
TƏXRİBATDAN və GÜC TƏTBİQİNDƏN İMTİNA EDİLMƏLİDİR
“R+” jurnalının suallarını Avropa Parlamentinin xarici məsələlər komitəsinin üzvü, qurumun «Avronest» Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Kristian VİGENİNİ cavablandırır
Müəllif: Çingiz Məmmədov Bakı
- Rəsmi Bakı Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəallıq göstərməsi, bu məqsədlə ATƏT-in Minsk qrupuna öz həmsədrini təyin etməsi haqda çağırış edib. Bu təşəbbüsü necə qiymətləndirirsiniz?
- Bu göstərir ki, Aİ Bakının gözündə həqiqətən də etibarlı, regionda müsbət rol oynamağa çalışan tərəfdaşdır. Aİ «Şərq tərəfdaşlığı» ölkələri ilə fəal şəkildə əməkdaşlıq edir və son illərdə biz sıx əməkdaşlığa nail olmuşuq. Bu, xüsusilə assosiasiya və azad ticarət zonasının yaradılması istiqamətində aparılan danışıqlara aiddir. Avropa İttifaqı demokratiya və qonşularımızın da bölüşdüyü ümumi dəyərlərin unikal nümunəsidir. Ümid edək ki, Azərbaycan Aİ-ni bu münaqişənin nizamlanması üçün sabit və qətiyyətli mövqe nümayiş etdirəcək tərəf kimi qəbul edir.
- Bu mövqe nə ilə bağlıdır və Azərbaycanın təşəbbüsünə Brüsselin cavabı nədən ibarət ola bilər?
- Aİ bu marağı tamamilə bölüşür. Bizim daha dərin əməkdaşlıq üçün alətimiz artıq mövcuddur - xanım Eşton cənab Filipp Lefortu Aİ-nin Cənubi Qafqazdakı və Gürcüstan böhranı üzrə ümumi nümayəndəsi təyin edib. Onun mandatı regiondakı münaqişələrin, həmçinin Gürcüstandakı böhranın və Dağlıq Qarabağ probleminin dinc yolla həllinə töhfə verilməsini nəzərdə tutur. Fəaliyyətini ATƏT-in Minsk qrupu ilə razılaşdıraraq quran Aİ nümayəndəsinin prioritetləri arasında region dövlətlərinin hökumətləri, parlamentləri, digər aparıcı siyasi strukturları, məhkəmə sistemi və vətəndaş cəmiyyətləri ilə əlaqələrin qurulması, region ölkələrinin qarşılıqlı maraq doğuran regional məsələlərdə - təhlükəsizlik problemləri, terrorizmlə mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlığa həvəsləndirilməsi var. Ermənistan, Azərbaycan və Gürcüstan arasında gələcək əməkdaşlığın dəstəklənməsi, həmçinin Aİ-nin regionda mövcudluğunun və fəaliyyətindəki effektivliyin artırılması da xüsusi nümayəndənin prioritetləri arasındadır. Onun mandatının müddəti 2013-cü il iyunun 30-da başa çatacaq. Əminəm ki, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton bu mandatın müddətini uzadacaq.
- Aİ ötən il münaqişə tərəfləri arasında inamın gücləndirilməsi istiqamətindəki bəzi təşəbbüsləri hesabına münaqişənin həlli prosesində fəal iştirak etmək niyyətini ortaya qoyub. Brüsselin indiyədək bu istiqamətdə gördüyü işləri necə qiymətləndirirsiniz və yaxın gələcəkdə Aİ tərəfindən bu məsələdə hansı işlər görülə bilər?
- Həqiqətən də tərəflər arasında inamın möhkəmləndirilməsi və problemin diplomatik vasitələrlə həlli yolunda irəliləməsi yeganə istiqamətdir. Bütün səviyyələrdə əlaqələr dərinləşir, regionda Aİ tərəfindən maliyyələşdirilən çoxlu sayda layihə həyata keçirilir və biz bu doğru kursu davam etdirmək niyyətindəyik. Aİ-nin xüsusi nümayəndəsi tərəfləri qane edən dinc çözümə nail olunması istiqamətindəki fəaliyyətində bizim əzmkar dəstəyimizdən və təcrübəmizdən yararlanır.
- Münaqişənin həlli prosesinin irəli aparılması aləti kimi, «Şərq tərəfdaşlığı» proqramı haqda nə deyə bilərsiniz?
- «Şərq tərəfdaşlığı» təşəbbüsü bizim tərəfdaşımız olan ölkələrlə münasibətdə kompleks siyasətə çevrilib. Bu, Aİ-nin yaxın qonşuları ilə əməkdaşlığı dərinləşdirməsinə, regionda islahatlar, sabitləşdirmə, münaqişələrin həlli proseslərinə töhfə verməsinə duyulan aşkar ehtiyaca cavab idi. Qısa müddətdə biz region ölkələri ilə yaxşı münasibətlər qurmağa nail olduq, bütün səviyyələrdə sıx əlaqələr var, bir sıra ölkələrlə assosiasiya haqda razılaşmaya dair danışıqlarda sürətlə irəliləyirik və əminəm ki, bunlar bu ilin noyabrında Vinlüsdə keçiriləcək «Şərq tərəfdaşlığı» sammitində layiqincə qiymətləndiriləcək. Hesab edirəm, Aİ-nin hər bir ölkə ilə yaxşı münasibətdə olması həm həmin ölkələr arasında, həm də münaqişə tərəfləri arasında xoş atmosferin yaranmasına kömək edir. Qeyri-hökumət sektoru nümayəndələrini özündə birləşdirən və insanlar arasında inamın möhkəmlənməsinə xidmət göstərən Vətəndaş Cəmiyyəti Forumunun işini xüsusi qeyd etmək istərdim.
- Azərbaycan və Ermənistan parlamentariləri arasında təmas meydanı olan «Avronest» PA çərçivəsi eyni məqsədə nail olunması baxımından nə dərəcədə effektivdir?
- «Avronest» PA Azərbaycanla Ermənistan, həmçinin assambleyamızın digər üzvləri arasında işgüzar əməkdaşlıq üçün yaxşı nümunədir. İlk iki gərgin ildən sonra, nəhayət, doğru yola çıxmışıq. Komitələrdə, plenar iclaslarda aparılan debatlar indi daha emosiyasız, daha məqsədyönlü, təxribatlardan uzaq və konstruktivdir. Qeyd edim ki, prosedur qaydalar üzrə işçi qrup Ermənistan və Azərbaycanın həmsədrlik etdiyi ilk rəsmi orqandır və bu qrupun işi indiyədək çox məhsuldar keçib.
- Erməni tərəfinin işğal altındakı Qarabağda aeroport istifadəyə vermək kimi təşəbbüslərinin regionda gərginliyi artıracağını düşünmürsünüzmü? Və Aİ gərginliyi önləmək üçün hansısa addımlar ata bilərmi?
- Mənim fikrim belədir ki, aeroportun açılması Ermənistanla Azərbaycan arasında inamın möhkəmlənməsinə xidmət etməyəcək. ATƏT-in Minsk qrupu həmsədrləri və Aİ-nin ali komissarı Ketrin Eşton tərəfləri istənilən formada güc tətbiqindən və ya mülki təyyarələrin vurula biləcəyinə dair hədələrdən çəkinməyə, problemin diplomatik yolla həlli ilə məşğul olmağa, onu siyasiləşdirməkdən çəkinməyə çağırıblar. Mən bu çağırışlara qoşuluram. Qoşunların təmas xəttindəki son insidentlərə bənzər halların da qarşısı alınmalıdır. Tərəfləri həmsədrlərin bu yaxınlarda regiona edəcəkləri səfərdən konkret ideyaların nəzərdən keçirilməsi üçün istifadə etməyə çağırmaq istərdim. Söhbət atəşkəs razılaşmasının möhkəmləndirilməsi və sülh nizamlanması üçün sonrakı addımların atılmasıdan gedir.
MƏSLƏHƏT GÖR: