
“RABİTƏ” FİNALDA KƏSİLDİ
Lakin komandamız qarşıdakı illərdə Çempionlar Liqasında qələbə qazanacaqlarına söz verdi
Müəllif: Sənan Şəfizadə BAKI
Yaxın keçmişdə Azərbaycan voleybol sevərləri yalnız "Azərreyl" klubunu tanıyırdı. Ölkəmizin voleybol flaqmanı sayılan bu klub uzun illər beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirdi. İllər keçdi, ölkədə voleybol klublarının sayı çoxaldı. "Azərreyl"in rəqibləri də artdı. Düz dörd il əvvəl ilk dəfə “Rabitə” klubu Azərbaycan çempionatının qalibi oldu. Ardıcıl dörd mövsüm qızıl medallara sahib çıxan rabitəçilər mötəbər yarışlarda da sözünü deməyi bacardı. Klublar dünya çempionatında qalib gəldi, ardınca həmin yarışda ikinci dəfə finalda mübarizə aparmaq şansı əldə etdi. Üç il ərzində iki dəfə Çempionlar Liqasının finalında iştirak etməklə qitədəki rəqiblərinin "qorxulu yuxu"suna çevrildi. İndi "Rabitə"nin yalnız 1 reallaşmayan arzusu qalıb. Bu Çempionlar Liqasında çempionluq sevinci yaşamaqdır.
İki il öncə Çempionlar Liqasının finalında Türkiyə təmsilçisi "Vakıfbank"a uduzan komandamız cari ildə də eyni aqibəti yaşadı. Yarımfinalda İtaliyanın "Yamamay" klubuna qalib gələn voleybolçularımız finalda yenə türkiyəli "bankir" qızlara məğlub oldu. "Rabitə" bu dəfə də final görüşündə 0:3 hesabı ilə uduzdu. Sadəcə komandamız indi yalnız birinci hissədə aciz təsir bağışladı (17:25). İkinci (20:25), xüsusilə üçüncü setdə (23:25) isə voleybol həvəskarları əsl final mübarizəsinin şahidi oldu.
"Çox məyusam. Çempionlar Liqasından qələbə qazanmaq istəyirdik. Amma alınmadı. İdmanda məğlubedilməz komanda olmur. Voleybolçularımız yaxşı oynadı, amma son nöqtəni qoymaq mümkün olmadı. Məqsədimiz uğrunda mübarizəni davam etdirəcəyik. Arzumuz Çempionlar Liqasının kubokunu Bakıya gətirməkdi. Bu məqsədə çatana qədər mübarizə aparmağa hazırıq. Sizlərə söz verirəm ki, "Rabitə" yaxın illərdə həmin kuboku qazanacaq"-deyə "Rabitə"nin prezidenti Cəlil Cəfərov əmin etdi.
Klub rəhbərinin nikbinliyini komandanın oyunçuları da bölüşür. "Komandamız kiçik zamanda böyük uğurlar əldə edib. İkinci dəfə finala vəsiqə qazandıq. Rabitənin uğurları çoxdur. Finaldakı məğlubiyyətə görə təəssüflənməyə dəyməz. Üzərimizdə daha çox çalışmalıyıq. Bizi dəstəkləyənlərə çox sağ ol deyirəm. Çempionlar Liqasının kubokunun tezliklə Bakıya gələcəyinə inanıram. Yeni mövsümdə daha böyük səylə mübarizə aparacağıq" - deyə "Rabitə"nin voleybolçusu Madelayn Montana bildirdi.
"Rabitə"nin baş məşqçisi Marçello Abbondanza isə öz növbəsində rəqib komandanın qələbəyə layiq olduğuna diqqət yetirdi: "Düzünü deməliyəm, rəqibin oyununa heyran qaldım. Bu, uzun illərin əməyinin nəticəsidir. Final çox maraqlı alındı. Azərbaycan çempionu layiqli mübarizə sərgilədi. Lakin rəqib çox güclü idi".
Azərbaycan çempionunun məğlubiyyət səbəbləri müxtəlifdir. İlk növbədə, komandada hücumçu çatışmazlığı var. "Rabitə" millinin üzvü Natalya Məmmədovanı komandada saxlaya bilmədi. Məmmədova ona daha böyük məvacib təklif edən "Omiçka"ya keçdi. Əvəzində "Rabitə" Angelina Qrünü transfer etdi. Lakin zaman göstərdi ki, təcrübəli polşalı xanımın əvvəlki oyunundan əsər-əlamət qalmayıb. Artıq əminliklə söyləmək olar ki, Qrünün transferi ümidləri doğrultmadı. Məhz buna görə də finalda Madelayn Montano təkbaşına rəqibə problem yarada bilmədi. Montanoya layiqli duet təşkil edən voleybolçu olsaydı, nəticə tam başqa ola bilərdi. Digər voleybolçular da finalda özünə bənzəmədi. Dördüncü zonada oynayan voleybolçularımızın Çempionlar Liqasının finalında oynayacaq səviyyədə olmadığı aşkar göründü. Bəzi epizodlarda topun qəbulunda yol verilən nöqsanlar, ümumiyyətlə, qələbəyə olan ümidləri dəfn etdi.
Türkiyə təmsilçisinin ən böyük üstünlüyü sabit heyət və məşqçi korpusuna malik olmasıdır. "Rabitə" isə 4 ilə 4 baş məşqçi dəyişib. Əvvəlcə Draqutin Baltiç, sonra Deyan Brcoviçlə Zoyan Qayiç, nəhayət Marçelo Abbondanza. Axı, klub rəhbərliyi nə vaxt anlayacaq ki, nəticə üçün zaman lazımdır. "Rabitə"nin sabit heyət qura bilməməsi də başlıca problemlərdəndir. Bahalı transferlərə özünü göstərmək üçün vaxt lazımdır. Bir fakta diqqət yetirmək kifayətdir. Çempionlar Liqasının qalibi "Vakıfbank" uzun illərdir Covanni Quidettiylə çalışır və bunun sayəsində kifayət qədər sanballı komanda formalaşdıra bilib.
Bütün bunları nəzərə alaraq, mütəxəssislər hesab edir ki, "Rabitə" bu il heyətdə islahat aparsa belə, məşqçiləri postunda saxlamalıdır. İtalyan Abbondanza ilə müqavilə artırılmalıdır. Qısa zamanda özünü yaxşı tərəfdən göstərən mütəxəssis işinin öhdəsindən layiqincə gəlir. Komandanın əsas legionerləri Montano, Kastilyo və Akinradevo da karyerasını "Rabitə"də davam etdirməlidir. Sadəcə klubda davamlı rəqabət, layiqli ehtiyat qüvvə yaradılmalıdır.
Etiraf etmək lazımdır ki, 3 ildə 2 dəfə Çempionlar Liqasında gümüş medal qazanmaq Avropanın əksər klubları üçün əlçatmazdır. "Rabitə" isə bu nəticəyə imza atıb. Komandamız doğrudan güclü heyətə malikdir. Amma çatışmayan cəhətlər böyük uğurlara nail olmaqda problem olur. Bu gün Azərbaycanda idmana və idmançılara yüksək səviyyədə diqqət və qayğı var. Məhz belə halda bütün komandalarımız 1-ci yer uğrunda mübarizə aparmalıdır.
Digər məqamın həlli isə Azərbaycan Voleybol Federasiyasından asılıdır. "Rabitə"nin heyətində bir nəfər də olsun azərbaycanlı voleybolçu yoxdur. Bu gün Azərbaycan superliqasının səviyyəsi kifayət qədər qənaətbəxşdir. Amma klublarda yerli idmançıların yoxluğu yaxşı gələcək vəd etmir. Əgər federasiya yeni mövsümdən legionerlərə limit tətbiq etsə, klublar 2 yerli oyunçunu meydana buraxmağa məcbur olacaq. Məhz onda potensialı düzgün müəyyənləşdirmək mümkün olacaq.
MƏSLƏHƏT GÖR: