Müəllif: Fuad HÜSEYNZADƏ Varşava-Bakı
Bu gün Polşa Azərbaycanla münasibətləri ən dinamik inkişaf edən tərəfdaşlardan biridir. Xatırladaq ki, Polşa Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri üzrə maraqlarının fəal promouterlərindən biridir. Söhbət Avropa cəmiyyətinə inteqrasiyadan gedir - istər Bakı-NATO münasibətləri olsun, istərsə də Avropaya inteqrasiya (Polşa İsveçlə birlikdə Avropanın "Şərq tərəfdaşlığı" proqramının əsasını qoyanlardandır).
Bununla yanaşı, hər iki ölkənin rəhbərliyi etiraf edir ki, iqtisadi münasibətlərin potensialı hələlik siyasi əlaqələr səviyyəsinə çatmayıb. Axı, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin qədim ənənələri var. Azərbaycanla Polşa arasında iqtisadi-ticari münasibətlərin tarixi ən azı 500 ilə çatır. İndi isə bu ənənələr ciddi iqtisadi potensial, iki ölkənin investisiya iddiaları ilə daha da möhkəmlənib.
Azərbaycan iqtisadiyyatı haqda dəfələrlə yazılıb. Amma bu sahədə Polşanın da öyünməyə kifayət qədər əsasları var.
Maraqlıdır ki, Polşa Avropada bütün qitəni bürümüş iqtisadi böhran zamanı ÜDM-də geriləmə olmayan yeganə ölkədir. Dünya iqtisadiyyatı üçün çox ağır keçən ötən il Polşada ÜDM 1,6 % artıb. Bu il ölkə daha da sürət yığaraq ilin sonuna bu göstəricini 3%-də artırmağı düşünür. Bununla yanaşı, Polşada ixracın artımında rekord dinamika müşahidə olunur - az qala 152 milyard avro olmaqla, 9%.
Polşa iqtisadiyyatının əsl gücünü göstərmək üçün Almaniya ilə bu ölkə arasında ticarət dövriyyəsinin Rusiya ilə ticarət dövriyyəsindən daha artıq olduğunu qeyd etmək kifayətdir. Aprelin ortalarında Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının toplantısı olmalıdır. Lakin iki ölkənin bu iclasa hazırlığı çərçivəsində ötən həftə azərbaycanlı jurnalistlərin Varşava və Qdanska səfərləri zamanı məlum olub ki, toplantı daha gec müddətə təxirə salınıb. Onun yazın sonlarında və ya payızın əvvəllərində keçirilməsi planlaşdırılır.
İclasın təxirə salınmasının səbəbi heç də tərəflərin görüşə önəm verməməsi deyil. Onun təyin olunan vaxtda keçirilməməsi Polşanın qonşusu, eyni zamanda həm Varşavanın, həm də Bakının strateji tərəfdaşı olan Ukraynada yaşanan dramatik hadisələrlə bağlıdır. Amma hər şərdə bir xeyir də var. Krım ətrafında yaşananların ümumilikdə iki ölkə arasında daha fəal iqtisadi-ticari, maddi, enerji və hərbi münasibətlərə yol açacağı gözlənilir.
Polşanın İqtisadiyyat, Xarici İşlər nazirliklərinin, sahibkarlar birliyinin və digər strukturlarının nümayəndələri azərbaycanlı KİV təmsilçilərilə görüşlərində Rusiya-Ukrayna münasibətlərindəki böhranın Varşavanı məhsullarının şərq bazarlarına ixracı məsələsini nəzərdən keçirməyə məcbur etdiyini bildirirdilər. "Ukrayna və Rusiya ilə bağlı yaranmış vəziyyət Polşa məhsullarının Rusiyaya ixracına təsir edir. Bu səbəbdən, məhsullarımızın yeni bazarlara çıxarılması zərurəti yaranıb. Onların arasında Azərbaycan bazarlarının da olması yaxşı olardı", - deyə Polşanın iqtisadiyyat naziri, baş nazirin müavini və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyasının həmsədri Yanuş Pexoçinski bildirib.
Baş nazirin müavini bildirib ki, iki ölkə arasında iqtisadi-ticari münasibətlərin inkişafı artım tendensiyasına rəğmən, mövcud potensialı əks etdirmir. Ötən il Azərbaycanla Polşa arasında ticarət dövriyyəsi 20% artaraq 153 milyon dollara çatıb. Azərbaycana ixracın həcmi 8,6% artaraq 133,5 milyona, idxal isə 4,5% çoxalaraq, təxminən, 20 milyon dollara çatıb. "Biz istərdik ki, sizin məhsullarınız Polşa vasitəsilə bütünlükdə Aİ bazarlarına yayılsın", - deyə Pexoçinski qeyd edib.
Onun sözlərinə görə, Polşa Azərbaycanı yerləşdiyi regionun ciddi iqtisadi fəaliyyət mərkəzi kimi görür. Varşava ən yüksək səviyyədə siyasi dialoqun yaxşı qurulduğu Bakıya iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlığın hər iki ölkənin marağına uyğun genişləndirilməsini təklif edir.
Baş nazirin müavini Bakıya Azərbaycan Prezidenti İlham Əliyevin Varşavaya bu il planlaşdırılan səfərindən tez baş çəkə biləcəyinə ümidini ifadə edib. O, İ. Əliyevin Polşa səfəri zamanı Varşavanın "bir neçə maraqlı iqtisadi razılaşmanın imzalanacağına" ümid etdiyini də söyləyib.
Bütün bunlarla yanaşı, Polşa tərəfi bu səfərin Azərbaycan bazarlarının qapılarının polşalı biznesmenlərin üzünə daha geniş açılmasını təmin edəcəyinə, polşalıların yüksək mədəniyyətə, tarixi və mədəni abidələrə malik, rasional biznes üçün böyük şanslar yaradan Azərbaycana diqqətini çəkəcəyinə əmindir. Tərəflər, məhz, bu məqsədlə İlham Əliyevin Varşava səfərinədək Bakıda hökumətlərarası komissiyanın toplantısını, eyni zamanda biznes-forum təşkil etmək niyyətindədirlər. Azərbaycan və Polşa sahibkarları ikitərəfli əməkdaşlığın potensialından daha effektiv yararlanmaq üçün yeni əməkdaşlıq sahələri müəyyənləşdirməlidirlər. Polşanın Ticarət Palatasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Yeji Drojc bu fikirdədir.
Polşada Azərbaycanın respublikaya xaricə investisiya yatırmaq şansı verən artmaqda olan iqtisadi imkanları diqqətlə müşahidə edirlər. Polşanın İnformasiya və Xarici İnvestisiyalar Agentliyinin (PAIZ) departament rəhbəri Barbara Xamot bildirir ki, onun ölkəsi maliyyə, daşınmaz əmlak və səhiyyə sahələrinə Azərbaycan investisiyasının yatırılmasında maraqlıdır. Bundan başqa, potensial investorlara Polşa şirkətlərinin alınması da böyük gəlir gətirə bilər. PAIZ təmsilçisinin sözlərinə görə, xarici şirkətlər Polşada fəal şəkildə birgə müəssisələr yaradır və bu mənada onun ölkəsi Azərbaycan üçün də cəlbedici ola bilər. "Azərbaycanda ərzaq sektoru yaxşı inkişaf edib. Məsələn, bildiyimə görə, Azərbaycan narı dünyanın ən yaxşı narıdır. Bu, əməkdaşlığın qurulması üçün maraqlı sahələrdən biridir", - deyə Xamot qeyd edib.
Ümumiyyətlə, ASK sektoru Azərbaycanla Polşa arasında əməkdaşlığın təbii sahələrindən biridir. Çünki bu ölkələrin hər ikisi öz kənd təsərrüfatı məhsulları ilə məşhurdur. Polşa Azərbaycana Aİ-nin vahid kənd təsərrüfatı siyasətinə qoşulma işində köməklik göstərməyə hazırdır. Bunu jurnalistlərə Polşanın kənd təsərrüfatı və kəndlərin inkişafı nazirinin müavini Kristina Qurbel bildirib. Onun sözlərinə görə, söhbət Aİ-nin fermer təsərrüfatlarının qeydiyyatı və heyvanların eyniləşdirilməsi sisteminin yaradılması sahəsindəki siyasətindən gedir.
Sözügedən nazirliyin nümayəndəsi Aqneşka Bavoles isə bildirib ki, bu yaxınlarda Azərbaycanın İqtisadiyyat və Sənaye, Xarici İşlər nazirliklərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Polşaya səfəri zamanı Azərbaycan tərəfinin kənd təsərrüfatı texnikası və ət məhsulları istehsalında əməkdaşlıqda maraqlı olduğu bildirilib. Varşavada ümid edirlər ki, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində keçiriləcək növbəti görüşlərdə müvafiq əlaqələr qurulacaq.
Və əlbəttə ki, polşalılar üçün Azərbaycanın enerji sahəsindəki təcrübəsi də maraqlıdır. Hazırda Avropada enerji təhlükəsizliyinə dair aparılan diskussiyalar bu məsələni daha da aktuallaşdırır. "Neft və qazın ənənəvi yolla hasilatı sahəsində böyük təcrübəyə malik olan Azərbaycan Polşada şist qazının kəşfiyyatını həyata keçirə bilər. Bununla yanaşı, bizim müəyyən həcmdə təbii qaz ehtiyatımız da var. Azərbaycanlı mütəxəssislər zəngin təcrübələrindən niyə bizdə də istifadə etməsinlər?", - deyə Drojc sual edib.
Polşa "Nabucco-West" layihəsi üzərində işlərin bərpasına da tərəfdardır. Baş nazirin müavini Yanuş Pexoçinski bunu Cənub qaz dəhlizinin əvvəldən planlaşdırılan formada olması üçün lazım bilir. Onun sözlərinə görə, Aİ bu məsələni Azərbaycanla yanaşı, Türkmənistanla da müzakirə edir.
Bununla yanaşı, Polşa tərəfinin marağı yalnız Azərbaycanın enerji xammalına deyil. Onlar üçün polşalı investorların iştirakı ilə bu xammalın Azərbaycan ərazisində emalı da vacibdir.
Polşanın iş adamları Azərbaycanda avtobus, dəmiryol vaqonları və tramvaylar, traktorlar, meyvə şirələri, qənnadı məmulatları və s. istehsalında da maraqlıdırlar. Polyaklar burada tikinti, əczaçılıq, kosmetika kimi sahələrə də investisiya yatırılmasını perspektivli sayırlar. Əməkdaşlıq üçün perspektivli sahələr arasında çirkab sularının təmizlənməsi, kanalizasiyaların yaxşılaşdırılması, su kəmərlərinin çəkilişi, bərpa olunan enerji, mədənçıxarma sənayesinin tədqiqi də var. Ümumilikdə, Polşa artıq yaxın aylarda Azərbaycana birbaşa investisiyalarının həcmini ən azı 100 milyon dollara çatdırmaq niyyətindədir. Üstəlik, Varşava Polşa şirkətlərinin regionda daha intensiv çalışması üçün Azərbaycana "xab" rolunu da təklif edir.
Polşa tərəfi Azərbaycanla gələcək əməkdaşlığın daha bir vacib istiqaməti kimi, nəqliyyat sahəsini görür. Bu mənada Varşava Azərbaycana Mərkəzi Asiyaya, Yaxın Şərqə və digər ucqar bölgələrə çıxışı təmin edən mərkəz kimi baxır. Polşada hesab edirlər ki, gələcəkdə Azərbaycan dəmir yolunun İran dəmir yolu ilə birləşdirilməsi, bununla da, polyakların Azərbaycan vasitəsilə Fars körfəzi dövlətlərilə birbaşa əlaqə qurması mümkün olacaq. Üstəlik, Polşa Azərbaycanla əməkdaşlıq yolu ilə yeni nəqliyyat dəhlizlərinin yaradılmasına da ümid edir. Bu məsələ də Ukraynadakı vəziyyətlə əlaqədar aktuallıq qazanıb. Varşavanın qonşu ölkədə yaşananlardan narahatlığı onu Azərbaycan hökumətilə nəhəng layihənin reallaşdırılmasına dair danışıqlara başlamağa sövq edib. Söhbət Azərbaycan, Qazaxıstan və Ukrayna dəmir yolu xətlərinin Avropa ilə birləşdirilməsindən gedir.
Polşanın "Tines" şirkəti isə Bakı Metropolitenində yeni xətlərin çəkilişində iştirak etmək istəyir. Şirkət Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinin tikintisi çərçivəsində keçidlərin tikintisində iştirak etməkdə də maraqlıdır. Bundan başqa, Polşanın avtobus istehsalında aparıcı şirkətlərindən olan "Solaris" Azərbaycana 300 ədəd avtobusun satışına dair danışıqlara başlayıb. Onlardan 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları zamanı istifadə oluna bilər. Daha bir şirkət, dəmiryol vaqonları və tramvayların istehsalı ilə məşğul olan PESA da Azərbaycana xüsusi təklif hazırlayıb.
Və əlbəttə ki, turizm. Avropanı, hər iki Amerikanı başdan-başa dolaşan polyakları artıq Antalyanın, Nitsanın kurortları cəlb etmir. İndi onların prioritet istiqamətləri arasında Qafqaz da var. Üstəlik, Azərbaycanın sabit, inkişaf etməkdə olan dövlət olması onları daha çox cəlb edir. Çünki qonşu respublikalar haqda eyni sözləri söyləmək mümkün deyil.
Bu, öz növbəsində, Polşa tərəfini stimullaşdırır ki, o, Aİ-nin texniki işlər, viza maneələrinin aradan qaldırılması ilə insanların hərəkətinin asanlaşdırılması üçün böyük həcmdə maliyyə yardımı ayırmasına kömək etsin. Biznesmenlərin və turistlərin qarşılıqlı səfərləri nəticəsində isə Azərbaycanla Polşa arasında birbaşa aviareyslərin açılması zərurəti meydana çıxacaq.
Göründüyü kimi, Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir çox təşəbbüs Varşavanın Avropa İttifaqı mexanizmlərindən istifadə etmək istəyilə birbaşa bağlıdır. Burada təhlükəsizlik məsələsi heç də sonuncu yeri tutmur. Rəsmi Varşava Cənubi Qafqazı Avropanın təhlükəsizliyinə təsir baxımından vacib region sayır. Bu, xüsusilə son hadisələrdən sonra Avropa İttifaqı üçün şərq sərhədlərinin təhlükəsizliyi məsələsinin aktuallaşmasından sonra belədir. Polşa Müdafiə Nazirliyinin Beynəlxalq Təhlükəsizlik Departamentinin nümayəndəsi Katajina Fridrixin sözlərinə görə, polşalılar Azərbaycanın NATO-da əməkdaşlıq çərçivəsindəki vəzifələrini nəzərə alaraq, Avro-Atlantik birliyin prioritetlərilə Azərbaycan tərəfinin prioritetlərini bir araya gətirməyə çalışırlar. Bu əməkdaşlıqda Polşa daha çox diqqəti hərbi təhsilə və təlimlərə yönəltməyə çalışır. Bu məqsədlə Varşava təhsil sahəsində, o cümlədən Polşa Hərbi Akademiyası ilə bağlı bir sıra konkret təkliflər irəli sürür.
Beləliklə, Rusiya-Ukrayna münasibətlərində yaranmış böhran Cənubi Qafqaza açıq-aydın təsirini göstərib. Yüksək rütbəli polşalı diplomat azərbaycanlı jurnalistlərlə söhbətində adının açıqlanmaması şərtilə bildirib ki, Polşa və Aİ-nin şərq sərhədlərində yaşanan son hadisələr avropalı strateqlərin gözündə Cənubi Qafqazın əhəmiyyətini xeyli artırıb. Bu, ən yaxın zamanlarda qərbin regionda böyük iqtisadi və siyasi fəallığına yol açacaq.
MƏSLƏHƏT GÖR: