14 Mart 2025

Cümə, 23:41

TÜRKSAYAĞI YENİLƏNMƏ

Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar ilə müsahibə

Müəllif:

09.04.2013

- Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) lideri Abdullah Öcalanın məşhur müraciətindən sonra, Türkiyənin şərq əyalətlərində yaraqlılardan ibarət bir neçə qrup silahı yerə qoyub. Türkiyə hökuməti üçün PKK ilə silahlı mübarizənin gündəmdən çıxdığını güman etmək üçün əsas varmı?

- Hələlik hansısa konkret nəticələrə gəlmək tezdir. PKK liderinin müraciəti silahlı mübarizədən siyasi dialoqa keçilməsi istiqamətində aparılan çətin ümumi siyasi prosesin nəticəsidir. Hazırda Türkiyə Böyük Millət Məclisinin deputatlarının üçdəbiri kürdəsilli Türkiyə vətəndaşlarıdır. Adi vətəndaşlar səviyyəsində türklərlə kürdlər arasında düşmənçilik olmayıb. Uzun illər kürdlər türklərlə, azərbaycanlılarla və ölkəmizdə yaşayan digər millətlərlə birlikdə doğma torpaqları xarici təhlükələrdən qoruyublar. Türkiyədə türk-kürd qarışığı olan yüz minlərlə ailə var. Düşmənçilik PKK ilə birlikdə kənardan gətirilib. Türkiyə hökuməti artıq bir neçə ildir, barışıq, dayanıqlı inam, türk və kürd millətləri arasında dostluq siyasəti aparır. Bizim kürd vətəndaşlarımız hökumətdə, orduda, polisdə, biznesdə və digər strukturlarda ən yüksək postlar tuturlar. Öcalanın məlum müraciəti də məhz bu şəraitdə səsləndirilib. İndi bir çox məsələ iki amildən asılıdır. Birincisi, xarici qüvvələr bu prosesin qarşısına sədd çəkməyə çalışacaqlarmı? Məlum olduğu kimi, kürd dövlətinin yaradılmasını da nəzərdə tutan «Böyük Yaxın Şərq» kimi bir sıra geosiyasi layihələr mövcuddur. Şərqi Anadoluda daimi gərginliyin olmasını istəyən ölkələr var. İkincisi, yaraqlılar ölkənin cənub-şərq əyalətlərində yüksək gəlirli qeyri-leqal biznes qurublar. Bu, qaçaqmalçılıq, narkotrafik, insan, silah alveri və s.-dir. Onlar dinc həyata qayıtmaq şansından istifadə edəcəklərmi? Fikrimcə, məsələyə yaxın aylarda aydınlıq gətiriləcək.

- PKK yaraqlıları silahlı mübarizəni dayandırarlarsa, bu, Ankaraya başqa bir problem - Ermənistanın ərazi iddiaları ilə daha effektiv məşğul olmaq imkanı yaradacaqmı?

- Artıq hər kəsə bəllidir ki, Azərbaycan əraziləri azad olunmadan Cənubi Qafqazda sülh və sabitlik mümkün deyil. Türkiyə üçün işğalda olan Azərbaycan torpaqlarının geri qaytarılması dövlət əhəmiyyətli məsələdir; məsələn, İstanbulda, İzmirdə və digər şəhərlərdə yaşayan yüz min qastrabayter istisna olmaqla, Türkiyənin bütün əhalisi Türkiyə hökumətinin Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində siyasətini gücləndirməsinə tərəfdardır. Bu yaxınlarda Türkiyə - Azərbaycan Dərnəkləri Federasiyası nümayəndələrinin də iştirak etdiyi toplantıda Türkiyə Parlamentinin sədri Cəmil Çiçək bildirdi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması məsələsində Türkiyə həmişə Azərbaycanın yanında olub və bundan sonra da olacaq.

- Erməni diasporu ötən illərdə olduğu kimi, bu ilin aprelində də qondarma “erməni soyqırımı” məsələsi ətrafında səs-küy qaldırmaq niyyətindədir...

- Biz növbəti erməni yalanı və iftirası kampaniyasını dəf etməyə hazırıq. Ötən il aprelin 24-də Kocaelidə dünyada yeganə Xocalı Soyqırım Muzeyi açdıq. Muzeyin açılışında Türkiyə və Azərbaycan hökumətinin nümayəndələri, Milli Məclisin deputatları və ictimai xadimlər iştirak edirdilər. Bu məsələdə Türkiyənin mövqeyi birmənalı və obyektivdir. Türkiyə 1915-ci il hadisələrinin mahiyyəti ilə tanış olmaq istəyən hər kəsin üzünə arxivlərini açıb. Osmanlı İmperiyasında ermənilərin öz hüquqları və azadlığı olub. Erməni millətindən olan şəxslər nazir, hərbi komandir postlarını tutub, uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. Lakin ozamankı Rusiya, İngiltərə və Fransanın təhrikçiliyi ilə Birinci Dünya müharibəsi zamanı ermənilər türklərə əclafcasına arxadan zərbə endirməyə çalışıblar. Aqra və Qars əyalətlərində ermənilər 110 minədək türkü qətlə yetiriblər. Bu satqınlığa cavab olaraq İstanbulda ermənilərin Osmanlı İmperiyasının qərb əyalətlərinə deportasiya edilməsinə dair qərar qəbul olunub. Bu, müharibə şəraitinə uyğun qəbul edilmiş bir qərar idi, amma buna soyqırım demək mümkün deyil. Ötən əsrin 1964-cü ilinədək bu, heç bir problem yaratmayıb. Lakin 70-ci illərdə ASALA terror təşkilatı peyda olub və onun əli ilə 40-dan artıq türk diplomatı qətlə yetirilib. ASALA-nın fəaliyyətinə son qoyulduqda PKK peyda olub. Bütün bu təşkilatlar Türkiyədən kənarda olan qüvvələr tərəfindən yaradılır və idarə olunur. Türkiyəyə qarşı yalnız erməni təbliğatının təşkilinə milyonlarla dollar xərclənir. Qorxu içərisində olan və Türkiyənin güclənməsinə mane olmağa çalışan çoxlu sayda dövlətlər var. Ölkələr var ki, Türkiyəyə Osmanlı İmperiyasının varisi kimi baxır. Elələri də var ki, sadəcə paxıllıq edir; məsələn, Türkiyənin acığına Kipri Aİ-yə qəbul etdilər. İndi Avropa məmurları bu düşünülməmiş qərarın nəticələri ilə üz-üzə qalıblar. Fransa, ABŞ, Böyük Britaniya və hətta Almaniya «1915-ci il soyqırımı» məsələsinə çox həssas yanaşır, lakin ermənilərin lap yaxınlarda Xocalıda törətdikləri soyqırımı görmür və ya görmək istəmirlər. Biz hazırda Avropanın bütün hüquqi strukturlarında erməni rəhbərliyinin Xocalıda törədilmiş soyqırıma görə məsuliyyət daşıdığına dair məsələ qaldırmaq üçün hazırlıq işləri görürük.

- Son zamanlar Türkiyədə «soyqırım» məsələsində Ermənistanla anlayış və ya hətta həmrəylik nümayiş etdirən qüvvələr peyda olub. Onlar kimlərdir?

- İstənilən cəmiyyətdə pul xətrinə ağa qara deməyə hazır olan satqın insanlar var. Bu insanların heç bir əhəmiyyəti yoxdur. Bizim ölkələrimiz üçün əsas olan «bir millət iki dövlət» kimi iqtisadi, sosial, mədəni inkişafımızı davam etdirməkdir. Biz bütün sahələrdə inteqrasiyanı, birgə biznesi, əməkdaşlığı daha da genişləndirməliyik. Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq üçün nadir nümunədir.

- Bəs bu siyasət Türkiyədən Ermənistana aviareysin açılması ilə nə qədər üst-üstə düşür?

 

- Türkiyədə bu məsələyə iqtisadi nöqteyi-nəzərdən yanaşırlar. Türkiyədən Ermənistana həyati əhəmiyyətli malların, demək olar ki, hamısı Gürcüstan vasitəsilə daşınır. Türkiyə malları kommersiya xətti ilə Gürcüstana daşınır, ermənilər həmin malları Gürcüstandan alaraq vətənlərinə aparırlar. Bu, arzuolunmaz olsa da, reallıqdır. Ermənistanla siyasi münasibətlər tam fərqli müstəvidədir. Öz maraqlarının olduğu şəraitdə siyasi mübarizədə kompromis yoxdur və ola bilməz.


MƏSLƏHƏT GÖR:

574