15 Mart 2025

Şənbə, 00:34

QAPIÇININ SENSASİYAYA GÜCÜ ÇATMADI

Lakin Azərbaycan yığmasının problemləri həll etməyə zamanı və şansı var

Müəllif:

02.04.2013

2014-cü ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində daha 2 oyun millimiz üçün uğursuz başa çatdı. Lüksemburqla səfərdə heç-heçə oynadıqdan sonra, Bakıda Portuqaliyaya uduzduq. Rəqibin Kriştiano Ronaldu kimi lideri meydana çıxmasa da, Berti Foqtsun komandası sürpriz edə bilmədi. Selesao Bruno Alveş və Uqo Almeydanın qollarıyla 2:0 hesablı layiqli qələbə qazandı. Bizimkilər isə nəinki azarkeşləri layiqli oyunla sevindirə bilmədi, 90 dəqiqə ərzində rəqib qapısına 1 zərbə vurmağı bacarmadı.

Lüksemburqla oyunla müqayisədə Berti Foqts heyətdə cəmi 2 dəyişiklik etdi. Zədəli Vaqif Cavadov komandamıza kömək edə bilmədi. Digər dəyişiklik isə milliləşdirilmiş alman Pərdis Fərəcjad-Azadın əvəzinə Vuqar Nadirovun oynaması oldu. Hücumda isə alman məşqçi Rauf Əliyevə qəhrəman olmağa şans verdi. Bakı klubunun futbolçusu isə antiqəhrəman olmağı daha üstün saydı. İlk hissədə hücumçu komandamızın yaratdığı yeganə təhlükəli vəziyyəti uğursuzluğla başa çatdırdı. İkinci hissədə isə Rauf 3 dəqiqəyə 2 sarı vərəqə almaqla meydanı tərk etdi. Burada Berti Foqtsa sual vermək yerinə düşür: niyə azarkeşlər qolu Rauf Əliyevdən gözləməli idi? Axı Rauf son dəfə milli çempionatda 2012-ci ildə fərqlənib. Azərbaycan çempionatında qol vura bilməyən futbolçu Portuqaliya ilə görüşdə necə qəhrəman ola bilərdi? 

Doğrudur, ilk 45 dəqiqədə qapımızı toxunulmaz saxlaya bildik. Amma futbolçularımızın oyununa görə deyil. Fasiləyə qədər qol buraxmadığımıza görə qapıçı Kamran Ağayev və bəxtimizə minnətdar olmalıyıq. Əks halda, Ronaldunun komandası ilk hissədə matçın taleyini həll edə bilərdi. 

Əlbəttə, Paulu Bentunun komandasının 2 qolla qalib gəlməsi qeyri-adi hal kimi qəbul olunmalı deyil. Ən sadiq azarkeş belə yaxşı başa düşür ki, Portuqaliya istənilən zaman bizim komandanı məğlub etməyi bacarır - o ki qaldı biz 10 nəfərlə oynayan halda. 

Mütəxəssislərin narahatlığına səbəb isə Berti Foqtsun 17 gün məşq keçdiyi futbolçuların  90 dəqiqə ərzində rəqib qapısına 1 zərbə belə yönəldə bilməməsidir. Özü də söhbət sadəcə adi zərbədən gedir - qolla nəticələnməsə belə. Matç ərzində 1 zərbə vura bilməyən futbolçular niyə millidə oynamalıdır? Və bütün bunlardan sonra Foqts komandanın oyunundan razı qaldığını deyir. 

Ümumiyyətlə, millidə problemlər azalmaq əvəzinə çoxalır. Yığmaya öz klublarında əsas heyətdə oynayanlar çağırılmır. Milli üçün AFFA tərəfindən ideal vəziyyət yaradılsa da, oyun baxımından irəliləyiş yoxdur. 2007-ci ildə Şahin Diniyevin rəhbərlik etdiyi yığma Portuqaliyaya 0:2 hesabıyla uduzsa da, Foqtsun komandasından daha yaxşı mübarizə sərgiləmişdi. Futbolçuların fiziki hazırlığı yalnız zəif rəqiblərlə görüşdə yaxşı təsir bağışlayır. Oyunların əksəriyyətində milli müdafiə futbolu oynamaqla bəxtini sınayır. Əlbəttə ki, belə halda ilk öncə baş məşqçi məsuliyyət daşıyır. Alman məşqçi uzun müddətdir, millimizin 2016-cı ildə Avropa Çempionatının final mərhələsində mübarizə aparacağını deyir. Amma belə oyunla nəinki "Avro-2016", heç 2024-ə də getmək olmaz. Gəlin, mütəxəssislərin fikirlərinə nəzər salaq.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdiyi oyunla bağlı bu fikirdədir: "Heç bir oyun üslubu və ya taktiki sxem görmədim. Sadəcə, onu deyə bilərəm ki, birinci hissədə futbolçularımızda motivasiya diqqət çəkirdi. Hiss olunurdu ki, uşaqların gözləri yanır, qol buraxmamaq üçün əllərindən gələni edirlər. Amma belə bir komandaya qarşı müdafiədən oynamaqla hər an qol buraxmaq təhlükəsiylə üz-üzə qalmış olursan. Məni narahat edən odur ki, son altı ildə heç bir irəliləyişə nail ola bilməmişik. 2007-ci ildə mən yığmaya rəhbərlik edəndə, Portuqaliya indikindən daha güclü idi. Hətta heyətdə Ronaldu da var idi. Özü də o oyunda ilk hissədə Aslan Kərimov "qırmızı vərəqə" aldığından, azlıqda idik. İndi hər iki oyuna baxın, fərqi görün. Söhbət ondan gedir ki, bu qədər vaxt ərzində Berti Foqtsun işi görünmür. Fakt budur. Amma hələ də o, yaradılan şəraitdən, klublardan gileylənir. Portuqaliya ilə matçda biz altı il əvvəllə müqayisədə iki dəfə güclü yığma görməliydik". 

"Portuqaliya bizə o qədər də təzyiq etmədi. Oynamağıza imkan verirdilər. Braqadakı oyundakı kimi pressinq etmədilər. Ancaq futbolçularımız yetərincə hücuma keçmədi. Qısa ötürmələrdə çox səhvlərə yol verdik. Top bizdə az qalırdı. Bu da yorğunluğa gətirib çıxarırdı. Portuqaliyadan xal almaq olardı". - Bu sözləri isə əməkdar məşqçi Ağasəlim Mircavadov "R+"a açıqlamasında deyib. Onun sözlərinə görə, məğlubiyyətin səbəblərindən biri də orta xəttin zəifliyi olub: "Müdafiə ilə hücum arasında əlaqəni yaxşı qurmaq lazım idi. Bu mövqedə Elvin Məmmədov və Cavid Hüseynov kimi hücumameyilli futbolçular oynayırdı. Ancaq onlar da bunu bacarmadı. Elvin Məmmədovdan çox şey gözlənilsə də, oyun təcrübəsi buna imkan vermədi. Ona görə də çatdıra bilmirdi. Həmçinin oyunçularımızda həyəcan vardı. Məqsədləri top buraxmamaq idi. Qarşıya belə məqsəd qoymaq səhvdir. Qol vurmağı düşünmək lazım idi. Qol vuranda futbolçularda başqa bir əhval-ruhiyyə olur. Daha da ürəklə oynayırlar". 

Berti Foqtsun fəaliyyətinə də toxunan təcrübəli mütəxəssis qeyd edib: "Biz əvvəlki oyunumuzu itirmişik. Əvvəllər Qafqaz futbolu oynayırdıq. O dövrdə daha yaxşı oyun sərgiləyirdik. Əfsuslar olsun ki, indi o oyunu itirmişik. Klub rəhbərləri ilə milli komandamızın məşqçiləri arasında sıx, səmimi əlaqə olmalıdır. Əgər futbolçu öz klubunda start heyətə düşə bilmirsə, onun milli komandada nə işi var? Milli komanda nəyə deyirlər? Klubda özünü ən yaxşı tərəfdən göstərən futbolçuları milliyə dəvət etmək lazımdır".

Beləliklə, yığmamız seçmə mərhələdə daha 2 oyunu başa vurdu. Nəticə odur ki, Berti Foqts Almaniyada vaxt keçirmək əvəzinə, Bakıda yığmayla maraqlanmalıdır. Hələlik, komandanın problemləri həll etməyə zamanı və şansı var. 



MƏSLƏHƏT GÖR:

618