26 Dekabr 2024

Cümə axşamı, 18:19

HESABA YAZILAN TURNİR

Şəhriyar Məmmədyarovun Xantı-Mansiyskdə keçirilən yarışda iştirakına sözardı

Müəllif:

08.04.2014

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya şahmat tacına iddiaçıların turniri Vişvanatan Anandın növbəti qələbəsiylə başa çatdı. Yarışı yüksək səviyyədə keçirən hindistanlı qrossmeyster turnirin qalibi olmaqla noyabrda hazırkı dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq imkanı qazandı. Əgər Anand uğurlu seriyanı davam etdirsə ötən il uduzduğu Karlsendən şahmat tacını geri ala bilər. İstənilən halda, 42 yaşlı Anand qocalmadığını, hələ də min cavana dəydiyini göstərdi. Onun bütün rəqiblərə qarşı stabil oyun sərgiləməsi, vacib anlarda həlledici taktikanı işə salması layiqli qələbəsində əsas rol oynadı. Anandla yanaşı, turnirdə qələbə uğrunda mübarizə aparan həmyerlimiz Şəhriyar Məmmədyarov 4-cü yerlə kifayətləndi. Sumqayıt şahmat məktəbinin yetirməsi yarışa pis başladı, amma sonradan toparlanmağı bacardı.

Turnir Şəhriyar üçün heç-heçəylə başladı. Startda bolqar Veselin Topalovla sülh bağlayan şahmatçımız 2-ci turda prinsipial görüşdə Levon Aronyana uduzdu. Partiyada kobud səhvə yol verən Şəhriyar "vəzir" itkisini sığortalaya bilmədi və məğlubiyyət qaçılmaz oldu. Aronyandan sonra Vişvanatan Anand Şəhriyar üzərində qələbə qazandı. Bundan sonra, bəziləri, artıq Şəhriyarın fiaskoya uğrayacağını proqnozlaşdırırdı. Lakin təcrübəli qrossmeyster toparlana bildi. 

3 turdan sonra turnirdə 1 gün istirahət oldu və sərbəst gün Məmmədyarova özünə gəlməsinə kifayət etdi. Ardıcıl olaraq Dmitri Andreykin, Pyotr Svidlerə qalib gələn təmsilçimiz Sergey Karyakinlə xalı yarı böldü və 7-ci yenidən məğlubiyyətlə nəticələndi. Bu dəfə Şəhriyar rusiyalı dünya çempionu Vladimir Kramnikə təslim oldu. Əslində, 7-ci tur uğurlu seriyanın qırılma anı oldu. Kramniklə partiyaya qədər turnir cədvəlinin ortalarında qərarlaşan həmyerlimiz 7-ci turdakı məğlubiyyətdən sonra həvəsdən düşdü. Motivasiyanı itirən şahmatçı turnirin qalibi olmaq şansının azaldığını dərk etdi. Fikrimizi Şəhriyar özü də təsdiqləyir. "R+"a açıqlamasında Məmmədyarov Kramnikə məğlubiyyətin ona pis təsir etdiyini söyləyib: "Kramniklə 7-ci turdakı partiyada qələbə qazanmağa çalışırdım. İstənilən vaxt heç-heçə edə bilərdim. Amma qələbə istəyirdim. Səhvə yol verdim və nəticədə, uduzdum. Müəyyən mənada, bəxtim də gətirmədi. Kramnikə məğlubiyyət məni həm də həvəsdən saldı. İlk pilləyə şansım azaldı. Karyakinlə 12-ci turdakı partiyada dönüş etmək istədim. Amma alınmadı. Sonrakı görüşlərdə anlayırdım ki, qələbə qazansam belə, artıq 1-ci yerə şansım, demək olar ki, yox idi. "   

8-ci turda Topalovla heç-heçə oynayan Şəhriyar Levon Aronyan üzərində parlaq qələbəylə əvvəlki turdakı qisasını aldı. Bununla, həm də Aronyanın uğursuzluq seriyasının əsası qoyuldu. Erməni şahmatçı Şəhriyara məğlubiyyətdən sonra özünə gəlmədi və yarışı aşağı pillələrdə başa vurdu. 10-cu turda Anandla heç-heçə Məmmədyarovun lider olmaq şansını daha da azaltdı. Son turlarda Andreykin, Karyakin, Svidler və Kramniklə partiyalar heç-heçə başa çatdı. Əlavə əmsallara görə Şəhriyar iddiaçılar turnirini 4-cü pillədə başa vurdu. Hərçənd potensialı lider olmağa çatırdı. 

Ümumiyyətlə, iddiaçılar turnirini Şəhriyar Məmmədyarovun aktivinə yazmaq olar. Rusiyaya reytinqini artırmaq üçün yollanmadığını sübut edən şahmatçı bütün partiyalarda açıq mübarizə apardı. Hər görüşdə hücum haqda düşünən Məmmədyarov qapalı oyundan uzaq oldu və yaradıcı oyun sərgilədi. Şəhriyarın startdakı uğursuzluğu isə onun son 4 ayda heç bir yarışda iştirak etməməsiylə bağlı oldu. Maraqlıdır ki, qrossmeyster 2 il əvvəl Kazanda təşkil edilən iddiaçılar turnirində də eyni səhvə yol vermişdi və uzun müddət şahmat oynamayaraq yalnız məşqlərlə kifayətlənmişdi. Məmmədyarov 4 ay heç bir yarışda iştirak etməməsini belə izah edir: "Son 4 ayda heç bir yarışda iştirak etməmişdim. Bu, çox pis idi. Özüm də anlayırdım. İki il əvvəl Kazandakı iddiaçılar turnirində də həmin hadisə olmuşdu. Təcrübə olmadan çətindir. Əlbəttə, yoldaşlıq görüşləri keçirirdim. Məşqdə müəyyən partiyalar oynayırdıq. Amma turnir başqadır. Həmin həyəcan və məsuliyyət olmur. Düzünü deyim ki, heç bir yarışdan dəvət almadım. Əgər heç bir güclü yarışdan dəvət almıramsa, necə oynaya bilərəm? Hər hansı bir turnirdən dəvət alsaydım, böyük həvəslə iştirak edəcəkdim. Lakin reytinqli turnirlərdən dəvət olmadı. Yalnız "Open" xarakterli yarışlara qatılmağım mümkün idi. Bunu özüm istəmədim. Fikrimcə, iddiaçılar turnirinə hazırlaşan şahmatçının açıq xarakterli turnirlərdə nisbətən zəif şahmatçılarla qarşılaşması düzgün deyil." 

Xantı-Mansiysk şəhərindəki qənaətbəxş çıxışı sayəsində Şəhriyar reytinqini yüksəldərək FİDE-nin siyahısında 10-cu sıraya yüksəldi. Sözsüz ki, onun uğurlu partiyalarında birgə çalışdığı komandanın da rolu böyük oldu. Bildiyimiz kimi, ona mötəbər yarışda komanda yoldaşları Rauf Məmmədov və Eltac Səfərli kömək edirdi. Şəhriyar komandası haqda bunları dedi: "Azərbaycan mənim üçün hər cür şəraiti yaratdı. Yığmadakı komanda yoldaşlarım, eyni zamanda kapitanımız Aleksandr Xalifmanın daxil olduğu komandam var idi. Hazırlıq yaxşı keçdi. Əgər 8 güclü şahmatçının yarışında 3-5-ci yerləri bölüşdümsə, üstəlik, reytinqimi artırdımsa, narazı ola bilmərəm. Reytinqim artdı. Sadəcə, turnirdə qələbə qazanmaq tam başqa hissdir. Onu bacarmadım."

Karyerasında ikinci dəfə iddiaçılar turnirində iştirak edən Şəhriyar üzərində çalışmağı davam etdirməlidir. İkinci cəhd əvvəlkindən uğurlu oldu. Deməli, 3-cü cəhd qələbəylə nəticələnə bilər. "R+"a müsahibəsində məşhur şahmatçımız ən böyük arzusunun həyata keçməsi üçün sona qədər mübarizə aparacağını dedi: "Dünya çempionu olmaq hər bir şahmatçının arzusudur. Bu hədəf uğrunda mübarizəni davam etdirirəm. Bu dəfə alınmadı. Səhvlərdən nəticə çıxaracam. Boris Gelfand kimi usta şahmatçı 44 yaşında çempionluq matçında oynamaq imkanı qazanıb. Mənim vaxtım var ki, hədəfə çatım. Şahmat tacını Bakıya gətirmək ən böyük arzumdur".


MƏSLƏHƏT GÖR:

584