14 Mart 2025

Cümə, 22:43

MÜQƏDDƏS TORPAĞA SƏFƏR

Barak Obama Amerikanın Yaxın Şərqdəki prioritetlərini təsdiqlədi

Müəllif:

02.04.2013

ABŞ prezidenti Barak Obama ikinci müddətə Ağ Evə rəhbərliyə başladıqdan sonra, Yaxın Şərqə ilk səfərini gerçəkləşdirdi. O, İsrail, Fələstin və İordaniyaya baş çəksə də, Vaşinqtonun "qayıq diplomatiyası" cəhdi yenə də uğursuz oldu. Halbuki, Fələstin-İsrail münaqişəsinin həlli nəinki ABŞ üçün, bütünlükdə dünya ictimaiyyəti üçün vacib vəzifə olaraq qalır. Bunun bitmək bilməyən müharibədə minlərlə qurban vermiş Müqəddəs torpaq sakinləri - ərəblər və yəhudilər üçün nə qədər vacib olduğunu isə ifadə etmək belə, artıq olardı.

Bununla yanaşı, Barak Obamanın regiona səfərində məqsəd heç də yalnız Fələstin-İsrail münaqişəsinin həlli deyildi.

 

"Yaxşı dostlar" və Rəmallahın şübhələri

Barak Obama birinci prezidentlik müddətində Yaxın Şərq xalqlarını Birləşmiş Ştatların münaqişənin (hətta İsraillə ənənəvi münasibətlərinin zərərinə olsa belə,) əsaslı həllinə hazır olduğuna inandıra bilmişdi. ABŞ siyasətçiləri anlayırlar ki, onlar Vaşinqtonun himayədarlığına və xeyirxahlığına bel bağlayan İsrailin bəzi aqressiv əməllərinin qarşısını almasalar, islam ictimaiyyətinin simpatiyasını qazana bilməyəcəklər. Demək, Barak Obamanın məşhur "sivilizasiyalar müharibəsi"nin şiddətləndiyi bir vaxtda, prioritet saydığı (yaxud bu yaxınlaradək prioritet hesab etdiyi) vəzifənin öhdəsindən gəlməsi də mümkün olmayacaq. Buna "ərəb baharı"nın inkişafı da öz təsirini göstərib. O "ərəb baharı" ki Birləşmiş Ştatlar Yaxın Şərqdəki mövqelərinin möhkəmlənməsi xətrinə illərdir, müttəfiqlik etdiyi bəzi ərəb diktatorlarını da "satmalı" oldu. Vaşinqtonda hesab edirlər ki, regionda antiamerika əhvallı liderlərin devrilməsi də Amerikanın regionda mövqelərini möhkəmləndirməsinə xidmət edir. Lakin "ərəb baharı"nın qalib gəldiyi ölkələrdə "müsəlman qardaşlığı" doktrinasını reallaşdıran islamçıların mövqelərinin güclənməsi ABŞ-ın Yaxın Şərqdə uzunmüddətli hegemonluğu perspektivinə müəyyən kölgə salır. Beləliklə, Birləşmiş Ştatlar bir daha əmin olur ki, onun regionda İsraildən başqa "daimi müttəfiqi" yoxdur və ola da bilməz.

"ABŞ İsraili ona görə dəstəkləyir ki, bu, bizim təhlükəsizlik sahəsindəki fundamental maraqlarımıza uyğundur. Bizim birliyimiz əbədidir, daimidir", - deyə İsraildə səfərdə olan Amerika prezidenti bildirib. Bununla yanaşı, o, Yaxın Şərqdə sülhə zəmanət verəcək əsas şərti də açıqlayıb: "Güclü, qorunan, təhlükəsizlik sahəsində heç bir problemi olmayan, suveren və müstəqil Fələstin dövləti  ilə yanaşı yaşayan yəhudi dövləti də  olmalıdır".

İsrailin baş naziri Benyamin Netanyahu isə öz növbəsində, "İsrailin ABŞ-dan yaxşı dostunun olmadığını" məmnunluqla qeyd edib.

Fələstin Muxtariyyətində isə Barak Obamanın missiyası sülh prosesinin zərərinə olaraq İsrailə dəstək vermək kimi qiymətləndirilib. Obamanın Təl-Əvivi Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin inşasına son qoymağa əvvəlki israrla çağırmaması fələstinlilərin nəzərindən qaçmayıb. Fələstin liderləri Obamanın İsraili fələstinlilərə güzəştə getməyə razı sala bilməməsindən, sülh prosesini "ölü nöqtə"dən tərpətməyə nail olmamasından məyusluqlarını gizlətmirlər.

"Səfərdə əsas məqsəd İsrailin təhlükəsizliyinin təmini, Amerika-İsrail münasibətlərinin möhkəmləndirilməsi, ABŞ-ın bura geri döndüyünün nümayiş etdirilməsi idi", - deyə Obamanın səfərini şərh edən Fələstin Azadlıq Təşkilatının yüksək rütbəli nümayəndəsi Hanan Aşraui bildirib.

Radikal HƏMAS hərəkatı da təxminən, eyni fikirdədir. Bu, fələstinlilərin ümumilikdə ABŞ-ın və şəxsən Obamanın Yaxın Şərq münaqişəsinin həlli siyasətinə eyni cür yanaşdıqlarının göstəricisidir. HƏMAS təmsilçisi Əbu Zurinin fikrincə, Obamanın regiona səfəri "işğala legitimlik qazandırır və Birləşmiş Ştatların İsrailə dəstək siyasətini təsdiqləyir".

Maraqlıdır ki, Barak Obama Fələstin Muxtariyyətinin inzibati mərkəzi olan Rəmallaha baş çəkən zaman "fələstinlilərin işğala, bununla əlaqədar heysiyyatlarının tapdanmasına son qoyulmasına layiq olduqlarını" etiraf etsə də, Fələstin lideri Mahmud Abbası sülh danışıqlarının bərpası üçün ilkin şərt irəli sürməkdən əl çəkməyə də çağırıb. Söhbət Abbasın Fələstin ərazilərində yəhudi yaşayış məntəqələrinin inşasının dayandırılması ilə bağlı tələbindən gedir. Abbas isə öz növbəsində şərtin qüvvəsində qaldığını, fələstinlilərin İsraildən danışıqlar prosesinin bərpasından əvvəl yaşayış məntəqələrinin tikintisini dayandırmasını gözlədiklərini söyləyib.

Beləliklə, Fələstin-İsrail münaqişəsinin həlli prosesində yenə də heç bir irəliləyişdən danışmaq mümkün deyil. "New York Times" yazır ki, Barak Obama yenə də heç bir "dəqiq irəliləmə planı" təklif etməyib.

Bununla yanaşı, ABŞ prezidentinin Yaxın Şərq səfəri zamanı baş vermiş bir hadisə göstərir ki, Obama üçgünlük səfəri zamanı daha çox fələstinlilərlə israillilər arasında sülhə nail olmağa yox, yaxın müttəfiqləri olan Türkiyə ilə İsraili barışdırmağa çalışıb. Yəqin ki, Ağ Ev sahibi bunu regionda Amerikanın maraqlarının təmini baxımından daha vacib hesab edir.

 

Düşmən olmamaq üçün "1000" səbəb 

Məlum olduğu kimi, Təl-Əvivlə Ankara arasında münasibətlər 2009-cu ildə İsrail xüsusi təyinatlılarının Türkiyənin Qəzza sektorunun blokadasını yarmaq istəyən "Mavi Mərmərə" gəmisinə hücumundan sonra pozulmuşdu. Həmin əməliyyat zamanı 9 silahsız türk könüllüsü qətlə yetirilmişdi. İsrail buna görə Ankaradan üzr istəməkdən, ölənlərin ailələrinə kompensasiya ödəməkdən imtina edirdi. Amma Obama İsraili Aralıq dənizində baş vermiş və son illərədək yaxın müttəfiq olmuş iki dövlətin münasibətlərini pozmuş insidentə görə Ankaradan üzr istəməyə razı sala bildi. Baş nazir Netanyahu türk həmkarı Rəcəb Tayyib Ərdoğana zəng etdi və "bilmədən" baş vermiş qətllərə görə ondan İsrail adından üzr istədi, həlak olmuş şəxslərin ailələrinə müvafiq kompensasiyaların ödəniləcəyini söylədi. İsrail baş nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Netanyahu ilə Ərdoğan iki dövlət arasında münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər. Ərdoğan İsrailin Müdafiə Ordusunun "Azadlıq flotiliyası"na qarşı reyddə iştirak etmiş əsgərləri  ilə bağlı Türkiyədə aparılan məhkəmə prosesinin dayandırılacağını da söyləyib.

Baş verənlərə İsrail prezidenti Şimon Peres də münasibət bildirib. O, CNN telekanalının Türkiyə redaksiyasına və "Hürriyyət" qəzetinə müsahibəsində deyib: "İsrail ilə Türkiyənin dost olmaları üçün min səbəb var. Onların düşmən olmasına səbəb olacaq bir amil belə, göstərmək mümkün deyil". Bu baxımdan, Peres türkiyəli həmkarı Abdullah Gülün əlini sıxmağa hazır olduğunu da bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyə-İsrail münasibətlərində normallaşma prosesinin yəhudi dövlətinin "Mavi Mərmərə"də öldürülmüş vətəndaşlarının ailələrinə kompensasiya ödəməsindən, həmçinin Qəzzanın blokadasına son qoyulmasından sonra başlanacağını desə də, ABŞ-ın Ankara-Təl-Əviv münasibətlərinin bərpası istiqamətində ciddi addım atdığı aydındır. İsrailin Qəzzanın blokadasının aradan qaldırılması ideyasına mənfi yanaşması belə, bunu şübhə altına almır. Yeri gəlmişkən, Təl-Əviv Ərdoğanın bu tələbini "yersiz" adlandırmışdı.

Türkiyənin Amerika-İsrail münasibətlərinin farvaterinə çevrilməsi istiqamətində ciddi cəhdlər ortadadır. Bəs nədən Obama administrasiyası türklərlə israilliləri barışdırmaqla məhz indi məşğul olmaq qərarına gəldi? Bu sualın cavabını Suriya və İran ətrafında gərginliyin artmasında tapmaq olar. Bu problemlərin tezliklə həllinə nail olmaq istəyən Vaşinqtona Ankara ilə Təl-Əviv arasında düşmənçilik yox, dialoq lazımdır.

Obamanın İordaniya səfərinə gəlincə, burada ABŞ prezidenti kral Abdullaya regionda radikal islamçılığın yayılmasından son dərəcə narahat olduğunu bildirib. O, xüsusilə Suriyanın "Cihad-lend"ə çevrilməsinin narahatlıq doğurduğunu söyləyib. Obama Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin an məsələsi olduğuna əminliyini də ifadə edib. İsraildə isə Obama ölkəsinin İranın nüvə fövqəldövlətinə çevrilməsinə imkan verməyəcəyini söyləyib. Bundan başqa, ABŞ prezidenti İsrailin "özünümüdafiə" haqqının olduğunu da dilə gətirib. Odur ki, Obamanın sayəsində Netanyahunun Ərdoğana zəng vurması bir şeyi açıq şəkildə ortaya qoydu: Vaşinqton həm Suriya, həm də İran istiqamətində ciddi addımlar atmağa hazırlaşır.

Bütün bunların fonunda Obamanın Yaxın Şərq turnesinin Fələstin hissəsi ikinci planda qalıb. Bu da hazırda Birləşmiş Ştatlar üçün regionda israillilərlə fələstinlilər arasındakı köhnə münaqişənin həlli  ilə müqayisədə daha ciddi maraqların olduğunu təsdiqləyir.



MƏSLƏHƏT GÖR:

463