
RƏCƏBOVUN QAÇIRDIĞI ŞANS
Dünya şahmat tacı uğrunda Karlsen və Anand mübarizə aparacaq
Müəllif: Sənan ŞəfizadəBaki-London-Baki
Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluq etdiyi şahmat tacına iddiaçıların turniri norveçli Maqnus Karlsenin qələbəsiylə başa çatdı. Son illər FİDE reytinqinin dəyişməz lideri olan gənc qrossmeyster (Karlsenin reytinqi 2872-di) hindistanlı Vişvanatan Anandla (2783) şahmat tacı uğrunda mübarizə aparmaq imkanı qazandı. Təəssüf ki, təmsilçimiz Teymur Rəcəbov (2793) karyerası ərzində heç vaxt üzləşmədiyi uğursuzluğa düçar oldu. Ölkə şahmat liderinin Londonda 1 qələbə, 6 heç-heçə və 7 məğlubiyyətlə cəmi 4 xal toplaması onun sonuncu pillədə qərarlaşmasına səbəb oldu.
Karlsenin layiqli qələbəsi
London turniri bir qədər dramatik yekunlaşdı. Maqnus Karlsen keçmiş SSRİ məkanından çıxmış 7 rəqibini üstələyərək, 1-ci yeri tutdu. Lakin bu qələbə oba asan başa gəlmədi. Son turda məğlub olan 23 yaşlı Norveçli qrossmeysterin yeganə ümidi qalib adına digər iddiaçı Vladimir Kramnikin finalda uduzmasına qalırdı. Və ümidləri doğruldu. Finalda Kramnik Vasili İvançuka məğlub oldu. Nəticədə həm Karlsen, həm də Vladimir Kramnik 8,5 xalla ilk 2 pillədə qərarlaşdı. Lakin xal hesabı ilə öndə olan norveçli qrossmeyster birinci yerə layiq görüldü. Beləliklə, dünya şahmat tacı uğrunda mübarizə Karlsenlə hazırkı çempion, hindistanlı Vişvanatan Anand arasında gedəcək.
Karlsenin Londonda qələbəsi ədalətin təntənəsi oldu. Çünki, ikinci dövrə ərəfəsində Rusiyanı təmsil edən üç şahmatçının birləşdiyini açıq sezmək olurdu. Pyotr Svidlerlə Aleksandr Qrişuk digər rəqiblərlə mütləq qələbəyə oynadığı halda Vladimir Kramnikə qarşı zəif taktika seçirdi. Bununla Qrişukla Svidler son 6 turda Kramnikin finala çıxmasına kömək edirdi. Yarışın ən gözlənilməz nəticəsi isə Vasili İvançukla bağlı oldu. Ukraynalı qrossmeyster həm Vladimir Kramniki, həm də Maqnus Karlseni məğlub etməklə hər iki favoritə gücünü göstərdi.
Rəcəbov yaxşı başladı, amma....
Azərbaycanın ən güclü şahmatçısı Teymur Rəcəbov Londonda uğursuzluğa düçar oldu. Iki ilə cəmi 7 məğlubiyyəti olan şahmatçının bircə turnirdə bu sayda uduzması hamını təəccübləndirdi. Yarışı izləyənlər Rəcəbovun belə zəif çıxışını heç nə ilə izah edə bilmədi. Mötəbər turnirdəki uğursuzluq şahmatçının əmsalından 31 xal siləcək. Bu isə Rəcəbovun FİDE-nin reytinqində 4-cü yerdən 12-ci pilləyədək geriləyəcəyindən xəbər verir. Partiyalar zamanı adətən inamlı görünən Rəcəbovun həyəcanı və narahatlığı diqqətdən yayınmırdı. Həmişə şahmatda müdafiəsiylə seçilən Teymur bu dəfə rəqibin hücumu qarşısında heç nə edə bilmirdi. Yarış zamanı dəfələrdə seytnota düşməsi, debütdən üstünlük qazanmaması dediklərimizi təsdiqləyir. Uğursuz debüt seçimi onun məğlubiyyətlərinin əsas səbəbkarlarından biridi.
Uğursuzluğun digər səbəbləri
Teymur Rəcəbov London yarışı ərəfəsində 6 ay heç bir yarışda iştirak etmədi. Praktikasız mötəbər yarışa hazırlaşmaq yanlış qərar idi. Eyni səhvi Şəhriyar Məmmədyarov Kazandakı iddiaçılar turnirində etmişdi. Onda Şəhriyar Boris Gelfanda uduzmaqla yarışı tərk etdi.
Londonda Teymur həvəssiz oynayırdı. Hiss olunurdu ki, sadəcə yarışın tez başa çatmasını arzulayır. “Heç bir yarışda bu sayda məğlub olmamışdım. Seytnota düşməyimin səbəbi çox fikirləşməyimdi. Bilmirəm mənə olub. Amma gedişləri gec tapıram. Çox fikirləşirəm və nəticədə vaxtım bitir. Istədiyim kimi hazırlaşa bilməmişəm. Ardıcıl şahmat lövhəsi arxasına əyləşmək mənə çətin gəlir. Halbuki əvvəllər belə halla rastlaşmamışam. Öz səviyyəmdən aşağı oynadığımı görürəm” - deyə T. Rəcəbov bizimlə söhbətində etiraf edib.
Rusiyalı keçmiş dünya çempionu Vladimir Kramnik də R+-a açıqlamasında azərbaycanlı şahmatçının səviyyəsindən aşağı çıxış etdiyini deyib. Kramnik Rəcəbovun özünə bənzəmədiyini və çoxlu sayda səhvə yol verdiyini bildirib: “Teymura nə olduğunu bilmirəm. Debütdə çox səhvlər edir. Sanki özünə bənzəmir. Bundan onun məşqçiləri günahkardı. Belə çətin yarışa bu səviyyədə hazırlaşmaq olmazdı. Biz mübariz və gözəl şahmat oynayan Teymura öyrəşmişik. Onun yerində olsaydım Londondan sonra bütün məşqçilərimi işdən azad edərdim”.
Lakin London turnirinin nəticələrindın asılı olmayaraq inanmaq olar ki, Teymur Rəcəbov özünü toparlayaraq gücünü hələ göstərəcək. Hər halda əbəs yerə o uzun müddət FİDE reytinqində 4-cü yeri tutmayıb. Unutmaq olmaz ki, vədi yerinə yetirmək üçün hələ çox şans olacaq. Şahmat Tacını mütləq Bakıya qaytarmaq lazımdır.
MƏSLƏHƏT GÖR: