Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Ötən on ildə Azərbaycanda turizm sənayesinin baza elementlərini formalaşdırmaq mümkün olub: müasir mehmanxana və istirahət zonaları işə salınıb, münasib xidmət yaradılıb. Bütün bunlar, ümumilikdə, istər əcnəbi turist axınının artmasına, istərsə də rekreasiya sahəsinə investisiyaların nəzərəçarpacaq dərəcədə cəlb olunmasına gətirib çıxarıb. Milli turizm sektorunun nailiyyətləri hər il keçirilən "Turizm və səyahətlər" - AITF 2014 beynəlxalq sərgidə daha əyani surətdə nümayiş etdirilib. Bu mötəbər forum artıq 13-cü dəfədir Bakıda keçirilir.
Bu gün Azərbaycan rekreasiya bazarının həcminin illik artım templərinə (10 %) görə dünyada ən aparıcı yerlərdən birinə malikdir. Bu sahə üzrə ölkə, demək olar ki, orta dünya göstəricisini üç dəfə üstələyir. Təqdirəlayiqdir ki, 2012-ci ildə Azərbaycan postsovet məkanında turizm sahəsində gəlirlərin artım templərinə görə görünməmiş göstəricilərə nail olub. Belə ki, UNWTO-nun statistikasına əsasən, ölkənin turizm kompleksi ötən ilin göstəricilərinə nisbətən 89% artım təmin edərək, təxminən, 2,433 mlrd. dollar toplaya bilib. Müqayisə üçün - Gürcüstanda iki il bundan öncə turizm sahəsinin dövriyyəsi 1,411 mlrd., Moldovada isə 213 mln. dollar təşkil edib.
Təbii-coğrafi şərtlərin cəlbediciliyi, mədəni-tarixi irsin zənginliyi və Azərbaycanın yüksək biznes-statusu, turizm infrastrukturunun inkişafına xeyli vəsait yatıran yerli və əcnəbi investorların fəaliyyəti üçün gözəl zəmin yaradır. Məsələn, sonuncu məlumatlara əsasən, ölkədə 520-dən artıq mehmanxana və hotel fəaliyyət göstərir. Bu məkanlar eyni vaxtda, təxminən, 35 min dincələn insanı yerlə təmin etmək qabiliyyətinə malikdir. Hazırda müxtəlif səviyyəli, təqribən, 60 yeni hotelin tikinti işləri aparılır. Onlar istismara verildikdən sonra yataq sayı 10-15 min və ya 40% artacaq. Hotel infrastrukturunun artım templərinə görə də ölkə postsovet məkanında liderlərdən biri hesab olunur.
Yuxarıda qeyd edilən faktlar nəzərə alınaraq, Dünya İqtisadi Forumunun (DİF) növbəti reytinqində Azərbaycanın turizm cəlbediciliyi şkalası üzrə bir neçə pillə yüksəlməsi və MDB liderlərinin dördlüyünə daxil olması tamamilə haqlıdır. Son vaxtlar giriş turizminin stimullaşdırılması üzrə həyata keçirilən tədbirlər ötən il ölkəyə gələn turistlərin rekord həddə çatmasına səbəb olub. 2013-cü ildə ölkəyə 2,5 mln.-dan artıq əcnəbi turist gəlib. Habelə, təxminən, iki milyon qonaq bilvasitə istirahət və səyahət məqsədilə təşrif buyurub. Bununla da, təsdiq etmək olar ki, son illər turist axınının həcmi sabit şəkildə artır.
Xatırladaq ki, təkcə 2005-ci ildə ölkədə olan əcnəbi turistlərin sayı 1,1 milyonu ötmürdü, 30 il bundan öncə isə 400 min nəfərə ancaq çatırdı. Turizm sənayesinin sürətli inkişafını nəzərə alaraq, beynəlxalq mütəxəssislər yaxın beş-altı ildə ölkəyə əcnəbi turist axınının 50 % artacağını istisna etmir.
Turizmin müasir səviyyədə inkişafını güclü informasiya dəstəyi - beynəlxalq konfrans və sərgilərin təşkili olmadan təsəvvür etmək çətindir. Bu il aprelin 3-də açılan XIII "Beynəlxalq turizm sərgisi AITF-2014"də iştirakçıların rekord sayı qeydə alınıb, həmçinin dövlətlərin (38 ölkədən 351 şirkət, bununla belə, iştirakçıların, təxminən, 60%-i əcnəbi şirkət və milli stendlərlə təmsil olunublar) coğrafiyası nəzərəçarpacaq dərəcədə genişlənib. Turizm forumu çərçivəsində VIII ixtisaslaşmış "Mehmanxanalar, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar" HOREX Caucasus -2014 sərgisi keçirilib. Turizm forumunun ekspozisiyası ilə Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva tanış olublar.
Bakıda AITF-2014 çərçivəsində, həmçinin Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa Komissiyasının 57-ci iclası da keçirilib. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin sözlərinə görə, bu gün ölkədə turizmin inkişafına böyük önəm verilir, hazırda qurum iki əsas istiqamətin yaxşılaşdırılmasını hədəfə alıb. "İlk istiqamət - ölkə üçün tamamilə yeni olan qış turizminin, xüsusilə Şahdağ və Qəbələdəki turizm komplekslərinin inkişafıdır. Digər istiqamət isə turizmin idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə Avropa Birliyinin (AB) twinning-layihəsinin reallaşdırılmasıdır", - deyə nazir qeyd edib. Bu layihə çərçivəsində AB, o cümlədən Avstriya və Litvadan olan mütəxəssislər Azərbaycanda turizmin menecmentliyini qiymətləndirəcək və özlərinin turizm sahəsindəki zəngin təcrübə və innovasiyalarını bölüşəcəklər.
Diqqətəlayiqdir ki, Avropa Komissiyasının iclası ərəfəsində Bakıya gələn ÜTT-nin baş katibi Taleb Rifai Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə fikir mübadiləsi zamanı dövlət başçısı qeyri-neft sektorunun inkişafına dair dövlət siyasətində turizmin prioritet rolunu xüsusi qeyd edib. Ölkə başçısı vurğulayıb ki, cari islahatlar davam edəcək və gələcəkdə ölkəyə xarici turist axınının artması üçün şərtlər daha da sadələşdiriləcək.
"Azərbaycanda viza rejiminin sadələşdirilməsi və turist vizalarının verilməsində elektron sistemin tətbiqi, ölkənizə turist axınının artmasına təsir edən əsas müsbət amillərdir. Qlobal travel-sistemə daxil olmaq yolunda növbəti mərhələ birbaşa aviarabitənin genişləndirilməsidir. Azərbaycan bu öhdəliyi də yerinə yetirməyə hazırdır. Ölkədə Avropa Oyunlarının, İslam Olimpiadası və digər beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, Azərbaycanın nüfuzunu turizm sektoru inkişaf etmiş dövlət kimi möhkəmləndirəcək", - deyə Taleb Rifai qeyd edib.
AITF-2014 sərgisində habelə Azərbaycanın Qlobal Turizm Etikası Kodeksi - GCET-yə qoşulmasına dair razılaşma imzalanıb. Razılaşma Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahif Bağırov və UNWTO-nun baş katibi Taleb Rifai arasında imzalanıb. 2001-ci ildə qəbul edilən kodeksə bu günə kimi dünyanın 34 ölkəsindən 247 assosiasiya qoşulub. Sənəd istənilən mənfi nəticələri minimuma endirərək, turizm sahəsi üçün sosial-iqtisadi faydanı artırmağa yönəlmiş prinsiplər toplusudur. Kodeksdə əsas vurğu məsuliyyətli və sabit turizmin təşkilinə, insan hüquqlarının müdafiəsinə, sosial səmtli siyasətə, ekoloji məsuliyyətə, mədəni dəyərlərin qorunmasına edilir. Ə. Qarayevin sözlərinə görə, Qlobal Turizm Etikası Kodeksinə qoşulması Azərbaycanın turizm şirkətlərinin üzərinə müəyyən öhdəliklər də qoyur. Bu isə nəinki rekreasiya xidmətlərinin keyfiyyətinin artmasına, həm də Azərbaycanın dünya turizm birliyinə gələcək inteqrasiyasına yardım etmiş olacaq.
MƏSLƏHƏT GÖR: