16 Mart 2025

Bazar, 00:01

TİFLİS FIASKOSUNUN SƏBƏBLƏRİ NƏDİR?

Avropa çempionatı Azərbaycanın güləş komandasında problemlər üzə çıxardı

Müəllif:

02.04.2013

London Yay Olimpiya Oyunlarında Azərbaycanın qazandığı 10 medaldan 7-si güləşçilərin payına düşmüşdü. Amma cəmi yeddi ay sonra Tiflisdə baş tutan Avropa Çempionatı yığma üzvlərinin zəifliyini nümayiş etdirdi. Son 7 ildə Avropa çempionatından vətənə bir qayda olaraq qızıl medalla dönən güləşçilərimiz bu dəfə cəmi 1 gümüş, 6 bürünc medalla kifayətləndilər. Nəticədə, yığmalarımız komanda hesabında ilk "üçlük"ə daxil ola bilmədi.

 

Yunan-Roma güləşi 

Klassiklər budəfəki qitə birinciliyində 1 gümüş, 2 bürünc medal qazanıblar. İkiqat Avropa çempionu Elçin Əliyev (55 kq) finalda uduzmaqla ikinci yerlə kifayətlənib. Medal ümidlərimizdən olan Avropa və dünya çempionu Həsən Əliyev (66 kq) və Kamran Məmmədov (60 kq) isə yalnız bürüncə sahib çıxa biliblər. 

Qeyd edək ki, yunan-Roma güləşində olan problem hələ ötən ildən özünü göstərir. Məhz bu səbəbdən, Güləş Federasiyası türkiyəli Salih Boranı işindən uzaqlaşdırıb. Əvəzində, komanda Cəmşid Heyrabadinin rəhbərlik etdiyi 7 nəfərdən ibarət məşqçilər şurasına tapşırılıb. Tiflisdəki yarışa əsas liderlər Rövşən Bayramovla Vitali Rəhimov yollanmasa da, digərlərinin uğursuzluğuna səbəb tapmaq çətindir. Unutmaq olmaz ki, təcrübəli Bayramovla Rəhimov istənilən an karyeralarını başa vurduqlarını elan edə bilər. Bu halda indiki heyət onları əvəzləməyi bacarmalıdır. Avropa çempionatındakı nəticələr isə göstərir ki, onlar yığmanın əsas yükünü çiyinlərinə götürməyə hazır deyil. 

Dünya və Avropa çempionu Həsən Əliyevin karyerasında son illər geriləmə hiss olunur. 2010-cu ildə dünyanın 2 ən böyük yarışından qalib gələn Həsən sanki məşq etmir. Vaxtilə rəqib tanımayan pəhləvanımız indi təsəlliverici görüşlərdə güclə mübarizə aparır. Və ya Rafiq Hüseynovu götürək. Perspektivli idmançımız sayılan Rafiq də Gürcüstanda ümidləri doğrultmayıb. 

Yunan-Roma güləşçilərinin uğursuzluğuna əsas səbəb kimi, mütəxəssislər fiziki hazırlığın qənaətbəxş səviyyədə olmamasını və arxayınlığı göstərir. Yeni təyinat alan Heyrabadi "R+"a müsahibəsində bu barədə danışmışdı. İndi gərək iranlı məşqçi problemi aradan qaldırsın. Lazım gələrsə, millidəki bəzi adları daha layiqli yerli güləşçilərlə əvəz etmək də olar. Yığmaya uğur üçün qələbəyə ac olan pəhləvan lazımdır. 

 

Qadın yığması

Yaqub Məmmədovun rəhbərlik etdiyi qadın güləşçilərdən ibarət millimiz 2 bürünc medal qazanaraq, Türkiyə ilə 6-cı yeri bölüşüb. Azərbaycan komandasında Patimat Baqomedova (48 kq) və Anna Belyayeva (63 kq) bürünc medal qazanıb. 

Hamıya məlumdur ki, yığmanın əsas liderləri Mariya Stadniklə Yuliya Radkeviç Gürcüstana yollanmayıb. Analıq məzuniyyətində olan xanım güləşçilər hazırda məşqlərə fasilə verib. Belə olan halda xanım pəhləvanlardan böyük uğur gözləmək mümkün deyildi. Ona görə də 2 bürünc medalı zərif cinsin nümayəndələri üçün normal nəticə kimi dəyərləndirmək lazımdır. Digər tərəfdən Baqomedova ilə Belyayeva Gürcüstandakı nəticənin təsadüfi olmadığını göstərmək üçün məşqləri intensivləşdirməlidirlər və dünya çempionatında da uğur qazanmağa borcludurlar. 

 

Sərbəst güləş

Böyük ümid bəslənilən Saypulla Absaidovun rəhbərlik etdiyi sərbəst güləş üzrə millimiz yalnız Yaşar Əliyev (55 kq) və Cəmaləddin Məhəmmədovun (120 kq) qazandığı 2 bürünc medalla 7-ci yerdə qərarlaşıb. Daim bizi uğurlarla sevindirən sərbəst güləşçilər Tiflisdə fiaskoya uğrayıb desək yanılmarıq. Xatırladaq ki, yarış ərəfəsində məşqçilərin qərarına əsasən olimpiya çempionları Toğrul Əsgərovla Şərif Şərifov heyətə daxil edilmədi. Federasiya onları payızdakı dünya çempionatında sınamaq fikrindədir. Lakin mütəxəssislər bu qərarın mübahisəli olduğuna diqqət çəkir. 

Başqa ölkələrdə olimpiya çempionları qələbədən sonra da müxtəlif yarışlarda iştirak edir və güclü olduqlarını nümayiş etdirirlər. Bizdə isə həmişə olimpiya çempionlarına olimpiadadan sonra, ən azı, 1 il istirahət verilir. İdmançı üçün yarışda iştirak etmək vacibdir. Heç bir məşq yarış atmosferini və həyəcanını əvəz edə bilməz. Praktika olmadan idmançı zəifləyir və əvvəlki nəticəni göstərə bilmir. Olimpiya çempionlarının olmadığı heyətdə hamı kapitan Xetaq Qazyumova inanırdı. Yay Olimpiya Oyunlarında 2 dəfə bürünc qazanan güləşçi bu dəfə ilk üçlüyə düşə bilmədi. Qazyumov daim əzmkar mübarizəylə fərqlənirdi. Amma Tiflisdə həmin əzmkarlıqdan əlamət yox idi. 

Maraqlıdır ki, Bakıda tənqid atəşinə məruz qalacağını başa düşən baş məşqçi Saypulla Apsaidov lazım gələrsə, istefa verməyə hazır olduğunu bildirib. Lakin indiki halda istefa çıxış yolu deyil. Məşqçi federasiya qarşısında hesabat verməli, ardınca isə problemləri həll etməlidir. Problemləri həll etməyə isə çox az vaxt var. Çünki sentyabrda Budapeştdə dünya çempionatında güləşçilər Azərbaycanı layiqincə təmsil etməlidir. 


MƏSLƏHƏT GÖR:

521