25 Noyabr 2024

Bazar ertəsi, 12:47

AVROPAYA «QAZ HÜCUMU»

Azərbaycan öz qazı üçün ixrac marşrutlarını seçmək ərəfəsindədir

Müəllif:

09.04.2013

Başlanan hər bir prosesin nə vaxtsa sonu da olmalıdır. Deyəsən, Azərbaycanın «Şahdəniz-2» yatağından hasil olunan qazı Avropaya hansı marşrutla ixrac edəcəyinə dair diskussiyalar da məntiqi sonuna çatmaq üzrədir.

Bu mövzuda müzakirələr artıq bir neçə ildir davam edir və indi seçim iki variant arasında aparılacaq - Nabucco West və TAP boru xətləri. «Şahdəniz» konsorsiumunun üzvləri son olaraq bu iki variant üzərində dayandıqdan sonra hər iki layihənin konsorsiumları daha geniş təkliflər paketini ortaya qoyublar. Bu, Azərbaycan qazının nəqli marşrutunun seçilməsi prosesinin bir hissəsidir. Boru xətlərinin reallaşdırılması və istismarı ilə bağlı texniki, inzibati-nəzarət, maliyyə və s. məqamlar buraya daxildir. Qiymətləndirmə parametrləri isə əlverişlilik, reallaşdırılma imkanları, layihənin reallaşdırılması üçün maliyyə imkanları, mühəndis-layihə işləri, şəffaflıq, təhlükəsizlik və rasional istismardır. Qaz ixracının artırılması məqsədilə boru xəttinin mərhələli şəkildə genişləndirilməsi imkanları da vacib amillərdəndir. 10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya hansı marşrutla və hansı istiqamətdə nəql olunacağı ilə bağlı yekun qərarın iyunun sonlarında qəbul ediləcəyi gözlənilir. Bundan başqa, bu ay ərzində «Şahdəniz» konsorsiumu potensial avropalı alıcılardan hüquqi öhdəlik yaradan alğı-satqı təklifləri gözləyir. Amma gəlin bütün bunlara sıra ilə nəzər salaq.

1,2 trilyonadək nəhəng qaz ehtiyatına malik «Şahdəniz» yatağı Azərbaycanı artıq «mavi yanacaq» ixracatçısına çevirib. O da nəzərə alınmalıdır ki, bizim Türkiyə və Gürcüstana qaz ixrac etməyimiz regional enerji təhlükəsizliyinin təminində əhəmiyyətli rol oynayır. Ölkənin 2,5-3 trilyon kubmetrdən artıq olan nəhəng qaz ehtiyatı Azərbaycanın qarşısında Avropanın enerji bazarında nəhəng oyunçuya çevrilmək perspektivi açır.

Artıq Türkiyə ərazisindən keçəcək yeni qaz boru xətti - Trans Anadolu xəttinin (TANAP) tikintisi üçün hüquqi baza yaradılıb. Bu boru xətti vasitəsilə Azərbaycan qazı Türkiyənin qərb sahillərinədək nəql olunacaq.

Azərbaycan qazının Türkiyə ərazisindən nəqli üçün marşrut artıq müəyyən edilibsə, onun sonrakı istiqaməti hələ də maraqlı tərəflər və ekspertlər arasında diskussiya mövzusu olaraq qalır.

TAP və Nabucco layihələrinin güclü və zəif tərəflərinə nəzər salmağa çalışaq. Onların hər birinin üstün və mənfi tərəfləri var. Məsələn, TAP boru xətti Yunanıstandan keçərək Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna uzanmalıdır. Gələcəkdə onun Qərbi Avropayadək uzanması mümkündür. Nəzəri baxımdan bu boru xəttinin İsveçrəyədək uzanması, yaxud bu ölkəyə qaz nəqli məqsədilə başqa infrastrukturun yaradılması ehtimalları mövcuddur. Hadisələrin bu cür inkişafı layihənin xeyrinə olardı. Məsələ ondadır ki, SOCAR bu ölkədə mülkiyyətə sahibdir. O, ExxonMobil şirkətindən yanacaqdoldurma məntəqələri şəbəkəsini alıb. Daşıma vasitələri, neft məhsullarının saxlanılması üçün rezervuarlar, pərakəndə satış şəbəkəsi ilə yanaşı, şirkətin sənaye və pərakəndə müştəriləri balon qazı ilə təmin edən marketinq təsisatları, həmçinin, Vanşen-Oltendəki qazdoldurucu zavod da SOCAR-ın tabeliyinə keçib. Beləliklə, SOCAR öz obyektlərinin qaza tələbatını TAP vasitəsilə ödəyə bilər.

Layihədə İsveçrənin EGL şirkətinin 42,5% paya sahib olması da bu ssenarinin gerçəkləşməsi ehtimalını artırır.

Bu boru xəttinin xeyrinə olan daha bir vacib amil «Şahdəniz» konsorsiumuna üzv Statoil şirkətinin layihədə 42,5% paya sahib olmasıdır.

TAP layihəsinin reallaşdırılması üzrə konsorsium onun məntiqi üzrə də ciddi işlər aparıb. Onun reallaşdırılması şərtləri boru xəttinin keçməli olduğu ölkələrin hökumətlərilə danışılıb. Üstəlik konsorsium Xorvatiya və Bosniyanın qaz nəqli sistemlərinin operatorları ilə də razılaşma imzalayıb. Beləliklə, TAP qonşu Balkan ölkələrini də qazla təmin edə bilər.

Amma bütün bunlarla yanaşı, TAP-ın mənfi tərəfləri də var. Bu, ilk növbədə, boru xəttinin ciddi iqtisadi böhran yaşayan Yunanıstan və İtaliya ərazisindən keçməli olmasıdır. Sözügedən ölkələrdəki iqtisadi böhran onların qaza tələbatının azalmasına və nəticədə «mavi yanacağın» qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Bundan başqa, İtaliya müxtəlif mənbələrdən, ilk növbədə, Şimali Afrika ölkələrindən qaz tədarük olunduğu mərkəzə çevrilməkdədir. Yəni bu bazarda Azərbaycan qazı sərt rəqabətlə üzləşə bilər. Nabucco West boru xətti layihəsinə gəlincə, o, Mərkəzi Asiya ölkələrinin Rusiyadan yan keçərək Avropaya nəqlini nəzərdə tutan Nabucco layihəsinin qısaldılmış versiyasıdır.

Nabucco West boru xəttinin ümumi uzunluğu 1300 kilometrdir və o, başlanğıcını Türkiyə-Bolqarıstan sərhədindən götürüb Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyanın Baumqarten şəhərinədək uzanır. Layihənin səhmdarları Avstriyanın OMV, Macarıstanın FGSZ, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botas və Almaniyanın RWE şirkətləridir. Bu istiqamət Azərbaycan üçün kifayət qədər maraqlıdır: bu yolda əsasən keçmiş Şərq bloku ölkələri yerləşir. Sosialist keçmişə malik Azərbaycan onlarla mentalitet, reallığın qəbul edilməsi baxımından müəyyən dərəcədə ümumi cəhətlərə malikdir. Bundan başqa, Azərbaycan bu ölkələrin iqtisadiyyatına investisiya yatırmaqda son dərəcə maraqlıdır və bu prosesə artıq start verilib. Bu səbəbdən Nabucco West marşrutunun seçilməsi Azərbaycanın iqtisadi planlarını reallaşdırması üçün həm impuls, həm də qüvvətləndirici amil ola bilər.

Bu boru xəttinin üstünlüyü həm də əsasən Rusiyadan qaz alan ölkələrin ərazisindən keçməsindədir. Bu, ölkələr üçün Azərbaycan qazını diversifikasiya etmək imkanı yaradır. Odur ki, Azərbaycan qazı heç bir çətinlik olmadan nisbətən yüksək qiymətlərlə istehlak bazarı tapacaq. Bundan başqa, bu ölkələrdə qaza tələbatda artım müşahidə olunur və bu da müsbət məqamdır: perspektivdə Azərbaycandan qaz ixracı artırıla bilər. Artıq mövcud olan boru xətləri şəbəkələri hesabına isə qazın Serbiya, Xorvatiya, Bosniya və Herseqovina kimi Qərbi Balkan ölkələrinə nəqli mümkündür. Bu, bazarlardan hansınınsa «doyacağı» təqdirdə «mavi yanacağ»ın başqa bazarlara yönəldilməsinə imkan verəcək sistemin yaradılmasına şərait yaradır.

Üstəlik bu ehtimal mövcuddur: sözügedən ölkələrin bazarları o qədər də böyük deyil, İsrail və Kiprin ərazi sularında yeni qaz yataqlarının aşkarlanmasından sonra orta perspektivdə onların da Mərkəzi və Şərqi Avropa bazarlarına qaz ixrac edəcəkləri gözlənilir. Azərbaycan qazı eyni zamanda Yaxın Şərqdən və Şimali Afrikadan alınan şist qazı ilə rəqabət aparmalı olacaq. Üstəlik konsorsiumun üzvlərindən olan Rumıniya Qara dənizin özünə aid şelfində yeni qaz yatağı da aşkar edib.

Bütün qeyd olunanlara bir məqamı da əlavə etmək lazımdır: TAP ilə müqayisədə Nabucco West layihəsinin hazırlıq səviyyəsi daha zəifdir. O, rəqibinə məntiq məsələsində uduzur.

«Şahdəniz»in səhmdarları hər iki layihənin iştirakçıları ilə razılaşma imzalayıb. Razılaşmaya əsasən, boru xətlərindən hər hansı biri əsas marşrut kimi seçilərsə, konsorsium üzvləri TAP və Nabucco West boru xətlərində 50% paya sahib olmaq hüququ qazanacaqlar.

Göründüyü kimi, hər iki layihənin öz üstünlükləri və mənfi cəhətləri var. Ümumilikdə isə layihələrin şansı demək olar ki, bərabərdir və iyunda onların ikisinin də qalib gəlmək şansı qalır. Eyni zamanda qeyd olunmalıdır ki, bu yarışda uduzan tərəfin məyus olmasına dəyməz. Orta perspektivdə ikinci boru xəttinə ehtiyacın yaranacağı ehtimalı da kifayət qədər yüksəkdir. Azərbaycanda təbii qaz hasilatı bundan sonra da artacaq. İxracın həcmi çoxalacaq və Azərbaycan öz qazı üçün yeni bazarlar axtarmağa başlayacaq. Bir şeyi əminliklə söyləmək olar ki, marşrutun seçimi heç də Azərbaycan qazının ixracı ilə məhdudlaşmayan və perspektivə hesablanan geosiyasi qərardır. Bu, regionla inteqrasiya və iqtisadi əməkdaşlıq üçün başlanğıc nöqtəsidir.

 

Belə münasibətlərin güclənməsi başqa xarakterli proseslər üçün də başlanğıc ola bilər. Konsorsiumun qərarı - Azərbaycanın bu günü ilə gələcəyinin birliyidir. Belə qərarlar isə bir anda qəbul edilmir.



MƏSLƏHƏT GÖR:

580