26 Dekabr 2024

Cümə axşamı, 17:13

SELF-MADE-MAN

Hüseynqulu Sarabski "öz-özünü yaratdı" və Azərbaycanda böyük bir artist pleyadasının ərsəyə gəlməsinə kömək etdi

Müəllif:

08.04.2014

O, nə bəy, nə Bakı və ya Şuşa ziyalısının oğlu idi. Onun nəslində nə müğənni, nə də bəstəkar vardı. Onun kimi şəxsləri Qərbdə self-made-man (öz-özünü yaradan insan) adlandırırlar.

 

"Xan Sarabski"

Hüseynqulu Sarabski 20 mart 1879-cu ildə Bakı yaxınlığında, yoxsul dənizçi Məlik Rzayevin ailəsində dünyaya göz açmışdı. Onun təhsili olmayan atası Hüseynqulunu dini məktəbə qoymuşdu. Gələcəyin müğənnisi, bəstəkarı, aktyoru və dramaturqunun yaddaşında həmin məktəbdən çox acı xatirələr qalmışdı.

Orada uşaqlara dərsi pis keçir, yalnız Quranı əzbərlədirdilər. Şuluq uşaqlar yaxşıca kötəklənirdilər. Hüseynqulu Sarabski 12 yaşında həmin məktəbdən qaçır. Dolana bilmək üçün o, ən ağır işlərə gedirdi - daşyonan, dəmirçi köməkçisi işləyirdi. "O zaman mənim oxumağa böyük həvəsim, arzum var idi. İşə gedərkən məktəbə yollanan şagirdlərə həsədlə baxırdım", - deyə Sarabski sonralar xatırlayırdı.  Bununla yanaşı, o, öz biliyini artırmaq üçün vaxt da tapırdı. Rus dilini öyrənmək üçün rus məktəbində oxuyan oğlanla söhbətləşən Sarabski sonralar özü rus məktəbinə getməyə başlayır. Çünki məktəbin fəaliyyəti mesenat Zeynalabdin Tağıyev tərəfindən  maliyyələşdirilirdi və o, məhz, yoxsullar üçün yaradılmışdı.

Sarabskinin sonrakı həyatını teatrla tanışlıq formalaşdırır. Bu, 1896-cı ildə Azərbaycan teatrının yeni yarandığı vaxt baş verir. O zaman Bakıda tələbələr  tərəfindən yaradılmış cəmi 1 həvəskar truppa var idi. 16 yaşlı Sarabski o vaxt M.F.Axundovun "Lənkəran xanının vəziri" tamaşasına düşə bilir. Onda gəncin teatr haqda heç bir bilgisi yox idi. Sonralar Sarabski həmin dövrü belə xatırlayırdı: "İşıqlar söndükdə qorxdum. Pərdə qalxarkən qaçmağa başladım: elə bildim səhnə uçur. Tamaşaçılar mənə baxır və gülməkdən uğunurdular".

Amma həmin axşam baş verənlər Sarabskini məyus etmir. Əksinə, o özünü daha güclü hiss etməyə başladı, sanki, əsl möcüzə ilə qarşılaşmışdı. Bu səbəbdən, o, Axundovun tamaşasının şərəfinə özünə "Xan Sarabski" təxəllüsünü seçir. İndi bu gəncin bütün fikri bir hədəfə yönəlmişdi - artist olmaq.  Aktyorlara yanaşan Sarabski israrla xahiş edirdi ki, onu Hüseyn  Ərəblinski ilə tanış etsinlər. O zaman teatrın rejissoru və əsas aktyoru, məhz, Ərəblinski idi.

Gənc Sarabskini yolundan döndərmək mümkün deyildi. O, ixtisaslı işçi olmaq və daha çox pul qazanmaq üçün yollar axtarırdı. Sənət məktəbinin axşam kurslarına yazılan Sarabski təhsilini başa vurduqdan sonra daha asan və pullu iş tapır. Nəhayət, günlərin birində o, teatr kursuna yazılır. "İmtahan götürən komissiyada Həsən bəy Məlikov (Azərbaycan teatrının əsasını qoyanlardan olan Zərdabi) və dramaturq Nəcəf bəy Vəzirov da yer alırdılar... Mən Puşkinin "Payız" şerini ifadəli oxudum və bu, yaxşı alındı. Həsən bəy və Nəcəf bəyin diqqətini çəkə bildim. İfam onlara toxundu və hər ikisini təsirləndirdi", - deyə Sarabski məşhur teatr xadimlərilə ilk görüşünü xatırlayırdı. Onun teatr dünyasına yolunu da, məhz, bu görüş açır.

Artıq 1899-cu il idi. Bir il sonra vəsait çatışmazlığı üzündən kurslar bağlandı. Onları faktiki olaraq, Zərdabi ilə Vəzirovun fərdi inadkarlığı saxlayırdı. Amma Sarabski ruhdan düşmür. Həmin vaxt Hüseynqulu Sarabskinin təcrübəsi hələ kifayət qədər deyildi.  Bu səbəbdən, Vəzirov onu truppaya kostyumçu kimi götürür. Məqsəd Sarabskinin truppanın tərkibində təcrübə toplamasına nail olmaq idi. Artıq 1902-ci ildə Sarabski ilk dəfə səhnəyə çıxır. Onda truppaya məşhur yazıçı və maarifçi Nəriman Nərimanov (o zaman hələ siyasi xadim deyildi) rəhbərlik edirdi. H. Sarabski ilk dəfə səhnədə Nərimanovun "Dilin bəlası" pyesində Rəsul rolunu canlandırır. Onun gələcək taleyini, məhz, bu debüt həll edir.

Sarabskinin nə zəngin qohumları, nə nüfuzlu dostları var idi.  O, yoxsulluqla mübarizəni davam etdirirdi. Məsələ ondadır ki, teatr aktyorların yaşamasına kömək etmirdi.  Onlar, əsasən, tələbələr, yəni, övladlarının təhsilinə, yaşayışına imkanı çatan valideynlərin uşaqları idilər. Sarabskidə isə bu yox idi. O, şəhərin su təchizatını həyata keçirən köşkdə krançı işləyir, kranı açıb-bağlayır, eyni zamanda rolları öyrənirdi.

 

Aktyor, müğənni,  müəllim

H.Sarabski, təxminən, 20 ilini Azərbaycan Dram Teatrına verib. Onun səhnədə yaratdığı bir çox rollar tamaşaçılar tərəfindən çox sevilirdi: Hacı Saleh ("Lənkəran xanının vəziri"), Dərviş Məstəli-şah ("Müsyö Jordan"), eləcə də Axundovun əsərlərinin digər qəhrəmanları, Qubad və Fərhad ("Dəmirçi Gavə"),  Sami, Nəcəf bəy ("Dağılan tifaq"), Fərhad ("Bəxtsiz cavan"), Qurban ("Pəri cadu") və s. Sarabski, ümumilikdə, yalnız Azərbaycan dramaturqlarının pyeslərindən ibarət 40-dan artıq rol canlandırıb. Amma o, Rusiya və Qərbi Avropa klassiklərinin əsərlərindən də rollar oynayıb. Sarabski Şillerin məşhur "Qaçaqlar" pyesində Karl fon Moor, Şekspirin "Otello"sunda Yaqo, Molyerin "Zorən təbib"ində Cənnətəli, Qoqolun "Müfəttiş" əsərində poçt müdiri Lyapkin-Tyapkin, Haynın eyniadlı pyesində Almanzor rollarını ifa edib.

Sarabski müğənni kimi özünü 1908-ci ildə, "Nicat" cəmiyyətinin həvəskar opera truppasının solisti olarkən göstərib. Elə həmin il o, Azərbaycanın ilk operası - Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"unda Məcnun ariyasını ifa edib və bu rolun əvəzolunmaz ifaçısına çevrilib. Sonralar H.Sarabski Məcnun partiyasını çox ifa edib - 1941-ci ilədək 400 dəfədən artıq.

Azərbaycan operasının inkişafında o, son dərəcə böyük rola malikdir. Əsrin əvvəllərində milli opera yeni-yeni yaranırdı. Bu sahədə nə ciddi təcrübə, nə müəllimlər var idi. Çox işlər instiktiv olaraq görülürdü. Yerli opera məktəbinin  yaradılması işində Sarabski, demək olar ki, tək idi. Bu səbəbdən, o, eyni vaxtda bir neçə istiqamətdə çalışmalı olur, həm operada, həm də musiqili komediyalarda oxuyurdu. "O zaman opera heç ağlımızdan keçmirdi. Halbuki çoxunun səsi var idi, oxuya bilirdi", - deyə aktyor və müğənni sonralar xatırlayırdı. O özü uşaqlıqdan çox oxumuşdu, çox sayda xalq mahnısı, muğam bilirdi. Uşaqlıq illərində fəhlələrin qarşısında oxuyurdu: "Daş yona-yona şikəstə oxuyurdum. İş yoldaşlarım deyirdilər ki, "Hüseynqulu, biz sənin daşlarını da yonacağıq. Sən otur və bizim üçün oxu".

Sarabski çox istedadlı şəxs idi. Hələ inqilabadək onun 3 pyesi var idi: "Cəhalət", "Axtaran tapar" və "Nə tökərsən aşına, o da çıxar qaşığına". Sarabski yalnız bir neçə mahnı, musiqi haqda publisistik işlər də yazıb. İlk "Köhnə Bakı"nı Sarabski hələ 30-cu illərdə yazmışdı. Orada tarixi və etnoqrafik informasiya ilə yanaşı, şəhərin zəngin musiqi ənənələrindən də bəhs olunurdu. Ötən il isə "Elm və təhsil" nəşriyyatında nəşr olunan "Qərənfilsən, butasan" kitabında Sarabskinin Azərbaycanın şifahi xalq yaradıcılığına həsr olunmuş məqalələri toplanıb.

1940-cı ildə Sarabski Azərbaycan Dövlət Konservatoriyasında opera və muğam dərsləri də deyib. Şövkət Ələkbərova, Sara Qədimova kimi məşhur ifaçılar, məhz, onun tələbələri olublar.

Bəli, Sarabski ziyalı ailəsindən olmayıb, 4 yaşından fransız dili öyrənməyib, dayəsi olmayıb və hətta ibtidai sinfə də getməyib. Bu insan öz-özünü yaradıb və Azərbaycan operasının əsasını qoyub, Azərbaycanda böyük bir artist pleyadasının ərsəyə gəlməsinə kömək edib. Onun nəticəsi İsfar Sarabski isə bu gün Azərbaycanı bütün dünyanın caz meydanlarında layiqincə təmsil edir.



MƏSLƏHƏT GÖR:

757