KİNODA «NİZAM-İNTİZAM»
Distribüterlik sistemində inkişafın zəif getməsi milli kinematoqrafiyanın böyük problemlərindən biridir
Müəllif: Məhərrəm ZEYNALOV Bakı
Azsinemaonline (www.azcinemaonline.com) - Azərbaycanın bədii, sənədli filmlərinə və animasiyalara onlayn baxmaq üçün yaradılmış saytdır. Sayt bir neçə gün əvvəl «Nizami» Kino Mərkəzində təqdim edilib. O, «Nərimanfilm» kino şirkəti tərəfindən Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Pasha Bank, Kinematoqrafçılar İttifaqı, Prodüserlər Gildiyası və «Nizami» Kino Mərkəzinin dəstəyilə Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqamı çərçivəsində hazırlanıb.
«Bu sayt kinomuz və ümumilikdə mədəniyyətimiz üçün bir neçə çox vacib funksiyanı həyata keçirir», - deyə «Nərimanfilm» kino şirkətinin direktoru Nəriman Məmmədov R+ jurnalına bildirib: «Birincisi, bu, milli bədii, sənədli filmlərin, animasiya nümunələrinin toplandığı, bundan sonra da toplanacağı videoplatforma, özünəməxsus internet kinoteatrdır». N. Məmmədov hesab edir ki, bu, milli kinonun həm Azərbaycanda, həm də ondan kənarda təbliği baxımından vacibdir: «Saytın gənc azərbaycanlı rejissorların işlərilə xarici prodüserlər və kino şirkətlərinin də tanış ola biləcəyi məkana çevriləcəyinə ümid edirik. Onlar saytda bir-birlərinin yaradıcılığına və xarici kinolara dair fikirlərini də bölüşə biləcəklər».
Saytda animasiya və filmlərlə yanaşı, dünya kinematoqrafiyasındakı yeniliklərlə də tanış olmağa şərait yaradılır. «Bu, gənc kinematoqrafçıların son tendensiyalardan xəbər tutmaları üçün vacibdir», - deyə «Nərimanfilm»in direktoru bildirib.
Saytın daha bir vacib funksiyası gənc istedadlı kinematoqrafçıların festivallarla, seyls-agentlərlə və distribüterlərlə əlaqələrinin yaranmasına yardımçı olmaqdır. Gələcəkdə saytda daim yenilənən xəbərlər rubrikası da açılacaq.
Sayt haqda fikirlərini R+ ilə yazıçı və aktyor Aleksandr Xakimov da bölüşüb: «Hesab edirəm ki, filmlərimiz çox və yaxşıdır. Sadəcə onlar sistemləşdirilməyib. Müharibədən əvvələ, sonraya aid, sovet və postsovet dövrlərinə aid filmlər var. Bütün bunlar qarışıq haldadır. Onları toplamağın, qaydaya salmağın vaxtı çoxdan çatmışdı və mən sevinirəm ki, bu, baş verdi». Xakimov hesab edir ki, Azsinemaonline saytı kino sahəsində «nizam-intizam yaratmaq» cəhdidir: «Bu sayt əsasında biz Azərbaycan kinematoqrafiyasının keçmişinə və indisinə daha yaxşı qiymət verə biləcəyik. Demək, onun gələcəyini planlaşdırmaq da daha asan olacaq».
Kino bu gün
Bu gün bütün yerli telekanalların nəinki köhnə, eyni zamanda yeni Azərbaycan filmlərini nümayiş etdirməsi sevindiricidir. Lakin yerli filmin təqdimatına baxmaq üçün kinoteatrlara getmək istəyində olanların sayı o qədər də çox deyil. Biz hamımız, az da olsa, xarici kinematoqrafiyadan xəbərdarıq. Amma təəssüf ki, yerli kinematoqrafiyanı bilməyimizlə öyünmək mümkün deyil. Gənclər isə demək olar ki, Azərbaycan filmlərinə tamaşa etmirlər. Buna baxmayaraq, yerli filmlərin çəkilişi həm entuziastlar, həm də peşəkarlar tərəfindən davam etdirilir. Üstəlik yerli filmlər nəinki çəkilir, həm də beynəlxalq festivallara çıxır.
Bəs bu gün Azərbaycan kinosunun daha geniş inkişafına nə mane olur?
Nəriman Məmmədovun fikrincə, bu gün distribüterlik sistemində inkişafın zəif getməsi milli kinonun əsas problemlərindən biridir: «Bakıda və digər bölgələrdə hələ kinoteatrların, daha dəqiqi yerli filmlərin nümayiş olunduğu ekranların sayı kifayət qədər deyil. Nəticədə yalnız xarici kinematoqrafiyadakı yeni filmlərin nümayişilə qarşılaşırıq».
«Yerli kino üçün meydanın olmaması vəziyyətə təsirini göstərməyə bilməz. Beləliklə, bizim yaratdığımız sayt yerli kino üçün meydandır. Məqsədimiz müasir Azərbaycan kinosunun tamaşaçıya çatdırılmasıdır», - deyə prodüser bildirib. «Nərimanfilm»in direktorunun sözlərinə görə, hər il Azərbaycanda 5-6 tammetrajlı film çəkilir. Ötən il 19 sənədli film və bir neçə qısametrajlı film çəkilib. «Beləliklə, yerli kinoda böyük bir repertuarın yarandığını, yaranmaqda da davam etdiyini görürük. Təəssüf ki, onlar tamaşaçıya çatdırılmır», - deyə prodüser bildirir: «Bu vəziyyətdə «Nərimanfilm», Kinematoqrafçılar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi və Prodüserlər Gildiyası vəziyyətin yaxşıya doğru dəyişməsi üzərində çalışır».
Kinematoqrafiyada maliyyələşmənin böyük rola sahib olduğu heç kimə sirr deyil. Ekspertin bildirdiyi kimi, bu gün yeni filmlərin çəkilməsi üçün vəsait əksər hallarda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılır. Maliyyələşdirmənin həcmi isə filmin dəyərindən asılıdır. Bəzi hallarda filmlərin çəkilişi beynəlxalq fondlar və prodüser mərkəzləri tərəfindən də maliyyələşdirilir. «Maliyyələşdirmə rejissorlar və prodüserlərin əbədi problemidir. Maliyyə çatışmazlığı daim hiss olunur. Filmin çəkilişinə kifayət qədər vəsaitin ayrılmasına nail olmaq çox çətindir. Məhz bu səbəbdən, Azərbaycan kinematoqrafçıları xarici fondlara müraciət edirlər. Amma hər kinematoqrafçının belə imkanı yoxdur», - deyə rejissor bildirir.
Beynəlxalq səviyyədə tanınmağa gəlincə, əksər kino xadimləri kimi, N.Məmmədov da nikbindir: «Azərbaycan kinosunun xaricdə populyarlaşması məsələsində müsbət dinamika, əlbəttə ki, var. Bu, hələ ki, ciddi irəliləyiş formasında olmasa da, sabit inkişafdan danışmaq mümkündür».
Son illərdə Azərbaycan kinosunun xaricdə uğur qazanmasına nümunə kimi «Nərimanfilm» kinostudiyasının iki il əvvəl çəkdiyi «Sahə» filmini göstərmək olar. O, ABŞ-da keçirilən California Film Awards kino müsabiqəsində Fransa, Almaniya, Böyük Britaniya, Argentina, İspaniya və digər ölkələrdən olan rəqiblərini üstələyərək «Tammetrajlı bədii film» nominasiyasında qalib olub. Ondan bir il əvvəl isə «Sahə» filmində çəkilmiş aktyorumuz Teymur Oduşov Los-Ancelesdə (Kaliforniya) «Hollivudun gənc istedadları» mərasimində «Xarici filmdə ən yaxşı aktyor» nominasiyasının qalibi seçilib. «Sahə» Azərbaycanı «Oskar» mükafatında da təqdim edib və mükafatın lonq-listinə daxil olunub. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Səfətdir.
MƏSLƏHƏT GÖR:



646

