalçımız gözləmədiyimiz anda elə səhvə yol verir ki hamı təəccüblənir. Xorvatiyada son qitə birinciliyindəki üzləşdiyimiz uğursuzluq Belçikada təkrarlanmamalıdır. Sevindirici məqamdır ki, artıq Avropada millimizi hər kəs tanıyır və onunla hesablaşır.”
Xatırladaq ki, Xorvatiyadakı son uğursuzluq zamanı baş məşqçi Joze Alesionun postundan uzaqlaşdırılacağı deyilirdi. Hətta Slovakiyada ona son şans verildiyi haqda məlumat var idi. Indiki halda da Alesionun taleyinə tam aydıqlıq gəlməyib. Braziliyalı mütəxəssisin taleyi AFFA rəhbərliyi ilə müzakirə olunacaq və bundan sonra yekun qərar veriləcək. Nəticələrə diqqət yetirsək, son 5 ildə artıq üçüncü dəfə millimiz bu baş məşqçinin rəhərliyi altında Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Ona görə Alesio ilə müqavilənin artırılması daha məqsədəuyğundur.
Futzalçıların Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması hələ uzun yolun başlanğıcıdı. Əsl uğur komandamızın çempionatda “dördlər finalı”na düşməsi olacaq. 2010-cu ildə bu uğuru reallaşdıran komanda yenidən həmin nəticəni təkrarlamağı bacarmalıdır.
MƏSLƏHƏT GÖR: