14 Mart 2025

Cümə, 23:38

SURİYA APOKALİPSİSİ

Bir vaxtlar ərəb dünyasının ən öndəgedən ölkələrindən olmuş Suriyada davam edən vətəndaş müharibəsi getdikcə daha dəhşətli forma alır

Müəllif:

09.04.2013

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, 2013-cü ilin martı Suriyada uzun müddətdir davam edən vətəndaş müharibəsinin ən qanlı dövrü olub. Təkcə martda ölkədə davam edən toqquşmalarda 6 mindən artıq insan ölüb. Ümumilikdə isə Suriyada silahlı qarşıdurmanın başladığı gündən indiyədək həlak olanların sayı 70 minə yaxındır. Baş verən bir sıra hadisələr Suriyada davam edən müharibənin getdikcə daha dəhşətli forma aldığını göstərir. Məsələn, Aleppo şəhərində yaraqlılar kürdlərin yaşayış məntəqəsində yerləşən Şeyx-Məsud məscidinin imamı şeyx Həsən Səfiəddinə çox qəddarcasına divan tutublar. Sünnilərin tanınmış simalarından olan şeyxi qətlə yetirən silahlı müxalifət onun meyitini təhqir edib, sonda isə imamın bədənindən ayrılmış başını minarədən asıblar. Qeyd edək ki, şeyx Həsən Səfiəddin Suriya prezidenti Bəşər Əsədi dəstəkləməsilə məşhur idi. O, Suriya ordusunu «ölkəni cinayətkar muzdlulardan və cəhalətpərəstlərdən təmizləməyə» çağırırdı.

Silahlı müxalifətçilərin sünni din xadimini qətlə yetirməsi faktı ailəsi ələvi olan Bəşər Əsəd rejimini yalnız şiələrin dəstəklədiyinə dair geniş yayılmış fikrin yanlışlığını üzə çıxarır. Bu,

Suriyadaxili münaqişənin əsasını sünnilərlə şiələr arasında qarşıdurmanın təşkil etdiyinə dair fikirləri də alt-üst edir. Şeyx Həsən Səfiəddinə bu cür divan tutulması Əsədin sünnilərin bəzi dairələri tərəfindən də dəstəkləndiyini ortaya qoyur. Eyni zamanda bu fakt onu göstərir ki, əsasını radikal islamçıların təşkil etdiyi silahlı müxalifət siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, hakim rejimi dəstəkləyən hər kəsin amansızcasına mühakimə olunmasına qərar verib.

Ötən ay Dəməşqdəki məscidlərdən birində törədilmiş və 50-dən artıq insanın həyatına son qoymuş partlayış da bunu təsdiqləyir. Qeyd edək ki, həmin partlayış nəticəsində hazırkı hakimiyyəti dəstəkləyən, fanatik islamçıları tənqid edən tanınmış ilahiyyatçı şeyx Məhəmməd Səid Ramadan əl-Buttı da həlak olub. Suriyadaxili münaqişənin sərtliyini göstərən daha bir qanqaraldıcı nümunə Dəməşq Universitetinin memarlıq fakültəsinin yeməkxanasında törədilmiş terror aktıdır. Yeməkxananın atəşə tutulması 15 nəfərin həyatına son qoyub. 29 gənc oğlan və qızın həyatı uğrunda isə həkimlər əllərindən gələni edir. «Bu cinayət aksiyasının məqsədi Dəməşq Universitetinin qapadılmasına nail olmaqdırsa, yaraqlılar bilsinlər: buna nail ola bilməyəcəklər. Suriyalıların bir çox nəslinə təhsil vermiş elm ocağı maarifpərvər işini davam etdirəcək», - deyə universitetin rektoru Əmir əl-Mardini bildirib.

Son günlərin diqqət çəkən hadisələrindən biri də sələfi imam Adnan əl-Arurun (iordaniyalı bu şeyx radikal Suriya müxalifətinin ən nüfuzlu rəhbərlərindəndir) verdiyi fətvadır. O, Suriya hakim rejiminin tərəfdarı olan qadınların zorlanmasına icazə verib.

Bütün bunları qeyd edən zaman nəzərə alınmalıdır ki, Suriya müxalifətçilərinin əksəriyyəti kəndlərdən və ya şəhərlərin alt təbəqələrindən çıxmış şəxslərdir və onların bilik səviyyəsi çox aşağıdır. Bundan başqa, silahlı müxalifətin bir hissəsi xaricdən gəlmiş mücahidlərdən ibarətdir. Üstəlik Suriyada müharibə nə qədər uzanırsa, müxtəlif ekstremist və terrorçu təşkilatların onda iştirakı bir o qədər genişlənir. Almaniya kəşfiyyatının məlumatına görə, artıq Suriyanın silahlı müxalifəti arasında «Əl-Qaidə» ciddi nüfuza malikdir. Almaniya Federal Kəşfiyyat Xidmətinin rəhbəri Herhard Şindler bildirir ki, Suriya ordusuna qarşı döyüşlərdə ekstremist «Cebhat ən-Nusra» qruplaşmasının da minlərlə silahlısı vuruşur.

İsrail hərbi kəşfiyyatının başçısı Aviv Koxavinin bəyanatı da diqqətəlayiqdir. Onun iddiasına görə, İsraillə sərhəddəki 17 keçid məntəqəsindən 11-i artıq qiyamçıların əlindədir və onların vasitəsilə Suriya ərazisinə silah, «cihad elementləri» daşınır.

Suriyadakı vətəndaş müharibəsi artıq tam şəkildə beynəlxalq xarakter alır. Suriyadaxili münaqişəyə ilk günlərdən cəlb edilmiş ölkələr - Əsəd hökumətini dəstəkləyən İran və Rusiya, silahlı Suriya müxalifətinin tərəfindən olan Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə ilə yanaşı, indi İordaniya, İraq, Livan, İsrail və digər Yaxın Şərq ölkələri də münaqişəyə cəlb olunublar. Suriya müxalifətini bu və ya digər formada dəstəkləyən Qərb fövqəldövlətləri də öz yerində. Onlar Bəşər Əsədi «qeyri-legitim» hakimiyyət elan etməklə, ona «qara damğanı» lap əvvəldən vurublar.

Suriya münaqişənin beynəlxalq xarakter alması kontekstində Ərəb Dövlətləri Liqasının (ƏDL) fəallığını nəzərəçarpacaq dərəcədə artırdığını da qeyd etmək lazımdır. Təşkilat Dohoda keçirilən sammitində Suriyanın qurumdakı mandatının Suriya Müxalifət və İnqilabçı Qüvvələr Milli Koalisiyasına verilməsi haqda qərar qəbul edib.

Bəşər Əsəd isə bildirir ki, Yaxın Şərqdə baş verənlərdə dönüş anı məhz onun rəhbərlik etdiyi ölkədə qeydə alınacaq. Əsədin fikrincə, Suriya «nəinki qalib gələcək, həm də bütünlükdə ərəb dünyası üçün cəlbedici olan yeni siyasi layihə ortaya qoyacaq».

Amma Bəşər Əsədin bu əminliyinə rəğmən, görünən odur ki, Suriyadakı silahlı qarşıdurmanın nəticəsi artıq bəllidir və bu, heç də hazırkı hakim rejimin xeyrinə olmayacaq. Antisuriya koalisiyası Əsəd rejiminə heç bir uzun müddətli perspektiv vəd etmir. Suriyanın özünün taleyinə gəlincə, İsrail hərbi kəşfiyyatının başçısının daha bir fikrinə diqqət yetirmək yerinə düşər. O, Suriyanın etnik-dini əlamətlərə əsasən parçalanacağını istisna etmir.

Silahlı münaqişənin davam etməsi Suriya və ölkə əhalisinin maddi və mənəvi zəifləməsinə də səbəb olur. Baş verənlərə kənardan birbaşa müdaxilənin olacağı da istisna deyil. Bu, ilk növbədə, ABŞ və onun, xüsuilə də Fars körfəzindəki sələfi monarxiyasına malik müttəfiqləri tərəfindən edilə bilər.

ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı admiral Ceyms Stavridis ABŞ Konrqesindəki çıxışı zamanı NATO-nun Suriyada vətəndaş müharibəsinə son qoymaq məqsədilə hərbi əməliyyat planı hazırladığını etiraf edib. Onun sözlərinə görə, Şimali Atlantika Alyansının bəzi üzvləri Suriya münaqişəsinə birbaşa müdaxilə, ölkə müxalifətinə dəstək verilməsi üçün öz qoşunlarının əməliyyatlara cəlb olunmasını mümkün sayır. Bu məqsədlə Suriya üzərində uçuşsuz zonanın təmin edilməsi, ölkənin HHM sistemlərinin susdurulması üçün Hərbi Hava Qüvvələrindən istifadəyə də əl atıla bilər.

Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Ollandın açıqlamaları da çox şeydən xəbər verir. Onlar Avropa İttifaqının digər ölkələrini Suriya müxalifətinin silahlandırılmasına qoyulmuş embarqonun aradan qaldırılmasının vacibliyinə inandırmaq fikrindədirlər. Doğrudur, Yelisey sarayının sahibi hesab edir ki, Suriya müxalifəti yalnız silahların terrorçuların əlinə keçməyəcəyinə tam əminlik olduğu halda silahlandırılmalıdır. Lakin bu arqument Suriya müxalifətinə hərbi yardımların qarşısını çətin alsın. Çünki Suriya ətrafında cərəyan edən bu böyük oyunda bütün güc Əsəd rejiminin devrilməsinə yönəldilib. O, Yaxın və Fars Şərqi xalqlarının gələcəyi üçün hazırlanmış qloballaşma ssenarisinə müqavimət göstərən son ocaqdır.

Suriyada İraq diktatoru Səddam Hüseynin devrilməsi təcrübəsindən istifadə olunması da mümkündür. Xatırladaq ki, o zaman ABŞ «Bağdad tiranı»nı «daxili və xarici düşmənlər»ə qarşı kütləvi qırğın silahından istifadə etməyə hazır olmaqda ittiham etsə də, sonradan bu ittihamlar öz təsdiqini tapmamışdı.

NATO baş katibinin müavini Aleksandr Verşbou (yeri gəlmişkən, o, ABŞ-ın Rusiyadakı sabiq səfiridir) artıq Əsədin müxalifətə qarşı kimyəvi silahdan istifadə edə biləcəyindən narahatlığını dilə gətirib…

 

Bütün bunlar Suriyanı bürümüş şiddətli münaqişə ilə bağlı yalnız kiçik detallardır. Bu münaqişə nəinki ölkənin son on ildə əldə etdiyi, onu ərəb dünyasında aparıcı mövqeyə ucaltmış uğurları, ümumiyyətlə, Suriya dövlətçiliyini də məhv edə bilər.



MƏSLƏHƏT GÖR:

529