25 Noyabr 2024

Bazar ertəsi, 02:56

ETİBARLI KAPİTAL

Azərbaycan şirkətləri London fond birjasına çıxmaq üçün maraq göstərirlər

Müəllif:

08.04.2014

İstənilən şirkət üçün beynəlxalq fond birjasının listinqinə düşmək - bu,  ilk növbədə nüfuzun, mötəbərliyin və özünü təmin etmənin sübutudur. Daha sonra bu, biznesin inkişafı üçün daha ucuz və etibarlı kapitala daimi əlçatarlılıq imkanıdır. Lakin eyni zamanda birjanın yeni şirkəti "qəbul etmə"si  kifayət qədər çətin və çoxmərhələli prosesdir.  Xüsusilə məsələ London Fond Birjası kimi nüfuzlu meydançaya aid edilirsə. Ümumiyyətlə, London tarixən beynəlxalq maliyyə mərkəzi kimi inkişaf edib. Bu gün isə London  birjası - ən nüfuzlu birjalardan biridir. Çünki burada dünyanın 115-dən çox şirkəti ticarətlə məşğul olur. Yeri gəlmişkən, coğrafi vəziyyəti və Britaniya paytaxtının münasib "saat"qurşağında yerləşməsi də bunun əyani səbəblərindən biri qismində çıxış edir. Bunun sayəsində dünyanın müxtəlif regionlarından olan treyderlər üçün birjanın iş günü ərzində ticarət aparmaq çox rahatdır.     

"Son illər MDB-dən olan şirkətlər bazarda kifayət qədər fəallıq nümayiş etdirirlər. Hesab edirəm ki, 2-3 ildən sonra siyahı Azərbaycandan olan nümayəndələrlə də tamamlanacaq", - deyə  London birjasının kapitallar bazarı Departamentinin Rusiya, MDB və Monqolustanda biznesin təşviqi üzrə meneceri Ayuna Neçayeva hesab edir. 

Qeyd edək ki, bir qrup azərbaycanlı jurnalist "PashaBank", "British Counsil Azerbaijan" və B. Britaniyanın "Thomson Foundation" təşkilatının dəstəyi ilə  reallaşdırdığı "Biznes-jurnalistika" proqramı çərçivəsində birjada olmaq, onun iş prosesini görmək və A. Neçayeva ilə söhbətləşmək imkanı əldə ediblər. 

 

Tələb üzərindən giriş

London birjası ənənəvi olaraq qiymətli kağızların alış-satışı üçün meydança kimi yaradılırdı. Amma bu gün qiymətli kağızlar bazarının tamamilə fərqli aspektlərinin daxil olduğu diversifikasiya olunmuş şirkətlər qrupudur. Belə ki, birjada primer markets (ilkin kapital bazarı) - kapitalın cəlb olunduğu meydança, trading (ticarət) - bu kağızların satıldığı meydança, posttrading risk menecment - qiymətli kağızların hesablanması və klirinq meydançası kimi seqmentlər fəaliyyət göstərir. Həmçinin məlumatların tənzimləyici ictimailəşdirilmə sistemi də mövcuddur. Onun vasitəsilə bütün emitentlər informasiya bazarı üçün aşkara çıxarılır. Bütün mövcud olan platformalar üzrə ən son texnologiyaların hazırlanması ilə məşğul olan Millenium IT seqmenti də vardır. 

"Bizim birjamıza ilk dəfə daxil olmaq fikrinə düşən şirkət, əvvəlcə bizim departamentə - primer markets-ə düşür. Onun aksiyalarını bazarda yerləşdirməklə əldə etdiyi əsas üstünlüyü aksioner kapitalıdır. Bankda kredit götürərkən bu borc hesab olunur, aksiyaları satırsınızsa, heç kimə heç nə borclu deyilsiniz. Ancaq investorlarınıza şirkətin böyüyəcəyini, gəlir gətirəcəyini və dividend ödəyəcəyinə dair vəd verirsiniz. Bundan başqa, şirkət yerləşdirməni həyata keçirməkdə davam edə bilər. Yəni şirkətin daim pula əli çatır. Bu, çox asandır və emitentlərin böyük əksəriyyəti bundan yararlanır. Həmçinin şirkət səhmlərini sövdələşmələrin həyata keçirilməsində istifadə edə bilər. Bu da öz növbəsində prosesin çevikliyini artırır", - deyə A. Neçayeva qeyd edib. 

Bəs, nə üçün bütün iri şirkətlər bu cür əlverişli addımı atmırlar?  Məlum olduğu kimi, London birjasının  listinqinə düşmək elə də asan deyil. Bir çox qayda və meyarlar vardır ki, onlara cavab verilməsi ciddi şəkildə yoxlanılır. Əsas meyarlardan biri - son 3 ildə tam maliyyə hesabatının təqdim edilməsi, geniş emissiyaya malik olması - biznesin bütün nüanslarını və mövcud olan risklərini detallı şəkildə əks etdirən 300 səhifədən ibarət sənəd. Sonuncu bəndə sərmayəçilər xüsusi diqqət ayırırlar. Hər şey - ilk növbədə, terrorizm təhlükəsindən, aktivlərin ekspropriasiyasını, iqtisadi sabitsizlik və ya staqnasiyaya qədər və s. birləşdirən ölkə riski nəzərə alınır. Həmçinin sektor riskləri də mövcuddur. Məsələn, mədən çıxarma seqmentini götürək. Burada metala olan tələbat, qiymətlər, əhalinin gəlirliyi və s. öyrənilir. Üçüncü qrup da var - şirkətin özü ilə bağlı risklər - rəqiblər, tədarükçülər, satışlar, səhmdarlar, idarəçilik və s.

Belə bir amil də var - şirkət sərmayəçilərə ən azı səhmlər paketinin 25%-ni təklif etməyə hazır olmalıdır. Daha bir vacib şərt  - direktorlar şurasında müstəqil direktorların olmasıdır. Bu, əvvəllər iri audit, sərmayə şirkətlərinin top-menecmentdə çalışan beynəlxalq nüfuza malik peşəkarlarıdır. Onlar şirkətin səhmlərini saxlamırlar, top-menecmentlə ailə telləri bağlı deyil. Onların funksiyası direktorlar şurasında qəbul olunan qərarların şirkətin rifahına xidmət etməsinə nəzarət edilməsindən ibarətdir. Bu mənada 2008-ci ilin maliyyə böhranından sonra böyük diqqət cəlb edən daha bir bölmə - korporativ idarəetmə mövzusu, menecmentin mükafatlarına nəzarət edən müstəqil direktorlar, komitələrin olması, auditlər, risklərin idarəetməsi üzrə komitələrin olması var. Sərmayəçilər də şirkətlərdən bu seqmentdə ən yüksək tələblərə riayət edilməsini xahiş edirlər. 

Və nəhayət, son dərəcə vacib  bənd - şirkətə dair istənilən vacib məlumatın tam və təxirəsalınmaz şəkildə aşkar edilməsidir.  Məsələn, neft şirkəti uzun müddət ərzində yeni yataqlarda kəşfiyyat işləri aparırsa, o, mütləq bu haqda ictimaiyyətə açıqlama verməlidir. Yaxud, deyək ki, direktor, menecerin dəyişilməsi haqda məlumat - bütün bunların hamısı açıqlanmalıdır. Bunun üçün istənilən ictimai şirkət ayrı İctimaiyyətlə əlaqələr departamentinə malik olmalıdır. 

 

Səviyyəcə daha yüksək

Bir sözlə, yalnız bu əsas aspektləri nəzərə alsaq, aydın olur ki, şirkətin London Fond Birjasında ticarət etmək qərarı ciddi addımdır. Bu, onun inkişafının kifayət qədər yüksək səviyyəyə çatmasına və beynəlxalq tərəfdaşları ilə biznes apara bilməsinə işarə edir. Bu gün də birjanın meydançaları dünyanın, təqribən, 2 500 şirkəti tərəfindən tutulub ki, onların 111-i MDB-dəndir. 

A. Neçayevanın dediklərinə görə, MDB-dən olan şirkətlərin çoxu qlobal depozit qəbzlərdən (GGR) istifadə edirlər - şirkətin əldə etdiyi bu sertifikat şirkətin bir neçə səhmini təmsil edir. "Bu, sərmayəçilərin bəzən səhmləri birbaşa ala bilmədiklərinə görə edilir. Səhmlər yerli valyutada ola bilər və onlara dollarda olan qəbzi almaq sərf edir. Bütün hesablamalar birjada edilir və depozit bank vasitəsi ilə konvertasiya olunur. Depozit qəbzlər vasitəsi ilə MDB-dən olan şirkətlər bizim bazarlarda 50 mln. dollardan çox kapital cəlb edə biliblər", - deyə London Fond Birjasının meneceri qeyd edib. 

Onun sözlərinə görə, MDB-dən olan şirkətlər birjaya 2004-cü ildə gəliblər və ilk şirkət cəmi 178 mln. dollar cəlb edə bilib. Lakin üç ildən sonra 2007-ci ildə,  artım müşahidə olunub və cəlb olunan kapitalın miqdarı 25 mlrd. dollar təşkil edib. "Bir çox şirkətlər həmin ildə gəlib və onların çoxu hələ də ticarət edirlər. Amma fakt ondan ibarətdir ki, böhrandan əvvəlki dövrdə sərmayəçilər bu gün olduğutək tədbirli deyildilər", - deyə A. Neçayeva qeyd edib. 2008-ci ildə azalma baş verib, sonradan vəziyyət tədricən düzəlməyə başladı. Bazarda dəyişikliklərə səbəb olan Rusiya ilə Ukrayna arasında münaqişə başlamayana qədər, bu il çox yaxşı başlamışdı. Lakin mütəxəssislər vəziyyətin bir müddətdən sonra düzələcəyinə ümidlərini itirmirlər. 

Qeyd edək ki, MDB ölkələri arasında London birjasında daha çox fəallığı Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstandan olan şirkətlər nümayiş etdirirlər. Lakin Azərbaycanda və Özbəkistanda aktivlərə malik şirkətlər də var. MDB-dən, xüsusilə Azərbaycandan olan şirkətlərə bu cür nüfuzlu fond bazarına çıxmağa nə mane olur? Əvvəlcə etiraf etmək lazımdır: baxmayaraq ki, Azərbaycanın qiymətli kağızlar bazarı son illər ərzində kifayət qədər yüksək templə inkişaf edir, beynəlxalq standartlara çıxmasına hələ çox var. Bizim ölkədə vəsaitlərin səhmlərə və istiqrazlara yatırılması hələlik biznesin  geniş dairələri tərəfindən sərfəli sərmayə kimi qəbul olunmur. İşin inkişafı üçün isə sahibkarlar fond birjalarına çıxmaq əvəzinə, hələ də kredit üçün banklara müraciət etməyi üstün  tuturlar. Bu cür zəif münasibətin bəzi obyektiv səbəblərindən başqa, hətta iri şirkətlərin menecerlərinin kapitalın yeni bazarlarını mənimsəməkdə subyektiv istəksizlik, beynəlxalq nüfuza yiyələnmək və keyfiyyətcə yeni, yüksək səviyyəyə çıxmaq məsələsində süstlük və tənbəllik də mövcuddur. 

A. Neçayevanın fikrincə, fond bazarına gedən yolda MDB-dən olan şirkətlərə "əngəl yaradan" əsas bənd, ictimaiyyətə çıxmağa hazır olmamaqdan ibarətdir. Yəni ictimaiyyətə dolğun, hətta biznes haqda ən mənfi məlumatı yaymaq öhdəliyi hələlik onları qorxudur. Lakin Fond birjanın eksperti bildirir ki, son illər bu aspektdə nəzərəçarpacaq irəliləyiş var.

"Azərbaycandan olan şirkətlərin bizim meydançalara çıxmaq marağı var və bu özünü "Xəzər dəhlizi" konfransında da tam şəkildə göstərdi. Məsələn, bizə bu məsələdə Azərbaycanın "Pasha Bank", eləcə də digər bank və şirkətlərinin marağı barədə məlumdur. Ümumiyyətlə, qeyd etməliyəm ki, maliyyə təşkilatları - birja ilə işləməyə başlamaq üçün əla sənayedir. Çünki onlar dövlət risklərinə daha az bağlıdırlar və bizim tələblərimizə daha çox uyğundurlar", - deyə A. Neçayeva qeyd edib. 

Həmçinin onun sözlərinə görə, beynəlxalq sərmayəçilər tərəfindən də Azərbaycandan olan şirkətlərə böyük maraq var. "Deməliyəm ki, bu halda birja bazarına çıxacaq ilk şirkətlərin özünü  necə aparacağı da vacibdir. Əgər sövdələşmələr uğurlu olsa, bu davamçılar üçün faydalı olacaq", - deyə ekspert bildirib. O əlavə edib ki,  birja nümayəndələri bazarın mümkün iştirakçıları ilə danışıqlar aparmağa, onlara qaydaları deməyə və üstünlükləri sadalamağa hazırdırlar. Nəticədə, qərar şirkətin menecmenti tərəfindən qəbul olunur. Yaxın 2-3 il ərzində Azərbaycandan olan şirkətlərin beynəlxalq kapital bazarlarına qoşulmaqla bağlı böyük fəallıq göstərəcəklərinə ümid edilir. 

Bəli, nüfuzlu London Fond Birjası ilə əməkdaşlıq əziyyətli və bəlkə də, bir neçə il tələb edəcək bir işdir. Lakin necə deyərlər, buna dəyər!



MƏSLƏHƏT GÖR:

571